“Bir nəfəsə neçə ömür uduzdum, Oldum daha yaşamağın yorğunu…”-VÜSAL YURDOĞLU yazır…

Müstəqil.Az gənc yazar VÜSAL YURDOĞLUNUN yeni şeirlərini təqdim edir:

HARDADIR?

Odunu gördüm sözün,
Hanı, buzu hardadır?!
Uğurundan yaradım,
Uğursuzu hardadır?!
***
At deyirəm, it çıxır,
Yaza-yaza şit çıxır.
Misrasından bit çıxır,
Dadı, duzu hardadır?!
***
Yüz amma var dilimdə,
Çağır, indi gəlim də!
Üç “Dama”sı əlimdə.
Bəxtin “Tuz”u hardadır?!
***
Ayınları bilirəm,
Oyunları bilirəm.
Qoyunları bilirəm,
Əmlik quzu hardadır?!
***
Yoxdur dili gülümün,
Yoxdur əli külümün.
Bu dünyada ölümün
Ən ucuzu hardadır?!

 …………………………………….
Beşbarmaq dağı
Bir əldə beş barmaq, -bir əldə beş yol…
Nə fərqi, sağ əldir, -deyəsən, ya sol?!
Bir əldə beş barmaq saxlayan insan,
Bir baş saxlamağı bacarsan, sağ ol!
***
Bir əlin beş oğlu həmin barmaqlar,
Barmağın beşi də bir ola bilməz.
Beş budaq boy atar bircə gövdədən,
Beşinin də barı nar ola bilməz.
***
Bəs biri kəsilsə nə olar, görən,
Hansı kəsilməli bu beş barmaqdan?!
Kəsib atılacaq övlad var, görən?!
Ayırmaq olarmı əti dırnaqdan?!
***
Yaxşı, birin kəssək, dördü qalacaq,
Dörd barmaq birinin yerini verməz.
Çünki bir barmağın dərdi qalacaq,
Bir başqa ağacdan o barmaq boyda,
Elə o barmağın öz ölçüsündə
Düzəldib bağlasaq barmaq əvəzi,
Yenə də həmin əl yarımçıq qalar,
Yenə də ürəyi yerinə gəlməz…
***
Bir ana beş oğul böyüdə bildi,
Beş oğlundan biri şəhid olanda
Elə o ana da beş barmağından
Birini itirən həmin əl idi…
Ananın gözündə övlad ölümü
Bütöv bir yumruğa tənəzzül idi…
***
Dedi ki, sağ olsun başın, ay arvad,
Hələ dörd oğlun var, dörd igidin var.
Başını qaldırıb çəmkirdi ana,
-“Bəs sənin neçə min ehtiyatın var?
Beş minin, on minin, ya on beş minin?
Tez ol, övladımı qaytar sən mənə,
Nəyimə lazımdır pulların sənin”?!
***
Anadan söz almış qoca polkovnik
Həyətin küncündə susub qalırdı.
Dörd qardaş tabutu çiyninə alıb
Beşinci qardaşı yola salırdı.
Daha kəsilmişdi bütün ümidlər…
Əlini açmışdı Beşbarmaq dağı,
Elə bil, düşməndən qisas alırdı.

…………………………

Gəlmir

Gözüm indi səni götürmür evdən,
Çoxdandır baxışım peşinə gəlmir.
Aralı qalmışam olduğun yerdən,
Ayaqlarım donub, tuşuna gəlmir.
***
Olsun, necə olsa ətrinə dəyir,
Ətrin şeirimin sətrinə dəyir.
Ciddi danışıram, xətrinə dəyir,
Zarafat edirəm xoşuna gəlmir.
***
Hərdən Allahıma üsyan edirəm,
Öfkəmi fələyə üryan edirəm.
Bütün kainata bəyan edirəm,
-Sevirəm, bu qızın işinə gəlmir.

 …………………………
SATARAM

Sözümü ucuza alma,
Mən onu baha sataram.
Bu gün istəyən olmadı,
Yəqin sabaha sataram.
***
Keçib artıq yaşamaqdan,
Yaratmaqdan, yaşatmaqdan.
Seçilmirsə qara ağdan,
Qəlbi günaha sataram.
***
Nə xeyrin olsam, nə şərin,
Olaram gözü bəşərin.
Barışaram, acı-şirin,
Bəxti Allaha sataram.

 ……………………………………..

Bu yay mənə nə verdi ki, nə ala?!
Ərimişəm, bənzəyirəm suala…
Ana Vətən, göz yaşında yaxala,
Sən özün yu günahını oğlunun!
Gör nə qədər günahı var oğlunun…
***
Bu yay mənə nə verdi ki?! -Susuzluq?!
Su bahaydı, insanlıqda ucuzluq…
Bir nəfəsə neçə ömür uduzdum,
Oldum daha yaşamağın yorğunu,
Doğru etdim ən sonunda oğrunu…
***
Bu yay mənə nə verdi, de, nə verdi?!
Mən yanırdım, yoxsa yanan şəhərdi?!
İstisindən ürəyimmi gedirdi?!
Bu yay gəlib azaltmadı ağrımı,
Sarğı qoyub sağaltmadı bağrımı…
***
Gözlərimə iz düşmüşdü kədərdən,
Üzüm solmuş çəkilməyən qəhərdən.
Cəhənnəmə yol gedirdim şəhərdən,
Kimsə tutub geri çəkdi qolumu,
O, soruşdu bu istidə halımı…
***
Ürəyimdə pisəm dedim, dilimdə,
Yaxşı dedim, gülümsədim hələ bir.
Bu yay mənə nə verəcək?! önümdə
Babam idi… dedi, -oğul, ya səbr!
Dedi bir də, bir də dedi: “Ya səbr”…
***
Geri döndum, gerim əcəb gileydi,
Hava tutqun, yağışlıydı, küləkdi.
Qayıtmağım anam üçün diləkdi,
Babamın da o gün ili çıxırdı,
Divar üstə şəkli mənə baxırdı.

Share: