Ədalət Partiyasının Tovuz təşkilatı Məmməd İsmayılın məzarını ziyarət etdi

Ədalət Partiyasının Tovuz təşkilatı Məmməd İsmayılın məzarını ziyarət etdi

Ədalət Partiyasının Tovuz rayon təşkilatının üzvləri Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən görkəmli şair Məmməd İsmayılın məzarını ziyarət ediblər.

Ziyarətdə Ədalət Partiyası Tovuz rayon təşkilatının sədri Məcid Məmmədov, MNTK sədri Natiq Dadaşov və təşkilatın bir neçə üzvü, şair Maarif Həsənoğlu, Tovuz Xeyriyyə Cəmiyyətinin üzvü Elman Abbasov, Ədalət Partiyası Qazax rayon təşkilatının nümayəndəsi Gündüz Şahvələdov, Aşıq Cəmaləddin Ürfan Əli oğlu, yazıçı-jurnalist İradə Aytel və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Ədalət Partiyası Tovuz rayon təşkilatının sədri Məcid Məmmədov çıxışında bildirib ki, Məmməd İsmayıl təkcə Tovuzun deyil, bütövlükdə Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, söz dünyasının zirvələrində dayanan görkəmli şairlərdən biridir. O qeyd edib ki, Məmməd İsmayılın yaradıcılığı milli düşüncənin, vətənpərvərlik ruhunun və ədəbi ənənələrin yaşadılmasında mühüm rol oynayır. Məmməd İsmayıl kimi şəxsiyyətlərin xatirəsinin daim yad edilməsi və irsinin gələcək nəsillərə çatdırılması böyük mənəvi əhəmiyyət daşıyır.

M.Məmmədov çıxışını aşağıdakı fikirlərlə bitirib: “Şairin adı və ədəbi irsi Azərbaycan ədəbiyyatında əbədi yaşayacaq və gələcək nəsillərə mənəvi yol göstəricisi kimi xidmət edəcək.”

Şair Maarif Həsənoğlu tədbir zamanı Məmməd İsmayılın şeirlərindən nümunələr səsləndirib, həmçinin ona ithaf etdiyi şeiri iştirakçılara təqdim edib. Onun çıxışı mərasim iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Sonra çıxış edənlər Məmməd İsmayılın Azərbaycan və ümumtürk ədəbiyyatına verdiyi mühüm töhfələrdən geniş bəhs ediblər. Qeyd olunub ki, onun zəngin yaradıcılığı milli ruhun, vətənə bağlılığın və mənəvi dəyərlərin ən parlaq təcəssümüdür və bu irs zaman keçdikcə daha da böyük dəyər qazanır.

Eyni zamanda, Məmməd İsmayılın məzarı ətrafında yaradılan xiyabanın abadlaşdırılması və səliqəli şəkildə formalaşdırılması yüksək qiymətləndirilib. Bu istiqamətdə Tovuz Xeyriyyə Cəmiyyətinin gördüyü işlərə, xüsusilə də cəmiyyətin sədr müavini Çingiz Abbasovun təşəbbüs və əməyinə xüsusi təşəkkür ifadə olunub.

Qeyd edilib ki, həmin ərazi artıq təkcə bir məzar yeri deyil, həm də ədəbi-mədəni ziyarət məkanına çevrilməkdədir və gələcəkdə söz adamlarının, ziyalıların və ədəbiyyatsevərlərin görüş ünvanı kimi daha da əhəmiyyət qazanacaq.

Sonda ziyarət iştirakçıları şairin xatirəsini bir daha ehtiramla yad edərək xatirə şəkilləri çəkdiriblər.

Share: