Azad olmayan insanlar söyüşcül olurlar

Söyüş söyərkən həqiqətənmi kiminsə şərəf və ləyaqətini alçaltmış oluruq?

Öncə anlayışları aydınlaşdıraq. Ləyaqət – hər kəsin özü özünə verdiyi dəyərdir. Bu anlamda kiminsə başqasının ləyaqətini alçaltması mümkün deyil. İnsan özü alçala bilər, amma başqasının onu alçaltması anlayışa görə imkansızdır.

Alçalmaq nə deməkdir? İnsan özünə verdiyi dəyərin səviyyəsini düşürürsə alçalmış sayılır. Heç kəs başqasının ləyaqətini təyin edə bilməz. Mənəvi səviyyələr çox fərqli olur. Siz yerdən daş atıb, deyək ki, 15-ci mərtəbədəki mənzilin şüşəsini sındıra bilərsiniz? Əlbəttə, yox. Çünki çox yüksəkdədir, buna gücünüz çatmaz. Bundan əlavə, atdığınız daş elə öz başınıza düşə bilər. Ləyaqət də elədir. İnsan özünə nə qədər yüksək dəyər verərsə, bir o qədər də başqaların atmacalarından qorunmuş olar.

Təhqir edənin niyyəti nədir? Başqasının ləyaqətinə toxunmaq. Buna necə nail olunur? Təhqirə cavabı təhrik etməklə. Təhqir edənə cavab verdinsə, onun niyyəti ilə, sözlərinə verdiyi məna ilə razılaşdın demək ki. Təhqir edənin istədiyi də söylədiklərinə cavab almaqdır. Təhqirə cavab verən alçalır, çünki özünə verdiyi dəyəri təhqir edənin mənasına tabe etdirir. Təhqir edən cavabını aldısa, məqsədinə çatdı deməkdir. Təhqir edənə verilən cavab, bu cavabı verənin ləyaqətini bərpa edə bilməyəcək, çünki hamının yadında qalan cavabın səviyyəsi olacaq. Təhqir edənə verilən cavabın səviyyəsi isə təhqir edənin səviyyəsinə uyğun olmalıdır. Bu isə o deməkdir ki, təhqirə cavab verən, təhqir edənin səviyyəsinə düşür. Düşür və bir də heç zaman oradan yüksələ bilmir, çünki verdiyi cavabla özü haqqında müvafiq gözlənti yaradır. Artıq hamı bilir ki, belə adam kövrəkdir, özünə verdiyi dəyərdən əmin deyil, başqaların sözlərinə daha çox əhəmiyyət verir və s.

Bu yerdə gəlirik şərəf məsələsinə. Şərəf artıq insanın özünə verdiyi dəyər deyil, başqaların ona verdiyi qiymətdir. Qiymət dəyərdən artıq da ola bilər, az da. Çox şey insanın özünü təqdim etmə bacarıqlarından asılı olacaq. Çevrənin vacibliyi danılmazdır. Bütün çevrələrdə yaxşı tanınmaq olmur. Heç buna nail olmaq üçün çalışmağa da dəyməz. Heç kəs başqaların ona verəcəyi qiymətə təsir edə bilmir. Şərəflə ləyaqət necə uzlaşırlar onda? Hə, bax, burada gəlirik çox vacib və incə məqama. Hər kəs çevrəsini ləyaqətinə uyğun seçir. Ləyaqətləri eyni olanların biri-birinə verəcəkləri qiymət də eyni olasıdır. Siz yüksək ləyaqətinizlə düşük çevrədə hörmət qazanmaq istəsəniz, həmin çevrənin səviyyəsinə enməli, öz anlayışlarınızı orada olan mənalara tabe etməli olacaqsınız. Əliağa Vahid demişkən: “Gədalıqdır ədalət gözləmək ləyaqətsilərdən”. Vacibdir ki, düşük düşüncələrin düşkünü durumuna düşməyəsən.

Söyüşə gəlincə… Söyüş də ana dilidir. Hamı söyüş sözlərini bilir. Bu sözləri valideynlərdən, müəllimlərdən deyil, həyatın özündən öyrənirik. Deməli, həyatda söyüşə layiq şeylər və adamlar var ki, hər birimiz (istisnasız) söyüş sözlərini bilirik. Amma burada çox vacib məsələ var – nəyinsə və ya kiminsə söyüşə layiq olması, başqalarına söyüş söymək haqqını vermir. Qanacaq qavranışdan üstün olmalıdır. Söyüşün çevrəsi mütləq çox dardır. Söyüşü ancaq şəxsən tanıdığınız və qanacağına güvəndiyiniz adamların arasında söymək olar. Tanımadığınız, güvənmədiyiniz adamların arasında söyüş söymək – qanacaqsızlıqdır. Sizə yüksək qiymət verənlərin arasında söyüş söymək isə – qanmazlıq. Çünki sonuncu halda özünüz özünüzü gözdən salırsınız.

Kriminal xəbərlərdə ən çox rastımıza çıxan olaylardan biri söyüşə görə törədilən cinayətlərdir. Bu bütövlükdə insan naturasına xasdır, yoxsa cəmiyyətin inkişafının bir etapıdır?

Heç biri! Bu, sadəcə qanmazlıqdır. Söyüşə görə cinayətə və ya adi məişət zorakılığına əl atanlar yanlış anlayışlarla yaşayanlardır. Əlbəttə, bunun üzərinə dözülməz sosial şərait, əsəb gərginliyi, ailə problemləri, tərbiyə çatışmazlığı və bir çox başqa çətinliklər gələndə, insanlar daha kövrək və buna görə də zorakı olurlar. Zorakılıq kövrəkliyin nəticəsidir. Özünə güvənən zor işlətməz. Kriminal xəbərlərdə söyüş çox vaxt namus-qeyrət anlayışları ilə əlaqələndirir. Yanlışlıq da buradadır. Çoxlarımız elə bilirik ki, namus və qeyrət bizim keyfiyyətlərimizdir. Amma əslində elə deyil, olmamalıdır. Namus sözü bizə ərəb dilindən gəlib. Ərəblər isə vaxtılə onu yunan dilində olan “nomos” anlayışından götürüblər. Nomos, Qədim Yunanlara görə, yüksək ideallar səviyyəsində olan haqq-ədalət idi. Heç kəs nomosa sahib çıxa bilməzdi, amma ona doğru getməli idi. Ərəblər də namus sözünü həmin mənada ilşədirdilər. Yəni, namus kimsənin deyil, o ideal haqq-ədalətdir. Namusa sahib olmaq mümkün deyil, amma ona doğru getmək vacibdir. Qeyrət sözü də dilimizə ərəb dilindən gəlir. Ərəblər isə onu vaxtilə yunan dilində olan “Kairos” (“kayros” kimi oxunur) sözündən götürüblər. Qədim Yunan mifologiyasına görə, Kairos – çalışma, əzm tanrısı idi. Kairos insanları alın yazısına, taleyə inanmağa çağırırdı, öz zəhmətlərilə çətinlikləri aşmağa ruhlandırırdı. Ərəblər də bu sözü həmin anlamda işlədirdilər. Qeyrət çətinlikləri aşaraq nəyəsə nail olmaq anlamını verməli olduğu halda, bizdə nədənsə məişət “ana-bacı söhbəti” səviyyəsinə qədər düşdü. Namus da həmçinin. Ona görə də, dediyim kimi, bu cür qavranılan namus-qeyrət üstündə cinayətlər qanmazlıqdan başqa bir şey deyil. Təhsilimizin səviyyəsi düşdükcə, bu cür zorakılığın artacığı asanlıqla ehtimal oluna bilər.

Söyüşün cəmiyyətdəki fəsadlarını azaltmaq üçün nə etmək lazımdır?

Düşüncə və ifadə azadlıqlarını genişləndirmək! Bu isə siyasi azadlıqlar məsələsidir. Azad olmayan insanlar söyüşcül olurlar. Onların özlərini başqa cür ifadə etmək imkanları qalmır. Siyasi azadlıqlar genişləndikcə, insanlar özlərini daha güvənli hiss etməyə başlayırlar, bunun da nəticəsində düşüncələrinə və ifadələrinə daha diqqətli yanaşmalı olurlar. Düşüncə və ifadə azadlığı dilin özünü də zənginləşdirir, onun söz ehtiyatının artırır, söyüş mənalarını verən sözlərin çevrəsini isə daraldır. Azadlıq olmayan şəraitdə isə hətta ədəbi lüğəti mənası olan sözlər də söyüş mənalarında işlədilməyə başlayır. Məsələn, soxmaq, basmaq, itələmək kimi sözlərin çox aydın ədəbi mənaları var lüğətdə. Amma həyatda onlar çox zaman söyüş mənasında işlədilir. Bunun da nəticəsində dilimizin ifadə imkanları azalır, mənalar daralır, dilimiz kobudlaşır. Hamısının kökü siyasi azadlıqların ya heç olmamasında, ya da çox az olmasındadır. Azadlıq insanları güvənli etdiyi üçün, onlar səmimi olmağa başlayırlar. Riyakarlığa yer qalmır. Bunun isə sözlərin seçiminə də müsbət təsiri olur.

Erkin Qədirli (AZlogos)
qadinkimi.com
Share: