DilÇİLİK – DİL çilik-çilik… NAMIQ HƏSƏNOVun “dillə yapışdırılmayan” MƏKTUBU

Məncə, Nəsimi adına Dilçilik İnstitutuna “dilim-dilim olasan, dilim” atalar sözünü reallaşdırdığına görə mükafat verilməli, Azərbaycan dilini Nəsiminin dərisi kimi soyduğuna görə isə cəza təyin edilməlidir.

Ən YAXŞI halda isə Akademiyanın Dilçilik İnstitutunu ləğv etmək, bu məsələdə “baş sındıranlara” dil çıxardıb əsKərliyə göndərmək, evini isə yağmalayıb alĞı-satqı eləmək lazımdır(oxucudan üzr istəyərək bəyan edirik ki, orfoqrafiya düzəlişləri baş dilbilənlərə aiddir, yəni alimlərə). Soruş NİYƏ?- soruşdum NƏYƏ? Kəndə kinoçəkənlər…yox ey, şəhərə dildən hərf çıxardanlar gəlib. Bibixanımın “firni”sinə təzə ad tapacaqlar.
…Alimlər hərflərimizi əlimizdən alırlar. Məni eşidirsinizmi, ay adamlar?!
…Dilin üçün ölüm, alimciyim, kaş, dediyin sözlər doğru olaydı…
Nə isə.. İndi gəl bu Müsyö Jordanı başa sal ki, “Jordan ağa, nə teraspium, nə alpium, bu kəklikotudur ey, qarınağrısının dərmanıdır. Adını alim qoyub, otların adını da bilmir”…
Amma dilçilər sağ olsun, daha işgəncə də ağrıtmayacaq. Onu da işKəncə eləyirlər. Ən böyük İŞGƏNCƏNİ isə onsuz da heç vaxt bəxti gətirməyən EŞŞƏYƏ elədilər. Dedilər, EŞƏK. Dedim, eşməyək, qurdalayaq. Dedim-dedi məsələsi… Belə görünür ki, onlar indi öz bosslarına “bos” deyəcəklər. Stressləri də bir S hərfi boyda azalacaq. “Şpilka”nı dəyişib ipəzor elədilər, dinmədim, “ofisiant”ı “süfrəçi” elədilər, danışmadım,  qadın sürücünü süranə elədilər, susdum, qadınlara “dənizə “kupalnik”lə yox, “geyçim”lə gedin”,-dedilər, yazmadım, bir azdan da deyəcəklər, adının baş hərfini də ver, soyadının son hərfini də. Hələ bir soruşursan ki, Dilçilik İnstitutu mənə neyləyib?..
İndi Makedoniyalı İsKəndərin goru çatlamasın, neyləsin?…
Çatlamağa goru olmayan Lenin deyirdi ki, dil insanlar arasında ünsiyyət vasitəsidir. Amma indi dil lağ vasitəsi, istehza aləti, gülüş obyektidir.
Ədəbiyyatdan Y hərfinin birini götürməklə yatanları oyatmaq olmur. Axırı YAT olan sözlərdən Y-ni götürürsünüz, amma millətin buna dili yatmır. Əl çəkin bu “bukvayed”likdən. Sizin düzəlişinizlə desək, miLətin balalarını, camAtı bisavad eləməyin. Hələ yaxşı ki, ölkəmizin adında 1 y hərfi var ey,yoxsa…Hələ himnimizin mətnindəki əsgər sözünü demirəm…Belə çıxır ki, əsKər sənKərdə dayanmalıdır…Nə isə…
Ən yaxşısı, keçək, atalar məsəlinə…

  • Dilini saxlayan salamat olar.
  • Dil  yalançı olunca, lal olsa yaxşıdır.
  • Dil ürəyin açarıdır.
  • Dil yanılar, doğrusunu deyər.
  • Dil yarası qılınc yarasından yamandır.

Yaxşısı budur, dilimi farağat qoyum, yoxsa Kərbəlayı İsmayıl dillənər.
Bəlkə Sizlərdən kimsə ”Adə, sən nə dilbilməz adamsan”,-deyib mənə irad tutacaq,  amma yazını Ramiz Mirişlinin “Şirin dil” bəstəsi ilə başlayıb, “ Dilkəş” təsnifi ruhunda bitirdimsə, məni bağışlayın. Vəziyyət belə tələb edir. Yoxsa “ay dili-dili, ay dili-dili, dilidir”,-oxuyardım…
Dilimə dilbər çıxıb… Daha yaza bilmirəm.
Gərək yazımı bitirən kimi dayıma zəng eləyim deyim ki, şəxsiyyət vəsiqəsini də götür, get rayon mərkəzinə. Mərkəz fikrini dəyişib, daa sənin adın Əsgər deyil. ƏsKər dayı, qadan alım, uşaqların adından muğayat ol…
Dili başına bəla olan
NAMİQ HƏSƏNOV… əvəzinə təklif edilən ad  NamiG HəsənoY
P.S.  Ə zəbər Ə, Bə zəbər BƏ. Tə zəbər TƏ… TI-TƏ… Ölsən də, öyrədəcəyəm, qəssaboğlu… Olsəm də, öyrənməyəcəyəm, ALİMOĞLU… 
P.P.S. Dili çilik eləyən dilçilərə bir təklifim də var-AKADEMİYAİNSTİTUT sözləri də dilimizin məhsulu deyil. Ya bu ifadələrdəki saitləri və samitləri təftiş eləyin, ya da yerli-dibli lüğətdən çıxardın…
Hələ ki,
NAMİQ HƏSƏNOV

Share: