“Bu işdə hiylə, yalan olmasa qazanc olmaz, qənaətinə gəldim…”-Təranə Musayeva yazır

 

 

ALVER-TİCARƏT-BİZNES

(Təranə MUSAYEVA)

Həyatımın böyük qismi ticarətin – alverin qətiyyətlə qəbul olunmadığı bir dövrə düşüb. Təzadlı məsələ idi əslində. Hətta qapalı bir quruluş olan, ticarəti yüngül əmək, fırıldaqçılıq, alıb-aldatmaq kimi təbliğ edən  Sovet dövlətinin özü belə xarici ölkələrlə ticarət əlaqəsində idi. Belə də olmalı idi. Əksini düşünmək ağılsızlıq olardı. Təbii ki sənin ölkəndə olmayan bir məhsulu başqa yerdə yetişən və ya istehsal olunan ölkələrdən almaq məcburiyyətindəsən. Bütün bunları uçaqlıdan düşünür və belə qənaətə gəlirdim ki, deməli, ticarət xırda olarsa  möhtəkirlik, alıb-aldatma sayılır, böyük olarsa ticarət ­ sayılırmış. Belə ki hətta ticarətin adını sonrakı illərdə – dünya ilə sərhədlər açılandan sonra bizneslə əvəzlədilər. Adı dəyişən alverin sanki missiyası da dəyişdi, hörmətə, dəyərə mindi ki, mən bunu heç cür anlaya bilmədim. Eşşəyə “eşşək” deməyib  “uzunqulaq” deyəndə dəyişən nə olur ki? Haqqında danışdığımız işin də adı “alver” oldu nə olacaq, “ticarət”, “biznes” adlandırılanda nə dəyişəcək?! Bunlar pıçıltı ilə düşündüklərimdi…

Sovetin ən qızğın çağında dünyaya gələn atam televozorlardan, radiolardan alverin – möhtəkirlik adlandırılan zamanlarında belə deyərdi – ən qazanclı, gəlirli sahə alverdi, bacaran olsa. Mən eşitdiklərimi – asan yolla qazanc əldə etmək filan,  atama deyəndə etiraz edər, alverçilərin zavod, fabrik, idarə işlərindən daha çox çalışdıqlarını, bu işdə həm fiziki, həm də əqli gücün tələb olunduğunu söylər, hətta neçəyə alıb neçəyə satmağın halallıq olduğunu faizi ilə deyərdi.

Televiziyaların apardığı təbliğat, ya da hər kəlməsinin doğruluğuna əmin olduğun atanın fikirləri.  Bir-birinə zidd fikirlərdi. Bu iki fikrin hansının doğru olduğunu anlamaqda çətinlik çəkirdim. Ta ki…

 

***

Onu ailə olaraq çox sevirdik. Üzündəki həmişəyaşar təbəssüm, nuranilik onu hər kəs üçün doğma adama çevirirdi. İllər gözlərimizin qarşısında bir zamanlar uca olan boyunu yavaş-yavaş əymiş, dənizə bənzər mas-mavi gözlərinin rəngini bom-boz səhraların rənginə bənzətmişdi. Atamın ən yaxın dostu olan bu insanla qan bağımız olmasa da yaxınlardan yaxın, doğmalardan doğma idi. Ərk yerimiz, ümid yerimiz, and yerimiz idi. Atasının rayonun ilk savadlı din xadimlərindən biri olduğunu sonralar öyrənmişdim. Hələliksə təkcə Quran oxuyan biri deyil, vicdanlı, Quranlı əmimiz idi. Atamın son nəfəsində yanında olan, vəsiyyətini dinləyən, göz yaşları içində “Yasin” surəsini oxuyaraq üzünü Qibləyə çevirib gözlərini qapayan əmimiz. Üzərlərinə qoyulan eyni maddə ilə – işlədikləri müəssisədə yeyinti “aşkarlayıb” qazamata atılan üç dostdan biri idi atam. Ölüm hökmü kəsilən günü məhkəmədən kameraya qayıdan əmimin kömür qarası saçlarının bir gecədə bəm-bəyaz qara necə çevrildiyindən atam hər zaman heyrətlə danışardı.

Atamın ölümündən çox sonralar ziyarətinə getdiyimdə mənə kimsəyə danışmadığı bir hadisəni danışdı:

– Günün birində həyətimdə bəslədiyim qoyun sürüsündən ikisini ayırıb şəhərə satmağa apardım. Niyyətim evə bazaqlıq, uşaqlara, özümə cib xərcliyi etməklə yanaşı sorağı gələn qonaq üçün layiqli bir süfrə aça bilməkdi. Bütün bunların hesabını apara-apara qoyunların bazar qiymətindən aşağı – dolayısıyla tez satıb kəndə qayıtmağı planlaşdırırdım. Mal bazarının girəcəyində bir dostumun qardaşı qarşıma çıxdı. Hal-əhval sırasında bazara qoyun almağa gəldiyini söyləyib qarşımdakı bir ucu boğazlarında, bir ucu əlimdə olan kəndirdən yaxa qurtarmağa çalışan qoyunlara müştəri gözü ilə baxıb qiymətlərini soruşdu. Qoyunların qiymətlərini eşitdikdə qalın qaşları aşağı sallanıb bap-balaca, hardasa görünməz olan gözlərini daha da görünməz etdi. Buna bənd imiş kimi burnu və ağızlarının kənarı da yer dəyişdirib aşağıya tərəf sallandılar:

– O qədər pulum yoxdur, – deyib başını da o biri orqanları kimi aşağı əyən tanışımın təkcə qulaqları yuxarı dartınmış, məndən gələn səsə müntəzir dayanmışdı.

“Öz cib xərcliyimi azaldaram” – düşünüb, qoyunlara haqsız etdiyimi bilə-bilə qiymətlərini bir az da azaltdım. Tanış nə uzaqlaşıb gedir, nə də aşağı əyilən üz orqanlarını yerinə qoymağa cəhd edirdi. Nəhayət:

– Nə verə bilərsən? – deyə soruşduğumda qoyunlara qoyduğum qiymətin yarıbayarı dəyərini verə biləcəyini – dedi. Bu artıq qoyun deyil, quzu da deyil, heç hinduşka da deyil, həyətimdəki xoruzun qiyməti idi. “Etirazımı mülayimcəsinə necə edə bilərəm”, düşüncəsində idim ki, görünməyən gözlərindən iki damla yaşın iki santmetr uzunluğunda olan saqqalından sürüşüb pencəyinin üstünə düşdüyünü gördüm.

– Bu gecə yuxuda atamla anamı görmüşəm. Çox arıq, bitkin vəziyyətdə idilər. Məndən yemək istəyirdilər. Ha istədim əlimdəki yavan çörəyi verim, götürmədilər. Amma ac idilər. Gözləri əlimdə ağ bir xəttə bürünüb uzaqlaşdılar. Hövlakı yerimdən qalxıb bazara gəldim ki, onlar üçün ehsanlıq qoyun alım. Əlimdəki yavan çörəyi istəmədilər, deməli bu bir “Yasin”lə, bir tava halva ilə olan iş deyil. Qoyun kəsib ehsan paylamalıyam. Cibimdəki pul da bu qədərdi…

Dolmuş gözlərimin qarşısına dostumun daim kədərlə yad etdiyi, dünyasını iyirmi yeddi yaşında dəyişmiş anası və sonradan evlənsə də bütün ömrü boyu ilk sevgisini, iki balasının anasını unutmamış, onu için-için sevmiş, bu yaxınlarda rəhmətə getmiş atası gəldi. Dostumun qardaşının kəsib paylamaq istədiyi ehsan mənim can qardaşımın ata-anası üçün idi. Daha nə qoyun, nə qiymət, dəyər, cib xərcliyi, ev bazarlığı gözümdə deyildi. Əlləri əsə-əsə cibindən çıxarıb pencəyimin dəvə ağzı kimi açılmış ağzından cibimə qoyulan pulun qədərini evə dönəndə alış-veriş üçün mağazaya girəndə bildim. Bu, həyətimdə yerli-yersiz – atın da, itin də, tövlənin içinə layiq bilməyib qapısının sol tərəfinə dayaq verdiyimiz dirəyə bağlanan eşşəyin də, qonşunun səsinə hay verən ev adamlarının da əvəzinə səsini çıxaran xoruzun qiyməti idi. Pərt olmadım. Əksinə qürurlandım ki, dostumun valideyinləri üçün kəsilən ehsanda mənim də “payım” var. Beləcə evə əli ətəyindən uzun, ancaq vüqarla, sevinclə qayıtdım və sabah bazara satmaq üçün hansı qoyunları aparacağımı düşünməyə başladım…

Səhəri gün şıdırğı yağan yağışın altında qoyunları bazara gətirdim. Yağmurlu olduğundan bazarda adam az idi. İslanmış əlimdə tutduğum kəndir suyun içində idi. Bazara girən kimi öz həmcinslərini görən qoyunlar necə dartındılarsa kəndirin əlimdən çıxıb yerə – palçığın üstünə düşdüyünü, qoyunların qaçaraq bazarın ortasında suları süzülə-süzülə dayanan iki qoyunun yanında dayandıqlarını gördüm. Qoyunlar dördü bir-birinə qarışıb qoxlaşmağa başladılar. Təəccüb məni götürmüşdü. Bazarda bu qədər qoyun-quzu varkən mənim qoyunlarım nədən bu iki qoyunun yanına qaçıb getdilər?! Mat qalmış vəziyyətdə qoyunlara tərəf gedəndə iki kişi ilə danışa-danışa qoyunlara tərəf gələn adamı gördüm – bu, dünən ata-anası üçün ehsan kəsmək üçün mənim qoyunlarımı bir xoruz qiymətinə alan dostumun qardaşı idi ki, bu gün qoyunları satırdı. Müştərinin:

– Bu qoyunların son qiyməti neçədir? – sualına verdiyi cavabla məni heyrətə saldı. Qoyunların qiyməti mən dünən bazara gətirəndə onlara qoyduğum qiymətin iki dəfəsi idi…

– Hə, gözəl qızım, beləcə mən bircə gün ayrı qalmış qoyunların bir-birinin qoxusunu alan kimi  bir-birlərinə can atdıqlarını, ancaq insanoğlunun – bir atanın, bir ananın övladları olan dostumla qardaşının nə qədər fərqli olduqlarını gördüm. Təbii ki bu barədə atana bir kəlmə də demədim…

 

***

Bir neçə il bundan əvvəl – ölkədə köhnələrin talan olunduğu, yenilərin qurulmadığı, işsizliyin  baş alıb gedən vaxtlarında yaxın bir qohumun alver barədə bir söhbətini eşitmişdim.

“Məlum məsələdir ki, bazarlara mal gecə ikən gəlir. Gecə rayonlardan ət bazarına gələn iribuynuzlu malların arasında biri həm cavan, həm yüksək çəkidə idi. Mallar yerbəyer olmamış bazara gələn müştəilərdən biri bu malı görən kimi qiymətini soruşub deyilən qiyməti – 500 manatı dəllala verib, gedəsi yeri olduğunu, az sonra gəlib malını aparacağını soyləyib gedib. Ayaqlarını aralayıb, köksündən başlayıb dizlərinə qədər tökülən qarnını irəli verib köhnə, ancaq rahat kresloda oturan dəllal bayaqdan çox da diqqət etmədiyi mala nəzər salıb telefona əl atdı:

– Ə, İbrahim, məndə bir mal var, bir mal var, cavan qız kimi – kəsmə, bax keyf al. Kəsmək də istəsən qaymaq kimi əti olduğuna şübhən olmasın. Dedim, birinci sənə deyim. Sonra demə ki, demədi. Şəhərdə deyilsən? Canın sağ olsun. Uşaqlardan biri ilə malın pulunu göndər saxlayım bunu səninçün. Sən də sabah gələndə apararsan malını. Atamın goruna and olsun, axşam mala verməyə pulum yoxdur, yoxsa malı saxlayıb sənin gəlməyini gözləyərdim. Yaxşı, gözləyirəm de tez gəlsinlər, min manat da pul gətirsinlər. Nə danışırsan? Balalarımın ölümünə, sənə verirəm ha min manata, başqasına iki mindən aşağı vermərəm, – deyib telefonu qulağından aralayıb altına soxdu. Cibindən çıxardığı pul paçkasını kənarları cırıq-cırıq olmuş, bıçaqla  kəsilmiş yerlərinə yapışqan yapışdırılmış müşəmbə stolun üzərinə qoydu. İçi qap-qara çirk olan barmaqlarını suyu axan ağzına aparıb isladandan sonra pulları saymağa başladı…

Bazarda çayçı işləyən uşaq ona çay gətirdi, müştərilər biri gəldi, biri getdi, biri gəlib dalaşdı, biri hal-əhval tutdu, beləcə bir saatın tamamında saçının seyrəkliyi başına qoyduğu boz-bulanlıq kepkadan belə hiss olunan, köhnə pencəyinin ətəkləri dizlərinə qədər düşən arıq bir kişi gəlib İbrahımın göndərdiyi pulu yekəqarın dəllala təqdim edib İbrahimin sabah gəlib malı aparacağını söylədi. Malın sahibi min manatı alıb ayağa qalxmadan yan tərəfdəki şkafın siyirməsinə – birinci müştəridən aldığı pulun üstünə qoyub məmnunluqla gülümsündü.

Hadisələrin hara gedəcəyini təəccüb, heyrət, maraqla izləyirdim. Əlində olan bir malı iki ayrı adama satmış bu dəllalın işin içindən necə çıxacağını xəyalıma belə gətirə bilmirdim.

Artıq səhər açılmış, bazar insanlarla dolub-daşmağa başlamışdı. Dəllal bütün mallarını oturduğu nimdaş kreslodan yerbəyer edib, yaxınlıqda qoyulmuş elektrik peçinin istisindən xumarlanıb elə ordaca mürgü vururdu. Gələn-gedən olanda arada bir gözünü azacıq açıb baxır, yenidən xoruldamağa başlayırdı. Gecəsi, gündüzü burda – bazarda keçən dəllalın bu halını görən adam onun kimsəsiz, ailəsiz olduğunu düşünərdi. Halbuki onu yaxından tanıyan insanlar vardı ki onlar evə nə zaman getdiyi bilinməyən bu insanın gözəl ailəsi, ərli qızı, xarici ölkələrdən birində ali təhsil alan oğlunun olduğunu söyləyirdilər.

İşlədiyimiz yer bazara yaxın bir yerdə yerləşirdi. Taxtadan, kardonlardan, yarımçıq tikililərdən ibarət bir yer idi. Bura bitişik yerdə gecə gətirilib səhər açılana qədər satılan iri və xırda buynuzlu mallar saxlanılırdı.

Artıq bütün mallar satılmışdı, təkcə bir kənarda qarşısına qoyulmuş quru çörəkləri tənbəl-tənbəl gəvşəyən mal qalmışdı. Əslində o da satılmışdı, həm də iki müştəriyə satılmışdı.

Qapı qəfildən və tələsik açıldı, içəri təlaşla girən adam birbaşa dəllalın üzərinə getdi:

– Ölmüşəm, yerdən götür! Mənə təcili mal lazımdı.

Gözlərini ovuşdura-ovuşdura açan dəllalın yeni açılmış gözlərində sevinc parıltıları şölə saçdı:

– Bu vaxta mal qalar? Hardan tapım? Min dəfə demişəm, bu şoqəribi gəlin vaxtında alın!

– Bütün işim buna bağlıdır. Gör nə edirsən! Qazanc-filan istəmirəm. Müştərim əlimdən çıxacaq. Hardan tapırsan, neçəyə tapırsan tap!

Dəllalın üzü işıqlandı, gözucu iki müştəriyə satdığı mala tərəf baxıb dilini sürüdü:

– Bir malım var. Ancaq onu sənə verə bilmərəm.

– Niyə verə bilmirsən? Neçəyə deyirsən alıram da…

– Məni qəbrə qoyasan ki, aldadıb  o malı mənə çox baha qiymətə satıblar. Başım qarışıq olub, itələyiblər mənə onu yüksək qiymətə. Sənə qıymıram axı. İllərlə birgə işləmişik, xeyir vermişik bir-birimizə. Bu qiymətə malı sənə necə verim?

– Ay kişi, sənə deyirəm məcburam. Neçəyə desən alacağam. Qiymətini de.

– İki min manat!

İki mini eşidən müştərinin hulqumu tərpəndi. Boğazı quruduğundan udqunmağa başladı. Hədəqəsindən çıxan gözləri çarəsizcə aşağı-yuxarı gedib-gəlməyə başladı. Əsən əllərini pencəyinin cibinə salıb şax yüzlükləri çıxarıb dəllalın qarşısına qoydu. Dəllal ehmalca bu pulu da götürüb o biri pulların üstünə qoyub başı ilə köməkçisinə işarə etdi. Köməkçi malın ipindən tutub darta-darta onu çölə çıxardı.

Sonuncu müştəri malı aparandan yarım saat sonra malın birinci sahibi gəlib malını aparmaq istəyəndə malın xəstə olduğunu, baytar gəlib baxdıqdan sonra malı geri qaytardığını söyləyən dəllal sağ tərəfindəki  şkafın siyirməsindən beş yüz manat götürüb narazı qalan müştəriyə verəndə sabah gələcək malın ən yaxşısını onun üçün saxlayacağını söyləyəndə atasının qəbrinə and içdi.

Onu yola salandan sonra köməkçisinin əlinə min manat verib ikinci müştərinin iş yerinə göndərdi – mal xəstə imiş, baytar həkim satışına qadağa qoyubmuş.

Böyük bir dava-dalaşın olacağını düşündüyüm halda işlər yoluna qoyulmuş, dəllalın sağ tərəfindəki şkafın siyirməsindəki pul – ona qazanc qalmışdı.

 

***

Açığı alverlə bağlı həyatımda eşitdiyim bu ağılalmaz hekayətlərdən sonra adı istər alver olsun, istər ticarət, biznes olsun, bu işdə hiylə, yalan olmasa qazanc olmaz, qənaətinə gəldim…

 

Müstəqil.Az

 

Share: