Brüssel görüşünün Azərbaycanın maraqlarına toxunmadığını iddia etmək absurddur

Brüsseldə Avropa İttifaqı və ABŞ-ın Ermənistanla görüşünün Azərbaycan Respublikasının maraqlarına toxunmadığını iddia etmək absurddur.

Bunu -ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Brüsseldə Avropa İttifaqı və ABŞ-ın Ermənistanla üçtərəfli sammiti Qərbin təcavüzkar niyyətlərini bir daha ifşa etməklə bərabər, həm də göstərdi ki, Prezident İlham Əliyev elə bir hərbi-siyasi reallıq yaradıb ki, uzun illər ərzində bizi görməzdən gələnlər artıq Cənubi Qafqazda Bakı ilə hesablaşmağın zəruri olduğunu başa düşür: ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin sammit öncəsi Azərbaycan Prezidentinə zəngi də məhz bu zərurətdən doğub. Qərbin əsl niyyətlərini gizlətsə də belə, Azərbaycanı inandırmağa çalışması Prezident İlham Əliyevin qlobal miqyasda prosesə təsir imkanlarına malik lider obrazını bir daha önə çıxardı. Bütün dünya bir daha şahidlik etdi ki, Azərbaycanın milli maraqları və mövqeyi qətiyyətlə və prinsipiallıqla qorunur. ABŞ-Aİ-Ermənistan arasında baş tutan görüşün özünə gəlincə, bu barədə yalnız tərəflərin rəsmi açıqlamalarına istinadən mühakimə yürütmək olmaz. Düzdür, görüş gözləndiyi qədər təsir yükünə malik olmadı və hətta Ermənistan mediasının özündə belə görüşə qədərki ab-hava müşahidə etmədik. Lakin istənilən halda birmənalı şəkildə deyə bilərik ki, müzakirələr açıqlanmayan məxfi komponentlərlə zəngin olub”.

Bəhruz Məhərrəmov qeyd edib ki, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edərək Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib: “Amma dövlətimizin başçısının Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən vurğuladığı kimi, “biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”. Əslində Qərb rəsmilərinin iddialarının Bakını qane etməməsi üçün, həqiqətən, çox ciddi əsaslar var. Ən azı müzakirə tərəflərinin bu günə qədər Azərbaycana münasibətdə nümayiş etdirdikləri davranışlar çox şeydən xəbər verir. Prezident İlham Əliyevin özünün də istinad etdiyi kimi, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, hələ üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunması, o cümlədən Fransa tərəfindən Ermənistanın silahlandırılması, Parisdən Azərbaycan əleyhinə əsassız ittihamlar fonunda Brüssel görüşünün Azərbaycan Respublikasının maraqlarına toxunmadığını iddia etmək absurd olar. Məlumdur ki, Bakıya zəngi zamanı ABŞ Dövlət katibi prosesin əsl mahiyyətini pərdələmək üçün bildirmişdi ki, müzakirələrdə diqqət Ermənistanın iqtisadi inkişafı məsələlərinə yönələcək. Lakin əslində bu arqumentlər də özlüyündə qəbul edilən deyil. Çünki Cənubi Qafqazda nəticələrinin aradan qaldırılması vacib olan çox daha ciddi problemlər var, məsələn Ermənistanın işğal, təcavüz və etnik təmizləmə siyasətinə müvafiq olaraq Livan ölçüdə bir ərazidə – Qarabağ və Şərqi Zəngəzurda genosid, urbisid və ekosid cinayətlərinin, o cümlədən mina terrorunun nəticələrinin aradan qaldırılması, 1 milyondan artıq insanın öz yurd-yuvasına qayıdışının təmin olunması kimi bəşəri problem həllini gözləyir. İndi məhz bu məsələlər qala-qala ərazisində müharibə getməmiş, heç bir dağıntıya məruz qalmamış Ermənistanın iqtisadi inkişafının Qərb üçün önəm kəsb etməsi ciddi və haqlı suallar doğurur”.

Deputat qeyd edib ki, yayılan məlumatlara görə üçtərəfli sammitdə tərəflər Ermənistana gələcək 4 il üçün maliyyə yardımı edilməsi barədə artıq razılığa gəliblər: “Ermənistan mətbuatının yazdığına görə, konfransda Nikol Paşinyan bu səylərin “mənzil və iqtisadi siyasət vasitəsilə “Dağlıq Qarabağdan” olan qaçqınların layiqli həyatının təmin edilməsinə yönəldiyini” bəyan edir. Lakin Prezident İlham Əliyevin də bildirdiyi kimi, “üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması” fonunda əminliklə demək olar ki, ayrılacaq vəsait yalnız dinc məqsədlərə xidmət etməyəcək. Heç şübhəsiz ki, məhz bu yardımlar hesabına Qərb Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq niyyətindədir. Bu bir daha göstərir ki, Azərbaycan sammitin regionda gərginliyə xidmət etməsi və gələcəkdə çox böyük fəsadlar törədəcəyi barədə mövqeyində nə qədər haqlıdır”.

Share: