Ekoloqdan şok: “Meşələri onlar yandırır” – Video

Son bir neçə gün ərzində ölkədə bir-birinin ardınca meşə yanğınları qeydə alınır. Əvvəlki illərlə müqayisədə bu il meşə yanğınlarının sayı artıb. Ekspertlərin fikrincə, bu yanğınlar insanların ehtiyatsızlığı üzündən baş verir. Lakin meşədə ərazi zəbt etmək istəyən kommersantların qəsdən meşəni yandırdığını düşünən ekspertlər də az deyil.

Təkcə son üç gün ərzində şimal bölgəsində 35 yanğın baş verib, yanğınların söndürülməsinə təyyarə və helikopterlər cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, Siyəzən rayonunun Ərziküş, Köhnə Quşçu kəndləri və Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında otlaq sahədə başlamış və küləyin təsirindən meşə ərazisinə (Altıağac dövlət təbiət qoruğunun ərazisi) keçmiş yanğınların yayılmasının qarşısı alınıb. Yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.

İyulun 29-u tarixində Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb. Hazırda yanğın ocaqlarında kəşfiyyat işləri aparılır. Mürəkkəb relyefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və “BE-200 ÇS” amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Qeyd edək ki, iyulun 28-dən 30-dək (saat 09:00-dək) Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazisində (Siyəzən, Şabran və digər rayonlarında) meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.   Yanğınlar nəticəsində 1315 ha ərazi (meşə ərazisi 5 ha, digər ərazilər 1310 ha) yanıb.

Dünən Quba rayonunun dağlıq ərazilərində də yanğın başlayıb. Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) “Ekspress”ə verilən məlumata görə, Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

Qeyd edək ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi mətbuat konfransında nazirliyin sözçüsü İradə İbrahimova meşə yanğınları ilə bağlı deyib ki, insanlar təbiəti öz evləri kimi qorumalıdırlar: “Ətraf mühitə münasibəti cərimə və qorxu ilə formalaşdırmaq olmaz. İnsanları qorxutmaq yox, maarifləndirmək lazımdır. Yəni, müxtəlif maarifləndirmə işləri aparılmalıdır, insanların ətraf mühitə münasibətləri formalaşdırılmalıdır. Çünki statistika və təcrübə göstərir ki, meşə yanğınlarının və ətraf mühitin çirkləndirilməsinin əsas səbəbi insan faktoru ilə bağlıdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı Arzu Səmədova “Ekspress”ə bildirib ki, yayda meşədə yanğınlar bir çox ölkələrdə baş verir: “Meşələrdə baş verən yanğında insan faktoru rol oynayır. İnsanlar meşədə yanğını alışdıran bir hadisəylə qarşılaşdıqda yan keçməməlidirlər. Sakinlər də bununla bağlı kömək etməlidirlər. Neçə gündür ki, bizim əməkdaşlar yanğını söndürürlər. Bunu edən insanlar bilməlidirlər ki, cəzalarını alacaqlar. Hamı bu məsələdə köməklik göstərməlidir”.
Səmədova qeyd edib ki, orta statistikaya nəzər salsaq, 10 yanğından 9-u insanların odla ehtiyatsız davranmasından dolayı baş verir: “Yayda istirahət üçün insanlar təbiət qoynuna gedirlər, tonqal qalayırlar, evə qayıdanda isə qalanmış tonqalları söndürmürlər. Və yaxud söndürülməmiş siqaret kötüyü, kibrit meşə yanğınına səbəb olur. Həmçinin biçənək sahələrinin yandırılması meşə yanğınlarına gətirib çıxarır. ETSN-nin dəfələrlə bu yöndə, odla ehtiyatsız davranmağa qarşı, biçənək sahələrinin yandırılmasına qarşı çağırışlar etməsinə baxmayaraq, əfsuslar olsun ki, belə hadisələr baş verir”.

Həmsöhbətimiz deyib ki, yanğının söndürülməsi üçün nə qədər qüvvələr cəlb olunub: “FHN, həm də ETSN-nin nümayəndələri artıq neçə gündür ki, işçi qüvvələrini yanğın olan yerlərə sərf edir”.

Səmədovanın bildirdiyinə görə, yanğın Altıağac Milli Parkına yaxın ərazidə olan kəndin sahəsində baş verib: “İnsanlar köməklik göstərsəydilər, yanğının bu cür kütləvi hal almasının qarşısını almaq mümkün olardı. Ona görə də, insanlar yanğın baş verən zaman FHN və yaxud ETSN-nin nümayəndələrini gözləməməlidirlər. İlk növbədə özləri yanğının söndürülməsinə çapa göstərməlidirlər”.

Onun sözlərinə görə, meşədə istirahətdə olan zaman vətəndaşların üzərinə düşən ilk məsuliyyət odla ehtiyatlı davranmaqdır: “Meşədə tonqal qalayırlarsa, o, mütləq söndürülməlidir. Biçənək sahələri yandırılmamalıdır. Siqaret kötüyünü, kibriti eləcə havaya atıb getmək olmaz, sönməsinə əmin olduqdan sonra ərazini tərk etməlidirlər. Həmçinin meşə sahələrində kənd təsərrüfatı maşınları, traktorlar yanacaq donduran zaman bu ərazilərdə tonqal qalamaq olmaz. Çünki bu da yanğına səbəb olan faktorlardan biridir”.

ETSN əməkdaşı qeyd edib ki, bunu edən insanlar axtarılır: “Təbiətə və dövlətə dəymiş ziyanın ödətdirilməsi üçün buna səbəb olan insanların qanunauyğun cəzalandırılması istiqamətində hüquq-mühafizə orqanlarına artıq müraciət olunub və bunu törədən şəxslər cəzasız qalmayacaq”.

“Şükürlər olsun ki, insan ölümü yoxdur. Ətraf mühitə ciddi ziyan dəyib. Hal-hazırda nə qədər ziyan dəydiyini demək qeyri-mümkündür. Yanğın tam sönəndən sonra ətraf mühitə dəymiş ziyan haqqında nəsə bir şey söyləmək olar. İnsan ölümü faktoru olmasa da, bununla belə, çox acınacaqlı haldır ki, bizim ağaclarımız yanır, bitki örtüyünə, torpaqda yaşayan mikroorqanizmlərə, həmin parkın ərazisində qırmızı kitaba düşmüş nadir və sayı azalmaqda olan fauna və flora növlərinə ziyan dəyib”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalovun “Ekspress”ə bildirdiyinə görə, son 10 gündə fərqli regionlarda baş verən meşə yanğınlarının səbəbi əhalidir, camaatdır: “Meşə yanğınına səbəb kommersantlardır, meşəni yandırırlar, çünki onlara orada ərazi götürmək lazımdır”.

T.Zeynalov qeyd edib ki, həmin ərazilərdə hava isti keçirsə, quraqlıqdırsa, ildırım olmadığı üçün meşə yanmayacaq: “Deməli, meşəni yandırırlar. Kimsə siqaret kötüyünü yanıq halda atır, kimsə öz sahəsinin alaqlarını qəsdən yandırır və yanğın meşəyə keçir və yaxud kimsə meşənin müəyyən ərazilərini zəbt etmək istəyir. Meşə elə-belə, özbaşına yanmır, meşədə olan nəmişlik buna imkan vermir. Hərçənd ki, bir dənə kibriti alışdırsan, o dəqiqə hamısı alışıb yanacaq. Çünki ağaclar barıt kimi yanmağa hazırdır. Sadaladıqlarım onu deməyə əsas verir ki, meşəni yandırırlar”.

Qeyd edək ki, ETSN meşə yanğınları ilə bağlı əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət olunmalıdır. “Əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırırıq. Əks halda baş vermiş yanğın qarşısıalınmaz nəticələrə səbəb olur, meşə örtüyünə ciddi ziyan dəyir”, – deyə məlumatda qeyd olunub.

Ekspress.az

Share: