Cənnət anaları…

Elçin HÜSEYNBƏYLİnin 

(“Paralel dünyalar” silsiləsindən…)

…Qoca mələk Barmağı ilə boşluğu göstərib:

O tərəfdəki ilğımı görürsən?- deyə soruşdu.

Başımla təsdiqlədim. Orda da sənin tanıdıqlarından var. Amma onları görmək üçün gərək ilğımı keçəsən. Adamlar bölük-bölükdülər. Hərəsi bir məkandadır.

-Kompüter faylları kimi?

-Elə bir şeydir.

-Kimi görmək istəyirsən?

-Cənnət və cəhənnəmin hər ikisini.

-Cənnət göyün yeddinci qatındadır, cəhənnəm yerin yeddinci qatında.

-Anam hardadır?

-Göyün yeddinci qatında.

-O, məni görsə tanıyacaq?

-Yanında olanda tanıyacaq. Ordan gedəndə isə unudacaq.

-Onun ruhu gəlməyib axı?

-Bunun fərqi yoxdu. Sən ananın bətnindən qopmusan. Elə bilir ki, daim onun yanındasan. Amma bir şərt var. Gərək otağın içində nə olduğunu dəqiq deyəsən.

-Otaq yoxdu, axı.

-İndi görərsən.

Qoca mələk bunu deyəndən sonra ilğımı pərdə kimi araladı.

-Bu bizim köhnə, kənddəki evimizdi, dərhal tanıdım! -deyə sevinclə dilləndim.

-Anan səni o zaman tanıyacaq ki, otaqdan içəri keçən kimi dərhal onun üstünə gedəsən. Qalan şeylər hamısı yerindədir…

Otağın qapısından içəri girdim və ətrafa boylandım. Bu bizim qonaq otağımız idi. Üzbəüzdə köhnə paltar şkafı, solda, divarın dibində rumın mebeli. Anam yataq otağında yer olmadığına görə həmin otaqda, mebeldən solda qoyulmuş yaylı çarpayıda yatırdı.

O tərəfə gedən kimi hər şeyi gördüm: şkafı da, mebeli də, anamın çarpayısını da.

Anam çarpayını düzəldirdi. Bokaççonun “bahar” rəsmindəki kimi ağ geyinmiş, başına çələng qoymuşdu.

O, məni görəndə təccüblənmədi. Sanki bayaqdan burdaydım.

Anam çölə çıxdı və bir azdan məni çağırdı.

-Oğlum, bir bura gəl.

Çölə çıxdım.

O, mənə göydə dövrə vuran ağappaq göyərçinləri göstərdi. Sanki əl-ələ tutmuşdular. Sonra həmin göyərçinlər ağappaq geyinmiş rəqqasələrə çevrildilər. Heyrətamiz mənzərəydi…

…Televizor açıq qalmışdı. Rəqqasələr “Qu quşu” baletindən bir epizodu oynayırdılar…

May-iyun, 2019

 

 

Share: