Bizi arxiv xalqı kimi düşünənlərə dur deyək

Soylu Atalı

 Dərdi yazmaqla sağalmaz. Ancaq böyük dərd sözə də sığmır. Yazmaqla bitməz. Böyük dərd Vətənin dərdidir-Vətən dərdidir. Nə qədər ki, Vətənin sorunlarını aradan qaldırmaq uğrunda əsaslı mübarizə getmir, bu dərdi yazıya almaq, tanımayanlara da tanıtmaq istəyirsən.

Dərdi tanıtmaq isə qeyrətin oyanışı  üçün olmalıdır, arxayınlaşmaq üçün yox. Bizim dərdimiz bir deyil, çoxdur. Hansını daim gündəliyə gətirmək, hansını necə aradan qaldırmağın yollarını düşünmək olduqca çətinləşibdir. Çünkü bütün sorunlara hazırlıqsız yaxalanmışıq, çünkü heç birini çağında yoluna qoya bilməmişik. Zaman-zaman bir sorun beş olub, beşi on olub, üst-üstə qalanıb fəlakətlərə çevrilib. Millətimiz bu fəlakətlərin ağırlığı altında ümidini itirə-itirə yaşayıb. İndi də gələcəyinə bütöv bir ümidi yoxdur. Bu fəlakətlərin qarşısı alınmadıqca çoxdüşüncəlilik yaranıb. Məsələlərin konseptual həllini yetirmək yerinə, şüar biçimində fərqli düşüncələr, baxışlar sərgilənib. Fərqli düşüncələr, baxışlar deyəndə, biz ayrı-ayrı sorunlarımıza yanaşmaları gözə alırıq. Məsələn, bu gün Vətənçilik açısından hamımızın, genəl olaraq, bir qonumuz var – Qarabağ. Ancaq bu soruna gələcəyimiz açısından yanaşsaq, başqa mənzərələrlə qarşılaşmış olacağıq. Bu günlərdə oxucularla bir yazımızı bölüşdük : “Borçalının haqqını tanımaq gərəkdir”. Axı bu haqqı kim tanımalıdır?! Bu haqsızlığa göz yuman siyasi dünyadanmı ummalıyıq, yoxsa bu haqsızlığı gerçəkləşdirən Gürcüstanın siyasi hakimiyyətindənmi?! Bəlkə xalqla aralarında keçilməz uçurum yaranan Azərbaycanın dövlət məmurları üz tutulası ünvandır?! Duruma ciddi yanaşdıqca millətin necə də tənha, yiyəsiz qaldığına sarsılmamaq olmur…

Yuxarıda vurğuladığımız haqsızlıqların nədən oluşduğunu zaman-zaman dilə gətirsək də, diqqətləri bəzi məqamlara yenidən yönəltmək gərəkir. Bu gün hər kəsə bəllidir, İranda da, Gürcüstanda da milli tariximizi dəyişməklə, pozmaqla uğraşırlar. Proses tam olaraq oxşardır. 1924-cü ildə İranda coğrafiya komissiyası yaradıldı, aşama-aşama toponimlərimiz, yer adlarımız dəyişdirilməyə başladı. Milli məktəblər qapadıldı, təhsil fars dilində aparıldı, azərbaycanlı ailələrdə doğulanlara milli adların qoyulması yasaq edildi. Mədəniyyət sıxışdırıldı, tarixi keçmişin öyrədilməsi dayandırıldı. Sovet Azərbaycanının isə bu faciəvi gedişə qarışmağa, quruca etiraz etməyə belə haqqı çatmadı. Onsuz da özü öz başının hayına qalmışdı. Milli düşünərləri amansız rus-sovet imperiyası güllədiyini güllələyir, güllələmədiklərini də zindanlarda çürüdürdü. Sovet-İran sınırlarını elə qapadılar ki, qardaşın qardaşa əli yetməsin. Bu yanda da torpaqlarımızı parça-parça, (torpaqlarımızdan yaratdıqları) Ermənistan dövlətinin “hesabına” keçirməyə başladılar. Beləcə, bizim bir paramızı orada farslaşdırmağa başladılar, bir paramızı da burada ruslaşdırmağa. (Bu gün oxşar proses Borçalıda həyata keçirilir, tariximizin saxtalaşdırılması, milli məktəblərin sıradan çıxarılması, torpaqların soydaşlarımızın əlindən alınaraq özlərinə icarəyə verilməsi –  gözə görünməyən deportasiya hazırlıqları…).

Sovetlər dağıldı, ancaq biz tarixi haqqımızı bərpa edib bütövləşmədik. Tərsinə, Qarabağı da əlimizdən alıb erməniyə verdilər. Bizim başımızı içimizə elə qatdılar ki, qıraqdan soydaşlarımızın taleyi ilə bağlı nə düşünə bildik, nə də düşünmək istədik. Bu yana İranın iç işidir dedik, o yana Gürcüstanın iç işi. Biz demirik, bu gün İranla, Gürcüstanla silahlı savaş aparaq. Ancaq bir şeyi bilməliyik ki, Güney Qafqazda, az bir torpaqlarımız üzərində bərpa elədiyimiz bu dövlətimizi tikələyə-tikələyə dövlətçiliyimizin varlığına son qoymaq planları gerçəkləşməkdədir. Bizi bütöv şəkildə bir yolluq sıradan çıxarmaq olumsuz olduğuna görə, öncə parçalara bölürlər, parçalarımızı məhv edə-edə yaxınlaşırlar. Vəhşi heyvanların öz ovunu parçalamasından fərqli bir şey deyil taleyimiz. Öncə ovun bir əzasını qoparır, yenidən qayıdır, qopara-qopara davam eləyir… Heysiyyatımız elə ayaqlanır ki, bu cür ibtidai analogiyalara varmaq zorunda qalırıq…

Erməni başbilənləri bəyanat verirlər ki, yeni müharibə yeni ərazi demək olacaq. Yəni Azərbaycan öz torpaqları uğrunda döyüşə girişsə yeni ərazilərini itirəcək – hədələyirlər bizi. Yəni qoy bir qopardığımız əzalarınızı tam həzm eləyib qurtaraq… Biz də erməninin arxasında Rusiya durur deyərək, torpaqlarımızda erməniliyin necə qurulmasını seyr edirik. Belə götürəndə erməninin arxasında təkcə Rusiya durmur, başqaları da durur, ya da, biz çəkinib seyrçi qalaq deyə,psixoloji yardım edir. Onların hər birinin çıxarları da bəllidir. Rusiyanın erməninin arxasında niyə durduğu çox deyilib, biz də hər yöndən çox yazmışıq. İran da erməniyə kömək edir ki, Azərbaycan Respublikasının  Güney Azərbaycan haqqında düşünməyə vaxtı, imkanı olmasın. Qarabağ sorunu nə qədər çox uzansa, İran da Güney Azərbaycanın azadlıq istəklərini bir o qədər geniş məhv edər. Bizimkilər də çağaşırı İranı suçlayırlar ki, müsəlman ola-ola xristian erməniyə kömək edir. Məsələni din müstəvisinə çəkmək olduqca yanlışdır, başqatmaqdır, məsələnin mahiyyətini gizləməkdir. Məsələ din deyil, Azərbaycandır, türkdür.

Yeri gəlmişkən bu yaxınlarda, yanılmıramsa “pasxa” bayramında ermənilər bütün səfirliklərin nümayəndələrini (Xoy yaxınlığında yerləşən) Çaldıran bölgəsindəki kilsəyə toplamışdılar. Orada özlərinin qədim, tarixi xalq olduqlarını nümayiş etdirirdilər, xristian olduqlarını deyil. Burada müsəlmanlıq faktı, sadəcə kilsənin bizim toplumumuzun daşıdığı dini dünyagörüşə uyğun olmadığını göstərmək üçün gərəkdir. Halbuki tarix boyu Çaldıranda erməninin heç izi-tozu olmayıb. İran dövlətinin saxta ortamında Min beş yüz ildən çox tarixi olan qədim Alban kilsəsini erməninin öz adına çıxması, tarixi yurdumuza ortaq olduqları görüntüsü yaratması Molla rejiminin çıxarları üçündür i.a. Bu qonunu çox genişləndirmədən yenə Borçalı qonusuna qayıdaq. Vurğuladımız kimi, Gürcüstanın Borçalıya saxta yanaşması dövlət siyasətidir. Yuxarıda dedik, Rusiya, İran erməniyə yardım edir. Bu yardım həm siyasi, həm hərbi, həm maddi xarakter daşıyır. Məsələ burasındadır ki, Azərbaycan Gürcüstana siyasi müttəfiq dediyi halda, Gürcüstan da ermənilərə yardım göstərir. Düzdür, bu yardım əsasən psixoloji xarakter daşıyır. Bəlli faktların adını da çəkmək olar. Məsələn, Qarabağ savaşında iştirak eləmiş Mixail Avaqyana Samsxe Cavaxetiyada büstün qoyulması, Azərbaycanın neft məhsullarının Ermənistana ötürülməsi, Keşikçidağ əməliyyatı… Bu gün də siyasi müttəfiq saydığımız Gürcüstan, Qarabağ problemindən ayıla bilməyən Azərbaycanın gözləri qarşısında Borçalının milli, tarixi varlığını sıradan çıxarmaqla uğraşır. (Ötən yazılarımızda vurğuladığımız faktları burada təkrarlamağa gərək görmürük). Biz, Azərbaycan olaraq, hər dövrdə baş verən itkilərimizi tarixin arxivinə atdığımız üçün, bu gün Qarabağ sorunumuzu da çözə bilmirik. Belə getsə, bu itkimizi də tarixin arxivinə atacağıq, ya da atdıracaqlar… Bəs nə etməli?! – Doğrusu, bu sualın cavabını vermək olduqca çətindir. Elə mürəkkəb gerçəkliklər var ki, onun qarşısında dayanıb asan danışmaq olmur. Bizim düşüncəmizə görə, Azərbaycanın millətsevər, Vətənsevər ictimai-siyasi düşünərləri,Türkiyənin Vətənsevər ictimai-siyasi düşünərləri ilə bir araya gəlməli, məsələnin doğru yolunu konseptual olaraq işləməlidirlər. Bu məsələ dövlətlər səviyyəsində gündəmə gəlməlidir (bunu tələb eləmək gərəkdir). Niyə Türkiyə ilə? – Çünkü Azərbaycanın sıradan çıxarılması, hər yerdə insanlarımızın sıxışdırılıb basqı altında məhv edilməsi, getdikcə sınırlarımızın daralması Türkiyənin də siyasi taleyinə yeriyəcək faciələrə yol açır, ya da tərsinə. Bu məsələ ayrıca düşüncə tələb edir. O ki, qaldı, Türkiyə ilə Azərbaycan arasında istər mədəni, istər ədəbi bağlantıların qurulması, ya da iqtisadi ilişkilərin genişlənməsi – vurğuladığımız qlobal problemləri qarşılayacaq gücdə, çəkidə deyil. Düşünürük ki, qələm adamları da, düşüncə adamları da bu məsələnin üzərinə tez-tez getməli, gündəmdə saxlamalıdırlar. Belə olarsa, bizim bildiyimiz, bilmədiyimiz daha həssas məsələlər aydınlığa çıxar, insanlarımızı daha çox düşündürər.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

                      20 İşıq Ayı, 42-ci il.

(may, 2020).

Share: