“BİZ QAYITDIQ !.. Bu möhtəşəm bir gün idi” – Sabir RÜSTƏMXANLI

Sabir müəllim, hər vaxtınız xeyr olsun! Əlamətdar bir gündə görüşürük- 18 oktyabr Dövlət Müstəqilliyimizin Bərpası Günündə. 32 il sonra o günü necə xatırlayırsınız?

– O vaxt biz Azərbaycan Respublikasının Ali Sovetində 25 nəfərlik Müstəqil Azərbaycan Blokununu təmsil edirdik. Mən də o blokun həmsədrlərindən biri İdim. Bildiyiniz kimi 1990-ci ilin “Qara Yanvar”ından sonra ölkəmiz çox gərgin günlərini yaşayırdı. Komendant saatı tətbiq olunurdu, Xalq Hərəkatına qarşı basqı var idi, kütləvi informasiya vasitələri total senzuraya məruz qalırdı və s. Bu vəziyyət 1991-ci ilin avqustunda Moskvada “QKÇP”(Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi) adlandırılan qiyama cəhd edilməsinə qədər uzandı. “QKÇP”iflasa uğrayandan sonra biz avqustun 23-də keçmiş Sovetski küçəsində yerləşən Xalq Cəbhəsi qərargahında Azadlıq meydanına doğru yürüş etdik. Meydan dörd çevrədən zirehli texnika ilə mühasirəyə alınmışdı. Buna baxmayaraq, biz tank və diğər ağır texnikanın üstündən aşaraq  meydana girdik. Xalq kütlələri də ardımızcan meydana sızmağa başladı və Azadlıq Meydanı doldu. Bundan sonra mən də daxil olmaqla yürüş öndərləri tribunaya qalxaraq “Biz qayıtdıq!”, “Azadlıq” şüarları səsləndirdilər. Bu möhtəşəm bir gün idi. Daha sonra hakimiyyətdə Xalq Hərəkatına qarşı yumşalma baş verdi və avqustun 30-da Müstəqillik Bəyannaməsi qəbul edildi. Kommunist partiyası ləğv ediləndən sonra Sovetlər İttifaqının dağılması prossesi sürətləndi, İttifaq Respublikaları biri-birinin ardınca dövlət müstəqilliklərini elan edirdilər… 18 Oktyabr Gününün həyatımda ayrı yeri var.

 

 

Müsahibim müəllifi olduğu “Seçilmiş əsərləri” kitabını varaqlayaraq oxuyur:
-Sən bir işə bax, bir vaxtllar müstəqillik sözünü lağa qoyanlar Müstəqillik Aktının qəbul olunmasının vacibliyini başa salmağa çalışırlar, tarixin unutqanlığına güvənirlər… Qoy danışsınlar, təki mane olmasınlar. Bu da səs vermə… Ola bilməz! 360 deputatdan 260-dan çoxu lehinə səs verdi. Bir anlıq sükutdan sonra salon hələ eşidilməmiş alqış gurultusundan əsir. Qəbul edildi, qəbul edildi!Yumruqlar düyünlənib, yerimizdə uşaq kimi atılıb-düşürük, iclas zalı dağılır, kimi gülür, kimi ağlayır. Axır ki, axır ki, gözün aydın olsun Vətən, gözün aydın Azərbaycan! İndi rahat ölə bilərik, indi rahatca qayıdıb qəzetimizi buraxa, şeirimizi yaza bilərik. Mənim davam buraya qədərdir. Bundan sonra nə Parlament, nə Siyasət?! İnşəallah, Müstəqil Dövlət hər şeyi öz yoluna qoyar. Qalx, Bayraq gəlir, Üçrəngli Ay-Ulduzlu Bayraq! Qalx, yoldaş kommunist, qalx!! Qəzəbdən, əssən də, ürəyin partlasa da boyun əyəcəksən, qalxacaqsan!Zaman və Tarix ayağa qalxır!… Mən bu sətirləri iisti-isti “Xətai Yurdu” romanında da yazmışdım.

Sabir müəllim, nəhayət ki,hələ Sovet dövründən başlayan 35 il davam edən Qarabağ münaqişəsi bitdi, dövlətimizin ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olundu. Bu haqda nə düşünürsünüz?

-Heç bilmirəm nə deyim… Əslində, elə bil ağır cərrahiyyə əməliyyatı keçirmiş xəstəyə bənzəyirəm, hələ tam sağalıb özümə gəlməmişəm. Bədənimizdən ağır bir yaranı kəsib atıblar. Əslində isə kəsib atmışıq, cərrah elə özümüzük. Dilə gəlməyən rahatlıq hiss edirəm içimdə. Birdən birə çiynimizdən ağır bir yük götürülüb. Bu tarixi bir məsələdir. Bu məsələnin nə qədər ciddi olduğunu hələ anlamırıq. Mən Şuşaya dəfələrlə getmişəm.Təkcə Şuşamızın azad edilməsi böyük bayramdır. Düz bir əsr öncə Qarabğda erməni muxtariyyətini Azərbaycan üçün problem kimi yaratdılar. O vaxt Moskvaya gedən raportlarda  Zəngəzurun da Azərbaycana məxsus olduğu qeyd olunurdu. Nə yazıq ki, 1918-1920-ci illərdə cərəyan edən faciəvi hadisələr zamanı Moskva Zəngəzuru Ermənistana verdi. Qarabağın dağlıq hissəsində isə həm azərbaycanlıların, həm də ermənilərin yaşadıqlarına görə referendum keçiriləndə muxtar vilayət  Azərbaycanın tərkibində qaldı. Amma buna baxmayaraq sovet dövründə o bölgəni hər hansı bir yolla Ermənistana bağlamağa çalışırdılar. Son 30 ildə isə dünya gücləri ATƏT-in Minsk qrupunun vasitəsi ilə bu münaqişəni “dondurmağa” cəhd edərək Dağlıq Qarabağı Ermənistana süni şəkildə birləşdirilməsinə “çalışdılar”. Minsk qrupundan əvvəl də bədnam Qorbaçov haylara  öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün dəstək verdi. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi gələcəkdə başımıza gətirilən faciələrin qarşısını ala bilmədi. Dağlıq Qarabağ deyilən ərazidə 52 Azərbaycan kəndi var idi. Mən o kəndlərin hamısını qarış-qarış gəzmişəm. Nə yaxşı ki, dövlətimiz dövlət başçımızın siyasi iradəsinə arxalanaraq 44 günlük Vətən Savaşından sonra bu ilin senyabrında antiterror əməliyyatını keçirərək Dağlıq Qarabağdakı qondarma qurumun mövcudiyyatına son qoydu. Hal-hazırda o ərazidə bir neçə yüz erməninin yaşaması gördüyümüz işlərə xələl gətirmir. İnanmıram ki, Qarabağdan köçən haylar bir daha ora qayıtmaq istəyərlər.Biz Qarabağımızı məskunlaşdırmalıyıq. Son 3 ildə orada çəkilən yollar, tikilən hava limanları, qazılan tunnellər dövlətimizin gördüyü işlərin səviyyəsindən bəhs edir. Dediyim kimi o ərazidə çoxusu viran qalan 52 kəndimiz var idi.Onlar yenidən abadlaşana qədər sakinlərini hələlik Xankəndində məskunlaşdırmaq olar. 100 ildən sonra bu məsələ birdəfəlik həll olunaraq haqq-ədalət öz yerini tutdu. Bu yaxınlarda Tənzilə Rüstəmxanlının “Azərtürk Qadınlar Birliyi”nin təşəbbüsü ilə Madrid şəhərində “Qaçqın qadınların taleyi və Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq hüquq müstəvisində” beynəlxalq konfrans keçirildi. Əminliklə  deyə bilərəm ki, konfransın iştirakçıları Avropa və İspaniyanın parlamentlərinin  üzvləri Azərbaycanın keçirdiyi antiterror əməliyyatını dəstəklədilər. Bundan əlavə, konfransda qeyd olundu ki, əgər köçkün ermənilər yenidən Qarabağa qayıtmaq istəyirlərsə, o zaman Ermənistandan qovulmuş soydaşlarımızlar da öz doğma yurd yerlərinə qayıtmalıdırlar. Antiterror əməliyyatına qayıdaraq onu vurqulamaq istərdim ki, bu əməlliyyat bütün dünyaya örnək oldu. Baxın, İsrail-Fələstin müharibəsində hər iki tərəfdən nə qədər dinc əhali qırılmaqda davam edir. Bizdə isə dinc əhalidən bir nəfərin burnu qanamadı, güc strukturlarımız köçən erməniləri gül-çiçəklə yola saldı. Biz onları öz arzularına çatdırdıq. Onlar deyirdi ki, azərbaycanlılarla bir yerdə yaşaya bilmərik… Nə olar ki, di gedin öz ermənilərinizin içində yaşayın. Yaxşı yol!

 

-Ermənistan-Azərbaycan əlaqələlərinin gələcəyini necə görürsüz?

-Zənnimcə, sülh sazişi bağlandıqdan sonra qonşu olmağımızı nəzərə alaraq münasibətlərimiz müəyyən dərəcədə bərpa olunacaq. Biz düşmənçiliyi tez unudan xalqıq. 1918-ci ilin martında erməni-rus birləşmələrinin Bakıda törətdikləri soyqırımında 15 minə yaxın dinc əhalimiz qətlə yetirildi. Sonra nə oldu? Qırğına məruz qalanların törəmələri ermənilərlə mehriban şəraitdə yaşadılar, hətta bəziləri onlarla qohum oldular. Mənim kimi kənddən gələn cavanlar isə hayların evlərində kirayə qalırdılar.

Bildiyiniz kimi 1949-50-ci illərdə Ermənistandan azərbaycanlıları deportasiya ediblər. Mənim yoldaşımın ailəsi də o zaman Ağbabadan köçüb. Sonra ara sakitləşəndən sonra öz yurd yerlərinə qayıdıblar. Özü də oradakı bizim kəndlərimizin çoxu məskunlaşmayıb.
Vaxtı ilə rəhmətlik yazıçı dostum Fərman Kərimzadə öz kəndinə səfər etmişdi. Dediyinə görə, evi necə varsa elə də yerində dururdu. Sülh sazişi bağlanandan sonra Ermənistan Türkiyə və Azərbaycanla sərhədləri açsa və dövlət səviyyəsində “Böyük Ermənistan” xülyasından əl çəkdiyi təqdirdə münasibətlər düzələr, gediş-gəliş bərpa olunar. O zaman bir çox Ermənistan əsilli soydaşlarımız öz dədə-baba yurdlarını ziyarət edə bilərlər.
Sabir Rüstəmxanlı üçün vaxtın zamanın anlamı nədir?

-Mən işləyəndə vaxt “donur”, onu hiss eləmirəm. Boş bekar olanda vaxt uzandıqca uzanır. Vaxtı dərk edərək onun nəmənə olduğunu heç kim bilmir. O geridən irəliyə axır, yoxsa irəlidən geriyə… Biz vaxtımızı ömrümüzə uyğun hesablayırıq, doğuluruq, ölürük. Amma böyük Kosmik mənada vaxt yoxdur. Kainat üçün fərqi yoxdur, indi 2000-ci ildir, ya da 5000-ci. Milyon, milyard illərdir ki, Dünya fırlanır, bir ulduz sönür, o birisi doğulur… həyatımızda olduğu kimi:

Mən Kainat boşluğundan uçub gələn qum dənəsi
Biraz işiq, biraz zülmət, biraz ruham, biraz da can.
Bu Dünyanın əvvəlində izim olub
Qalacağam bu Dünyanın sonunacan.

Mən “Ömür kitabımda” yazmışam: “İnsan öz balaca ömründə millətinin neçə minillik ömrünü yaşayır. 60 yaşım olanda yazmışdım ki, mənə elə gəlir ki, mən 60 əsr yaşamışam. Çünki türklərin 6000 illik tarixini öyrənə-öyrənə gəlib bu günə çıxmışam. Əslində bu belədir, axı mayamızın haradan götürüldüyünü bilmirik. İnsan Kainatın balaca modelidir. Kainatda 100 milyard qalaktika var, insan beynində də 100 milyard hüceyrə var. Bəlkə də bizim bilmədiyimiz başqa həyat var. Ola bilməz ki, o boyda ucsuz-bucaqsız Kainatda həyat ancaq bizim Günəş sistemində yaransın. Kosmosda qara dəliklər mövcuddur və heç kim bilmir ki o dəliklər nədən ibarətdir. Deyilənə görə vaxt, zaman həmən dəliklərə yaxınlaşanda dayanır. Mən bir seir yazmışdım bu barədə. Cəmiyyətdə də var, mayası qara xislətlərdən, qara niyyətlərdən “yoğrulmuş” qara dəliklər. Məsələn; erməni cəmiyyəti Türk və İslam dünyasının arasına düşmüş mənfur “Qara Dəlikdir.” Onların “vəhşi” adlandırdıqları türklərin Səmərqəndi, Buxarası, Marağası, Təbrizi, Gəncəsi, İstanbulu var. Ərmənlərin torpaqlarında məskunlaşan hayların nəyi var ki?! Kilsələri var, o da alban türklərindən qalmadı. Yəni, insan təkcə kilsə tikmək üçün yaranmayıb ki!Kilsə ibadət yeridi…amma türklərin təfəkkürünə görə Allaha ibadət üçün xüsusi binaya soxulmaq lazım deyil. Əslində türklər bütün dinlərdən(Buddizm,atəşpərəstlik,tanrıçılıq,xristianlıq və s.r.) keçərək gəlib islamda dayanıblar. Mən bir dəfə Türkiyə universtitetlərinin birində çıxış edəndə dedim ki, şükürlər olsun, biz indi islamda dayanmışıq…amma islam bir gün qolumuzda zəncir kələf olsa, biz islamdan da vurub keçərik.Din Allahla insan arasında bir rabitədir. Rabitənin mizanı pozularsa o zaman sən rabitənin daha düzgün formasını tapmalısan. O səbəbdən dinlər dəyişib. İndiyənə kimi124 min peyqəmbər yer kürəsinə nədən ötrü  gəlib? Təbii ki, daha kamil bir dini təbliğ etməyə.

 

-Sabir müəllim, Sizin məhşur “Gəncə Qapısı”şeiri necə yarandı?

-1981-ci ildə Gürcüstanın Kutaisi şəhərində Mayakovskinin Poeziya Günləri keçirilirdi. Respublikamızı o tədbirdə mən və rəhmətlik Nüsrət Kəsəmənli təmsil edirdi. Tədbir sahibləri bizi Gelat monastırına apardılar. Həmin məbədin yanından meşənin içindən keçən bir cığırı gördüm. Nə sirdisə bilmirəm, məni  o cığır gözləmədiyim “hədəfə” doğru apardı. Bu minvalla yürüyərək bir hasara dirəndim. Hasara hörülmüş bir qapıya yaxınlaşdım. Bilirdim ki, 1139-cu ildə dağıdıcı zəlzələdən sonra gürcülər çar Demetrinin başçılığı altında Gəncəyə basqın edərək şəhər qapılarını oğurlayıblar. Qapının bir tayını isə təmir vaxtı monastırın divarına hörüblər. Ərəb əlifbasıyla nəqş edilən həmən qapının önündəydim. Əlimi qapının üstünə oydum, kövrəldim… mənə elə gəldi ki, qapının içində bir ürək döyünür, Orxon-Yenisey kitabələrində olduğu kimi. Elə bu andaca bədahətən sözlər düzülməyə başladı:

 


 

   Salam, Gəncə qapısı, qürbətdəki qardaşım
Salam, duzum çörəyim, poladlaşan göz yaşım!

 

Bundan sonra tədbir iştirakçılarını da gətirdilər qapı önünə. Gid də camaata qapının təfsirini verərək dedi ki, Qapı Gəncədən qənimət kimi gətirilib. Mən həmən etiraz etdim, dedim ki, Gəncədə dəhşətli zərzələ olub, şəhər yerin altına girib, hörmətli qonşularımız isə kömək etmək əvəzinə Gəncəyə basqın edərək şəhər qapılarını aparıblar Gelat monastırına. Etirazım tədbir sahiblərinin xoşuna gəlmədi və yolda avtobusun içində gürcülərlə davamız düşdü. Mən, rəhmətlik Nüsrət Kəsəmənli təxminən 8-9 nəfər gürcüyə qarşı. Avtobusun içi dar olduğuna görə onlar bizi mühasirəyə sala bilmədilər…və layiqli cavablarını aldılar. Amma sonra səhvlərini başa düşərək üzrhaqlıq etdilər. Hər halda biz qonaq idik və haqqı demişdik. Nəticədə isə Moskvadan Yazıçılar İttifaqına  gələn sirkulyara əsasən N.Kəsəmənliylə mənim Ümumittifaq tədbirlərində iştirakımıza yasaq qoyuldu.

 

Gənclərimizin  milli ruhda tərbiyə edilməsi üçün nə etməliyik?

-Milli ruh özünü Qarabağda göstərdi. Bu baxımdan gileylənməyimizə səbəb yoxdur. Hər zaman atalar öz uşaqlarından gileyləniblər. O uşaqlar da öz növbəsində böyüyəndə evladlarından narazı, gileyli olublar.Bu təbii prossedir. Ona görə mən çox da narazı deyiləm. Amma bu gün dünyada tamam başqa prosses gedir, Qloballaşma adına hər yerə avropasentrist ideologiyaya söykənən “mədəniyyəti” sıramaq istəyirlər. Qloballaşma hər dövrdə olub. Makedoniyalı İskəndər, Çingiz xan, Napoleon və diğərləri dünyanı özlərinə məxsus tərzdə qloballaşdırmaq istəyiblər. Bu gün də dünya ingilisdillilərin təsiri altındadır. Sabah bilinmir nə olacaq, bəlkə çindillilər önə keçəcək.Təəssüflər olsun ki, biz təzə nə gəlirsə ona tez aludə oluruq. Ailədən başlamalıdır hər şey. Elə ailələr var ki, uşağı balacalıqdan ingilis məktəbinə qoyaraq ingilis dilinə alışdırırlar. İngilisin səndən nəyi artıqdır ki?!Bu gün onlar dünyanın sahibidirlər deyə bizə hər şeyi diktə etməlidirlər?Qonağa öz dilini öyrətməkdənsə, başlayırsan onun dilində danışmağa. Bu nə xasyyətdi, bu nə dəbdir?! Bəlkə sovet dövründən qalma ənənədi?İndi dünya üstümüzə gəlir. Mən bu barədə “Xaricilər bizə nə gətirir?” adlı məqalə də yazmışdım. Ən keyfiyyətsiz şeyləri bizə göndərirlər. “Mak Donalds”ların, “KFC”lərin yarımfabrikat  təamları fiziki ziyandan əlavə, uşaqların düşüncə tərzinə, psixikasına son dərəcə mənfi təsir edir. Valideynlərə müraciət edirəm: -Nədir, evdə yemək bişirə bilmirsiniz?!

Bizə qarşı genetik savaş açılıb. Xaricdən gələn təhsil proqlamlarına da həmən qucaq açırıq.Təəssüf ki, qanunvericilikdə də eyni tendensiyaya rast gəlirik. Belə getsə 30 ildən sonra Azərbaycan dili ancaq xarici sözlərdən ibarət olacaq. Dilimizdə yalnız fellər qalacaq Füzulinin dövründə olduğu kimi. Təhsil sistemimiz buna dirəniş göstərməlidir. Sovetdən qopan ölkələrin heç birində bu qədər rus məktəbi qalmayıb. Camaat gedir növbəyə dayanır  uşaqlarını rus bağçasına, rus məktəbinə qoymaq üçün.

Dünya böyükdür, Azərbaycan dünya üçün açıqdır. Oradan yeni texnologiya, avadanlıqlar və s.r. gəlir. Amma elə dəyərlər var ki, onları itirmək olmaz, o itəndən sonra millət qalmır.

Ustad, ətraflı müsahibəyə görə təşəkkür edirəm. Uca Tanrı ömür versin, gələcəkdə daha bir yeni “Ömür kitabı”nı yazasınız.

 Almaz Yaşar
Rüstəm Rüstəmov
“AYMEDİACOMPANY.AZ”

 


Share: