ARİF ƏRŞADIN 60 yaşına dost sözü

Yazıçı Arif Ərşadın 60 illik yubileyinə

Arif Ərşad imzasını çoxdan eşitsəm də yaradıcılığına bələdliyim “Hekayələr” kitabı ilə oldu. Müəllifi yaxından tanımayan oxucu bu hekayələri oxuduqca onun bütün həyatı boyu kənd həyatı ilə sıx əlaqəli olduğunu düşünər.

Müəllif səliqə ilə yazılmış və nağıl kimi oxunaqlı hekayələri ilə gözəl Vətənimi gözlərimin önünə (oxucuların) elə gözəl sərmiş ki oxuduqca nəinki uzaqlarda olduğumu hiss etmirəm, hətta yazıya alınan hadisələrin o biri otaqda baş verdiyi hissinə qapılırdım.
Azərbaycan ailəsinin reallıqları, ailə içindəki ən xırda nüanslar, yalnız bu xalqa məxsus adətlər, hərəkətlər Arif Ərşadın əli ilə böyük ustalıqla qələmə alınmışdır!
Toy mərasimlərimizdəki gəlin havasından, yas məclislərimizdə mərhumu yerdən götürərkən mollanın nə etdiyindən, məclisin necə, harda keçirilməsi, böyük-kiçik münasibətləri, nənələrin evlərimizdəki rolu, danışığı, hərəkətləri, ataların və babaların təmkinliliyi, ağlrbaşlılığının yanında guya dediyi sözə əməl etməyib məhz elə arvadının – həyat yoldaşının məsləhəti ilə addım atmaqları, dostluqda etibar və namərdlik, süfrə mədəniyyətimiz, qonaq qarşılamaq, bişirdiyimiz yeməklər, insanların xarakteri, qonşuluq münasibətlərindən tutmuş  ağsaqqalların davranışı və körpələrin baxışına qədər bütün Azərbaycan reallığı Arif Ərşad hekayələrindən mükəmməl şəkildə boy göstərməkdədir. Azərbaycanda olmayan və Azərbaycan xalqına bələd olmayan birisi bu hekayələri oxuyarsa bütün ölkəni gəzmiş, xalqa bələd olmuş kimi olar.
Hekayələri oxuduqca yazarın güclü müşahidə qabiliyyətinə, istər məişətdə, istər sosial həyatda gözündən heç nəyin yayınmamasına heyrət edirsən.
Atif Ərşadın hekayələri “sonda nə olacaq?” düşüncəsi ilə sona tez gəlib çatmaq istəyi daşımayan hekayələrdi. Hekayələrdəki  nəinki cümlələr, ifadələr, sözlər belə o qədər zərgər dəqiqliyi ilə və yerində işlənmiş ki oxuyub sona gəldiyin hər hekayə oxucunda özündən sonrakı hekayəni oxumaq istəyi yaradır.
Arif Ərşadı doğum günü münasibətilə təbrik edir,  yaradıcılıq  uğurları arzulayıram!
Yeni – müdrik yaşında daha dolğun əsərlərini oxumaq istəyi ilə…

Təranə Musayeva
AYB – nın üzvü.
“Əfsun” dərgisinin təsisçisi və baş redaktoru

Share: