Uşaq Hüquqları Konvensiyası – 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.
Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqların konvensiya ilə müəyyən edilmiş hüquqlarını, onların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daim xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verir. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.
Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır.
Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 kateqoriyaya bölünə bilər:
İnkişaf, müdafiə, iştirak, yaşamaq.
Bu məlumatı Vikipediyadan oxudum. Nədənsə bunu oxuyanda bir vaxt yazdığım şeirin misraları yadıma düşdü:
“Qoruyaq körpələrin məhəbbət baxışını,
müqəddəs gülüşünü,
Ürəklərində heç vaxt sevinc odu sönməsin”.
Onda BMT hələ bu Konvensiyanı (ilkin variantı 1925 – ci ildə E. Jebb tərəfindən hazırlanıb) qəbul etməmişdi. Mənsə çox gənc idim. Filmlərdən, kitablardan müharibənin dəhşətləri haqda təsəvvürüm vardı. Bu kimi şeirləri müharibə filmlərində gördüyüm kadrların təsiriylə yazırdım. Və əmin idim: Müharibədə qalib olmur. Müharibə sevginin məğlubiyyətidir. İllərdi, istənilən normal düşüncəli insanlardan biri kimi sevginin qələbəsi ümidiylə yaşayıram, sevginin qələbəsini gözləyirəm. Onda mənim heç BMT haqda ciddi məlumatım da yoxdu. Amma indi daha çox məlumatım var. İndi bilirəm ki, BMT çox ciddi təşkilatdır. 1945 – ci ildə, yəni 2- ci Dünya savaşından sonra yaranan bu təşkilatın beynəlxalq sülhün, dövlətlər, millətlər arasında dostluq əlaqələrinin qorunması, sosial inkişaf və s. kimi çox mühüm və vacib məqsədləri var. Bütün bunlar məhz insanların gözəl yaşamaq hüququna xidmət üçündür. Dünya dövlətlərinin az qala 4/5 hissəsi BMT – nin üzvüdür. Yəni çox, çox ciddi təşkilatdır. Belə bir ciddi təşkilatın olduğu vaxtda müharibə kimi dəhşətdən qorunmaq ehtiyacı niyə olsun ki? BMT – nin üzvü olan dövlətlər Konvensiyanın şərtlərinə əməl etməlidir: uşaqların yaşamı, təhsili, sağlamlığı və s. üçün şərait yaratmalıdırlar. Əlbəttə, hansısa kənddə, şəhərdə məktəb tikmək, onu lazımı avadanlıqlarla təmin etmək çox gözəldir və vacibdir. Amma müharibə kimi dağıdıcının yaşadığı bir zamanda bu arxa planda qalır. Görəsən, bu qədər ölkənin birliyi olan təşkilat niyə müharibələrə “yox” deyə bilmir? Adi rəngli şarlara yer kürəsi boyda sevinən uşaqlarımızı niyə qoruya bilmir həqiqətən? Uşaqlar üçün YER kürəsi elə sevindikləri, sevdikləri rəngli şardı. Onlar bu şarlar partlayanda qorxurlar, niyə partladığının elmi izahını bilməsələr də, partladığının şahidi olurlar. Bu gün – 20 noyabr Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasından 30 il keçir. Amma yüzləri, minləri, yüzminləri evsiz – eşiksiz, çarəsiz qoyan müharibələr dayanmır, bitmir.
Bir arzu yaşayır ürəyimdə: Kaş növbəti ilə qədər BMT – nin üzvü olan və olmayan bütün ölkələr Yer kürəsinin başına yığılıb, onu – Yer kürəmizi acılarlardan, ağrılardan, ölümlərdən, uşaqların göz yaşıyla dolmaqdan qorumağa and içə. Və hamımız bu YER adlı anamızı qoruyaq ki, partlamasın, parçalanmasın. Uşaqlarımızı müdafiə edək! Onların ən önəmli hüququnu – yaşamaq hüququnu qorumaq arzusuyla… (qadinkimi.com)
Kamalə ABİYEVA
Müstəqil.Az