“Belə darıxdırma məni, İlahi, Bir az tənhalıq ver baş qatmaq üçün…”-Vasif Zöhraboğlu…

Müstəqil.az Vasif Zöhraboğlunun şeirlərini təqdim edir:

Gedirəm darıxmağa…

Mən də belə adamam, qına məni, əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa.
Elə ki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.

Ovuc-ovuc tökülür, çiliklənir ümidlər
Səkilərin üstündən daşlananda şüşəsi.
Göz işləmir küçənin sükutunu yarmağa,
Pəncərə gözlüklərin yaşlananda şüşəsi.

Sevinci nə olacaq quruyanda dodağı
Kəpənək qanadından külək uman çiçəyin?
Bir də baxıb görürsən, ömrün axırındasan,
Bir də baxıb görürsən, yiyəsizdi ürəyin.

Çəkilərsən çarmıxa bundan belə gizlicə,
Böyüyər göy üzünə Tanrı çəkən yolların.
Qopub düşər sükutlu baxışların altına,
Qopub düşər çarmıxdan xaçşəkilli qolların.

Çarmıxına daş atar gələn-gedən xəlvətcə,
Kiridərsən içində bu bədheybət qorxunu.
Uzanar göy üzünə yerə düşən qolların,
Diksinərsən, pozarsan çarmıxdakı yuxunu.

Mən də belə adamam, qına məni, əzizim,
Bir bəhanə gəzirəm öz evimi yıxmağa,
Elə ki axşam düşür, çəkilirəm özümə,
Sənsizliyi götürüb gedirəm darıxmağa.

İlahi…

Belə darıxdırma məni, İlahi,
Bir az tənhalıq ver baş qatmaq üçün.
Özün de, saatı neçəyə qurum,
Yazdığın kor bəxti oyatmaq üçün?

Bir az yaşamağa həvəsim qalıb,
Hələ öz canımdan bezar deyiləm.
Bu şəkil üzləri asma üstümdən,
Mən sərgi evində divar deyiləm.

Sən də dindirməsən, danışdırmasan,
Axı kim oyadar sükutdan məni?
Bezmişəm göylərdə bulud olmaqdan,
Yağdır yer üzünə buluddan məni.

Alsın ürəyimi qəribsəyəndə,
Bir qadın səsi ver qulaqlarıma.
Bir doğma üz tanıt, döyüm qapısın,
İş tapım bu tənbəl ayaqlarıma.

Belə darıxdırma məni, İlahi,
Bir az tənhalıq ver baş qatmaq üçün.
Özün de, saatı neçəyə qurum,
Yazdığın kor bəxti oyatmaq üçün?

Tüstü

Görünməzdir gördüyümüz, bəlkə də,
Gördüyümüz qəlibidir, büstüdür.
Ömrümüzə külqabıdır qəbirlər,
Ömür də bir papirosluq tüstüdür…

Sıxılırıq barmaqlar arasında,
Silkələyib külümüzü tökürlər.
Hamımızı bu dünyaya gələndən
Bu dünyadan gedənəcən çəkirlər.

Çəkilirik anamızın bətninə,
Qayıdırıq, yığılırıq təzədən.
Bu dünyada tüstü-tüstü ölürük,
Bulud-bulud doğuluruq təzədən.

Yer üzünə təzə tale, bəxt kimi
Dua olub, qarğış olub qayıdır.
Göy üzünə uçub gedən tüstümüz
Göy üzündən yağış olub qayıdır.

Bu yağışdan qorunmaqçün adamlar
Gizlənməyə yer axtarır özünə.
Bəlkə, kimsə tüstümüzdə boğulur,
Kirpiyindən çətir tutur gözünə.

Hamımız da bir tüstüyük eləcə,
Pıçıldayar ölüm dodağı altda.
Papirosun kötüyütək başımız,
Əzilir zamanın ayağı altda…

Görünməzdir gördüyümüz, bəlkə də,
Gördüyümüz qəlibidir, büstüdür.
Ömrümüzə külqabıdır qəbirlər,
Ömür də bir papirosluq tüstüdür…

Mən!

Mən həmişə Tanrıyla içirəm şərabı,
Sağlıq deyirik, şüşənin dibinə qədər.
Əllərim yanımdan göyə uzanır,
Uzanır Tanrının evinə qədər.

Mən sağlıq deyirəm: sevgi,
qadın, içki.
Tanrı sağlıq deyir: mən, mən, mən.
Nə ağrılıymış bu sağlıqdakı üçlük.
Nə ağrılıymış bölümsüzlük.
Tanrı kimdir?
Ölümsüzlük!

Tanrı heç də gözəl müəllim deyilmiş,
Bütün suallarımın cavabı?
– Özün tap!
Mən kiməm?
– Düşüncə.
Alın yazısı nədir?
– Düşüncənin sərhədi.
Sən kimsən?
– Mən!

Qəlibə salırmış dağınıq vaxtı,
Zamanı ölçüyə gətirən saat.
Tanrı da ən şirin yuxudur elə,
Yoxluğa yozulur sonunda həyat…

Natamam təklik…

Mən səni sevəndə qanım qaraydı,
Mən səni sevəndə kefim yoxuydu.
Qoşa pəncərəsi küçəyə baxan
Balaca bir daxmam, evim yoxuydu.

Əcəb darıxırdım, nə darıxırdım,
Darıxa bilməzdi bir adam belə.
Bir adam yoxuydu belə darıxsın,
Bir adam var idi, natamam belə.

Körpəydi əllərim hələ o vaxtı,
Barmağım dizində iməkləyirdi.
Sinəmdə gül şəkli çəkirdim onda,
Bir qadın saçları çiçəkləyirdi.

Mən sənə yaxındım, yaxın deyildim,
Uzaq olmağım da yadıma gəlmir.
Mən axı bu boyda doğulmamışdım,
Uşaq olmağım da yadıma gəlmir.

Mən səni görmürdüm, səni görürdüm,
Yoxuydun, varıydın, bəlkə, bilmirdim.
Sənin doğulduğun, yaşadığın bir
Şəhər tanımırdım, ölkə bilmirdim.

Bir gün yuxudaydım, şirin yuxuda,
Əllərin üşüyür cibində gördüm,
Gördüm ki, gəlmisən yuxudan durub,
Dizini dizimin dibində gördüm.

Bir onu bilirdim, sevirəm səni,
Bilmirdim, heç neçə yaşım var idi.
Səninçün ölməyə bir ölüm payım,
Yolunda qoymağa başım var idi.

Yadıma düşdü ki, mən onda bildim,
Bildim ki, nə vaxtsa qayıdacaqsan…
Bildim ki, nə vaxtsa, hardasa, bir gün,
Bildim ki, nəyisə unudacaqsan…

Mən səni sevəndə qanım qaraydı,
Mən səni sevəndə kefim yoxuydu.
Qoşa pəncərəsi küçəyə baxan
Balaca bir daxmam, evim yoxuydu…

Gülümsəyirlər…

Öyrəndim bu ömrü, yaşı kötükdən,
Anlamaz bir budaq naşı kötükdən.
Qıldan da incədir başı kötükdə,
İlahi, bu kimdir çarmıxa gedir?
İnsanlar baxırlar, gülümsəyirlər…

Bütün oyunların ardı dəyişir,
Torpağı, vətəni, yurdu dəyişir.
Bütün sürülərin qurdu dəyişir.
Qurban deyənlərə qəhqəhə çəkib,
Qurbanlar baxırlar, gülümsəyirlər…

Kiridik bu göyə, bu daşa kimi,
Nə bir kölə olduq, nə paşa kimi.
Bu məzlum səhnəyə tamaşa kimi,
Bu sükut içində, heyrət içində
Vicdanlar baxırlar, gülümsəyirlər…

Əzildik min yumruq, şapalaq altda,
Solduq kol içində, ot-alaq altda.
Allah qışqırırdı daş-qalaq altda,
Daş atan kim idi, daşlanan kimdi?
Şeytanlar baxırlar, gülümsəyirlər…

Çəkir bir-birini qolundan bəri,
Birindən, beşindən, onundan bəri.
Hardasa dünyanın sonundan bəri
Dünya sevgisinə, dünya malına
Karvanlar baxırlar, gülümsəyirlər…

Share: