Dənizçi peşənin nə qədər çətin və şərəfli olduğundan agaham

 

Dənizçilərə Sosial Dəstək”İB və Müstəqil.Az saytının birgə “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı “Grand Catering” QSC nin İnsan resursları üzrə aparıcı mütəxəssisisi Türkan Məmməd Şirinovadır

– Türkan xanım, bizim layihənin adı”Dənizçi həyatı” adlanır. Siz dənizçi olmasanızda, bilavasitə dənizçiliklə ilgili olan bir şirkətdə, “Grand Catering” QSC-də çalışırsız. Demək, dolayısı olsa da dənizçiliklə əlaqəniz var. Necədir, sizin nəzərinizdə dənizçi dənizçi həyatı, ömrü?

-Əgər seçdiyiniz sektor çətin sektorudursa, siz empati ilə yaşamağa məcbursunuz. Çünki bu peşədə məsuliyyətli olmaqla yanaşı operativ şəkildə qərar qəbul etmə bacarığının olmağı da mütləqdir. Hər bir işin öz məsuliyyət yükü olduğu kimi, bu sektorun da  hava şəraitindən asılı olmayaraq yüksək gərginliklə daim xidmətdə olan, ailəsindən minumum  1 ay uzaq qalan, işini şərəf və ləyaqətlə görən insanların yeridir. Ancaq bir nüansı da qeyd etmək istəyirəm ki, qəlbində dəniz, gəmi sevgisi olan, işinə və xidmət göstərdiyi peşə sahiblərinə həssas yanaşan, özünü bu cəmiyyətdən hesab edən hər kəsi dənizçi hesab etmək mümkündür. İnsan resursları mütəxəssisi olaraq dənizçi peşəsinə yiyələnmək istəyən hər bir vətəndaşımızı düzgün şəkildə istiqamətləndirməyi özümə borc bilmişəm. Hər bir dənizçiyə fərdi olaraq yanaşmış, onlara maddi və mənəvi dəstəyimi daim  göstərmişəm. Bu da özlüyündə onların mənə qarşı ən dəyərli neməti, sevgisini qazandırmışdır.

– Bu arada oxucularla sizi tanış edərdik, özünüz haqda məlumat verərdinizmi?

– Adım Türkan, soyadım Şirinova, 1996-cı ildə Bakı şəhərində doğulub, bu şəhərdə böyümüşəm. Valideyinlərim əslən Cəbrayıl şəhərindəndir. 7 ildir İnsan resursları sahəsində çalışmaqla bərabər 3-cü idarəetmə ixtisası üzrə təhsilimi bitirirəm. Bununla yanaşı boş vaxtlarımda təhsilini aldığım pianino üzrə musiqi ifa edirəm, kitab oxuyuram, rəsmlə məşğul oluram. Həmçinin insan beyni barədə araşdırmalar aparıram, bu mənim ən sevdiyim vərdişlərimdəndir.

– Boş vaxtlarınızda musiqi  və rəsmlə, insan beyni və mütaliə ilə məşğul olduğunuzu deyirsiz. Musiqi, rəssamlıq, mütaliə etmək fiziki yorğunluqdan azad olmaq, mənəvi rahatlıqdır, bəs insan beynin mürəkkəb qatlarına baş vurmaqla beyninizi yormursuz ki?

– Xeyr qətiyyən çünki bu mənim sevimli məşğuliyyətlərimdən ən birincisidir. Bu sahədə xeyli sayda kitab oxumuşam, kitablarını sevdiyim yazarlara elektron təşəkkürümü bildirmişəm. İnsanı tanımaq, kəşf etmək  mümkün deyil. Çünki hər insan fərqli düşünür, fərqli hiss edir və fərqli yanaşır. Bir insanın neyron şəbəkəsi digər bütün insanlardan fərqli çalışırsa bu məni necə yora bilər ? Mənim fərqliliyim isə budur yəqin ki. Özümü bu dünyaya aid hiss etmək məni yormur daha çox istirahət etməyimə zəmin yaradır.

 – Türkan xanım, “Grand Catering” QSC-də baş mütəxəssiz kimi çalışırsız. Bəzən təmsil etdiyiniz şirkət haqda heç də birmənalı fikir səsləndirilmir, sizcə niyə?

– 2016-ci ildə yaradılmış “Grand Catering” QSC şirkəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə xidmət göstərməkdədir. Şirkətimiz yüksək ixtisaslı təcrübəli aşpaz və aşpaz köməkçiləri ilə təşkil olunmuşdur. Şirkətimizin əsas məqsədi müştərilərə keyfiyyətli xidmət göstərməkdən ibarətdir. Şirkətimiz cavan olmasına baxmayaraq müştərilərimiz ilə şəffaf və möhkəm əlaqəlar qurur, etibarlı tərəfdaş kimi formalaşdırmağa səy göstəririk. Qurulduğu gündən bəri, “Grand Catering” QSC  şirkəti müştəri məmnuniyyətini qorumağa və davamlı inkişafa sadiqdir. Biz davamlı olaraq müştəri məmnuniyyətini ön plana çıxarmaqla strategiyamızın əsas prinsipinə çeviririk. Bu baxımdan şirkətimiz dəfələrlə gəmilərdən gəmi heyəti tərəfindən təşəkkürnamələrə laiq görülüb. Beləliklə də, reallıq bundan ibarətdir ki, bəzən cəmiyyət arasında birmənalı şəkildə qarşılanmamaq hədəfli şəkildə gözdən salınmanın göstəricisidir.

Şəkilin açıqlaması yoxdur.

– Bəs üzən heyyətin bir çox tələbləri, iradları var ki, bunun monitorinqi, araşdırılması necə, aparılırmı?

-Dənizçilərlə fərdi fikir müdabiləsi aparmaq, qeyd edilən razı və narazı tərəfləri öyrənmək şirkət olaraq başlıca pioritetimizdir. Şirkətimiz qida sektoru olduğu üçün bu kimi mövzulara daha həssas yanaşdığımızı vurğulamaq istəyirəm.  Xidmət göstərdiyimiz gəmilərdə işçi heyətimizlə ani yoxlamalar aparırıq. Qeyd edək ki, mütəmadi olaraq təşkil olunan bu monitorinqlərin əsas məqsədi dəniz iqtisadiyyatında fəaliyyət göstərən dənizçilərlə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, onların irəli sürdükləri təkliflərin öyrənilməsi və tətbiqi istiqamətində qarşılıqlı əməkdaşlıqdan ibarətdir. Məqsəd əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirməkdir ki, bu da özlüyündə prinsipial xarakter daşıyır.

– Ümumilikdə, bütün bunlar- fikir ayrılığı, haqlı – haqsız iradlar sizdə dənizçi haqda hansısa fikri formalaşdıra bilirmi?

– Gəmiçilik sahəsində çalışmasaydım bəlkə də kənardan irəli sürülən neqativ fikirləri hər kəs kimi mən də normal qarşılayardım. Nəticədə bu peşənin nə qədər çətin və şərəfli olduğundan agah olmazdım. Hazırki dövrdə yaradılmış geniş imkanlar sayəsində bu peşəyə üz tutan xeyli sayda tələbələr vardır. Bu da özlüyündə gəmiçilikdə peşəkar mütəxəssislərin artması deməkdir. Dövlətimizin gəmiçilərə xüsusi diqqəti və qayğısı onu göstərir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti Respublikamızın iqtisadiyyatında böyük rol oynayır. Bayrağımızı xarici ölkələrdə dalğalanmasına səbəb olan başda dənizçilər olmaqla bütün əziyyəti keçən hər bir vətəndaşımızla fəxr edirəm.

– Bəs dənizçi həyatı, dənizçi sənəti sizin təxəyyülünüzdə necə ola bilər?

– İlk əvvəl qeyd etməliyəm ki, hansısa peşə sahibi olmaqdan asılı olmayaraq uğur qazanmaq üçün mütləq şəkildə gördüyün işi sevməli, həvəslə yanaşmalısan. Yalnız belə olduğu təqdirdə biz uğurlu və güclü bir peşəkar ola bilərik. Dənizçi deyəndə ilk ağıla yüksək məvacib gəlir, amma həqiqətən risk qaçılmazdır. Nəhəng dalğaların arasında görünməyən bir gəmini idarə etmək, kəskin hava şəraiti bu peşəni çətinləşdirən səbəblər sırasındadır. Qeyd etdiyim çətinliklər bizim bildiyimiz kənardan görünən, hər kəsin bildiyi çətinliklərdir. Bu peşənin görünməyən, ağır tərəflərini yalnız bu peşənin sahibləri bilər. Mənim fikrimcə Azərbaycan dənizçiləri həm yerli, həm də xarici sularda işi və peşəkarlığı ilə öz sözünü təsdiqləmişdir. Bu gün Akademiyada tədrisin səviyyəsi Beynəlxalq Dəniz Təşkilatının ekspertləri tərəfindən yüksək qiymətləndirilir. Bu da İMO-un üzvü olan ölkələrin hər birində işə düzəlmək imkanı verir. Bu, çox mühüm haldır və respublikamızda dənizçiliyin inkişafı üçün geniş perspektivlər yaradır.

– Türkan xanım, bilirsiniz ki, “DSD”İB yi adlanan bir təşkilat da var ki, daima dənizçilərin yanında olmağı planlayır. Kifayət qədər mütaliə və müşahidə qabiliyyəti olan  bir xanımın nəzərlərində bu İB-in fəaliyyəti necə görünür?

– Bilirsiniz ki, informasiya texnologiyaları dövründə yaşayırıq. Bu dövrün hər birimiz üçün müsbət faydaları vardır. İstədiyimiz vaxt istədiyimiz anda bütün bilmək istədiyimiz hərşey bir texnologiyanın içində cəmlənmişdir. Dənizçilərə lazımi məlumatların daha operativ çatdırılmasında, onların xüsusi günlərinin yad edilməsində, bu sahədə xüsusi əziyyəti olan dənizçiləri unutmamağınız və onlara göstərilən diqqəti aydın şəkildə görməyimiz mümkündür. Sosial şəbəkədə aktivliyinizi dəstəkləyirəm. Çünki hazırki dövrün tələblərinə əsasən dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq vətəndaşlarımızı doğru maariflənməsinə başlıca köməklik etmiş olursunuz. Buna görə də İctimai Birliyinizin inkişaf fəaliyyətinin daha üst zirvələrə qalxmasını arzulayıram.

 – Türkan xanım, həm birliyimizə ünvanlanan arzularınız, həm də, müsahibə üçün təşəkkür edirik, çox sağ olun

– Dəvətiniz üçün mən təşəkkür edirəm. Bütün dənizçilərimizə iş və həyat fəaliyyətində uğurlar arzu edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: