Alimlərin allahlıq iddiası – yeni növ məxluqlar yaradılır

Alimlərin allahlıq iddiasına düşməsi təkcə XXI əsrə aid deyil. Onların belə çılğınlığı və ya ilahilik təkəbbürü hələ ötən əsrin əvvəllərinə gedib çıxır. Düzü, keçmiş zaman haqqında bizə ipucları ötürən nağıllarda da buna bənzər fikirlər çoxdur.

Məsələn, məşhur “1001 gecə nağıllarında”n birində ərəb cadugər və kimyagərin qadınla meymunu cütləşdirib yeni nəsil insan növü aldığı ilə bağlı maraqlı hissə var. Belə məlum olur ki, insan yaratmaq istəyinin kökü daha öncələrə gedib çıxır. Amma mən deyim nağıllar əslində vacib tarixi sənədlərdir, bir başqası desin ki, yox boş təxəyyüldür, o zaman söhbət ciddiyətini itirər. Ona görə də dəqiq tarixi sənədlərə müraciət etmək lazımdır. Darvinşünas, təkamülçü alim Qordon Gellap ötən əsrin elmi təcrübələrini mətbuata açıqlayıb bildirir ki, hələ 1930-cu ildə Corciyanın Emori Universitetində bir qrup alim dişi şimpanze ilə insanı cütləşdirmişdi. Cütləşdirmək də sözdü? Əməlli-başlı ərə vermişdi! Dişi şimpanze kişi təcrübəçilərdən birinə verilib, beləcə cütlük dinc və xoşbəxt şəraitdə doğulacaq balanı gözləyiblər. Vaxt-vədə yetişib “qara qız” dünyaya yeni məxluq gətirib. Amma məxluqun görünüşü o qədər əcaib olub ki, alimlər ona yaşamağa imkan tapmadan tələf ediblər. Alimləri qorxudan nə olub, niyə səbirsizliklə gözlədikləri yeni canlını öldürüblər, bu hələ də sirr olaraq qalır. Görünür, o an anlayıblar ki, insan bəlkə də allah kimi yarada bilər, amma yaratdığını onun kimi idarə edə bilməz. Odur ki, işlər cığırından çıxmamış məsələni elə insansayağı həll ediblər.

Qərblə daim yarışan Rusiya “Sizdən nəyimiz əskikdi?” deyərək, qollarını çırmalayıb. Xüsusən də, bu təcrübə bığıbəyin – Stalinin o qədər xoşuna gəlib ki, “bizdə də bu əjdahadan olmalıdı” əmri özünü çox gözlətməyib. Elə doğma Gürcüstanının ərazisində gizli laboratoriya təsis etdirib. Laboratoriyada məhkum qadınlarla oranqutan növündən olan erkək meymunlar cütləşdirilib. Doqquz aydan sonra doğulan uşaqlar isə heç vaxt anaya göstərilmirdi. Bunu tələb edən qadınların aqibəti isə heç də ürəkaçan olmurdu. Sual yarana bilər: Stalinin yeni növ insan nəyinə lazım idi? II Dünya müharibəsi ərəfəsində heç məlum insan növü olan vətəndaşlarını yedirib dolandıra bilmirdi… Məsələ burasındadır ki, alimlərdən fərqli olaraq Stalinə yeni güc lazım idi. Məhz oranqutan növündən olan meymunla insandan yaradılan məxluq xarici görünüşünə görə yuxarıda adı çəkilən şimpanzenin balasından daha insanabənzər olur. Təbii ki, biri var meymun ana olsun, biri də var insan. İnsanlıq mütləq üstün gəlməlidir. Yeni məxluqların xarici görünüşünə görə insanlardan əsas fərqi bədən və üzünün həddən artıq tüklü olması idi. Üz cizgiləri meymunu xatırlatsa da, diksindirəcək dərəcədə insana yad görünmürdü. Əsas fərq bu yeni insanın daxilində idi. Bu məxluqlar insan hisslərindən uzaq idilər – sevmək, kövrəlmək, darıxmaq və s. insani duyğular onlara yad olurdu. Bir parça çörək və vaxtı gələndə erkəklik ehtiyacını ödəməkdən başqa heç bir tələbatları olmurdu. Maddi rifah, yaşayış yerinin komfortu onlar üçün fərq etmir, verilən bütün əmrləri icra edirdilər. Yəni tam da müstəmləkə iddiasında olan bir dövlət başçısına lazım olan ordu! Xüsusən də Böyük Vətən müharibəsində belələrinə ehtiyac yaranacaqdı. Hər halda heç kim onların yolunu gözləyib qara kağızına saçını yolmayacaqdı. Səngərdə doluxsunub üçbucaq məktublarını analarına, sevgililərinə yollamayacaqdılar. Ətdən-qandan ibarət robot, ya da bildiyimiz manqurt! Amma Stalinin saydığı ilə Fələk razılaşmadı, hesablar da qarışınca, qərb xəfiyyəsi gizli laboratoriyadan xəbər tutdu. Dünya filin qulağında ayılıb gərnəşməyə başlayanda təcili olaraq laboratoriya məhv edildi. Üstündə əl gəzdirilib zoopark görünüşü verildi. Guya burada nəsli tükənməkdə olan meymunlar yetişdirilərək vəhşi təbiətə geri göndərilirmiş. Həmin “Zoopark” uzun müddət vətəndaşların üzünə gülüb. Bəs yaradılmış insanqutanlar? Burası artıq ehtimaldı. Belə güman olunur ki, həmin insan-meymunlar Qazaxıstan meşələrinə, fələyin umuduna buraxılıb. İddia olunur ki, hazırda bu meşələrdə rastlanılan qaradamı deyilən məxluqlar elə həmin insanqutanların varisləridir. Çünki meşələrə yaxın kənd qadınları dəfələrlə belə qaradamları tərəfindən zorlanılıb. Dünyaya gələn qorxunc uşaqlar isə adamarasına çıxarıla bilmədiyinə görə yenə də əbədi məskənlərinə – meşələrə buraxılıb.

Ehtimallardan uzaqlaşıb daha bir dəqiq fakta keçək. İlk şimpanze-insanın qorxuncluğu alimləri məyus etməyib. Elm qurdu yenə də qafaların içini gəmirdiyinə görə 1958-ci ildə bir daha yeni insan-meymun yaradılıb. Bu dəfə meymunluq daha artıq düşüb nədi, yeni məxluq insana yalnız iki cəhətdə bənzəyib. İnsan kimi dik yeriyirmiş və yanaqları tüksüz, eynən atasındakı kimi çilli olub.

Bu uğur o vaxtdan alimləri nə təhər qürurlandırıbsa, indi belə cütləşmələri dövrümüzdə də təkrarlamaq istəyirlər. Üstəlik əmindirlər ki, indi daha insansifət meymun yarada biləcəklər. Hədəf isə bu dəfə qorillalardır.

Şəfiqə ŞƏFA

Share: