Çıplaklı- Zubovka – Əli-Bayramlı – Şirvan

(Əzəli əbədi torpaqlarımz, şəhərlərimiz silsiəsindən)

Kür çayının sol sahilində Şirvan düzündə şəhər.  Azərbaycanı istila edən general Valeriyan Zubovun şərəfinə Kür çayının üstündəki Çıplaqlı kəndi Zubovka adlandırılmışdır.

1796-cı ildə general Zubovun başçılığı altında xüsusi hərbi dəstə Azərbaycana daxil oldu. Yekaterina bu yürüşə çox böyük maraq göstərirdi. General Zubovun ixtiyarına 30  minlik qoşun verilmişdi. Yürüş Peterburqda kilsədən başlandı;keşişlər ali baş komandana və rus-kazak qüvvələrinə xeyir-dua verdilər.

Azərbaycanda müvəffəqiyyətlə irəliləyən general Zubov əlverişli mövqedə yerləşən bu kəndin adını Yekaterinaserd qoydu. İlk tədbir olaraq bura iki min rus kazakı köçürüldü. Onlar hərbi və eləcə də kənd təsərrüfatı alətləri ilə təchiz edilmişdilər. Belə ki, şəraitə görə oraq və kətmənlə məhsul əkib-biçəcək, ya da istəyəndə silaha əl atacaqdılar.

Çıplaklı bir tayfa adı və ya ərazinin bitki örtüyü ilə də bağlı söz ola bilir. Göyçay rayonu ərazisində də Lək Çıplak, Türkiyənin Mardin və Qars vilayətlərində Çıplaklı kənd adlarına təsadüf edilir. Mərhum alim Mehmet Eröz bu adlar barədə “ bu köylər xalqının “Çıplaklı”  yörüklərindən olduğu anlaşılmaqdadır” yazaraq 1126-cı il tarixli bir sultan fərmanında Kıbrısa sürülən Çıplaklı cəmaatının adı çəkilir, deyə məlumat verir.

Azərbaycana girən rusların nəzərincə Xəzərdən Kür çayına daxil olan gəmilər üçün bura əlverişli liman olacaq idi. Tezliklə Zubov (Azərbaycanda ona “Qızılayaq general” deyirdilər; o ayağını Polşa vətənpərvərləri ilə döyüşdə itirmişdi, həmin ayağı protez idi) bu kənddə qala tikmək işinə girişir. Lakin Yekaterinanın qəfil ölümü ilə Azərbaycanın istila planı yarımçıq qalır; rus ordusu geri çağrılır.

1938-ci ildə Zubovka adı Əli Bayramlı adı ilə əvəz edilir. Əli Bayramlı 1918-ci ildə cinayətkar daşnak-bolşevik bölüklərinə başçılıq edirdi, öz xalqına qarşı qırğınlarda fəal iştirak edirdi. Kapitanı olduğu “ Demosfen” gəmisi ilə Azərbaycanı təhdid edən bolşevik qüvvələrinə benzin daşıyırdı. Salyanda, eləcə də Kür boyunda qırğınlarda fəal iştirak edirdi. ADR qurulduqdan sonra da gizli fəaliyyətə keçmiş, Rusiyanın xeyrinə casusluq etmiş, həbs olunmuş, vətən xaini kimi layiq olduğu cəzasına çatmışdı.

Odur ki, Azərbaycanda Sovet hakimiyyətinin ilk günlərindəcə onun qətlində təqsirli bilinənləri mühakimə etmiş bu iş üzrə 11 keçmiş vəzifəli şəxsə ölüm cəzası vermişlər. Sovet quruculuğu illərində onun adını əbədiləşdirmək məqsədilə bir sıra yaşayış məntəqələrinə, idarə və müəssisələrə, küçələrə, o cümlədən daşnak quldurları sırasında Kür boylarında qanlara qərq etdiyi bu şəhərə də onun adını vermişlər.

Qazax rayonunda da İncə kimi tarixi məzmuna malik olan adı Əli Bayramlı adı ilə əvəz etmişlər. Bu il şəhərin adı dəyişdirilərkən onun əsil adı bərpa edilməli ikən buna lüzum görülməmiş, şəhər tarixi vilayətin adıyla Şirvan adlandırılmışdı. Tarixi vilayətimiz, möhtəşəm keçmişə malik qədim dövlət adımızın  kiçik bir yaşayış məntəqəsinə verilməsindəki uyğunsuzluq çox şey demirmi?! Eynən Xəzər rayonu, Şabran… Göy göl kimi… lüzumsuz təşəbbüslər və onların mənasız bəhrələri kimi.

Minəxanım Təkləli-Nuriyeva

 

1.F.Əsədov, S.Kərimova. Çarizmi Azərbaycana gətirənlər, Bakı, Gənclik, 1993, s.10.

2.Mehmet Eröz. Doğu Anadolu. Atatürk. Milliyetçilik, s.231

3.Minaxanım  Təkəli.Əli Bayramlı-Zubovka, ”Naxçıvan” qəzeti, 24 iyun, 1999.

Share: