BOY -Qəşəm Nəcəfzadədən yeni hekayə

Qonşumuz Səfər kişinin dərdi aşır başından. Hər axşam oğlu ilə bizə gəlir. Deyir, müəllim, mənim dərdim “Novruz dərdi”di. Açır sandığı, tökür pambığı.

Dərdini dağ götürməz bu kişinin. Dərdi “boy” dərdidir. “Boy” sizə elə-belə gəlməsin. Dağ kimi kişini əridib. Oğlunu polisə düzəltmək istəyir Səfər. Amma uşağın boyu çox balacadı. Səfər deyir ki, gərək uşağın boyu 1 metr 75 sm ola. Yoxsa, götürmürlər. Uşaq da polis olmaq arzusu ilə dəli-divanə. Elə bil qız sevir. Zalım oğlunun gecə-gündüz yuxusu yox. Səfər oğlundan dəli, oğlu Səfərdən dəli.
Səfərdən soruşuram:
– Oğlunun boyu neçədi?
Səfər deyir:
– Müəllim, evdə ölçürəm, 1 metr 75 sm gəlir. Gedirik, hökümətin boy ölçəni 1 metr 70 sm deyir. Bilmirəm hansı düz ölçür? Evdə arvad da, qızım da ölçür 1metr 75 sm-dən kəm olmur uşağın boyu. Bax, bu 5 santimetrin dərdi bizi əməlli başlı əldən salıb. Yeməyimiz-içməyimiz yox, gecəmiz-gündüzümüz qara.
– Bəlkə, səhv ölçürsən? Hökümət səhv eləməz.
– Vallah, düz ölçürük. Sizdə metrə varsa, gətir özün ölç.
– Yox, bizim metrə Xırdalandadı, qızımgildədir.
– Müəllim, istəyirsən oğlumun boyunu əlinlə qarışda, 7 qarış yarım olsa, mən deyəndi.
– Yox, qarış düz verməz.
– Onda qamış gətirim ölç. Evimizin arxasındakı neft gölməçəsində qamış var. Atama qəbir qazanda boyunu qamışla ölçdülər.
– Yaxşı deyil axı, şər işlə xeyir işi qarışdırmağın, düşər-düşməzi olar.
– Vallah nənəm həmişə mənə deyirdi, boyuna qamış ölçüm. İndi mənim boyum 1 metr 76 sm-dir. Müəllim, sizdən nə gizlədim, qamış uzatdı mənim boyumu.
Gördüm Səfərin qarnı dərdlə doludur. Ona görə zəng elədim köhnə polis işçısı bacanağıma.
– Ay Rafiq müəllim, polisə işə girməyə boyun nə dəxli var?
Onun da qarnının altı dərd yığnaymış. Başladı, nə baş¬la¬dı. Bilirəm ki, o, danışdısa, polis xatirələri çətin qurtara.
Dedim:
– Rafiq müəllim, qısa elə, evdə qonaq var.
– Bəli, polisin boyu hündür olmalıdı ki, vətəndaş ona altdan yuxarı baxsın.
Gördüm bacanağım getdikcə qızışır, “saq ol” deyib telefonu bağladım.
Səfər yerində düz dayana bilmirdi. Bizdə heç bir boy ölçən tapa bilməyəndən sonra ayağa durub evin divarına soykəndi. Elə bu zaman oğlu stolun üstündən çəngəli götürüb atasının düz başının üstən divarı cızdı. Aboy tamamilə xarab oldu. Bu, Səfərin vecinə deyildi. Tez divardan geri çəkildi. Elə bu zaman oğlu atasının dayandığı yerdə durdu. Görünür, evdə çox belə məşqlər eləyiblər. Səfər qolumdan tutub çəkdi oğlunun yanına.
– Müəllim, sən Allah gəl bax, lap mənim boyum uzunluqdadır.
Sonra Səfər gəlib ehmalca yanımda əyləşdi.
– Deyirlər hardasa boyu uzadan bir kişi var. Hər santimetri min manata uzadır. Bu da üst-üstə eləyir beş min manat. O da bizdə yox.
– Vallah mən eşitməmişəm.
Deyəsən Səfər daha dəqiq faktlara keçmək istəyirdi. Mən yerimdə beli ağrıyırmış kimi qurcalandım. Səfər o saat başladı belin xəstəliyindən, müalicəsindən danışmağa. Gör¬düm uzun çəkəcək. Birdən ürəyimdə “Aha” tapdım de¬yə¬rək, ayağa durdum. Başladım uşağı sorğu-sual eləməyə.
– Oğlum, nə üçün polis olmaq istəyirsən?
Oğlan şagird kimi düz dayanıb dedi:
– Vətənimə xidmət etmək istəyirəm.
Bildim ki, bu, Səfərin öyrətməsidir.
Dedim:
– Oğlum mən də sənun əmin. Qəti qorxub eləmə, düzünü de, nəyə görə polis olmaq istəyirsən?
– Pul qazanmaq üçün.
– Pulu hardan qazanacaqsan?
Şəhidlər xiyabanında ağacların arxasında gizlənib gəlib – gedənləri güdəcəm.
Əgər cavan oğlanla qız gəlsə və oğlan sevgilisinin əlindən yapışsa o saat ikisini də tutacam.
– Sonra?
– Deyəcəm belə yerdə əl-ələ tutmaq olmaz. Aparıram sizi şöbəyə. Şəkilinizi çəkib divara vuracağıq.
– Bəs sonra?
– Onda oğlan mənə yüz manat verəcək ki, bizi boşla gedək, bir səhvdi eləmişik.
– Bəlkə, oğlan pul vermədi?
– Axı mən onda vermişdim…

Share: