Dağlar oğlu – MƏMMƏDHÜSEYN ƏLİYEV- Hafiz Mirzə yazır

Dağlar oğlu – MƏMMƏDHÜSEYN ƏLİYEV-  Hafiz Mirzə yazır

Yaradıcılıq dühası İlahi xarakter daşıyır. İnsan oğlu Böyük Yaradanın şah əsəri olduğu üçün özündə Allahın bir çox əlamətlərini ehtiva edir. Onlardan biri də yaradıcılıq keyfiyyətidir. Allah təkcə maddi aləmin deyil, həm də mənəvi dünyanın yaradıcısıdır. Mənəvi dünya isə əxlaq, inanc, incəsənət, ədəbiyyat və fəlsəfə ilə gözəllik tapır. Bu gözəllik duyğusu Allahdan gəlsə də, onu həyata keçirdən varlıq İNSANdır. Elə insanlar da Allahın seçilmiş bəndələri sayılır. Böyük Yaradan hər kəəsə kəramət bəxş etmir. Kəramət sahiibi olan yaradıcı insanlar olmasaydı həyatımız necə də mənasız, boş, kobud və amansız olardı. Dünyamızı gözəlləşdirən, insanların mənəvi aləminə zinət verən, onun mənəvi duyğularını qüvvətləndirən, estetik baxışlarını formalaşdıran, onu ziyalandıran, adamı İNSANa çevirən yaradıcı insanlar arasında şairlərin, yazıçıların yeri Allah dərgahında yəqin ki, daha öndədir.
Şəxsən tanıdığım görkəmli yazıçılar arasında özünü öz əsərləri ilə təsdiq etmiş əsl yazıçılardan biri də Məmmədhüseyn Əliyev idi. Həmin o Məmmədhüseyn Əliyev – bədəncə də görkəmli, gur səsli, doğru bildiyi həqiqətləri söyləməkdən çəkinməyən, mübariz, cəsarətli və qüdrətli kişi!
Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonunun Gürdəsər kəndində doğulmuşdu. O, 1940-cı ildə orta məktəbi , sonra Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji texnikumunda təşkil edilmiş müəllimlik kursunu bitirmişdi. Sonra isə o, müəllim kimi əmək failiyyətinə başladı. 1946-49-cu illərdə o, Azərbaycan Dövlət Pedaqoji İnstitutun tarix-fəlsəfə fakultəsində qiyabi ali təhsil aldı. Bundan sonra mətbuatda “Qail” təxəllüsü ilə şeirlər yazmağa başladı. Daha sonra Bakı Dövlət Universitetinin filologiya –jurnalistika fakultəsinə qəbul olundu. Oranı 1954-cü ildə bitirdi. Bundan sonra həm pedaqoji failiyyətini, həm də bədii yaradıcılığını uğurla davam etdirdi, hekayə və povestlər yazdı. Əvvəlcə Lerik rayon mərkəzində, sonra doğma Gürdəsər və Şingədülan kəndlərində məktəb direktoru vəzifələrində çalışdı. Bu illərdə Məmmədhüseyn Əliyev özünün ölməz “Dağlar oğlu” adlı məşhur romanını yazdı. Sonralar bu roman dəfələrlə yenidən nəşr olundu. 1959-cu ildən etibarən Məmmədhüseyn Əliyev öz əmək və yaradıcılıq faəiliyyətini Lənkəranla bağladı. Əvvəlcə Təngivan, sonra Digah kənd məktəbinin direktoru oldu, daha sonra Lənkəran Tibb texnikumunda müəllimlik etdi, Pedaqoji Texnikumun direktor müavini vəzifəsində çalışdı. 1980-ci ildə Məmmədhüseyn Əliyev Lənkəran Radio Verlişləri redaksiyasında məsul redaktor vəzifəsinə təyin edildi. 1959-cu ildən etibarən o, hər dəfə Lənkəran rayon və ya şəhər Sovetlərinə deputat seçildi. Oxucular onun “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” romanlarını, “Lənkəran hekayələri”, “Qayaların səsi” və “Müstəntiq” kitablarını böyük maraqla oxuyurdular. Əsərləri rus dilinə tərcümə olunurdu . 1978-ci ildə məhz onun təşəbbüsü və şəxsi dostluq əlaqələri sayəsində Azərbaycan Yazıçılar İttifaqının Lənkəran zona şöbəsi yaradıldı. Məmmədhüseyn Əliyev yekdilliklə bu şöbəyə məsul katib seçildi və o, ömrünün sonuna kimi bu vəzifədə çalışdı.
Onun hamiliyi və ustad məsləhətləri ilə ədəbiyyatımıza onlarca yeni yazar gəldi.
Məmmədhüseyn Əlievin “Dağlar oğlu” romanını oxumayan çox az oxucu olardı. Planetimizin ən qocaman sakini, Lerikin Pirasora kəndində 152 il ömür sürmüş Mahmud Eyvazov haqqında yazdığı “Dağlar oğlu” romanı rus dilinə də tərcümə edilərək “Sovetskiy pisatel” nəşriyyatında çap olunmuş, keçmiş ittifaqda yazıçıya böyük şöhrət qazandırmışdı. Məmmədhüseyn Əliyev təkcə nasir və publisist deyil, həm də çox gözəl qəzəlxan şair idi. Amma Məmmədhüseyn Əliyevin böyük istedadı özünü daha çox onun romanlarında və dram əsərlərində göstərirdi. Onun romanları xalqın sadə həyat və məişətininin epopeyası, milli şüurunun və fəlsəfi təfəkkürünün inkişaf yolu idi. Bu əsərlər qədim bir xalqın adət və ənənələrini, sevgi və nifrətini, həyat və düşüncə tərzini dolğun ifadə edirdi. 1980-ci illərin əvvəllərində onun “Prokuror” pyesi rejissor Oruc Qurbanovun quruluşunda Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyuldu. Sonra Baba Rzayev Məmmədhüseyn Əliyevin “Ana fəryadı” pyesinin uğurlu səhnə həllini taparaq möhtəşəm tamaşa hazırladı. Məmmədhüseyn Əliyev dramaturgiya sahəsində uğurlu pyeslərinə və teatrın inkişafında göstərdiyi xidmətlərinə görə 1992-ci ildə Azərbaycan Respublikasının “Əməkdar İncəsənət xadimi” fəxri adına layiq görüldü.
Bütün bunları bir dağlı balasının öz qısa ömrü ərzində həyata keçirdə bilməsi də onun böyüklüyünün ifadəsi idi. Oxucular onu sevsələr də ədəbi cameədə və ictimai həyatda ondan çəkinirdilər, çünki o öz tənqidini və etirazını bəzək-düzəksiz, çəkinmədən, ən kəskin ifadələrlə söyləyirdi. Gənc yazarlar onun qarşısında lovğalana, özündən böyüklərə rişğənd edə və qərəzli tənqid üzərindən diqqət cəlb etməyə, tanınmağa çalışa bilmirdilər. Amma o gənclərə doğru yolu göstərməkdən də yayınmır, onlara yazıçılıq, şairlik dərsi keçməkdən də usanmırdı.
Məmmədhüseyn Əliyev yazıçı olaraq bir məktəb idi – romançılq məktəbi.
Onun AYB Lənkəran Bölməsinin məsul katibi olduğu illərdə Lənkəranda yazıçıya-şairə daha böyük hörmət və ehtiram var idi. İşi əngələ düşmüş hər hansı bir yazar sonuncu ümid yeri olaraq Məmmədhüseyn müəllimə müraciət edirdi. Məmmədhüseyn müəllim “Müstəntiq” və “Prokuror” əsərlərinin müəllifi olaraq məsələni əvvəlcə özü tədqiq edir, araşdırırdı. Amma sonucda bəraət hökmü çıxardırdı. Bunu bildikləri üçün hüquq-mühafizə orqanlarında onun xahişinə ehtiramla yanaşırdılar. Buna görə rayon prokuroru Tələt Qəmbərovla dostlaşmışdı. Yazarların həyatı və əməllərilə bağlı hər hansı problemin həlli üçün onun xahişinə əməl etməmək mümkün deyildi. O həm də islah edir, təqsiri olmuş yazarı daim öz nəzarətində – zəmanətində saxlayırdı.
Bu kişi bütün yazarların hamisi, qəyyumu idi!
Məmmədhüseyn Əliyev bütün əlamətlərilə, əməllərilə və əsərlərilə özü də əsl yazıçı obrazı idi.
Görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti və şairi Məmmədhüseyn Əliyev 1994-cü ildə Lənkəran şəhərində vəfat etdi.
O,Lənkəran şəhərində Sardaxıl qəbristanlığında dəfn olundu.
28 aprel tarixində onun 101 yaşı tamam oldu. Yoxluğu bir daha hiss olundu, yeri boş göründü.

Hafiz MİRZƏ

P.S. 100 illik yubileyi zamanı “Zərban”TV bu böyük insan barəsində “Dağlar oğlu Məmmədhüseyn Əliyev” adlı film çəkdi. Bu filmin linkini bir daha təqdim edirik:

Share: