Azərbaycan qadınları Qafqazda ilkə imza atıb…

Qadın olmaq asan deyil. Əslində qadınlar zərif çiyinlərində böyük vəzifələri daşımaq, möhtəşəm xəyalları reallaşdırmaq üçün hər cür potensiala malikdir. Yetər ki, onları motivasiya edən amillər gündən-günə daha da çoxalsın.

Elə bu məqsədlə bir çox ölkələrdə qadın sahibkarlığının təşviqi, iş yerlərində qadınların dəstəklənməsi üçün ən ciddi, etibarlı platformalardan sayılan Qadınların Milli Biznes Gündəliyi (QMBG) 2 il əvvəl ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyilə Azərbaycanda da reallaşdı. QMBG müstəqil işləmək istəyən, risk edən, yeniliklərə və dəyişikliklərə açıq olan işgüzar qadınlarla dövlət qurumları, ictimaiyyət arasında birbaşa körpü rolunu oynayacaq effektiv platformadır.

Azərbaycan qadınları Qafqazda birincidirlər
Azərbaycan üçün önəm daşıyan faktlardan biri də Qafqazda QMBG-ni yaradan və tətbiq edən ilk ölkə olmağımızdır. QMBG tövsiyə sənədində qadınların iş və biznes həyatında üzləşdikləri çətinliklərin aradan qaldırılmasına yönəlmiş operativ həll yolları yer alıb. Bəs azərbaycanlı qadınlar doğru imkanları tez görmək və qiymətləndirmək, irəli qəti addımlar atmaq, əngəlləri aşmaqda güc və cəsarət qazanmaq üçün tövsiyələrdən necə doğru faydalansınlar? Bunu sənədin hazırlanmasına töhfə verən Azərbaycan Qadınları Elmdə (AWİS) platformasının təsisçisi Günel Ağabəylidən soruşduq:
“Azərbaycanın bu cür önəmli təşəbbüslə regionda ilkə imza atması həm qürurvericidir, həm də bizim üçün böyük məsuliyyətdir. Çünki atdığımız addımlar, əldə olunan təcrübələr, uğurlar digər Qafqaz dövlətlərinə həm nümunə olacaq, həm də onları bu istiqamətdə təşəbbüslərə həvəsləndirəcək. Sənəddəki tövsiyələrə gəlincə, məqsədə çatmaq üçün tək əldən səs çıxmaz, odur ki, AWİS olaraq, öhdəmizə müəyyən vəzifələr götürmüşük.
Əvvəla qadın top-menecerlərin və işçilərin sayının artırılması. Heç kəsə sirr deyil ki, əksər özəl şirkətlərin, eləcə də dövlət orqanlarının rəhbərliyində kişilər üstünlük təşkil edir. Karyera yüksəlişi və inkişaf imkanları həmişə performansla deyil, risklərlə də əlaqəlidir. Rəhbərlər isə nədənsə qadınların kişilərlə müqayisədə iş mühitində daha riskli olduğu qənaətindədirlər. Bu stereotipi həm sözdə, həm də əməldə qırmaq çox vacibdir. Digər önəmli tövsiyə evdə analara ödənilən müavinət həddinin aradan qaldırılması, distant iş və məzuniyyət problemidir. İş yerlərində qadınlara qarşı ayrı-seçkilik və qısnamalara dair Əmək Məcəlləsində müvafiq dəyişikliklərin olması növbəti mühüm tövsiyədir. Bəs biz, QMBG-yə necə dəstək verə bilərik?
İlham verən qadınlar
Bizim təşkilatın əsas məqsədi qadınların təhsil alması və bununla onların stabil həyata keçidinə, inkişafına, karyera yüksəlişinə nail olmaqdir. Sevinirəm ki, sənəddəki tövsiyələr bizim təşkilatın məqsədləri ilə üst-üstə düşür. Məsələn, valideynlər üçün distant iş imkanı tövsiyəsi qadınlara imkan verəcək ki, işlərini itirmək qorxusu olmadan övladlarına zaman ayırıb, qayğılarını çəkə bilsinlər. Bilirsinizmi, övlad sahibi olmaq hazırda bahalı bir prosesdir və istər doğuşdan əvvəl, istər sonra çox sayda xərclər ortaya çıxır. Əksər hallarda ailədə bir nəfərin işləməsi ilə bunları qarşılamaq mümkün olmur. Təbii ki, burada söhbət orta və aztəminatlı ailələrdən gedir. QMBG-dəki tövsiyələrə əməl ediləcəyi, dövlət qurumlarının qanunvericilik səviyyəsində bizə dəstək verəcəyi təqdirdə qadınlarımız həm karyeralarında eniş yaşamayacaq, həm də işdən kənarda qalmayacaqlar. Ən önəmlisi isə ailələrinə iqtisadi faydaları olacaq. Deməli, ailədə stress yaranmayacaq, hüzur ortamı davam edəcək və körpə xoşbəxt böyüyəcək. Bu, QMBG-nin mühüm faydasına dair sadəcə bir nümunədir. Belə tövsiyələr isə onlarladır. Mən əminəm ki, həm bizim təşkilat üçün, həm də müxtəlif sektorlar üçün QMBG yeni, konturları dəqiq çizilmiş perspektivlər açır və bu tövsiyələr minlərlə qadın üçün müxtəlif fürsətlər yaradacaq“.

İlhamə Novruzova

Share: