12 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Sirdərya vilayətində nəşr olunan “Yangi Sirdaryo” və “Novaya Sirdarya” qəzetləri ilə Azərbaycan Respublikasında nəşr olunan “Yazarlar” jurnalı arasında yaradıcılıq əməkdaşlığı haqqında memorandum imzalanıb.
Müstəqil.az bildirir ki, memorandum “Yangi Sirdaryo” və “Novaya Sirdarya” qəzetlərinin baş redaktoru Bəhram Yangiboyeviç Boymurodov və “Yazarlar” jurnalının baş redaktoru Zaur Mustafa oğlu Mustafayev (Zaur Ustac) tərəfindən təsdiq edilib.
Sənədin əsas məqsədi Özbəkistan və Azərbaycan arasında media, ədəbiyyat, mədəniyyət və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi, iki ölkənin yaradıcı və jurnalist dairələri arasında əməkdaşlığın genişləndirilməsidir.
Memoranduma əsasən tərəflər:
yaradıcılıq və informasiya materiallarının qarşılıqlı mübadiləsini həyata keçirəcək;
-mədəniyyət, ədəbiyyat, incəsənət, idman, iqtisadiyyat və ictimai həyat sahələrində əldə olunan nailiyyətlərin işıqlandırılmasını dəstəkləyəcək;
-jurnalistlər, yazıçılar və mədəniyyət xadimləri arasında peşəkar əlaqələrin inkişafına töhfə verəcək;
-seminarlar, təlimlər, dəyirmi masalar, konfranslar və media-turlar təşkil edəcək;
-xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsini təşviq edəcək.
Sənəddə həmçinin Azərbaycan Jurnalistlər Birliyi, Yazıçılar Birliyi və Özbəkistanın müvafiq yaradıcı təşkilatlarının iştirakı ilə ədəbi-mədəni görüşlərin, birgə media layihələrinin keçirilməsi nəzərdə tutulur.
Tərəflər bildiriblər ki, bu əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin inkişafına, mədəni və informasiya məkanında qarşılıqlı əlaqələrin güclənməsinə, həmçinin iki ölkənin media qurumları arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcək.
Memorandum 12 iyun 2026-cı il tarixindən qüvvəyə minib və Azərbaycan və özbək dillərində iki nüsxədə tərtib olunub. Hər iki mətn eyni hüquqi qüvvəyə malikdir.
Müstəqil.Az






















