Azərbaycan yazıçısı Kamran Nəzirli London Ədəbi Mükafatı nominantı olaraq 2015-2019-cu illərin “Ən yaxşı yazıçısı” adına layiq görülüb. Mükafat haqqında xoş xəbər yazıçıya Azərbaycan Mətbuatının 145-ci yubileyi ərəfəsində göndərilib.
Müstəqil.Az xəbər verir ki, döş nişanı ilə birlikdə sertifikatı və vəsiqəni, habelə nominant diplomunu Rusiyanın Moskva şəhərində yerləşən Beynəlxalq Yazıçılar İttifaqının sədri Aleksandr Qriçenko və Elmi-Fantastik Ədəbiyyat və Kino xadimləri ittifaqının sədri, tərcüməçi Oleq Kolesnikov imzalayıblar. Qəbul olunmuş standartlara görə bu mükafat üzrə nominantların hamısı “İlin ən yaxşı yazıçısı” titulunu da qazanırlar. Bundan başqa Azərbaycan yazıçısı Beynəlxalq Yazıçılar Təşkilatına həqiqi üzv kimi qəbul olunub. Qeyd edək ki, təşkilatın müxtəlif ölkələrin yazıçılarından ibarət 293 həqiqi üzvü var.
1954-cü ildə yaradılan yazıçı, şair, dramaturq və jurnalistlərin Beynəlxalq Yazıçılar İttifaqı dünyanın peşəkar yazarlarının ən iri təşkilatlarından biridir. 2010-cu ilə qədər təşkilatın Baş qərargahı Parisdə, hazırda isə əsas bölməsi Moskva şəhərində fəaliyyət göstərir. Təşkilat dünyanın 40 ölkəsindən olan yazıçı ittifaqlarını özündə birləşdirir, yazıçı və jurnalistlərin sosial və peşə hüquqlarını müdafiə edir. Bu beynəlxalq təşkilatın prezidenti ABŞ yazıçısı Maykl Svanvikdir. (Michael Swanwick).
Beynəlxalq Yazıçılar təşkilatının Prezident Şurasının üzvləri arasında Böyük Britaniya, ABŞ, Rusiya, Polşa, Makedoniya, İsrail, Fransa və s. ölkələrdən olan Tibor Fişer (Tibor Fischer), Sergey Lukyanenko, Andrey Şerbak-Jukov, Konstantin Kedrov, David Kudıkov, Бранко Çvetkovski, Aleksandr Navroçki, Lev Lapkin, German Naumov, Lidiya Rıbakova, Yevgeni Polyakov və Olqa Natsarenus kimi tanınmış yazıçı, şair və tənqidçilər də var.
Qeyd edək ki, yazıçı, tərcüməçi Kamran Nəzirli Azərbaycan və Belarus Yazıçılar İttifaqının üzvüdür. “Komada olan adam”, “Şeytan işığı”, “Dördüncü Möhür”, “Doğmalar arasında”, “Ağ ev”, “Babalar nağıl danışmırlar”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. povest, roman, hekayə və publisistik kitablarının müəllifidir. Herman Melvilin “Mobi Dik” romanının Azərbaycan dilinə tərcüməsinə görə o, ABŞ səfirliyinin xüsusi mükafatına da layiq görülüb. Yazıçının Qarabağ mövzusuna dair “Qoca Uşaq” hekayəsi, “Ölməyə icazə verin”, “İkinci nəfəs”, “Qaranlıq oğruları”, “Müharibə”, “Ağ kölgə”, “Ölən uşağın xatirələri” və “Lidiya İvanovnanın qəyyumları” adlı əsərləri gələn il Moskvada rus, ingilis və fransız dillərində nəşr olunacaq Antologiyaya daxil edilib.
Tural Balabəyli