Analığın və qadınlığın nəzmi- Eluca Atalı yazır

Analığın və qadınlığın nəzmi- Eluca Atalı yazır

Dərd güclünü böyüdür, zəifi əyir!

Əlbəttə, gücülü özünü səfərbər etsə, daxili imkanlarını aşkarlayıb böyüyə bilər. Əks halda kimsə səni böyüdəcək qüdrətə sahib deyil.

Aysel Nəsirzadəni çoxdan tanıyıram, onda yaradıcılıqda yeni idi, hələ poeziyada özünü təsdiqləməmişdi. Bu gün əlimdəki “İki qafiyə kədər” kitabı qarşımda yetkin bir poeziya ustasının durduğunu hayqırır. Hər sətrində məna duran poeziyaya həsrət idim, bu baxımdan şairə xanım bu həsrətimi sona vermiş oldu.

Gündüzün fikirləri,
Gecənin dərd, ələmi.
Görən, xoşbəxt
olarammı
Yerə qoysam qələmi?

Qələmdən imtina etməklə xoşbəxtlik hasil olsaydı, bu dərdin ən asan sağalan növü olardı.
Amma unutma, yazmaq bir vasitədir, məqsədsə dərdi özündən kənarlaşdırmaq. Şair qələmdən savayı hansı yolla dərdi özündən uzaqlaşdıra bilər? Sən yazmaq xatirinə yazanlardan olmadığını vurğulamaqdan çəkinmirəm.

Sən gedəli bağrım başı yaradı,
Bəxtim qara, günüm ondan qaradı.
Dedim bəlkə gələn dərdə çaradı,
Əvəzin yox, yerin boşdu, yerin boş.

Əvəzsiz, Əlçatmaz anlayışları dilimizdə necə yaranıb? Gedən qayıtmayanda, yeri dolmayanda, gözümüz boşluğa dikiləndə anlamışıq ki, o əlçatmazdır, ün yetməzdir. Yerinə qoymaq istədiklərimiz olur, lakin yeri dolmur. Nədən? – sualına cavab axtarırıq. Səbəb hər bir kəsin təkrarsız olmasıdır, hər bir kəsin özü-özlüyündə yerişi, duruşu, gülüşü ilə bir dünya olmasıdır. O dünyanı kim eyni biçimdə, eyni ahəngdə təkrarlaya bilər ki?
Analığında xoşbəxtlik axtaran bir qadın gördüm şeirlərində. Qadın bütövlüyünə nail olmaq istəyən… Ana, qadın, sevgili — hamısının bir əldə cəmlənməsini izhar edən şairə var, özündən gileyli.
Özünü axtarır hər yerdə — qadınlıqda, analıqda, sevgidə! Görən, tapacaqmı, axtarışı uğurlu olacaqmı?
Özünü qınayan, analığında tamlığa yetməyən qadına təskinlik verəcək yetərli sözüm yoxdur, lakin onun fəlakətə bərabər səhv etmədiyini deyə bilərəm.

Aysel NƏSİRZADƏ.Yeni şeirlər – Azərbaycanın Mədəniyyət və ...
Həyatda elə hadisələr, hallar olur ki, o bizim iradəmizdən asılı deyil. O üzdən o halın müsbət nəticə verməyib, yaxşı halın alınmamasını özümüzdən bilməməliyik. Unutmayaq, həyatda həmişə biz və başqaları var. Çünki həyat yalnız bizdən ibarət deyil, biz insan olaraq mövcud olan cəmiyyətdə başqaları ilə ünsiyyətdə yaşayırıq.
Həyatda analığını qadınlığına qurban verən qadınlar var, bu inkaredilməzdir. Qadın kimi tamlığını yarada bilməyənlər fəlakətli ömür sürürlər. Bunun bariz nümunəsi Evripidin Medeyasıdır. Ərinə xəyanəti bağışlamayıb, iki övladını öldürməklə ərindən qisas alır.
Qadın günahkardır analığından keçirsə, unutmaq olmaz analıqda başqasının ömrünə cavabdehlik var.
Ərəb şairi, filosof Əl-Məərri deyir: “Mən öləndə başdaşıma yazarsınız, mən günahkar deyiləm, bu səbəbdən ki, dünyaya övlad gətirməmişəm!” Dünyaya övlad gətirmək günah yox, cavabdehlikdir, məsuliyyətdir. Məsuliyyətdən qaçmağa günah libası geydirmək özünə bəraətdir, ən yaxşı halda bu “məsuliyyətdə” bədənin imkanlarının açılması var.
Hisslərini ustacasına nəzmə çəkən istedadlı qələm sahibi Aysel xanım bir günahın onu daim izlədiyini sətirlərində dönə-dönə nəzmə çəkir. Bəşəri fəlakət olan COVİD – 19 bütün dünyanı sarsıtdı, lərzəyə gətirdi. Çoxlarından yan keçmədiyi kimi, şairəmizin də ailəsini yaxaladı. O, yaşada bilmədiyi bir varlıq üçün özünü qınayır. Burda ana şairənin bilərəkdən və ya təsadüfdən atılmış addımı yoxdur, burda insanın təbiəti acgözcəsinə mənimsəməsinin öz üzərinə olan təbii üsyanıdır. İnsan təbiətdən istədiyini hər hansı bir yolla əldə etmək zorakılığının üsyanıdır ki, siz və biz kimi günahsızlar zərbə aldıq.

Ürəyimə ilmə atıb qəm-kədər,
Sökülməz dan yeri, açılmaz səhər.
Heç olmasa yuxuma gəl gecələr,
Yoxdur daha başqa seçim, darıxdım.

Aysel xanım, ana üçün övlad kədərini aşmaq zordur, amma sənin analığını sübut edən digər övladdın da var. Onu düşünüb yaşamını davam etdirməlisən və həm də buna borclusan. Çünki, o körpə də səndən imdad diləyir.
Necə deyərlər, həyat bir simli musiqi aləti deyil, onun simləri çoxdur və köklənməmiş musiqi alətində çalmaq olmadığı kimi, insan da köklənməsə yaşaya bilməz.
Sən imkanlarınına söykən, VARLIĞINI həyata göstər.
Həyat zəiflərə yaşamaq imkanı verməyib tapdayır. Amansızlığın iti caynaqları arasında qadınlığı və analığı sübut etmək şair üçün asan deyil.
Sənə seçdiyin mürəkkəb yolda əzimli İradə arzulayıram!

Hörmətlə, Eluca ATALI

Share: