Axundovşünaslıq üzərinə Güntay Gəncalp Bayındırlı ilə söhbət

-Güntay bəy, siz Azərbaycanda oldunuz və başqalarından fərqli olaraq ölkəmizi tanımaq üçün çox cəhd etdiyiniz hiss olunur. Dilini, ədəbiyyatını, sosial gerçəklərini öyrənməkdə zəhmət çəkdiyiniz görünür. Ədəbiyyatdan bəgs edək; Siz Azərbaycan ədəbiyyatını neçə dövrə ayırarsınız?

 Olsun. Mən yeni çağ Azərbaycan ədəbiyyatını dörd dövrə ayırıram. Qarabağ xanlığı dövrü. Axundovla başlayıb Hüseyn Cavidə qədər davam edən dövr. 1950-ci ildən sovetin dağılmasına qədər davam edən dövr və nəhayət müstəqillikdən sonra başlayan dövr.

– Bu dövrlərin özəllikləri haqqında danışaq. Qarabağ dövrünü necə dəyərləndirirsiniz?

– Vaqif, Vidadi, Natəvan yaradıclığıyla başlayan bir proses vardır Qarabağ xanlığında. Bu proses daha sonra genişləyərək Şirvan və digər əyalətləri də əhatə etdi. Bu dövrdə eyni zamanda musiqidə də müəyyən yeniliklər ortaya çıxdı. Çünkü ədəbiyyat və musiqi bir-birindən ayrılmayan iki fenomendir. Sadıqcan tarda ciddi dəyişiklik yaradar. Bu dəyişikliklə müstəqil bir musiqi hərəkəti doğar. Çünkü Sadiqcana qədər musiqimiz və özəlliklə musiqimizin bariz aləti olan tar İran musiqisinin bir parçası idi. Mənə görə müstəqillik düşüncəsi öncə musiqidə yaranmışdı. Sadiqcan həm tarın sistemində dəyişiklik etdi, həm də tarı diz üstdə çalmaqdan çıxarıb sinədə çalma mərhələsinə yüksəltdi. Sinədə çalınan tarla dizdə çalınan tar fərqli imkanlara sahibdirlər. Tarı bağrına basıb çalan sənətçi ruhu və duyquları ilə tar arasındakı məsafəni ortadan qaldırır, lakin dizdə çalınan tar, ifaçı ilə məsafəlidir. Bu islahatla Sadiqcan musiqimizdə böyük bir inqilab etdi. Bu inqilaba mütənasib olaraq ədəbiyatımızda da yeni gəlişmələr ortaya çıxırdı. Xüsusən muğamlarda çox oxunan, daha doğrusu muğamların qidası olan qəzəllər sadələşdi. Məsələn Xurşut Banu Natəvanın qəzəlləri əski qəzəllər qədər ərəb-fars sözləri ilə mürəkkəb deyildir. Mən buna ədəbiyyatımızın Qarabağ Dövrü adını verirəm. Qarabağ Dövrü sadəcə Qarabağ bölgəsiylə məhdud deyildir.

Sonrakı dövrlərə keçəmədən öncə bir sual soruşmaq istəyyirəm. Niyə məhz Qarabağda ədəbiyyat və musiqi meylləri inkişaf etməyə başladı? Bunun tarixi bir əsası varmı?

Vardır, tarixi səbəbi vardır. Qarabağ mədəniyyəti Avşar mədəniyyətidir. Avşar-Türk imperatorluğunun qurucusu Nadir Şah türk milli kimliyini çox qiymətləndirirdi. Dövlətin niyyətini türk milli kimliyi olaraq müəyyən etmişdi. Avşar dövründə böyük milli düşüncə meydana çıxdı. Avşar Şah özünü açıqca türk olaraq tanıdır və Osmanlıya da siz türksünüz deyə məktublar yazaraq uyarılarda bulunurdu. Hətta Hind padşahı Muhəmməd Şah Babürü məğlub etdikdən sonra “sən də türksən” deyə onu taxtından endirmədi, şahlıq tacını özü təkrar onun başına qoydu. Türküstan xanlıqlarını da özünə tabe etmişdi. Avşar Şah öz müəllimi olan Mehdi Xan İstərabadiyə türkcə izahlı lüğət yazılmasını sifariş etmişdi. Avşar Şah öldürüldükdən sonra onun generallarından biri olan Pənah Xan, əmrində bulunan ordusuyla Şuşaya yerləşdi. Avşar imperatorluğunda gündəmdə olan milli kimlik məsələsi Pənah Xan və Avşar ordusunun bir qismi ilə Qarabağda öz fəallığını sürdürdü. Bu üzdən Qarabağ mədəniyyəti tam olaraq Oğuz-Avşar mədəniyyətidir. Pənah Xan Avşarın əsasını qoyduğu abadanlıq və mədəni inkişaf oğulları tərəfindən də davam etdi.

-Davam edin! Sonrakı mərhələlər haqqında danışacaqdınız.

– İkinci mərhələ Axundovla başlar. Axundovla dil nəsrə girər. Millətləşmə yolunda dilin nəsrə girməsi bir inqilabdır. Axundovdan öncə dilimiz sadəcə şeirin qəzəl və ozan şeirlərində təcrübəyə sahibdi. Nəsrə girməyən dil hələ bütöv dil sayılmaz və düşüncə dili olamaz. Bu baxımdan Axundov dilimizin talehində böyük bir inqilab yaratmışdır. Axundov, yalnızca dilimizin nəsrə girməsinə imkan yaratmadı, həm də dilimizdə yeni janr yaratdı. Sadə xalq dilində millətin tarixi problemlərini dialoqlar şəklində ortaya qoydu. Bu nöqteyi-nəzərdən tariximizdə Axundovun bir bənzəri yoxdur. Ayrıca, qorxunc qaranlığa gömülmüş Osmanlı və İran şərqində sekulyarizm haqqında bir söz dilə gətirmək imkansızkən Axundov sekulyarizm haqqında düşüncələrini bəyan etdi. Axundov haqqında ayrıca bir müsahibə və mübahisə etmək mümkündür. Burada xülasə olaraq bunu deyə bilərəm ki, O, bizim həm sosial-tarixi xəstəliklərimizə doğru diaqnoz qoymuş, həm də zehni bulanıqlığımızın haradan qaynaqlandığını müəyyən etmişdi. Çünkü bir millət üçün ən əhəmiyyətli varlıq dildir. Dilimizə uyqun bir əlifba İslamdan sonra gəlişdirə bilmədiyimiz üçün bir çox tarixi fürsətləri qaçırmışıq. Göytürk əlifbasını alıb davam etdirə bilərdik. Lakin Göytürklərlə zehni itibatımız kəsilmişdi və o əlifbanı da avropalılar kəşf etdilər. Bu üzdən də Axundov dilimiz üçün yeni və modern bir əlifba gəlişdirmək istədi. İcad etdiyi əlifbanı türk dilinin ləfzlərinə uyqun şəkildə gəlişdirdiyi üçün O, bir türk milliyətçisidir. Daha doğrusu Ziya Göyalpın da dediyi kimi, O, həm də türk milliyətçiliyinin qurucusudur. Çox ilgincdir ki, Axundov tarixi plan fars, dil və ədəbiyyat planında türk milliyətçiliyinin qurucusudur.

– Axundovla başlayan dövr necə davam etdi?

– Axundov bir çox tabuları qırmışdı. Türkcə nəsr yazmaq olmaz tabusunu ortadan qaldırmışdı. Bu baxımdan türkcənin yüksəlişi üçün bir yol açmışdı. Türkcənin nəsrdə yüksəliş macərası Axundovla başlar. Modern ədəbiyyatımızın qurucusu olan Axundov özündən sonra gələnlər üçün bir nümunə olacaqdı. Türk dilinin və düşüncəsinin inkişafı üçün Həsən Bəy Zərdabi də təkan verdi. Çünkü “Əkinçi” qəzetini təsis etməklə müxtəlif duyqu və düşüncələrin ilk dəfə olaraq tariximizdə dialoquna və mübahisəsinə meydan açdı. Bu baxımdan Axundov və Zərdabi modern zehniyyətimizin aqibəti baxımından bizim qurucu dədələrimiz sayılmaqdadırlar. Onların əməklərini dəyərləndirə biləcək uyqun söz tapa bilmirəm. Toplumun çoxunun yazıb oxumağı şeytan işi gördüyü, qızların təhsil almasına qarşı çıxdığı bir dövrüdə onlar imkanszılıqdan imkan yaratmışlar. Düşünün, oxucusu olmayan və ya çox az olan bir əsər yazır və ya qəzet çıxarırsınız. Bunun üçün çox böyük fədakarlıq lazımdır və böyük ümid. Ona görə də onlar sadəcə molla-feodal sinfi və xurafələri əlində oyuncaq olan kütləyə deyil, gələcəyə xitab edirdilər. Gələcəyə aydın üfüq açırdılar.

-Axundov ədəbi tənqidin də qurucusu olmamışmı?

– Doğru, çox doğru. Ədəbi tənqid olmayan yerdə ədəbiyyat inkişaf etməz. Axundov klasik ədəbiyyat üzərinə də modern ölçülərlə tənqid metodologiyası gəlişdirdi. Axundovun klasik ədəbiyat üzərinə tənqidi münasibəti dartışıla və ya tənqid edilə bilər. Bu, başqaca bir mövzudur. Əhəmiyyətli olan onun ilk dəfə olaraq ədəbi tənqid zehniyyətini ortaya qoymasıydı. Axundov ömrünün çoxunu ədəbi tənqidə həsr etmişdir. Daha doğrusu ömrünün sonuna qədər ədəbi tənqidlə məşğul olmuşdur. Lakin onun ədəbi tənqidi və yeni əlifba çalışması Osmanlı-Qacar dövlətləri tərəfindən təqdir görməmişdi. Onillər sonra Mustafa Kamal, Osmanlı kabusunu devirərək Axundovun yeni əlifba arzusunu həyata keçərəcəkdi.

-Axundovun “Molla Nəsrəddin” məktəbinə təsiri olmuşdumu? 

– Axundov sadəcə türk ölkələrini deyil, qorxunc qaranlığa gömülmüş bütün şərqi öz təsiri altına almışdı. Ona görə də Axundov yalnızca milli bir şəxsiyyət deyil, həm də cahanşümul bir şəxsiyyətdir. İsmayıl Bəy Qapiralı N. Nərimanova və digərlərinə öz məktublarında yazırdı ki, xalqı aydınlatmaq üçün Axundov metodundan fatdalanmalıyıq. Heç biriniz Axundov kimi yazmır, yaza bilmirsiniz. Əslində Axunovun ədəbi tənqid zehniyyəti “Molla Nəsrəddin” məktəbini, yalnızca ədəbi yaradıclıq və dünyagörüşü yönündən təsirləndirmədi. Karikatur sənəti də Axundovun tənqid məktəbini davam etdirdi. Axundovdan o tərəfə demək olar ki, çöldür. Bir şey yoxdur. Bizim dil və modern düşüncə tariximiz Axundovla başlar.

-Axundov məsələsini bir az da daha dərinşdirmək və üzərində durmaq istərdim. Məncə Axundovun intellektual çalışmaları bu söylədiklərinizlə də məhdud deyildi.

-Ədəbi və tənqidi çalışmalarının ötəsində, ədəbiyyatşünaslığa və sosial həyata bir də elmi-fəlsəfi baxış bucağını gətirmişdi. Bu, Axundovun Şərq millətlərinin dünyagörüşündə açmağa çalışdığı yeni vizion və yeni üfüqün nəticəsi idi. Axundov din adına xurafələrin insanları necə dehumanizə edib şəxsiyyətsizləşdirdiyini görürdü. Bu xurafələrdən qurtulmanın yolunu da aydınlamada və intelektual fəaliyyətdə görürdü. Bu üzdən Avropa təcrübəsi Axundov üçün çox əhəmiyyətli idi. Axundov ərəb-fars dillərini dərindən bildiyi üçün Şərqin tarixini də dərindən öyrənmişdi. Şərqin özünü aydınladacaq heç bir imkanının olmadığı qənaətinə varmışdı. Bu üzdən də modernlləşmə Axundov üçün çox dəyərli yeni əqli bir proses idi. Axundov bütün İslami qaynaqları tənqid edirdi. Çünkü bu qaynaqlarda xalqı aydınladacaq heç bir nümunəyə rast gəlmirdi. İslam tarixində ara-sıra bəzi aydınlar meydana çıxsa da, rəsmi dövlət islamı onları susdurmuş, həyatlarını yox etmişdi. Ona görə də dinin siyasətdən ayrı olması gərəkdiyi düşüncəsini savunurdu.

-Sizcə Axundov ateist olmamışmı?

-Ateismdən nə anlaşıldığına baxmaq lazımdır. İslam peyqəmbəri Hz. Muhəmmədi də ateist olmaqla suçlayırdılar. Gerçəkdən də Hz. Muhəmməd də ateist idi. Yəni sərmayənin, güclünün yanında olaraq yoxsulu əzən və onun düşüncəsini qaranlığa gömürən Allah anlayışını inkar edirdi. Bütün peyqəmbərləri ateist olmaqla suçlamışlar. Çünkü peyqəmbərlər zənginlərin mənafeyini savunan törələrin allahlarını qəbul etmirdilər. Ona görə də islam öncə “la” ilə başlar və sonra “illa”ya gələr. La etiraz deməkkən, illa etiraf deməkdir. Yəni heç bir düşüncə şübhələr süzgəcindən keçmədən Allahı qəbul etməməlidir. Düşüncə şübhələrindən keçmədən qəbul edilən allah törələrin və kültürlərin allahları olar, “bir” olan Allah olmaz. Bu baxımdan Axundov da peyqəmbərlərin etdikləri tənqidi edirdi və ateist idi. İndinin özündə də atesim qaranlığa gömülmüş müsəlman ölkələrində bir aydınlanma fürsətdir.

-Ancaq Axundov dirək İslamı tənqid edirdi.

 –Peyqəmbərin vəfatından sonra İslam öncə tədricən yox edilməyə çalışıldı. Sonra Əməvilərlə başlayaraq Osmanlının sonuna qədər dövlətlərin siyasi, yağma, qəniymət toplama, qətllər törətmə və savaş ideologiyasına dönüşdürülən siyasi və sömürgəçi İslam Muhəmməd islamını tamamən ortadan qaldırdı. İslam barış törətmə dini ikən uyduruq fəthlər adına savaş, nifrət və öfkə dini edildi. Vəfat etdiyində Peyqəmbər nəyi vardısa yoxsullara paylayaraq öldü. Sonralar xəlifələrin sayısız hesabsız cariyyələri, kölələri, dəvələri, cəvahiratı oldu. Yəni təkrardan cəvahirat Allahın yerində oturdu. Zahirdə Allahdan danışılsa da, cəvahirat, yağma, insanları kölə olaraq satıb zənginləşmə əsas məqsəd oldu. İşğalçılığın adına fəth dedilər. Xalqları bədbəxt, ailələri pərişan etmə islami bir ənənəyə dönüşdü. Bu niyyət üçün də Quran üzərinə təfsirlər yazıldı. Ölkələri necə yağmalayıb məhv etmələr üzərinə guya fiqh kitabları yazıldı. Bu fiqh kitabları Quranın anlatdığı Allah xaricində sərmayə və cəvahirat düşkünü olan bir Allah təsvir edirdi. Axundovun inkar etdiyi bu allah idi. Yoxsa Axundov açıqca sosial ədalətdən yanaydı və bunun kitabını və nəzəriyyəsini yazırdı. Ədalət də Tanrı sifəti deyilmi?

 –Axundovun əsərlərində bunu göstərən konkret nümunələr varmı?

 –Vardır. Var olduğunu bu şəkildə açıqlayacağam. Əməvilərdən sonra İslam savaş və haram yolla zənginləşmə ideologiyasına dönüşdü. Bunun üzərinə vicdanlı adamlar dövlət və siyasət islamından uzaq durmağa çalışdılar. Sonrakı tarixi sürəcdə dörd İslam anlayışı ortaya çıxdı: 1- Yağma və insnaları kölələşdirib bazararlarda sataraq cəvahirat qazanan dövlət İslamı. Bütün çirkinliklərə bu İslam anlayışı imkan yaradır və ailələri bədbəxt edirdi. 2- Mədrəsə İslamı. Mədrəsə İslamı daha sonra fiqh adıyla ünləndi. İslamın hüquq nəzəriyyəsini yazırdılar. Lakin dövlət İslamı mədrəsə islamını kontrol edə bilirdi. 3- Xalq İslamı. Yəni öz törə xurafələrindən yola çıxaraq İslamın da əxlaq və ədalət anlayışını qəbul edən İslam anlayışı. Bu İslam anlayışında millətlərin islam öncəsi törə xatirələri olduğu üçün Allahdan başqa imamdan, pirdən, imamzadadan, şahdan, şahzadədən, … imdad istəmə kimi komik və xurafi inanışlar vardı. 4- Təsəvvüf İslamı. Sufilər siyasi İslamdan, mədrəsə və xalq islamından uzaqlaşaraq kiçik qrupları təşkil edirdilər. Bunlar bəzən fəlsəfə ilə də məşğul olurdular. Təsəvvüf islamı musiqi və şeirlə də məşğul olurdu. Muğamdakı inkişaf demək olar ki, sufilərin əməyinin nəticəsidir. Axundov tənqid nəzəriyyəsində bu hərəkətin, yəni təsəvvüf İslamı hərəkətinin əsərlərini öymüşdür. Mövlana və Hafiz Şirazi kimi şairlərin əsərlərindəki gözəllikləri görüb təqdir etməsi də bu üzdən idi.

-Təsəvvüfə olan müsbət münasibəti haqqında söylədiyniz. Bu haqda bir az təfərrüatlı nümunələrlə danışsanız yaxşı olar.

-Mövlanın Məsnəvisindən təsirlənib şeir yazmış. Mövlana bir şeirində kor təqlid etməyi tənqid edən bir nağıl anladar. O nağıldakı şeiri iqtibas edərək Axundov da müsəlman kütlənin, özəlliklə şiələrin molla-feodal sinfindən təqlid etmələrini tənqid edər. Mövlana bu şəkildə anladar: Bir gün bir yolçu eşşəyi ilə gedərkən bir xanigahın yanından keçər. Gecəni burada dərvişlərin yanında qalmaq istər. Eşşəyini axırda bağlayıb xanigaha girər. Dərvişlər də acmışlar və yeyəcək bir şeyləri yox. Bir neçəsi gedib eşşəyi kəsərək ətindən kabab bişirib hazırlayırlar. Qarınları dolan dərvişlər qavalları ilə çalıb oynayır və

“Yoxdur artıq getdi eşşək getdi gəl,

Getdi eşşək, getdi eşşək getdi gəl!”

Eşşək sahibi də ətdən yedikdən sonra onlarla bir yerdə “getdi eşşək” deyib dans edir. Adam elə həycanla “getdi eşşək” deyib oynayır ki, dərvişlər adamın eşşəyin başına nə gəldiyini bildiyini sanırlar. Məclis sona çatır və yatırlar. Sabah erkəndən adam yuxudan oyanıb axıra gedir və görür eşşək orada yoxdur. Dərvişlərdən “mənim eşşəyim haradadı?” deyə sorduğunda dərvişlər “biz sənin eşşəyin başına nə gəldiyini bildiyini sanırdıq. Bilmirsənmi nə oldu?” deyə cavab verirlər. Adam “yox, bilmirəm” dediyində dərvişlər “gecə sən bizdən də daha hərarətli şəkildə “getdi  eşşək” deyib oynayırdın, biz də bildiyini sandıq. Gecə ətini yeyib “getdi eşşək” deyərkən sənin eşşəyini nəzərdə tutmuşduq” deyirlər. Sonra Mövlana kor-koruna təqlid etmənin necə zərərli olduğunu açıqlayır. Axundov da Səfəvilərdən sonra mollaya kor-koruna təqlid etməninin zərərlərini anladaraq Məsnəviyə nəzirə yazır:

“Təqlid ilə xalqı cahil etdilər,

Lənətlər təqlidə, eyləmiş nələr.

İctihad adıyla cəhlimiz doğdu,

Hər tür düşüncəni ictihad boğdu”

İctihad müctəhidlik deməkdir. Səfəvilərdən sonra hər şiənin bir müctəhiddən təqlid etməsi gərəkirdi.

-Axundov kimi bir şəxsiyyəti bizim xalq və onun tarixi kültürü necə yetişdirmişdir?

-Axundovu bizim xalq yetişdirmədi. Bizim xalqın Axundov kimi şəxsiyyət yetişdirmə qabiliyyəti və səlahiyyəti yoxdur, olmamışdır. Bilirsiniz kökən olaraq Axundov İran tərəfindədir. Qafqaza köç etməsəydi, tarixdə Axundov deyə intellektual bir şəxsiyyət olmazdı. O, Rusiya vasitəsiylə Avropayla ilk təmassın yetişdirməsiydi. Tolstoy rus xalqının yetişdirməsiydi. Öldüyündə yüzminlərcə rus dəfn mərasimində iştirak etdi. İlk dəfə olaraq humanizmdən, insan haqlarından və dini qurumla siyasi qurumun bir-birindən ayrılmasından söz edən Axundov öldüyündə onu dəfn edəcək kimsə yox idi. Xalqını aydınlatmağa çalışan dahinin cənazəsi ortalıqda qalmışdı. Müsəlman qəbristanlığında basdırlmasına da izn vermirdilər. Sanki müsəlman qəbristanlığında bir gözəllik varmış! Onun düşüncə əməyinə sahib çıxacaq bir xalq, ya da xalqın içində bir zümrə yox idi. Səfəvizədə bir toplum onun kimi aydınladıcı dahini necə sevə bilərdi? Ortalıqda qalan cənazəsini Tiflisin küçə süpürən təmizlikçiləri dəfn etdi. Dəyişdirmək istədi bu xalq onun yaşamasına belə izn verməzdi. Onu qoruyan rus qanunları və rus ordusundakı vəzifəsi idi. Nə Osmanlıda, nə də başqa müsəlan ölkəsində onun yaşamasına izn verərdilər. Bizim xalqın Axundov yetişdirmə potansiyeli yox idi. Bizim kültür yaxşı mərsiyyəxan, baş yaran, zəncir vuran və vəfalı molla köləsi yetişdirirdi. Hər toplum kültürünün bir özəlliyi vardır. Bizim toplumun tarixi kültür strukturu elm və düşüncə düşmənliyi ilə şəkillənmişdir. Çünkü bizdə böyük şəhər həyatı təcrübələri olmamışdır, kiçik kəndli toplumların törəsi olmuşdur. Kənddə böyük duyqu və düşüncələr inkişaf etməz.

– Axundovu bizim xalq yetişdirmədi görüşünüz anlaşılmazdı. Şəxsən mənim üçün söylədikləriniz yetərli dəlil olmadı. Bunu açıqlayacaq başqa səbəbləriniz varmı?

-Hər halda Axundov keçi otararaq bu əsərləri yaza bilməzdi. Onun bir gəlir qaynağı və yazıb-yaratmaq üçün bolca vaxtı olmalıydı. Bu pulu ona ruslar verirdi.

-Ruslar ona ana dilində yazması üçün pulmu verirdi?

-Doğru, Qafqaz valisi Vrantsov Axundovun türkcə yazması üçün ona maddi yardım edir və əsərlərinin səhnəlşdiriməsinə imkan yaradırdı.

-Rusiya bunu nə üçün edirdi?

-Rusiya Qafqazı və Finlandiyanı işğal etdikdən sonra Qafqazı İran və Finlandiyanı da bağlı olduğu İsveç kültüründən qoparmaq istəyirdi. Finlər də biz türklər kimi öz dillərini sevməz və öz dillərini kəndli dili adlandıraraq bizim farsca yazdığımız kimi, onlar da isveç dilində yazardılar. 800 il İsveçin tərkibində yaşayan finlərin öz dillərində yazma təcrübələri yox idi. Bizdə olduğu kimi finlərdə də ana dilində yazmanın əsasını Rusiya politikası təsis etdi. Rusiyanın amacı bu iki bölgəni tarixi köklərindən ayırmaq idi. Lakin tarixin də özünün fərqli niyyətləri olur. Proses Finlandiyanın və Azərbaycanın müstəqil olmasıyla nəticələndi. Ancaq finlər bizlərdən daha dürüst insanlardı. Bizimkilər deyirlər Rusiya bizi parçalamış, finlərsə deyirlər ki, Rusiya sömürgəçiliyi müstəqil dövlət olmağımıza yol açdı. Finlərin dediyi əksiksiz olaraq Azərbaycan üçün də keçərlidir. Rusiya işğalı olmasaydı, tarixdə Azərbaycan adında ölkə və bu qədər ədəbi, musiqi və milli-mədəni inkişaf olmazdı. Ya Osmanlı, ya da İran işğal edərək öz qaranlıqlarını da oranı da gömərdilər. Necə ki, bu fikri A. Bakıxanov, C. Cabbarlı və Rəsulzadə kimi dürüst insanlar da dilə gətirmişlər. Azərbaycanın böyük şəxsiyyətlərinin heç birisi Tehranda, İstanbulda yetişmədi. Hamısı Rusiyada yetişdi. Tam da Axundovun türk dilində yazdığı bir dövrdə Rusiya Finlandiyada da fincə yazmağı təşviq etdi və Axundovla eyni zamanda yaşayan Aleksis Kivi ilk fincə romanını yazdı. İndi Aleksis Kivi modern fin ədəbiyatının atası olaraq dəyərləndirilir və onun adına “Aleksis Kivi ana dili günü” deyə də özəl bir gün vardır. Axundov adına da özəl bir gün olmalı və bu “Axundov ana dili günü” adlanmalıdır.

-Axundovun sosial hüquq zəminindəki düşüncələri nələr olmuş?

-Sosial zəmində hüquqi həyatı təsvir edə bilmək üçün Axundov öncə tariximizin nə qədər eybəcər olduğunu ifşa edirdi. Avropadakı intelektuallar da Orta Çağ adlandırdıqları tarixlərini ifşa edərdilər. Bu tarix və bu kültür şəbəkəsiylə insani münasibət qurmaq mümkün deyildirsə, o zaman bu dəyərlər yox edilməlidir. Bu baxımdan Axundov da Nitşe kimi, dini xurafələr mehvərli sosial münasibətləri dağıdırdı. İnsanlıq, elm və düşüncə düşmənlıiyi üzərində şəkillənmiş olan tariximizlə hesablaşır, onun yerinə, modern həyat biçimini təsvir edirdi. Axundova görə həm qızlar, həm də oğlanlar üçün 15 yaşlarına qədər təhsil məcburi olmalıdır. Axundova görə müqəddəs yer varsa, Məkkə-Mədinə, məscid, kilsə və dərgahlar deyil, uşaqların təhsil aldıqları məktəblərdir. Dörd qadınlılığa aşırı dərəcədə qarşıydı və bu dini tövsiyənin qadınları gərəksiz seks makınası etdiyini savunurdu. Dörd qadın və saysız kənizlə seksual ilişki bir növ əxlaqlı qadınları da fahişələşdirmə nəzəriyyəsidir. Din və törə yasalarının əsarətindən qadınların qurtulmaları gərəkdiyini yazırdı. “Məktubati-Kəmaləddövlə” kitabında qadınların hicab zindanından azad edilməsi gərəkdiyini savunur.

Söhbətləşdi: Faiq Balabəyli

Share: