Bəlkə Yaradana deyəsiz… – Vasif SÜLEYMAN

BOYUNCA
Çox şey istəmədim, Tanrı adından,
Tək səni istədim qədər boyunca.
Gecənin zülməti yaxır adamı,
Elə hər açılan səhər boyunca.

Mələksən, imansan, pirsən, bilirsən,
Mənə möcüzəsən, sirsən, bilirsən.
Səni yazdığımı bir sən bilirsən,
Sevinc axtarıram kədər boyunca.

Dondurub ruhumu, donu görünmür,
Dərdin biri üzdə, onu görünmür.
Eşqə aşinayıq, sonu görünmür,
Sonsuzluq gəzirəm səfər boyunca.

Bu ömrü bu eşqin yolunda sərəm,
Ağrıdan usanmaz, dərddən küsmərəm.
Göydə quşlara da nəmər verərəm,
Adını gətirən xəbər boyunca.

YIXIR
Havalı ürəyin istisi, hanı…
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz vallah, az yıxır.

Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir – qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır.

Dili yox, “neyçün”süz, “niyə”siz qalıb,
Bəlkə Yaradana deyəsiz…qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.

DƏRDİ OLMAYANI GEDİB TAPARSAN
Dərdi olmayanı gedib taparsan,
Hələ nə yaşındı, hələ nə vaxtdı…
Dərdi olmayanı gedib tapınca,
Ay zalım, hamını dərd tapacaqdı.

Bağla, pəncərəni keçim küçədən,
Bu küçə nə sənin, nə də mənimdi.
Məni çəkən dərdin dünyası böyük,
Sənin saxladığın dərd düyünçəsi
Dərd edib adına göndərənindi.

Mən ulduz olanda sənə can atdım,
Sən ulduz olanda qaçırdın niyə…
İstəyin kədərli çiçək açıbmış,
Mənim nəzərimdə puçurdun, niyə…
Arxamda dağ kimi dayanan dağı,
Əridib qarşıma uçurdun, niyə…
Bağla pəncərəni keçim küçədən,
Bağla, heç olmasa birini bağla,
Bağlı pəncərənin gününü ağla.

Beləcə güləsən ömrün uzunu,
Yoluna tələsən dərdli dəliydi.
Süzülə-süzülə gələn səadət,
Üzülə-üzülə keçinməliydi.

Dərdi olmayanlar, harda var, zalım…
Nazını çəkəsən hədər gülənin.
Qədrini bilmədin dərdi bəllinin,
Dərdini bilməzsən qədirbilənin.

Dərdi olmayanı gedib taparsan,
Hələ qərənfilsən, hələ nə vaxtdı…
Dərdi olmayanı gedib tapınca,
Ay zalım, hamını dərd tapacaqdı.

Share: