“Bakılı oğlan” barədə yazan lənkəranlı… müəllif- Elşad Səfərli! – Hafiz Mirzə yazır

“Bakılı oğlan” barədə yazan lənkəranlı… müəllif- Elşad Səfərli! – Hafiz Mirzə yazır

 

Elşad Səfərli ölkəmizdə kifayət qədər məşhur imza müəllifidir. Özünü poeziya ilə məşğul göstərən hansısa soydaşımız əgər onu tanımırsa, deməli hələ poeziya ilə məşğul olmur. Şair əslən Lənkəranın Gərmətük qəsəbəsindəndir. Gərmətük isə Lənkəranın generallar, siyasətçilər və şairlər yurdu kimi tanınır. Adbaad sadalamağa başlasaq böyük bir siyahı yaranar. Zatən Azərbayca-nımızın hər rayonunda bu cür beş-altı kənd və qəsəbə var. Elşad Səfərli də şəhərə bərabər belə qəsəbədə doğulub. İndi kiminsə barəsində tərifat yazmaq olmur, çünki çox keçmir peşiman olursan. Elşad Səfərli isə elə şəxslərdəndir ki, onların barəsində məhz yazmamaqla peşiman olarsan. O təkcə şair deyil, həm də alimdir. 2007-ci ildə “Sabir Rüstəmxanlının fərdi yaradıcılıq üslubu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Filologiya üzrə fəlsəfə doktoru və LDU-nun dosentidir. Bu azmış kimi “Sonet janrı və Azərbaycan soneti” mövzusunda doktorluq disserasiyası da yazıb. Poeziya sahəsində böyük uğurlarına görə Prezident mükafatına layiq görülüb.
Çağdaş Azərbaycan ədəbiyyatında sonet yazan çox az şair var. Elşad Səfərli bu az sayın üst hissəsində duran müəlliflərdəndir. Soneti mükəmməl bilmək üçün ən azı Şekspir yaradıcılığını da mükəmməl bilməlisən. Onun əlindən Şekspir barədə yeni bir şey yazmaq olmur, o saat Elşad Səfərli öz mövqeyini açıqlayır. Yapon ədəbiyyatına məxsus hayku janrında isə Azərbaycanda ondan başqa yaza bilən ikinci şair tanımıram. Təbiətin və anın gözəlliyini tərənnüm edən, ənənəvi olaraq 3 sətirdən ibarət qısa şeir formasıdır hayku.
Elşad müəllim həm də peşəkar maarifçidir. Elə buna görə də uzun illər “Maarif” nəşriyyatında redaktor, redaksiya müdiri, Lənkəran Dövlət Universitetində elmi katib, kafedra müdiri və dekan vəzifələrində çalışıb. Onu konkret necə təqdim etməkdə çətinlik çəkərsən: Şair, müəllim, alim, ya publisist, naşir, ədəbiyyatşünas,.. 2026-cı ildə o artıq həm də 26 kitabın müəllifi kimi təqdim olunur. 26-cı kitabı isə “Bakılı oğlan” adlanır.
Lənkəranda oturub, yəni lənkəranlı oğlan olaraq bakılı oğlan barədə yaza bilməkdən ötrü yüksək bəşəri və azərbaycançı hisslərlə yaşamaq lazımdır. Üstəlik də, bu kitab uşaq poeziyası nümunəsidir. Elşad Səfərli çox azsaylı şairlərdəndir ki, böyüklər üçün yazdığı qədər də uşaqlar üçün ədəbi nümunələr yarada bilmişdir. Kitab “Qanun” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru professor Kamran Kazımov onu haqlı olaraq “universal şair” adlandırır. Şair bu kitaba daxil etdiyi şeirlərində sadə və yaddaqalan sözlərdən, ürəyəyatımlı xoş ifadələrdən geniş istifadə etmişdir. Kitab üç bölmədən ibarətdir. “İynəcə vertolyotlar” adlı birinci bölməyə daxil edilmiş şeirlər sanki yaşı 70-ə çatmış müdrik bir kişinin düşüncələri deyil və bunlar balaca uşaq dünyasıdır. Şair “Bakılı oğlan” şeirini öz nəvəsi Rüzgara həsr eləmişdir. Rüzgar Bakıda doğulduğu üçün bu şəhəri çox sevir və daim Bakıya can atır.
Doğulanda həyata
Bakıda gözün açıb.
Bəlkə də Bakı ona
Bununçun doğmalaşıb.
Qınamağına dəyməz,
Əsası varmış buna.
Bakıda ilk nəfəsi
Dəyib axı burnuna.

Kitabdakı digər şeirlər də bu qədər sadə və mənalıdır. Bu isə şairin uşaqları çox sevməsindən və onların ruhunu düzgün ifadə edə bilmək məharətindən irəli gəlir. Və bu şeirlərin əksəriyyəti son illərdə yazılmışdır. Kitaba daxil edilmiş hər bir qısa şeir barəsində uzun təhlil və izahat vermək olur.
Görüb boy atdığını
Özün öyər uşaqlar.
Heyrətləri qədər də
Tez böyüyər uşaqlar…

Bir sıra şeirlər uşaq düşüncəsi, uşaq ifadələrilə verilsə də, əslində burada böyüklərə çatası çox mətləblər var.
Kimsə səsə doğru
Tələsir sanki;
Ağacı balta yox,
Səs kəsir sanki…

Şeirlərin bir çoxu birbaşa yeniyetmə və gənclərə aiddir. Bu şeirlərində primitiv nəsihət və öyüd misraları yoxdur. Oxucu nəticəni özü çıxardır, doğru yolu özü görür.
Yuxudan heç ayılmamış,
Şehli-şehli çiçəkləri
Tapdayıb keçən kim imiş?
Yerdə çiçəyi tapdamaq
Elə qan tökmək kimiymiş…

Kitabın “Tapmacalar” bölməsi də özünün orjinallığı və məna yükü ilə diqqəti cəlb edir. Kitabın bu bölməsini az qala birnəfəsə oxuyursan. Bu şeirləri oxuyan uşaqlar və yeniyetmələr onu çox asanlıqla əzbərləyə biləcəklər.
Boyu qısa –dibələk,
Bir yığaq, bir də bölək.
O nədir ki, meşədə
Başında var ağ bələk! (göbələk)

Tapmacaların bir çoxu özünün fəlsəfi yükü ilə fərqlənir.
Əslində, zəhmətkeşdir,
Bilmirəm bu nə işdir;
Yağış olsun, ya da qar,
Dağlarda gah oduna,
Gah suya aparırlar.
Adınısa çəkəndə
Nədənsə utanırlar… (uzunqulaq)

Bir sıra tapmacalar heç də uşaqlar üçün deyil, birbaşa böyüklər üçün yazılmışdır.
Azdan,
Çoxdan
Hamının
Var “əl çirki”-
O nədir ki? (pul)

Dilinin çox sadə və lakonik olması bu tapmacaları oxunaqlı edir. Bu tapmacalarda incə yumor da qədəriycədir. Çoxumuzun yaxşı bildiyi bir sıra tapmacaları poetik dillə yenidən yazmaq şairdən doğma dili mükəmməl bilməsini tələb edir.
Bu da maraqlı işdi,
Bir də gördün bazarda
Üstündə növbə düşdü.
O hansı bitkidir ki,
Meyvəsi həvədişdi?…. (qarğıdalı)

Şair Elşad Səfərlinin “Bakılı oğlan” kitabının üçüncü bölməsi “Lirik poema” adlanır. Bu isə kitaba “ailəvi kitab” statusu qazandırır. Çünki burada təkcə uşaqlar, yeniyetmə və gənclər üçün deyil, böyüklər üçün də ədəbi nümunələr nəzərdə tutulmuşdur. “N” sayda kitab sahibi” adlı avtobioqrafik poema bu bölməni büsbütün əhatə edir və kitabın dəyərini daha da artırır. Poema paytaxt- əyalət münasibətlərindən tutmuş məşhur və gənc yazarlara qədər ədəbiyyatda olan bir çox problemlərə toxunur.
Yer altda çaydır axan –
O tay, bu taydır axan.
Sözün gur bulaqları –
Xəlvəti laydır axan.
Səssiz haraydır axan
Gizli qalan imzalar.

Yaxud digər bir bənddə şair gənc imzalara qarşı basqıları bu cür ifadə edir:
Ani əsən yel təki,
Əsib ötüşməyib ki.
Paytaxtdan uzaq düşüb,
Sözdən gen düşməyib ki!
Poemada yaradıcı insanın bütün ailə, məişət, həyat qayğıları, düşüncələri, cəmiyyətdə gedən ictimai-siyasi proseslərə münasibəti və şəxsi mövqeyi çox dolğun, əhatəl və təsirli ifadə olunmuşdur. Ən başlıcası, bütün bunlar poetik dillə və obrazlı yazılmışdır.
“Elşad Səfərli poeziyası “Bakılı oğlan” kitabında daha parlaq bərq vurur” deyə bilərik. Əslində bu kitab “Azərbaycanlı oğlan” haqqında ballada xarakteri daşıyır. Kitabı tam oxuyub bitirmədən masanın üstünə qaytarmaq mümkün deyil. Əsas odur ki, yaşından asılı olmayaraq əksər oxucular bu kitabdan öz içində bir dünya sevinc, təbəssüm və işıqla ayrılacaqdır.
Görkəmli şair, alim və publisist dostumuza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Hafiz MİRZƏ

Share: