28 aprel 2026-cı il tarixində Ədalət Partiyasının Tovuz rayon təşkilatında Baş ədliyyə müşaviri Ələmdar Məmmədovun müəllifi olduğu “Mən bu zamana sığmazam” adlı sənədli-publisistik kitabın təqdimat mərasimi keçirilib.
Təqdim olunan nəşr Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan SSR Prokuroru, müstəqillik dövrünün ilk Ədliyyə naziri, hüquq elmləri doktoru, professor, sabiq millət vəkili, Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun zəngin və şərəfli ömür yoluna həsr olunub.
Tədbirdə Ədalət Partiyası Tovuz rayon təşkilatının sədri Məcid Məmmədov, MNTK-nın sədri Natiq Dadaşov və təşkilatın bir qrup üzvü iştirak edib.
Tədbiri aparan M.Məmmədov çıxışında Ələmdar Məmmədovun İlyas İsmayılovla uzunillik dostluq münasibətlərindən söz açıb, müəllifin bu əsəri yazmaqla böyük şəxsiyyətə olan ehtiramını ifadə etdiyini bildirib. Qeyd olunub ki, “Mən bu zamana sığmazam” kitabı İlyas İsmayılovun həyat və fəaliyyətinə verilmiş yüksək dəyərin, onun irsinə ucaldılmış mənəvi abidənin bariz nümunəsidir.
Daha sonra çıxış edən tədbir iştirakçıları müəllifə təşəkkürlərini bildirərək vurğulayıblar ki, İlyas İsmayılov kimi şəxsiyyətlərin xatirəsinin yaşadılması bütövlükdə Azərbaycan dövlətçiliyinə və milli dəyərlərə verilən qiymətdir.
Sonda kitabın redaktoru İradə Aytel müəllif adından nəşri imzalayaraq iştirakçılara hədiyyə edib. Tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
























