Əbülfət Mədətoğlu : -ƏLİN CİBDƏN UTANDIĞI GÜN

(8 Mart üzrxahlığı))

Əslində bütün günlər yaşamaq üçündür, dəyərləndirmək və qiymətləndirmək üçündür. Təbii ki, söhbət dəyirləndirməyi, yaşamağı  bacaran insandan gedir. Amma neyləmək olar ki, bəzən biz yaşamağı  bacarmırıq. Və yaxud da yaşamağın damarını  tapa bilmirik, yolundan  uzaq düşürük, ya da bizə yaşamağa imkan verilmir.  Söhbət hansısa bir basqıdan getmir, təzyiqdən getmir. Söhbət reallıqdan, insanın yaşamı üçün  lazım olan maddi və mənəvi durumdan gedir.

Bax, bu mənada artıq uzun illərdir ki, insanlar özləri  üçün fərqli günlər qeyd edirlər. Daha doğrusu,  təqvimdə bunu  işarələyiblər. O günlərdən biri də 8 Martdır. Bu, simvolik bir gündür, yəni  həmin gün  kişilər  xanımlara bir az fərqli yanaşırlar. Bir az diqqətli, qayğıkeş, anlayışlı münasibət  sərgiləyirlər. Və bu da  həmin günün  kişilər tərəfindən  qadınlara  hədiyyə kimi dəyərləndirilir. 365 günün  birini qadınlara  sanki  ərməğan edirik. Amma…

Köhnə  kişilərin  sözü olmasın, ötənlərdə bayramlar da , xatirələr də, diqqətlər də tamam başqa idi. Mən orta  məktəbdə oxuduğum illərdə müəllimlərə, sinifdəki qızlara bir açıqlama və yaxud da bir kitab bağışlayardıq, içərisinə də ürəyimizin isti sözlərini  qeyd edərdik. Sonra həyat  öz inkişaf  sürətini  artırdı və bizi uzaqlaşdırdı kitab, açıqlama hədiyyələri  verməkdən. Onun yerini gül dəstələri, müxtəlif  ətriyyatlar, bahalı  hədiyyələr tutmağa başladı. Eelə bu gün də həmin ovqat  davam edir, amma bu günün  bazarı bizim illərin  bazarı deyil. Və deməli, bizim  illərin  adamları da bü günün  bazarına   uyğunlaşa  bilmirlər. Bunun da əsas səbəbi məhz əllə cibin arasındakı məsafədir.

Əgər bir mətbuat işçisi, bir ziyalı, bir sadə əmək adamı  aldığı  məvacibi  bir ayın günləri  arasında bölə bilmirsə yaşadığı sıxıntı  təbii ki, sonda ürək ağrısına, həsədə, dilxorçuluğa  çevrilir. Mən bu yazını  yazmazdan öncə gül dükanına  yaxınlaşdım, qiymətlərə baxdım və ailəmdəki, çevrəmdəki  xanımları göz önünə gətirib o güllərə  baxmaqla  kifayətləndim. Çünki  hərəsinə bircə ədəd  qızılgül almaq artıq  bir aylıq əmək haqqına  vida deməkdir. Bax,  kasıbı da burda ağlamaq tutur, əl də cibdən utanır. Ona görə də ümid qalır yenə xanımların  anlayışına. Necə  deyərlər, onlar da bizimlə bir cəmiyyətdə, bir reallığın  içində yaşayırlar. Nə çəkdiyimizi, necə yaşadığımızı  elə onlar da bizim qədər görür. Görünənə isə bələdçi lazım deyil. Bu mənada  gerçəyi görən, qiymətləndirən, dəyərləndirən xanımlar, bizim  ürəkdən gələn  səmimi  təbrikimizi qəbul edin. Elə bu təbriki özünü də hədiyyə kimi qəbul edin. İnanın və bilin ki, biz sizləri  sevirik, biz sizlərlə xoşbəxtik. Sizin hər birinizə layiq  olduğunuz   xoşbəxtliyin yolunda hər zaman yaşıl işıq  arzu edirik. Yolunuz açıq, bəxtiniz uğurlu olsun. Bayramınız mübarək!

 

Share: