“BU YAŞIL AĞACIN ALTI BİZİMDİR…”-Vasif Süleymanın Zəlimxan Yaqubla bağlı xatirələri…

BU YAŞIL AĞACIN ALTI BİZİMDİR

Bu gün xalq şairi Zəlimxan Yaqubun haqq dünyasına qovuşmasından 3 il keçir. Anım günündə şairin “Qayıdaq əvvəlki xatirələrə” kitabı haqqında yazdığım yazını sevgili dostlara bölüşürəm.

 

Bu kitabı oxumamış da düşüncələrimi bölüşə bilərdim. Ən azından kitabda toplanan şerlərinin hamısını müxtəlif vaxtlarda oxumuşdum. Amma küll halında bir də oxudum, bir də sözün qüdrətindən yarananlara heyran oldum. Oxuyanlar fikrimə şərik olarlar. Xalq şairi Zəlimxan Yaqubun «Qayıdaq əvvəlki xatirələrə» kitabından danışıram.
Kitab «Gənclik» nəşriyyatının «Azərbaycan lirikası kitabxanası» seriyasından nəfis şəkildə çap olunub (Bildiyim qədər bu seriyadan cəmisi bir neçə böyük sənətkarın kitabı işıq üzü görüb). Seriyasından bəlli olduğu kimi lirik şerləri toplanan kitaba şair layiqli bir ad seçib və Mustafa Çəmənli də xatirələrlə dolu bir ön söz yazıb.
Əslində lirik duyğulara köklənmək, ötən yaşantılara xəyali yoldaş olmaq üçün ən yaxşı yol əvvəlki xatirələrə qayıtmaqdan keçir. Bu baxımdan sevimli şairimiz növbəti kitabı ilə xatirəyə dönmüş illərə qayıda və bizləri də o havaya kökləyə bildi. Və bununçün şair haqlı olaraq ömrünün çalın-çarpaz yollarında çəkdiyi ağrıları ifadə olunan şerlə başladı kitabını:

Talan olmuş bostanın uraları məndədir,
Dağ-dağ olmuş dağların sıraları məndədir.
Tarixin sağalmayan yaraları məndədir,
Mən bir ömrün içində beş ömrü yaşamışam.

ƏKİNÇİ TALEYİ, XIŞ ÖMRÜ yaşayan və bundan qürur duyan şair sonunda nail olduqlarının o zəhmətdən pərvəriş tapdığını bildirir. Elə buna görədir ki, hamar olmayan yollarda çəkilən əziyyət sonradan yaşam tərzinə halallıq gətirir:

Bu süfrəyə uzanan əllərimdə ləkə yox,
Bu süfrənin üstündə haram adlı tikə yox.
Burda yavan çörək var, burda yağlı tikə yox,
Bu süfrə duasını özün oxu, ilahi!

Bir şey də həqiqətdir ki, xatirələr təkcə şirin-şəkər anları yaşatmır. Bu xatirələrdə ürək parçalayan itkilər, alına qırış, saça dən gətirən sarsıntılar da var. Gözəldi kədər də yeri gələndə-anlamına söykənsək, belə xatirələr daha çox anılır. Haqq dünyasına qovuşan əzizlərimizi necə xatırlamayaq. Bəlkə də xatirələrin gücü ondadır ki, həqiqi yaşanmış nə varsa, onu qoruya bilir:

Öldürür ananı, alır atanı,
Qurtarmaq istəmir çayda batanı.
Taxtın çevriləni, baxtın yatanı,
Vaxtın sərt üzü var xatirələrdə.

Bir həqiqət də var. Ötənlər saxtanı, yalanı sevmir. Qalan nə varsa, deməli canında yaşarı toxumlar olanlardır. Hansı tarix iftiranı, böhtanı, şəri əbədi yaşada bilib. Heç birini. Ona görə də acılı-şirinli (amma həqiqət olanda) qalan nə varsa, yaşanmış ömür odur. Xatirəyə dönə bilən ancaq onlardır. Yaşanmamış ömrün xatirəyə dönməsi mümkünsüzdür. Z. Yaqub bunu hamıdan yaxşı ifadə edə bilir. Və bu həqiqət elə Zəlimxan Yaqubun həqiqətidir:

Zikr edir, namazı qılan danışmır,
Dərin xəyallara dalan danışmır.
Keçmiş insanlara yalan danışmır,
Hər şeyin düzü var xatirələrdə.

Zəlimxan Yaqubun «Qayıdaq əvvəlki xatirələrə» kitabında onun dillər əzbəri olan şerləri toplanıb. Kitab lirik seriyadan buraxılsa da, özünün bir vaxtlar dediyi kimi, bu şerlərdə lirika ilə yanaşı reallıq da var. Reallıqların lirik ifadəsi daha gözəl deyilmi. İkisi bir yerdə daha bütövdür. Biz niyə sevməyək bir-birimizi-deyən şair təkcə lirik duyğulardan danışmır (Bu yerdə Z. Yaqubun mənə danışdığı bir məqamı xatırlamaya bilmirəm. O, deyirdi ki, Hacımurad adlı bir dayım vardı, Allah rəhmət eləsin. Çox nurani, şair təbiətli bir insan idi. Bir dəfə o, mənə dedi ki, səni acılayana, qaranca danışana, yaman deyənə heç vaxt tez reaksiya vermə. Belə anda emosiyaya qapılmamaq, sənə nifrət hissi ilə baxan adama hörmətlə yanaşmaq ən təsiredici vasitədir. O, qarşıdakına daha çox təsir edir, nəinki dediyindən bir az da artıq qaytarasan. Onda hər iki tərəfin səviyyəsi bərabərləşir. Hər iki tərəf belə anda bərabərləşəndə səbr kasası daşır, onda insan emosiyanı yox, emosiyalar insanı idarə etməyə başlayar. Və mən də o gündən Hacımurad Güləhmədovun dediklərini yaşam idealına çevirdim). İndi məmləkətimizin dörd tərəfdən soyuq nəzərlərlə əhatə olunduğu bir vaxtda bizə bir-birimizə qarşı sevgidən vacib nə lazımdır ki…

Çəmənlər torpağa -xalı çəkirsə,
Xalıda yaşılı, alı çəkirsə.
Arı çiçəklərdən balı çəkirsə,
Biz niyə sevməyək bir-birimizi.

Bu düşüncələrin ürəkdən gəldiyinə necə inanmayasan? Zəlimxan Yaqubun sazın, sözün qoynunda yaşa dolması, hər şeyə qəlbinin hökmü ilə yanaşması imkan verməz ki, saxta düşüncələr onu çulğasın. Hər şey öz ilkinliyini qoruyanda gözəldir. Kitabda toplanan şerlərində bunu görməmək olmur:

Üzdən ağladığım yadıma gəlmir,
Ağlasam, göz yaşım ürəkdən gəlib.
Sevgim də, sözüm də, məhəbbətim də,
Nə varsa beşikdən, bələkdən gəlib.

Elə buna görədir ki, yazdıqları da ilahidən qulağına pıçıltı ilə gələnlərdir. Söz Zəlimxanı hansı zirvəyə çatdıra bilibsə, Zəlimxan da sözü o zirvədə yaşada bilir:

Yerin qulağına çatan sözlərim,
Göyün üzündəki mələkdən gəlib.

Hələ çap olunmamışdan öz dilindən eşitdiyim,sonralar çoxlarının dilinin əzbəri olan «Bu yaşıl ağacın altı bizimdi» şerini oxuyanda hələ indən sonra çoxunun BU YAŞIL AĞACIN ALTI BİZİMDİ deyəcəyinə inanırsan:

Atəş Allahındı, isti Allahın,
Ocaq Allahındı, tüstü Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
Bu yaşıl ağacın altı bizimdir.

Dünyanın işdəklərini qələm adamlarından çox kim saf-çürük edir ki… Adına yaxşı deyilməyən nə varsa, onlara ilk etrazı da yazarlar qaldırır. Bu prizmadan yanaşanda Zəlimxan Yaqubun dünya ilə üz-üzə dayanması o qədər olub ki:

Polad sındı, dəmir yandı mum oldu,
Sal qayalar toza döndü, qum oldu.
Sarayların yeri qara şum oldu,
Dünya, dərdin çəkiləsi dərd deyil.

Zaman-zaman dilimizin, mədəni tariximizin unutdurulması, yaddan çıxarılması məqsədli xarakter daşıyıb. Bu baxımdan yaradıcı adamın missiyası daha böyükdür. Nə yaxşı ki, həyatı və fəaliyyəti canlı ensiklopediya olan Zəlimxan Yaqub kimi TƏKlər az da olsa var. Onun yaratdıqları və yaşatdıqları dilimizin zənginliyini qorumaq baxımından böyük institutların görə biləcəyindən artıqdır. Bu həqiqəti çoxları, elə onu sevməyənlər də etiraf edə bilər. Belələrini öz böyük missiyasından yayındırmaq, yardımçı meydanlara çağırmaq uduzmaq qədər ağırdı. Bəlkə də dünyanın mizanı onu durultmağa çalışanların sayəsində hələ tam pozulmayıb. Şerlərindən birində şair bunu daha gözəl ifadə edir:

Dənizlərin dənciyinə dən atdım,
Nə qan saldım, nə bir könül qanatdım.
Mən dünyanı durultmağa can atdım,
Dünya məni bulandıra bilmədi.

Hər birimizin əvvəlki xatirələrə qayıtmaq ehtiyacı var. Sadəcə ona qayıtmağın yolları fərqlidir. Zəlimxan Yaqubun bu kitabını oxumaqla hərə öz xatirələrini çözələyir. Deməli kitabdakı şerlərin müxtəlif məqamlarında hər kəs özünü görə bilir və şair mən sənin qəlbinə necə yol tapım-desə də, bizim qəlbimizə yol tapıb. Dili rəvan, zəngin, fikirləri saf, düşüncələri bütöv şairin «Qayıdaq əvvəlki xatirələrə» kitabını oxumaq haqqımdan lazımınca bəhrələndiyimdən bu kiçik qeydləri yazmağa da ehtiyac duydum. Çünki o xatirələrə qayıtmaq məqamıydı:

Eşqin saralmayan cöhrəsi sən ol,
Toxumu mən olum, pöhrəsi sən ol.
Aşıq bir həftəlik dastan başlasa,
Tahiri mən olum, Zöhrəsi sən ol!
Şehli çəmənlərdən gül dərə-dərə,
Qayıdaq əvvəlki xatirələrə.

Hələ mən kitabdakı DƏRDİMİZİN BAYATI DÜZÜMÜndən danışmadım. O da bir ayrı söhbətin mövzusudur. Körpəlikdən laylası bayatıynan, oxşamaynan yoğrulan şairin özünün də bayatı çağırması çox təbiidir.
Necə bilirsiniz, bəlkə QAYIDAQ ƏVVƏLKİ XATİRƏLƏRƏ…

Vasif Süleyman

Müstəqil.Az

 

Share: