İyunun 3-də Bakı şəhər H.Abbasov adına Mədəniyyət Mərkəzində bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirin aparıcılığını tanınmış aparıcı Pərvanə Nadir edib. Tədbir görkəmli bəstəkar, Xalq artisti Rafiq Babayevin xatirəsinə həsr olunub.
Tədbirin əsas məqsədi bəstəkarın zəngin musiqi irsinin təbliği və geniş auditoriyaya çatdırılması olub.
Tədbirdə tanınmış və gənc ifaçılar səhnəyə çıxıb. Arzu Eliyeva, Aynur İsgəndərzadə, Sahib İbrahimov, Sərxan Bünyadzadə, Həzrət Əzizli, Leyla İdrisova, Xasay Şıxıyev, Elsən Osmanov, Samirə Rəcəbova və Aytən Məhərrəmova bəstəkarın bir-birindən gözəl mahnılarını böyük ustalıqla səsləndirərək dinləyicilərə unudulmaz anlar yaşadıb.
Rafiq Babayevin xatirəsinə həsr olunmuş mahnını isə Riyad Eyvazov və Zamiq Nəcəfli böyük duyğu ilə ifa ediblər.
İlhamə xanımın şeirlərinə bəstələnmiş mahnıları müğənnilər böyük həvəslə oxuyub. Eyni zamanda şeirləri mahnılara çevrilən şairlər də səhnəyə çıxaraq öz xatirələrini bölüşüb, İlhamə xanımı təbrik ediblər. İfa olunan əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev də çıxış edərək İlhamə Adilqızının Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən danışıb. O, belə tədbirlərin milli musiqi irsimizin yaşadılması və gənc nəsilə çatdırılması baxımından vacib olduğunu vurğulayıb.
Çıxış edən digər qonaqlar da İlhamə Adilqızının yaradıcılığının əhəmiyyətini xüsusi qeyd ediblər.
Tədbirə İlhamə xanımın ailəsi də qatılıb. Valideynləri, bacısı tanınmış bəstəkar Aynur Adilqızı, yoldaşı, övladları və onu sevənlər zalı dolduraraq bu özəl axşamı onunla birgə bölüşüblər.
Tədbir boyu səslən nəğmələr bir daha sübut etdi ki, İlhamə Adilqızının musiqisi zamanın sınağından çıxaraq ürəklərdə yaşayır. Onun bəstələri nəsillər boyu sevgi, vətənpərvərlik və mədəniyyət körpüsü olaraq qalacaq.
*Hazırladı: Aysel Nəsirzadə*




















