Bizi nəzər kəsib, bizə göz dəyib, Uçuq daxmamızın at nalı əskik

TƏQDİMAT

Şükür Mürsəloğlu 1963-cü ildə Laçın şəhərində dünyaya gəlib. Gənclik illərindən şeir yazır.  Xalq Təsərrüfatı institutunu bitirib. 2018-ci ildə işıq üzü görən ilk kitabı (“Qar kölgəsi”) oxucular tərəfindən maraqla qarşılanıb. Onun şeirlərində özünəməxsus deyim tərzi və üslub var. O üslub Laçının təbiəti kimi gah sərt, gah mülayim ola bilər. Axı şairlər həm də doğulduğu torpağa oxşayırlar. Ədəbi aləmdə özünü üzə çıxartmağa can atmasa da,  həmişə poeziya ilə, ədəbi mühitlə nəfəs alıb. Yəni şair kimi həmişə mənəvi rahatlıq tapdığı küncdə olub. Ən qaranlıq küncdə belə Şükürə ürəyinin işığı bəs edib. Əsas olan həmin işığı özündə tapıb qaranlığa yenilməməkdi. Dəyərli oxucular bu sözümü qəribliyə salmasınlar – Şükür Mürsəloğlu həm də ədəbi zövqü yerində olan şairdi.

Saytınızın dəyərli oxucularının diqqətinə Şükür Mürsəloğlunun beş təzə şeirini çatdırmaq istəyirəm.

Hörmətlə, İlham Qəhrəman

ŞÜKÜR MÜRSƏLOĞLU

ADIMI PIÇILDA

Gördün ki, uzaqlar səni çağırır,
Gördün ki, ayağın sözünə baxmır,
Qərarsız durmusan yol ayrıcında,
Bir istək vurnuxur küt inadında.
Son ümid bildiyin dayağın olmur,
Son ümid dediyin çırağın olmur,
Pıçılda adımı dodağın yansın,
Pıçıllda astaca sükut oyansın.

 

Gün batır, üfüqdə nar dənələnir,
Sən sevən havadır qar, dənələnir.
Qaranlıq küçələr. yamaq çuxurlar,
Biləsən adamlar necə yıxılar.
Görərsən yolların ütüsü qaçıb,
Yanan dodağının tüstüsü qaçıb.
Qan-tər içindədi boğazın, boynun,
Edam kürsüsüdür qarımış qoynun.
Günahsız qolların çürüyür orda.                                                                                                                                 Məsum baxışların əriyir odda.
Getmək də ağrıdı, qalmaq da ağrı,
İnadkar istəyə dolmaq da ağrı.

 

Bu bəyaz çöllərin, bu ağ axşamın,
Üstünə işığı yağır ağ şamın.
Ruhunu oxşayan bu adamın da,
Uşaqlar düzəldən qar adamın da
Kömür gözlərindən təbəssüm yağır.
Sən məhəl qoyma ki, kimlər çağırır,
Pıçılda adımı dodağın yansın,
Pıçılda, pıçılda sükut oyansın.

 

TƏZAD

Dəyişən nə var ki havadan özgə,
Elə köhnə hamam, köhnə də tasdı.
Bu həyat necə də gözəldi deyib,
Dünən bir oğlan da özünü asdı.

Sonra bir qız yandı qolumuz üstə,
Söndürən olmadı göz yaşlarıyla.
Dəyişir bu torpaq əynini hər gün,
Qırmızı xonçalı başdaşlarıyla.

Duyğular soyuyur yanan ocaqda,
Bir kimsə çatmadı vətən dadına.
Ta şəhid xəbərin, torpaq harayın,
Ehmalca vururuq qulaqardına.

Böyümək yerinə kiçildik necə,
Çiynimiz dar gəlir tabutlara da.
Getməyə nə var ki, çıxıb gedəsən,
Tüpürüb al-əlvan tabulara da.

Canavar xisləti qan iyi çəkər,
Qarışqa yerişli, fil səbirliyik.
Bizi nəzər kəsib, bizə göz dəyib,
Uçuq daxmamızın at nalı əskik.

Dəyişən nə var ki havadan özgə,
Elə köhnə hamam, köhnə də tasdı.
Bu həyat necə də gözəldi deyib,
Dünən bir oğlan da özünü asdı.

QAPIM

Bağlanıb qalmısan qara bəxt kimi,
Kim açar sevgiyə üzünü, qapım.
Mən gələn deyiləm biləsən daha,
Yığ topla yollardan özünü, qapım.

Vədlərin qoynuna sığdı qərinə,
Qatıla bilmədim xeyir-şərinə.,
Böcəklər darışıb açar yerinə,
Qurd-quş kor eliyib gözünü, qapım.

Sənəmi qalmışdı bu acı qəhər ?..
Evimə keşikçi durmağın hədər.
Gələnin, gedənin olmasa, göndər,
Köçəri quşlarla sözünü, qapım.

Bir quru dam qalıb belində şələ,
Paslı kilidin də dəyişmir hələ.
Hirsin tətiyindən çəkib səpələ,
Həyəta-bacaya közünü, qapım.

Necə qalmısansa eləcə də qal,
Mən qala bilmədim sən sağlıqla qal,
Çəksəydim sinənə bir rəndə sığal,
Qocalıq bükməzdi dizini, qapım.

***

Sənin sevdiyin saray
miskin əlil arabasıdı gözümdə
Bu bircə cümlədi fərqimiz
istər yerdə, istər dibçəkdə ək
eyni şey cücərəcək.

Sən hələ bilmirsən
nədən biləsən
niyə qalaylanır Ay qaranlıqda
və niyə azırııq gümüşü işıq boyunca ?..

Sən hələ bilmirsən,
bütün sarayların xarabalıq yuxusu kimisən
oyandın heç nə !
Yarı çılpaq bayquşların ətrafında
könlü qırıq böcəklər kimi atılıb-düşərsən

Üşüyərsən
suyun qar çöküntüsündə
quruyarsan
göylərin qurumuş bulud döşündə
Tanrı qovhaqovunda, mələk “kiş-kişində”…

Göynəyərsən
anasız doğulmuş ağrıların yetimliyində

Nə vurma bilirsən, nə çıxma, heç nə…
müqəvva əynində dar pencək
və şit gülümsəyən qırmız qalstuk
qalaylanmış Aydan
gümüşü işıq boyundan
xəbərsiz
və rəhmətsiz kəfənə bükülmüş
qamqalaq kimi sümüklər

***

Bu nə köçdü, bu nə sürü,
Adam qoyuna qarışıb.
Karvan çəkən sarvana nə,
Başı oyuna qarışıb.

Gün düşübdü baxt qızarıb,
Od düşübdü taxt qızarıb.
Üzü yanmış vaxt qızarıb,
Doqquzu ona qarışıb.

Axşam oldu Gün əyildi,
Kor üfüqdə göz səyridi.,
Cəhrədəki ip əyrildi,
İpəyi yuna qarışıb.

Sarı buğda əl xınası,
Dən-dən yağır toy havası.
Küt dəhrənin qan davası,
Vayı toyuna qarışıb.

Çək çaxmağı yansın odun,
Yanmaq nədi qansın odun.
Gen dərədə azan qurdun,
Əvvəli sona qarışıb !..

 

 

 

 

 

 

 

 

 

Share: