Ekstrasensoriya, təbabət və ruhi aləm

 Bir vaxtlar eksrasens kimi məşhur olan,  Etibar Elkinin bu gün 70 yaşı tamam olur.

1999-cu ilin yanvar ayında yaşadığı mənzildə iki oğlu ilə birlikdə namaz qıldığ vaxt qətlə yetirilnişdir.  Müstəqiıl. Az mərhum ekstrasenslə  Rövşən YERFİnin 1991-ci ilin avqust ayında “ŞƏFQƏT” qəzeti (indiki “Tibb qəzeti”) üçün götürdüyü müsahibəni yenidən yayınlayır.

Ünvanı çox axtarmaq lazım gəlmədi. Metronun “Xalqlar dostluğu” stansiyasından bir qədər aralı, Babək prospektindəki yüz on bir nömrəli binada yerləşən “İnsan” elm mərkəzinə ürəyimdəki sualları götür-qoy edə-edə daxil oldum.
Adam çox olduğuna görə növbə tutdum. Növbəm yaxınlaşanda isə hiss elədim ki, Etibar ELKİNLƏ söhbətimiz baş tutmayacaq. Elə də oldu. Görüşdük, amma razılaşdıq ki, söhbətimiz başqa vaxta qalsın.
Budur, üz-üzə oturmuşuq. Yüz ilin dostları kimi məhrəm söhbət eləyirik.

-Etibar bəy, yadınızdadırsa, ilin əvvəlində verdiyiniz müsahibələrdə həftənin beşinci günü saat birdən üçədək olan müddət ən düşərli anlar olacağını qeyd etmişdiniz. Söhbətimizin məhz bu ana saxlamağı bilərəkdən etmisiniz, ya təsadüfdür?
-Sırf təsadüfdür. Özünüz görürsünüz ki, bizə müraciət etmək istəyən insan axınının növbəsi bu saatlar seyrəkləşir. İşimiz asanlaşır.
-Son dövrlərdə istər mətbuatda, istərsə də adi danışıqda ən çox işlədilən sözlərdən biri də ekstrasens sözüdür. Ekstrasens kimə deyilir və ondan hansı keyfiyyətlər tələb olunur?

-Ekstrasens iki latın sözünün birləşməsindən yaranıb, “ekstra” – yüksək, ali və “sens” – hissetmə, duyma kimi tərcümə olunur. Sözün mənası həssaslıqlı, kənardan hiss etmə kimi anılır. Hiss etmə qabiliyyəti yüksək olan, toxunmadan hiss edən, görmədən duyub ən incə və zəif dəyişkənlikləri qavrama istedadı olanlar ekstrasenslərdir. Səhv olaraq bəzi adamlar elə düşünür ki, ekstrasens yalnız müalicə ilə məşğul olmalıdır. Özgənin dərdinə şərik çıxıb nəsə kömək etmək üçün özündə güclü biofiziki sahə hiss etmək azdır. Gərək həmin sahəni, yəni öz bədəninin cərəyanlarını səfərbər edib başqasına lazım olan bioritmə uyğunlaşdırmağı, sonra ötürməyi bacarasan. Bu da həm bilik, həm də böyük təcrübə tələb edir. Ola bilər ki, adamda yüksək həssaslıq, güclü biofiziki sahə olsun, amma öz daxili cərəyanlarını ram edə bilməsin və yaxud mənəvi qanunlara riayət etməsin, canlı həyata qarşı laqeyd olsun. Belələrinin xəstəyə və sağlam adama yaxınlaşıb eksperiment aparması qorxuludur. İnsanın anatomiya və fiziologiyasından xəbərsiz öz biofiziki sahəsinin xarakterini bilməyənlərdən dərdə necə şərik çıxar?
Ekstrasenslər də aydındır ki, digər adamlar kimi müxtəlif xarakterlidirlər. Lakin ümumiyyətlə, ən ümdə keyfiyyət humanistlik və insanpərvərlikdir. Onlarda bunun üçün ən əsası əzabkeşlik olmalıdır. Onu da qeyd edim ki, ekstrasenslər bir neçə istiqamətə bölünür: estrada və konsert, texnika, tarixi və təbabət. Bunların içərisində təbabət sahəsindən  son vaxtlar çox yazılır. Bəzən səhvən hipnoz, təlqin və sairəni də ekstrasensoriyaya aid edirlər.
-Açığını deyim ki, Sizinlə söhbət aparmağımın bir məqsədi Sizi yaxından tanımaq istəyidirsə, həm də yaradıcısı olduğunuz Azərbaycan xalq biliciləri və ekstrasensləri ittifaqının fəaliyyəti barədə ətraflı məlumat almaqdır.
-Moskvada 1981-ci ilin sentyabrında Həsənov Məhəmməd və mən akademik A.K.Spirkinin yanında olub yoxlandıq, hər ikimiz onun ekstrasensoriyaya aid tədqiqatlar qrupuna daxil olunduq. 10 ildən artıq bir vaxtda respublikamızda  və ölkədə qeyri-ənənəvi müalicə üsulları ekstrasensoriya, yoq, nücum, bilicilik, xalq təbabəti ilə məşğul olanlarla Bakıda və müxtəlif şəhərlərdə görüşüb, fikir və təcrübə mübadiləsi edirdik. Son illər xüsusilə digər respublikalarda rəsmi fəaliyyətə keçən, bu sahələrdə qazanılan həsədedici nəticələr bizdə də ittifaqın yaranmasızərurətini meydana çıxardı. 1990-cı ilin sentyabrında könüllü ictimai təşkilat – Azərbaycan xalq biliciləri və ekstrasensləri ittifaqı yaradıldı. Bir ilə yaxındır ki, ittifaqımız digər ittifaqlar kimi öz nizamnaməsi daxilində fəaliyyət göstərir. İttifaq ayrı-ayrı şəxslər tərəfindən baş verə biləcək şarlatanlıq və sui-istifadə faktlarının qarşısını almaq üçün respublikanın bütün ekstrasenslərinin, parapsixoloqlarının və ənənəvi olmayan bilik sahələri bilicilərinin fəaliyyətini kordinasiya edir və istiqamətləndirir. Bundan başqa regionun enerji-informasiya mühitinin vəziyyətinə nəzarət edir.
Respublikamızın rayon və şəhərlərində, Bakının az qala bütün məhəllələrində  baxıcı, cürbəcür “loğmanlar” tapılıb. Ancaq hər sahədə olduğu kimi birlik haqqında düşünənlər azdır. Xüsusi qabiliyyətə malik baxıcılar, müəyyən xəstəlikləri biofiziki sahə vasitəsilə, xalq təbabəti ilə müalicə etmək bacarığı olan şəxslər, ağırlıq qaldırma, daş oynatma pəhləvanları, sınıqçılar, çöpçülər də ittifaqımıza daxil ola bilərlər. Əlbəttə, xüsusi komissiya tərəfindən yoxlanıldıqdan sonra. Daha sonra isə kurslar təşkil olunur. Həmin kurslarda nəzəri və tətbiqi cəətdən təkmilləşmə aparılır. Hazırda ittifaqımızın yetmişədək üzvü var. Onların yarısı təhsilli tibb işçiləridir.
-Bildiyiniz kimi respublikadakı ekoloji vəziyyətin acınacaqlı halı, düşüncəsi olan hər bir şəxsi təlaş keçirməyə vadar edir. Hazırkı ekoloji bataqlıqdan qismən də olsa çıxmaq üçün yol qalıbmı?
-Təbiət və insan münasibətlərində aydındır ki, bizim günahımız çoxdur. Sanki biz özümüzü məhv üçün dünyaya gəlmişik. İnsan bədəninin 85 faizi sudan ibarətdir. Bəs suyumuz nə vəziyyətdədir, heç kimdən gizli deyil. Eləcə də torpaq, hava da. Qədim müdriklərin şəhadət etdiyi həyatı yaradan əsas təbiii ünsürlərin  saflıq qanunları yerinə yetirilmirsə, deməli, onlara münasibət səhvdir və xəstəlik sağalmazdır. Ekoloji vəziyyətdən çıxmaq üçün ətrafa, özümüzə, bir-birimizə münasibət dəyişdirilməlidir. Münasibətlərin əsasını isə məhəbbət təşkil edir. Torpağı, suyu, odu, havanı, ağacı – ümumilikdə təbiəti sevib, onu ana, yaradan sayıb, bu günə qədər təsdiq olunmuş bəşəri qanunlara görə hərəkətlərimizə qiymət verməliyik ki, hər şey yaxşılığa doğru dönsün.
Respublika “ekologiya ittifaqı” ilə müqavilə hazırlayırıq və qarşılıqlı tədbirlər həyata keçiririk. Gülməli də çıxsa burada fikir birliyi, amal birliyi, bədən tərbiyəsi ilə kütləvi məşğuliyyət, öz mövqeyini daha layiqli adama vermək bacarığı, mənəvi paklıq və kamillik məktəblərinin səmərəlilərini ümumxalq malı etmək nəzərdə tutulub. Tarix boyu pisin də yaxşı tərəfini götürə bilənlər inkişaf edir. Xoş gələcək naminə bir-birimmizin sözünü uda bilsək hər şey başqa cür olar.
Həm də ekstrasensoriyanın müxtəlif yolları ilə çirkli hissəciklərini neytrallaşdırıb ətraf mühiti təmizləmək də mümkündür.
-Direktor olduğunuz “İnsan” elm mərkəzinə daha çox kimlər müraciət edir? Mərkəzin tanınması, gələnlərin gündən-günə  çoxalması Sizi qorxutmurmu?
-Mərkəzə əsasən həkimlərdən əlini üzənlər, sabaha inamsızlar, düzgün gələcəkdən xəbər tutmağa maraq göstərən, həyat tərzini öyrənmək istəyənlər müraciət edir. Bəli, həyat çətinləşdikcə bizə pənah gətirənlər də çoxalır. Amma bu bizi qorxutmur. Çünki, tibb işçiləri arasında da kurslar təşkil etmək fikrindəyik. Əhali içərisində özünü müalicə sistemlərini yaymaq nəzərdə tutulub. Yəqin mərkəzi televiziyada görmüsünüz, Çində, Yaponiyada, hər səhər kütləvi bədən tərbiyəsi məşğuliyyətlərini, Kiyev, Riqada səhər və axşam qaçışları, xizəksürənləri. Elə bizdə də əvvəllər bədən tərbiyəsi müəyyən qədər kütləvi idi. İndi hər işdə olduğu kimi bu sahədə də acınacaqlı süstlük yaranıb. Qısası bu gün hər şeyi saf-çürük edib, xalqı güclü, qüvvətli edə bilən yararlı nə varsa, mənimsəmək vaxtıdır, yoxsa uduzmuş olarıq.
-Xəstələrin ekstrasenslərə müraciətlərinin çoxalması səhiyyənin gözdən düşməsinə gətirib çıxarmırmı? Bu hal gələcəkdə həkim – ekstrasens münaqişələrinə səbəb olmazmı?
-1980-1984-cü illərdə Mərkəzdə (SSRİ-nin) gedən proses hazırda bizdə gedir. Yəni hər tərəfdə həkim-ekstrasens münasibətləri qaydaya salınır, bizdə isə hələ də gülməli ziddiyyət davam edir. Ötən on il ərzində “sən həkim deyilsən, niyə müalicə edirsən” deməkdənsə, belə adamları yığıb təbabətin əsaslarını öyrətmək olmazdımı? Güman edirəm ki, həkim və ekstrasenslər arasında yaradıcı qrupların yaradılması məqsədə uyğundur. Nə İbn-Sina, nə Hippokrat müasir tibb institutları proqramı ilə təbabət dərsləri keçməyiblər Və onların heç bir diplomu olmayıb. Amma son yüz-yüz əlli ildə Avropada əmələ gələn təbabət ümumbəşəri təbabəti tam əhatə etmir. İynəbatırma, elektropunktura və sairləri yaxın günlərimizədək inkar olunurdu. O gün hətta hipnoz edən cihazın yaradılması  haqqında televiziyada məlumat verildi. İndi uzaq məsafədən dua etməklə müalicə təcrübələri aparılır, genlərə ekstrasens təsirləri yoxlanılır.
Gələcək həkim-ekstrasens qarşılaşmasına deyil, onun “həkim-ekstrasens” münasibətinə gətirib çıxaracaq. Hər oxuyan Molla Pənah olmur. Və biosahə ilə müalicə heç də abi-kövsər tapıntısı deyil. Az keçər, hər şey yerini tutar. Bütün sahələrdə həm istedadlı, həm zəif, həm də kələkbazlar tarix boyu olub və olacaqlar, Dünyaya baxıb zamana diqqət edib öz həyatına məsuliyyətlə yanaşmaq vaxtıdır.
-İttifaqınızın Nizamnaməsinin əsas vəzifələr və funksiyalar bölməsinin bəndlərİndən birində yazılıb: “Canlı aləmə qarşı cadugərlik, sehrbazlıq, eləcə də psixotronika və enerji informasiya mübadiləsi üzrə əzabverici, antihumanist eksperimentlər aparılmasına qarşı mübarizə”. İttifaq yaranandan bu sahədə hansı işlər görülüb?

-Dindən, qədim kitablardan məlumdur ki, dəmirdən, tükdən, sümükdən, qandan, dırnaqdan istifadə edilərək hər hansı əfsun oxunub iş görülərsə bu cadu sayılır. Bunun xeyirli, xeyirsiz tərəfləri var. Belə işi bacaran adamların bəziləri özlərini Allah vergilisi sayırlar və məscidin də məsləhətinə qulaq asmırlar. Qədim müdriklər pis niyyətlərə görə işlədilməsini lənətləyərək, cadunun əleyhinə çıxıb, dəhşətli günah sayıblar. Cadunun da əsası şüursüz, iradəsiz varlıq və hissəcikləri canlı aləmə və kiməsə qarşı yönəldilməsidir.
-Demək belə varlıqların mövcudluğu həqiqətdir…
– Şəksiz. Pis odur ki, çoxları buna nəinki inanmır, zarafatla desək həyatda cin ilə şeytanın fərqini belə bilmir., əməllərin hansının xeyirli, ya zərərli olduğunu dərk etmək istəmir. Əfsuslar olsun ki, bizdə hələlik sehrbazlığın pis tərəfi ilə məşğul olub ruhi səviyyə və qatları tanımayıb müxtəlif hökmlər verib  həyati işlərə qarışanlar var. Belələri tarix boyu cadugər sayılıb. Nizamnaməmizdə yazıldığı kimi bu sahədə mübarizə aparırıq. Hazırda belə işlərlə kimlər məşğul olur müəyyənləşdirmişik. Qalan şeyləri onlar məsuliyyətə cəlb olunanadək gizləməli olacağam. Yeri gəlmişkən Bakı qəbristanlıqlarını gəzərkən ətrafa diqqətlə baxsan nələr görməzsən? Maşa, qıfıl, bıçaq, qayçı, paltar bükümləri, daha nə bilim nələr. Son vaxtlar qəzetlərdə oxucuları cəlb etmək üçün ruhi aləmə dair materiallar dərc eləmək dəbə düşüb. Bu sahəyə xüsusilə diqqətli, məsuliyyətli yanaşmaq lazımdır. Əks təqdirdə ucuz şöhrət naminə minlərlə insana pislik etmiş olursan. Məsələn, “Kokteyl” qəzeti Xızır peyğəmbəri şər qüvvələrin başçısı adlandırdı, digəri 2007-ci ildə dünyaya zərbə olacaq dedi, biri də Allahla görüşən adam oldu. Əgər çap olan kitablara nəzər salsalar belə cəfəngiyyatı dərc eləməzlər. Adam hərdən aşkarlığa peşman olur. Heç olmasa “bu filankəsin fikridir” yazsalar adamlar çaş-baş düşməzlər.
– Axırıncı sualım. Nə vaxtsa arzulamısınızmı Sizi də Azərbaycanın Kaşpirovskisi çağırsınlar?
-Məni ilk dəfə “Çay dəstgahı” televiziya verilişində tamaşaçılara belə təqdim etmişdilər. Amma mən ömrümdə kiməsə oxşamaq, kiminsə adıyla çağırılmaq istəməmişəm. Və elə oradaca dedim, yenə deyirəm, mən Etibaram, həmişə də xalqın gözündə öz etibarımı qoruyub saxlayacağam.
-Sizə uğurlar diləyirəm.
-Sağ olun….

P.S. Ayrılarkən Etibar bəydən şəklini xahiş etdim.
-Lazım deyil, əksimə baxıb cadu eləyərlər, – deyə gülümsədi.
Nə dərəcədə doğru deyirdi, ayırd edə bilmədim

Rövşən HƏSƏNLİ (YERFİ)
“ŞƏFQƏT” qəzeti (indiki “Tibb qəzeti”) avqust, 1991-ci il

Share: