Almaniyada yaşayan yazıçı Azima Zulalovanın təqdimatı keçirildi …

Aleksandra Azima Reynqard (Zulalova). Bu adı artıq Azərbaycan oxucuları daha yaxından tanıyacaqlar, çünki onun kitabları Azərbaycan dilinə tərcümə olunur.
Azima əslən qarabağlı, daha dəqiq desək şuşalıdır. Almaniyada yaşayır. Əsərlərini rus dilində yazır. Yazıcılıq fəaliyyətinə hələ tələbə vaxtlarından başlasa da, öz yaradıcılığına son dərəcə təvazökar yanaşaraq yazdığı əsərləri uzun müddət çap etdirməyib. Lakin yazmaq, yaratmaq həvəsi çox güclü olduğundan ailəsinin, xüsusilə, anası Lalə xanımın mənəvi və maddi dəstəyi ilə bir neçə kitabı rus dilində nəşr edilib. Azima yaradıcılıqla bərabər, həm də xeyriyyəçiliklə məşğul olur. O, 2007-ci ildən etibarən “İşıqlı gələcək” adlı xeyriyyə fondunun təsisçisidir. Yazdığı kitabların satışından əldə edilən maddi vəsait bütövlüklə xeyriyyəçiliyə sərf edilir.
11 iyul 2023-ci ildə “Russkiy dom” adlanan məkanda Aleksandra Azima Reynqardın üç kitabı – “Звёзды не спят” (“Ulduzlar yatmır”), “Пассажиры 198” (“Sərnişinlər 198”) və müəllifin Azərbaycan dilinə tərcümə edilmiş “Yeva üçün poçtalyon” kitablarının təqdimatı keçirildi.
Tədbiri filologiya elmləri doktoru, professor Flora xanım Naci açaraq Azimanın yaradıcılığı haqqında qısa məlumat verdi və rusdilli Azərbaycan oxucularına yeni bir imzanın – Aleksandra Azima Reynqard imzasının xüsusi yer tutduğunu qeyd etdi və oxucuların onun əsərlərini bəyənəcəyinə əminliyini ifadə etdi.
Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artisti Fəxrəddin Manafov, tanınmış kinorejissor, Əməkdar İncəsənət Xadimi Çəmil Quliyev və başqaları Azimanın müxtəlif janrlarda yazılmış əsərlərinin özünəməxsusluğundan və orijinallığından danışdılar.
Şair, publisist Rəfail Tağızadə çıxışında Azərbaycan dilinə tərcümə edilmiş “Yeva üçün poçtalyon” əsərinin maraqlı məqamlarına toxundu.
Çıxışlardan sonra müəllif oxucuları maraqlandıran sualları cavablandırdı. Sual verənlər arasında bacısı Səbinə də vardı.
Tədbirdə həmçinin “Ahıl şəxslər üçün sosial xidmət” müəssisəsinin rəhbəri Samira Mehdiyeva da iştirak edirdi. Camira xanım minnətdarlıq hissi ilə məlumat verdi ki, tədbirdən əldə edilən vəsait qeyd edilən müəssisəyə köçürüləcək.
Aleksandra Azima Reynqardın Azərbaycan dilinə ilk tərcüməsi olan “Yeva üçün poçtalyon” əsərini yazıçı-tərcüməçi Təranə Məmməd tərcümə edib. Redaktorları Bakı Slovyan üniversirerinin professoru, “Azərbaycanda rus dili və ədəbiyyat” dərgisinin baş redaktoru Flora Naci və şair, publisist Rəfail Tağızadədir.
Azərbaycandilli oxucuların nadir hallarda rast gəldiyi bu səpkili əsərdə müəllifin məharətlə təsvir etdiyi Şərq və Qərb adət-ənənələrinin, mədəniyyətlərin xüsusiyyətləri, onların düşüncə tərzi, üstünlükləri, reallıqlar, xarakterlərin görünməyən tərəflərinin fərqli formada çatdırılması, ifadə konkretliyi öz əksini tapıb.
Tədbirin sonunda kitablar oxuculara müəllifin şəxsi imzası ilə təqdim edildi.

Share: