“AĞRILARIN DƏRMANI SÖZ..”-. Həkim yazarların ikinci ədəbi toplusu haqqında Bilal Alarlı yazır…

AĞRILARIN DƏRMANI SÖZ

Həkim yazarların ikinci ədəbi toplusu haqqında

Əfrahim Hüseynlinin tərtib etdiyi “HƏKİMLƏRİN SÖZ DÜNYASI” ədəbi toplusunun ikinci kitabı işıq üzü görüb. Kitabda 56 həkim-yazarın yaradıcılığından nümunələr yer alıb. Ön sözü yerində Əfrahim Hüseynlinin “Bitməyən söz xəzinəsi”, Afaq Şıxlının “Eskulapın və Yebterpanın izi ilə”, Bilal Alarlının “Ağrıların dərmanı söz” yazıları verilib.

Azərbaycan ədəbiyyatında həkim yazarların xüsusi yeri var. Həm klassik, həm çağdaş ədəbiyyatda sözə məlhəm kimi yanaşılmış, xoş sözün müalicəvi əhəmiyyəti, insan ovqatına, insan ruhuna müsbət təsiri ayrıca qeyd olunmuş, eyni zamanda söz yarasını da heç bir dərmanın sağaltmadığı, bunun da əlacının yenə söz olduğu dönə-dönə vurğulanmışdır. Bəlkə də buna görədir ki, təbabət elmi sözü həkimin ən güclü və təsiredici dərmanı sayır. Sözün bu çalarlarına dərindən bələd olan həkimlər xoş ovqat yaradan, ruh yüksəldən şeirə, sənətə biganə qalmamış, yeri düşdükcə özləri də yazıb-yaratmışlar. Həkim yazarların “Həkimlərin söz dünyası” adlı ilk poetik toplusunda (2016) Nizami Gəncəvi, Saib Təbrizi, Məsihi, Məhəmməd Hüseyn, Mirzə Əlixan Ləli, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Abbas Səhhət, Mirzə Saleh Axundov, Simurğ, Şəhriyar, Həkim Qəni, Nadir Həkim, Xanımana Əlibəyli, Sərdar Kərimli, Rafiq Tağı, Yusif Əhmədov, Cabir Umud, Mirkazım Aslanlı, Ramiz Duyğun, Tamella Şəfəq, Ramiz Mövsüm, Fəxrəddin Davud, Paşa Qəlbinur, Tofiq Nurəli, Fəxrəddin Ziya, Rafiq Vəlizadə, Əfrahim Hüseynli, Fəzail İsmayıl, Musa Urud, Mirəfsəl Təbibi, Eldar Təbib, Məmmədyar Məmmədyarlı, Şahin Musaoğlu, Azadə Taleh, Afaq Şıxlı, Nazilə Gültac, Qalib Şəfaət, Habil Vəliyev, Pərvin Abbaslı və başqalarının yaradıcılığından söhbət açılmış, şeir və hekayələri oxuculara təqdim olunmuşdur. Birinci kitabın təqdimat mərasimi, həmçinin bu nəşrin oxucular arasında doğurduğu rezonans ənənəni davam etdirməyə zərurət olduğunu üzə çıxardı. Doğrudan da, həkimlərin söz dünyası o qədər zəngindir ki, oxuduqca adamın ruhu xoş ovqatla qidalanır və təmizlənir. Oxucuların istəyini və ehtiyacı nəzərə alan həkimlər ikinci toplunun tərtibinə önəm verdilər. İstedadlı şair, həkim-terapevt Əfrahim Hüseynlinin təşəbbüsü ilə yeni toplu daha dolğun, daha zəngin şəkildə nəşrə hazırlandı.
“Həkimlərin söz dünyası” toplusunun ikinci kitabında əsasən Mirzə Əlixan Ləli (1845 – 1907), Əlibəy Hüseynzadə (1864 – 1940), Nəriman Nərimanov (1870 -1925), Abbas Səhhət (1874-1918), Qantəmir (1888-1944), Tağı Şahbazı Simurğ (1892-1937), Məhəmmədhüseyn Şəhriyar (1906 – 1988), Mir Kazım Aslanlı Sarəng (1912 – 1975), Həkim Qəni (1918 – 2008), Xanımana Əlibəyli (1920-2007), Nadir Həkim (1935 – 1980), Ramiz Duyğun (1938), Yusif Əhmədov (1939 – 2012), Tamilla Şəfəq (1940), Ramiz Mövsüm (1940), Zakir Ağdamlı (1946), Rafiq Tağı (1950 – 2011), Paşa Qəlbinur (1952), İntiqam Bağırov (1952), Tofiq Nurəli (1953), Fəxrəddin Ziya (1953), Rafiq Vəlizadə (1953), Manafağa Feyzullayev (1953), Sərdar Kərimli (1954 – 2003), Cabir Umud (1954 – 2015), Əfrahim Hüseynli (1954), Asif Kəngərli (1954), Rəfiqə Qasımqızı (1954), Firdovsi Ələmoğlu (1954), Hümbət Quliyev (1955), Ramiz Əkbər (1956), Şahnaz Şahin (1956), Malik Xəlil Ağagüloğlu (1956), Süleyman İsmayıl (1958), Hafizə Məmmədova, Musa Urud (1960), Süleyman İsmayıloğlu (1960), Məmmədyar Məmmədyarlı (1961), Zəkiyyə Elruh (1962), Şahin Musaoğlu (1963), Azadə Taleh Abbas (1964), Elman Rüstəmov (1966), Xasay Bayram (1968), Rəna Hacıyeva (1968), Xatirə Kərimova (1968), Afaq Şıxlı (1969), Nazilə Gültac (1969), Qalib Şəfahət (1973), Habil Vəliyev (1974), Qənirə Paşayeva (1975), Pərvanə Məmmədova (1978), Rərvin Abbaslı (1987), Solmaz Həsənova (1973) və Dilşad Zülfüqarovanın (1994) yaradıcılıq nümunələri yer almışdır. Sıralanma doğum tarixinə görə verilmişdir. Əlbəttə, bu, Azərbaycan həkim yazarlarının tam siyahısı deyil və çox güman ki, növbəti nəşrlərdə bu iki kitaba düşməyən peşəsi həkim olan, həmçinin söz-sənət aləmində də nüfuzu ilə tanınan qələm adamlarına müraciət olunacaq. İstər birinci kitab, istərsə də ikinci kitab ədəbi mühitdə ən böyük təşəbbüslərdən biri sayılmalıdır. Yazarların peşə prinsipinə görə bir topluda yer alması ilk təşəbbüsdür və bu işin davam etdirilməsi təşəbbüsçülərin yanılmadığını nümayiş etdirir. Bu toplu əslində gələcəkdə aparılacaq daha fundamental tədqiqat işinin xammalıdır. Bu toplu həm də göstərdi ki, Azərbaycan ədəbiyyatında həkim yazarların xüsusi çəkisi var.
Klassik ədəbiyyatda həkim yazarların fəaliyyəti əsasən şeirlə məhdudlaşır. Buna baxmayaraq, həkim yazarlar öz dövrünün görkəmli ədəbiyyat xadimi kimi tanınırdılar. Azərbaycan poeziyasının inkişafında həkim yazarların rolu böyükdür. İstər klassik, istərsə də çağdaş ədəbiyyatda şeir yazan həkimlər ədəbi proseslə ayaqlaşmış, hətta aparıcı mövqe tutmuşlar. Bunlardan biri Mirzə Əlixan Ləlidir. Mirzə Əlixan Ləli və ya Mirzə Əlixan İrəvani Təbrizdə həkimlik etmiş, öz biliyini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər etmişdir. Mirzə Əlixan Ləli yaradıcılığını mövzu rəngarəngliyi fərqləndirir. O, klassik qəzəl janrının ən yaxşı nümunələrini qələmə ala bilmiş, Füzuli lirikasının ahəngini öz qəzəllərində qoruyub saxlamışdır:
Qəzəllərindən birində dövrünün ədəbi tələblərinə uyğun gözəl lirik lövhə yaratmışdır:

Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,
Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.

Cəmali-şahidi-qeyb istərəm Kəlimasa,
Amandı tez yetirin cilvəgahı-Turə məni.

“Həkimlərin söz dünyası” toplusunda yer alan ikinci böyük sənətkar Əli bəy Hüseynzadədir. Əli bəy Hüseynzadənin ədəbi fəaliyyəti haqqında ətraflı şəkildə araşdırmalar aparılmış, istər onun maarifçilik fəaliyyəti, istərsə də söz yaradıcılığı layiqincə dəyərləndirilmişdir. Ziya Göyalp (1876-1924) Əli bəy Hüseynzadənin türkçülük ideyaları haqqında xüsusi söhbət açmış, onun “Turan” adlı şeirinin Turançılıq ideyasının yayılmasında rolunu yüksək qiymətləndirmişdir. Yeri gəlmişkən, bildirim ki, 1918-ci ildə üçrəngli Azərbaycan bayrağının layihəsini də Əli bəy Hüsynzadə ilə Ziya Göyalp vermiş və heç bir dəyişiklik edilmədən qəbul edilmişdir.
Əli bəy Hüseynzadənin yaradıcılığında və ictimai-siyasi fəaliyyətində millət sevgisi aparıcı mövqedədir. Eyni ideologiyanı şeirlərində də təbliğ edir:

Hərçənd düçari-möhnəti-əhli cəfayız,
Hərçənd bu əyyamda pabəndi-bəlayız.
Еy хar görən bizləri, bizlər nücəbayız,
Mеydani-həmiyyətdə ələmdari vəfayız.
Turanlılarız, sahibi-şanü şərəfiz bız
Əslafımızın naibi хеyrül-хələfiz biz!

Şeirləri ilə ürəkləri fəth edən həkim şairlərdən biri Abbas Səhhətdir. Abbas Əliabbas oğlu Mehdizadə həkim, şair, dramaturq və tərcüməçi kimi tanınmışdır. O, maarifçilik ideyalarının tərəfdarlarından biri olmuş, xüsusən uşaqların yeni üslublu məktəblərdə təhsil alması üçün çalışmış, özü də xeyli uşaq ədəbiyyatı nümunəsi yaratmışdır. “Vətənim”, “Yay səhəri”, “Quşlar” kimi şeirləri məktəb yaşlı uşaqların ən çox sevdiyi və tez əzbərlədiyi nümunələrdir. “Yay səhəri” şeiri isə kənd həyatının gözəl mənzərələrini obrazlı şəkildə əks etdirir. İndiki yeniyetmə nəsil Abbas Səhhətin “Vətənim” şeirinin aşıladığı vətənpərvərlik ruhunda böyüyür:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə namü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

А.Səhhətin belə əsərləri əsasən «Dəbistаn» və «Məktəb» jurnаllаrındа, «Türk əlifbаsı», «İkinci il», «Yеni məktəb» və «Gülzаr» аdlı dərsliklərdə dərc оlunmuşdur. Kiçik yаşlı uşаqlаr üçün qələmə аldığı «Yаz», «Bаğçа», «İki dаnа», «Cücələr», «Quşlаr», «İlk bаhаr», «Аnа və bаlа» və sаir şеirləri öz tərbiyəvi əhəmiyyəti ilə seçilir, gənc nəslin bədii və mənəvi-əхlаqi cəhətdən fоmаlаşmаsındа mühüm rоl оynаyır.
Güney Azərbaycanda dərmanından çox sözü dərdə dəva olan həkim şairlər yetişmişdir. Bunların ən görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyardır. Məhəmmədhüseyn Şəhriyar – Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi çoxlu şeir və poemalar yazmışdır. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunmuşdur. O, yaradıcılığında Azərbaycan dilinə önəm vermiş, ən yaxşı əsəri olan “Heydərbabaya salam” poemasını bu dildə qələmə almışdır. Həm Güney, həm də Quzey Azərbaycanda bu poemaya çoxlu nəzirələr yazılmışdır.
Şeirlərində Şəhriyarın qələminin tamını yaşadan şairlərdən biri Sarəngdir. Üzeyir bəy Hacıbəylinin tələbəsi olan şair, alim, həkim, bəstəkar, pedaqoq Mirkazım Mirisgəndər oğlu Aslanlı Deyilənə görə, poliqlot olmuş, on iki dil bilmişdir. Onun şeirlərində həkim peşəsi ilə bağlı müşahidələr üstünlük təşkil edir. Hətta şeirlərindən birində “Ey həkim, olsaydım yerinə sənin” deyib, bu gözəl peşə sahibini öz xəstələrini musiqi ilə sağaltmağa çağırır:

Söz var, musiqidir ruhun qidası,
Qəlbin məlhəmidir, eşqin sədası.
Tutmaqla bolluca təkcə dərmana,
Çıxarmaz xəstəni həkim bir yana.
Ey həkim, olsaydım yerində sənin,
Musiqi olardı adı nüsxəmin.
Birinə yazardım mən “Şəbi-hicran”,
Birinə yazardım “Sevgili canan”.
Birinə yazardım tar dilində “Şur”,
Birinə yazardım “Rəng” ilə “Mahur”.
Birinə “Humayun”, “Şüştər ahəngi”,
Birinə “Bayatı”, birinə “Cəngi”.
Birinə yazardım qəmli “Dügah”ı,
Birinə yazardım şən “Çahargah”ı.
Şirvanın, Muğanın qədim avazı,
“Bayatı Şiraz”ı, “Kürdü şahnaz”ı.
…Birinə Sarəngdən yüz rəng yazardım,
Daha yüz min gözəl ahəng yazardım!
Ey həkim, olsaydım yerində sənin,
Musiqi olardı adı nüsxəmin.
Dərdi əridərdim, tez qocaldardım,
Xəstəmi çalğıyla mən sağaldardım.

Şeirdə belə bir misra var: “Birinə Sarəngdən yüz rəng yazardım”. Şair burada həm təxəllüsünün mənasını açır, Sarəngin “yüz rəng” anlamına gəldiyini bildirir, həm də rəng sözünün çalarlarından möhtəşəm bir obraz yaradır. Ən maraqlısı isə rəngin musiqi parçası anlamına gəlməsi və insanı (şeirdə xəstəni) rəngdən rəngə, yəni haldan hala salmasıdır.
Şairin “Dəmbəlov şikəstəsi”, “Aşiqin son nəğməsi”, “Sarı bülbül fantaziyası”, “Müxəmməs”, “Masallı masalları” kimi əsərləri indiyədək yetərincə araşdırılmamışdır. Yeri gəlmişkən, qeyd edim ki, Sarəng Cənub bölgəsinin folklor nümunələrini toplayıb, Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidə təqdim etmişdir. Həmin folklor nümunələri Ərtoğrul Cavidin AMEA Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan külliyatının içərisində özünə yer almışdır.
Həkim Qəni də Sarəng kimi çoxlu peşə sahibi olan şairlərdən biridir. Hüseynov Qəni Hüseynqulu oğlu şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi və tibb xidməti polkovniki kimi tanınır. Əruzun sirlərinə dərindən bələd olması Məhəmməd Füzuli yaradıcılığı haqqında araşdırmalar aparmasına imkan yaratmışdır. Həkim Qəninin yaradıcılığında qəzəl, qoşma, gəraylı, hətta bayatı aparıcı yer tutmuşdur. Həyat yoldaşı şairə Solmaz Şirinlə şeirləşməsi Həkim Qəninin çağdaş ədəbi prosesin tələblərinə uyğun gözəl şeirlər yazdığını da sübut edir. Lakin Həkim Qənini daha çox tanıdan bu gün də müğınnilərin dilindən düşməyən və müxtəlif muğam şöbələri üstündə oxunan qəzəlləridir:

Əsrlərin İlahi sədasıdır muğamat,
Zamanların naləsi, nidasıdır muğamat

Muğamat, dahilərin kamalının zirvəsi,
Rastın, seygahı şurun nəvasıdır, muğamat.

O, qadir insanların həyata nəzərləri,
Ariflərin gözünün ziyasıdır muğamat

Muğam, müğənnilərin məharət meydanları,
Üslubu, dəsti – xətti, ifasıdır muğamat.

Böyük İbni – Sinanın sözünün fəlsəfəsi
Eşq əhlinin dərdinin dəvasıdır muğamat

Fərhadın Bisütunlar yarıb keçən tişəsi,
Məcnun, Fərhad başının həvasıdır muğamat.

Rudəki, Əbdülqədir, Mirmöhsün Nəvvabların
Ecazı, möcüzəsi, zəkasıdır muğamat.

Əqlin, hissin, şüurun, dirliyin fəlsəfəsi,
Qəni, insaniyyətin əsasıdır muğamat.

Peşəsi həkim olub, şair kimi tanınan Xanımana Əlibəyli uşaq yaşlarında ikən şeir yazması ilə diqqəti çəkmişdir. Xanımana Sabir qızı Əlibəylinin 1955-ci ildə işıq üzü görən «Balaca həkim» adlı ilk şeir kitabı da peşəsinin təsirindən yan keçməmişdir. Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Onun uşaq şeirləri orta məktəb dərsliklərinə salınmışdır. Məktəbəqədər tərbiyə müəssisələrində Xanımana Əlibəylinin də uşaq şeirləri balacalara həvəslə öyrədilir. Onun şeirləri uşaqlara ətraf aləmi tanımaqda yaxından kömək edir. Bir çox uşaq şeirlərinə musiqi bəstələnmişdir. İndiki yaşlı nəsil Xanımana Əlibəylinin uşaq şeirlərinə yazılmış musiqini sədaları altında boy atmış, onun şeirlərinin ruhu ilə tərbiyə almışdır. “Günəş olaram mən də” şeirini hamı yaxşı xatırlayır. “Yol” şeiri isə uşaqlara ən düzgün yolu göstərir:

Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur.
Bostan yolu, dağ yolu…
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada, –
Qoca olana qədər.
Bax, uşaqla doludur, –
O, məktəbin yoludur.

Azərbаycаn ədəbiyyаtındа uşаq drаmаturgiyаsı 60-cı illərdə yеni inkişаf mərhələsinə qədəm qоymuşdur. Uşаq drаmаturgiyаsının mövzu dаirəsi gеnişlənmiş, onun gənc nəslin tərbiyəsində rоlu artmışdır. Х.Əlibəylinin «Аycаn» və «Dоvşаnın аd günü» pyеsləri uşаqlаrın sevə-sevə baxdıqları tamaşalardır. Təmsil-pyеs jаnrındа yаzılаn bu əsərlər аzyаşlı uşаqlаrı dаhа çох mаrаqlаndırır. Dоvşаn, Хоruz, Cаnаvаr, Kirpi, Dələ, Аlаbаş, Tülkü və sаir аllеqоrik оbrаzlаrı uşаqlаr böyük sеvinclə seyr edirlər. Nаğıl mоtivləri əsаsındа qələmə аlınmış pyеslər isə dаhа çох tаmаşаçı marağına səbəb ola bilmişdir.
Dünyasını dəyişən həkim yazarlardan Nadir Həkim (1935-1980), Rafiq Tağı (1950-2011), Sərdar Kərimli (1954-2003) və Cabir Umud (1954-2015) əsasən şeir yazmışlar. Hekayə, povest və publisistik yazılar yazan Rafiq Tağı da öz yaradıcılığında şeirə üstünlük vermişdir. Nadir Həkim (Nadir Hüseyn oğlu Əliyev) Daşkəsən və Gədəbəydə həkim işləmişdir. Əsasən qoşmalar yazan Nadir Həkimin şeirləri aşıqların repertuarını bəzəyir. Rafiq Tağı (Tağıyev Rafiq Nəzir oğlu) Rusiyada işləmiş, 1990-cı ildə Azərbaycana gəlmiş və burada həkim kimi fəaliyyət göstərmişdir. Rafiq Tağı “Yanaşı ulduzlar” (1987), “Düşmənimin xatirinə” (1991), “Pozitiv. Neqativ” (1996), “Şahzadə Dipendranın məhəbbəti” (2005), “Ucaboy liliput” (2005), “Gənc qraf Kenterberiyski” (2006) və başqa kitabların müəllifidir.
Rafiq Tağının şeirlərində həyat həqiqətləri sanki başayaqdır, bu həqiqətləri dərk etmək üçün şeirlərin alt qatına enmək bacarığı tələb olunur. Belə demək mümkünsə, bu şeirlər kütləvi oxucu üçün deyil və salon alqışları üçün nəzərdə tutulmayıb. Bu şeirlər oxuyub düşünənlər üçündür:

Tarixdən üç alan
bir kəndçi
qızı alıb
on uşaq atası oldu.
Universitet qurtardı amma
tarixdən beş alan –
indiyəcən subaydı.
Tarixdən üç alanı
aldada bilmədilər.
Zəmanə aldatdı asanca
tarixdən beş alanı.
Tarixlərin
yalanı çıxdıqca,
tarixdən beş alan
asmağa qalırdı
özünü.
Onda
“Dəli olma”, – deyirdi ona
tarixdən üç alan.

Sərdar İsa oğlu Kərimli istedadlı şair, ədəbiyyatçı, publisist, dövlət xadimi kimi tanınmışdır, xeyirxah əməlləri və vətənsevərliyi ilə yaddaşlarda yaşayır. Onun şeirləri olduqca sadə və sadə olduğu qədər düşündürücüdür:

Qaranlıq yollarda işıq yandırar,
Dumanın yolunu tutar yaxşılıq.
Soluxmuş gülləri pərvazlandırar,
Arzunu arzuya qatar yaxşılıq.

Nadanı sındırar – hünərsiz eylər,
Gödəldər dilini, kəsərsiz eylər.
Namərdə divanı xəbərsiz eylər
Yamanın gözünə batar yaxşılıq.

Günəşdən ucadır öz baxışıyla,
Ölçülüb çəkilməz dünya varıyla.
Bir insan nəslinin cığırlarıyla
Qayıdıb özünə çatar yaxşılıq.

Cabir Umud oğlu Hüseynov Kəlbəcərin işğalından sonra Bakı şəhərində məskunlaşıb. Vətən həsrəti, yurd itkisi şairin əsərlərində də özünə yer alıb. Cabir Umudun “Qəm dəyirmanı”, “Bu daş, bu tərəzi”, “Dərdim varsa tək deyiləm”, “Bayatı yağmuru” adlı şeir kitabları çap olunub. Cəmiyyəti narahat edən məsələlərə poetik münasibət bildirən şairin şeirlərində ibrətamiz, müdrik fikirlər yer alıb:

Can eşqinə don tikənlər,
Uzun ölçüb gen tikənlər,
Beş tikənlər, on tikənlər,
Kəfənin cibi olmur.

Fani sevgilərin yolu,
Həsədlə, pisliklə dolu,
Ey azmış nəfsinin qulu,
Kəfənin cibi olmur.

Çağdaş ədəbi prosesdə sanballı sözü ilə seçilən həkim yazar Ramiz Duyğun hərbçi olmuşdur. Şair, publisist və pedaqoq Məlikov Ramiz Məmməd oğlu ehtiyatda olan tibb xidməti polkovnikidir. On beşdən artıq kitabın müəllifidir. Bundan başqa publisistik yazıları və ədəbi tərcümələri vardır. Ramiz Duyğun haqlı olaraq yazır ki:

Elə yaşamışam, məndən
İnciyib küsən olmayıb.
Tutduğum işə, əmələ
Bir dodaq büzən olmayıb.

Ramiz Duyğunun “Başını dik saxla”, “Azərbaycan ordusu”, “Qana qan”, “Yolun yarısında” və başqa şeirləri bayrağımızın, milli ordumuzun, vətənimizin qüdrətinə həsr olunub.
Ramiz Duyğundan fərqli olaraq, Tamilla Şəfəq məhəbbət şairidir. Şeirlərindəki gənclik ehtirası Tamella xanımın poetik ruhunun yüksək olmasına dəlalət edir:

Baharda çöllərə gəzməyə çıxdım,
Dərib çiçəkləri köksümə sıxdım,
Tərlanım uzaqdan baxdı, nə baxdı,
Sandım çiçəklərə qısqanır məni.

Tibb elmləri doktoru, həkim, şair, nasir, publisist Ağayeva Tamilla Sultan qızı “Kataraktanın patogenezi və müalicəsi haqda yeni konsepsiya” adlı doktorluq dissertasiyasını uğurla başa çatdırıb. Dövrü mətbuatda və ədəbi orqanlarda şeirləri, hekayələri və məqalələri tez-tez işıq üzü görür. “Nur payı” şeirlər toplusu, “Günəşi verin mənə” adlı kitabları çap olunub.
Vətənpərvərlik mövzusunda şeirləri ilə diqqət çəkən Ramiz Mövsüm (Əliyev Ramiz Mövsüm oğlu) Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, “Fidan”, “”Örümün gündüzündə”, “Anam, atam”, “Günay”, “Balaca Elşadın dostları”, “Möcüzə”, Məhəbbət abidəsi” və başqa kitabları işıq üzü görüb:

Yerin üstdə donub ağac, buzlayıb daş da,
Yerin altda tükənməyən hərarət vardır.
Qarabağa qonaq gəlir payız da, qış da,
Amma onun ürəyində hər vaxt bahardır!

Digər bir ağdamlı həkim şair Zakir Ağdamlı (Əliyev Zakir Hüseyn oğlu) həm də ictimai xadimdir. Şeirləri dövrü mətbuatda, ədəbi orqanlarda və ədəbi toplularda çap olunub. Onun ”Könlümün aynası” və “İlahi, dağlara qovuşdur məni” kitabları işıq üzü görüb.
Zakir Ağdamlının “Bayrağım”, “Ağdam”, “Ocaq daşım yurd yerim”, Doğma yurdum Azərbaycan”, “Şuşa harayı”, “Bülbül” və başqa şeirləri vətənpərvərlik mövzusundadır. O, doğma yurdu Ağdama iki şeir həsr edib:

“Ağdam Qarabağın toy otağıydı”,
Mən elə bağlıydım əzələ, Ağdam!
İgidlərin saymaq ilə qurtarmaz,
Bənzər bir qənirsiz gözələ, Ağdam!

İkinci “Ağdam” şeiri qəmli nəğmə təsiri bağışlayır:

Sevənlər həmdərd olacaq,
Gücüm haya dərd olacaq.
Cavab elə sərt olacaq,
Sənə qurban canım, Ağdam,
Ay şöhrətim, şanım, Ağdam!

“Gözlər” adlı ilk şeri ilə 13 yaşında ədəbiyyata gələn Paşa Qəlbinur tibb elmləri doktoru, professordur. Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Paşa Qəlbinurun şeirlərində dünya, həyat, işıq, torpaq, bir sözlə, hər şey haqqında fikirlər var. Amma bu şeirlərin hamısından işıq seli bir qırmızı xətt kimi keçir:

Hər gün Sənin nurunla
Dolur bağrım, İlahi!
Gözlərim işıqlanır…
Bu qaranlıq otaqda
Bir ilahi şam yanır…
Bu qələm – nur-bıçaqdı.
Bu qaranlıq dünyada
Yanır bir ilahi şam.
Allah, sənin ətəyin –
İşıqdı
Ətəyindən tutmuşam…

Paşa Qəlbinurun yaradıcılığı haqqında A. Əliyeva, A.Məmmədov və B.Ələsgərovun kitabları çap olunmuşdur. Onun on beşdən artıq bədii və elmi kitabı işıq üzü görüb.
Həkimlərin bədii yaradıcılığında şikayət motivli şeirlərə də rast gəlirik. Bu şikayətlərin mövzusu klassik ədəbiyyatdakı giley-güzarla, dünyanın vəfasızlığı kimi motivlərlə səsləşir. “Nə gücüm qalmayıb, nə də taqətim, Çıxam ağuşundan, qoca dünyanın”. Bu misralar İntiqam Bağırovun “Qoca dünyanın” şeirindəndir. Həkim yazarın şeirlərində ədəbi qəhrəmanın daxili narahatlığı daha çox qabardılır:

Günəş asta-asta qüruba enir,
Xəyal qoşununu çəkir üstümə.
Nalələr, fəryadlar imdada yetmir,
Gecə qılıncıyla durur qəsdimə.

İntiqam Bağırov Qarabağ müharibəsi əlilidir. Həcc ziyarətində olub. Onun şeirləri dövrü mətbuatda, ədəbi orqanlarda və müxtəlif almanaxlarda işıq üzü görüb.
Hər gün bir az Nəsimidən kömək istəyən, dərisi soyulmağın necə olduğunu bilmək istəyən
həkim, şair və nasir Tofiq Nurəlinin poetik dünyası daha heyrətamizdir. Hacıyev Tofiq Niyətulla oğlu müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışib.
Tofiq Nurəlinin ən təsirli dərmanı sözdür:

Bizim biletimiz o qataraymış,
Boş getdi yerimiz,
Xoş getdi yerimiz-
bilmirəm.
Mən gördüm  o qatar
elə bil həvəssiz-
lap yavaş getdi,
Tamburda beş-altı sərxoş getdi.
Bizim biletimiz o qataraymış-
Bu gələn  qatardan gözlərini çək,
Bu qatar bizləri götürən deyil,
Bizim biletimiz yanıb, əzizim…

Tofiq Nurəli səksəninci illər ədəbi nəslinin nümayəndəsidir. Şeirləri gənc yaşlarından ədəbi orqanlarda, hətta “Literaturnaya qazeta”da işıq üzü görən Tofiq Nurəlinin “Şehli kəpənəklər”, “Yağışdan sonra”, “Tənha bir qüssə”, “Tənha payız çiçəyi” və başqa kitabları çap olunub. Tofiq Nurəlinin şeirləri kövrək hissləri ifadə edir:

Salıram pencəyimi
çiyninə başdaşının,
hava şaxtadır yaman…
…Bəlkə çıxıb yadından-
bax beləcə bir zaman
salardım pencəyimi
sənin çiyinlərinə…
bir az üşüməkdən qoruyardım səni,
bir az özümə bükərdim səni…

Belə kövrək misraların müəlliflərindən biri həkim, şair və publisist Fəxrəddin Ziyadır. Rus və fars dillərini mükəmməl bilən, “Qayıt məni qınamağa”, “İl ayrıcında”, “Zaman, səndən hara qaçım”, “Mənim şair anam”, “Yazıçılar”, “Bu da bir istəkdi”, “Şeiriyyətim, şeirim” və sair poetik topluları nəşr olunan Fəxrəddin Ziya (Əliyev Fəxrəddin Mansur oğlu) həkim kimi müxtəlif vəzifələrdə çalışıb, Əfqanıstanda işləyib, Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Səhiyyə Nazirliyinin idarə rəisi vəzifəsinədək yüksəlib. Çoxlu sayda mahnı mətnlərinin müəllifidir. Onun şeirləri ibrətamizdir, düşündürücüdür:

Bütün ölçülərin başında durar
haqqı əzəmətlə ölçülən kişi.
Gözündən od yağar, çöhrəsindən nur
yüz kişi içində seçilən kişi.

Yox bir əməlində naqislik, eyib,
hamıya dost deyib, qardaş söyləyib.
Nə mənsəb, nə dövlət onu əyməyib,
kişilik boyuna biçilən kişi.

Rafiq Vəlizadə (Vəliyev Rafiq Kərəm oğlu) “Dağlar o dağlardı, o çağlar hanı?”, “Payız”, “Həyat nəğməsi”, “Olan oldu, keçən keçdi”, “Günahlarım, cəzalarım”, “Buludlar” və başqa şeirlərində təbiət, cəmiyyət və həyat probleminin poetik həlli axtarılır.
Rafiq Vəlizadənin “İndi məni tanımadı” mahnısı uzun müddətdir ki, müğənnilərin repertuarından düşmür:

İllərlə sevib-seçdiyim,
Peyman edib, and içdiyim,
Yolunda candan keçdiyim
İndi məni tanımadı.

Həmişə gizlin gələrdi,
Üzümə xəfif gülərdi,
Mənlə sevincin bölərdi,
İndi məni tanımadı.

Nə usandım, nədə bezdim,
Hər cürə nazına dözdüm,
Min bir əzabına dözdüm,
İndi məni tanımadı.

Bilmirəm nə olub getdi,
Məni dərdə salıb getdi,
Ürəyimi alıb getdi,
Daha məni tanımadı.

Manafağa Səmədağa oğlu Feyzullayev tələbəlik illərindən şeir yazır. “Yaxşı söz məlhəmdir” adlı şeirlər kitabı işıq üzü görüb. Onun şeirlərindən biri xalatla ömürlük ülfət bağlayıb evlərə təbəssüm paylayan həkim haqqındadır: “Şirin yuxusunu doğma ana tək xəstə yuxusuna calayır həkim”. Manafağa Seyfullayevin insanlar arasında etik münasibətlərə həsr olunan şeirləri də çoxdur:

Xəbərsiz-ətərsiz, yad qonaq kimi
Qapının zəngini çalar şübhələr.
Uşağı, böyüyü, qoca-cavanı
Fikir dəryasına salar şübhələr.

Bəzən qəfil gələr, tez çıxıb gedər,
Bəzən sevinc olar, bəzən də kədər.
Yediyin, içdiyin zəhərə dönər,
Acı tikan kimi dalar şübhələr.

Heç məhəl də qoymaz xəstə-bimara,
Yarı həsrət qoyar sevdiyi yara,
Gözünə görünər ağ da zil qara,
İlan tək, əqrəb tək çalar şübhələr.

Şeir poetik səviyyəsinə görə emosional, emosional-intellektual və intellektual olur. Emosional şeirlər hissləri ifadə edir. Emosional-intellektual şeirlər düşündürüb hissləri tərpədir. İntellektual şeirlər düşündürür. Ahəngdən, ritmdən müdrikliyə doğru inkişafı müasir poeziyada müşahidə etmək çətin deyil. İntellektual şeir abstrakt, ağ, sərbəst pillələrdən keçir. Daha çox emosional-intellektual şeirlər yazan Əfrahim Hüseynli istedadlı şair olmaqla bərabər, həm də insanların rəğbətini qazanmış bir həkimdir. Rəhbərlik etdiyi kollektivdə böyük nüfuza malik olan Əfrahim neçə-neçə ailəyə sevinc bəxş etmişdir. Onun həyat yolunu özünün qələmə aldığı “Atamdan sonra” şeiri daha yaxşı ifadə edir:

Əllərim uzalı, əlini verməz,
Yaxşı ki, bu dərdi, həsrəti görməz.
Əyilib öpsəm də, yerini verməz
Bu qara torpağı atamdan sonra.

Bir vaxt sındırardı bar ağacları,
Torpağı öpərdi nar ağacları.
İndisə, əyibdi qar ağacları,-
Budanmır budağı atamdan sonra.

Ay ana, hardadır köçən qızların?-
Bu dərdi mənimtək çəkən qızların?
Ayağı kəsilib vəfasızların,
Bilinmir sorağı atamdan sonra.

Düşən işıq idi zülmətə bu ev,
Bilmədik yurd olar xiffətə bu ev.
Yaman alışmışdı söhbətə bu ev,
Azalıb qonağı atamdan sonra.

Günlər ötüşəcək necə, bilmirəm,
Dərd su yerindədi, içə bilmirəm.
Daş-kəsək əlindən keçə bilmirəm
Bu yolu-yolağı atamdan sonra.

Ana, saçlarının hanı qarası?
Bu ömrün həsrətdir qalan yarısı.
İnciyib küsəndə, de, kim oxşasın
Balaca Afaqı atamdan sonra?

Əfrahim Hüseynlinin mərkəzi mətbuatda çap olunan ilk qələm təcrübəsi “Bakının gecə lövhəsi” şeridir. Tələbəlik dövründə şeirləri müxtəlif ədəbi dərnəklərdə müzakirə olunub və bəyənilib. Şeirləri Türkiyədə də işıq üzü görüb. Əfrahim Hüseynlinin “Səni gözləyə-gözləyə”, “Yollar qayadan asılır”, “Ömrü hamıtək yaşasan”, “Məni axtaran varsa”, “Nə yaman çətinmiş məni tanımaq”, “Yağan yağış yollarını döydümü”, “Ürəyi aldatmaq olmur” adlı kitabları nəşr olunub.
Rəfiqə Qasımqızı (Rəfiqə Qasım qızı Abbasova) Tibb İnstitutunu bitirib və həkim işləyir. Onun “Yaşanan ömrümdə yeni ömürsən” və “Payız dodağında oxunan nəğməm” adlı şeirlər kitabları nəşr olunub. Rəfiqə Qasımqızının şeirləri əsasən məhəbbət mövzusundadır. Lakin onun elə ağrılı şeirləri var ki, hamının qəlbini titrədir:

Ürəkdə göz yaşı bitirər kədər,
Çayır tək kökləri gedər dərinə,
Gecəli-gündüzlü ürəyi didər,
Kədər şərik olsa fikirlərinə.

“Mənim bircə dünyam var, o da mənim içimdə” deyən Firdovsi Ələmoğlu (Hacıyev Firdovsi Ələm oğlu) Dəvəçi (indiki Şabran ) rayonunun Kiçik Həmyə kəndində anadan olub. “Minnətdaram tanrıma” və “Kökə bağlıdır” adlı şeir və poemalar kitabları işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Vətən, vətən olarmı heç?!”, “Bircə məhəbbəti alma əlimdən”, “Bu dünya heç kimindir”, “Çiçəklən, çiçəklən, Azərbaycanım!”, “Demə məhəbbət də saxta olarmış”, “Deyirsən gedirəm”, “İlk sevgi”, “Kökündə axtar” və başqqa şeirlərində vətənpərvərlik və məhəbbət hissləri poetik şəkildə ifadə olunub. Şair şeirlərindən birində haqlı olaraq deyir ki:

Hər deyilən sözə məna vermə sən,
Məhəbbət gələndə heç yaşa baxmır.
Məhəbbət elə bir fırtınadır ki,
Gələndə enişə, yoxuşa baxmır.

Malik Xəlil Ağagüloğlu (Xəlilov Malik Ağagül oğlu) da Şabranda doğulub. İlk qələm təcrübəsi “Əmək” şeiridir. Şeir, hekayə, satirik hekayə və povestlərdən ibarət altı kitabı işıq üzü görüb. Şeirləri Türkiyədə çap olunub. Publisistika ilə də məşğul olur. Onun müxtəlifməzmunlu şeirləri içərisində “Təbib qardaşım, təbib bacım” şeiri xüsusilə fərqlənir:

İnsana can sağlığı Tanrının nemətidir,
Ona keşikçi olmaq – bəxtinin qismətidir .
Xəstənin sağalması zəhmətin qiymətidir .
Səndə tapılır yenə hər dərdimə əlacım,
Mənim təbib qardaşım, ey mənim təbib bacım .

“Neçə əzablar doğulur, ölür içimdə” deyən Şahnaz Şahin də oxşar üslubda yazır:

Daha heç nə qalmadı,
İndi nədən danışaq?!
Küsülü də deyilik,
Külək əsə,barışaq.

Yenə bir şey fikirləş,
Nəsə bir hoqqa çıxar.
Lap bir xəlvət şəkil çək,
Yanında da arzular…

Şeir, poema və publisistik yazılardan ibarət dörd kitabı işıq üzü görən Şahnaz Feyzulla qızı Nəsirova-Babayevanın zəngin poetik dünyası var. O, öz fikirlərini özünəməxsus şəkildə ifadə edir. “Lap hərdən təklikdən gizlənib yazıram sənə məktub, Ona namə, özümə mesaj” misraları şairin narahat duyğularını ifadə edir.
Süleyman İsmayılın da şeirləri mətbuatdda tez-tez işıq üzü görür. “İtən nəğmələr”, “Son yarpaqlar” və “Ötən ilin buludları” adlı şeir kitabları, “İgid yarasız ölməz” publisistik kitabı çap olunub. Şeirləri yüksək poetik səviyyəsinə görə seçilir. Bunu Süleyman İsmayılın yaradıcılığından gətirdiyimiz nümunələr də təsdiq edir. “Bu dünya mən deyən deyil” şeirindən:

Hanı sən dediyin nağıllı dünya?
Hanı o nağıllı, noğullu dünya?
Hanı o sən deyən ağıllı dünya?
Bu dünya dəlidir, sən deyən deyil.
Hər sirri bəllidir, mən deyən deyil.

“Ürəyimin ağrısı” şeirindən:

Sanki bir daş düşüb batıb sinəmdə,
Göyərib, böyüyüb artıb sinəmdə.
Hələ sakit-sakit yatır sinəmdə,
Mənim ürəyimin bir ağrısı var.

Deyə bilmədiyim sözümdür, yatır,
Yaramın qopacaq gözüdür, yatır.
Dözülməz ağrıdır, – dözülür, yatır,
Mənim ürəyimin bir ağrısı var.

Şair, həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, millət vəkili Musa Urud (Musa İsa oğlu Quliyev) ədəbi fəaliyyətinə görə müxtəlif mükafatlar almışdır. “Nuh, gəminə götür bizi”, “Tanrı şam yandırıb”, “Ömürdən 101 şer”, “Üzü haqqa gedirəm”, “Urud”, “Haqqın var yaşamağa”, “Vətən and yerimiz”, “Zəngəzur”, “Uruda iki səfər”, “Hər nə varsa”, “Zəngəzur toponimləri” adlı şeir, poema, bədii, elmi və siyasi publisistika kitablarının müəllifidir.
Doğma yurdu elliklə tərk etmək məcburiyyətində qalan şairin poeziyasında vətən həsrəti, didərginlik taleyi, el dərdi, müharibə ağrı-acıları aparıcı motivləri təşkil edir:

Vətən bölük–bölük, el para–para,
Qalsın belə ömrü, qalsın ağlara.
Üzüm Allahadı, yönüm dağlara
Aşdığım təpədi, yaldı, bilmədim.

Durat girə keçdi, Qırat əllərə,
Yurda talan düşdü, qarət ellərə.
Fələk əl uzatdı qara tellərə,
Daradı bilmədim, yoldu bilmədim.

Silindi cığır da, kəsildi yol da
Yaş gözdə göynədi, bayatı dildə.
Kəkotu qayada, bənövşə kolda
Saraldı bilmədim, soldu bilmədim.

Dağlar qəsrim idi, qayalar taxtım,
Qarışdım bulanıq sellərə axdım.
Şeytan əl uzatdı, əlini sıxdım
Mələk libasında gəldi, bilmədim.

Adımı üzümə rübənd eylədim,
Ömrümü arzuma kəmənd eylədim.
Haqq sözü cır işə peyvənd eylədim,
İçimdə bir şair öldü, bilmədim.

Süleyman İsmayıloğlu (İsmayılov Süleyman İsmayıl oğlu) da Qərbi Azərbaycandandır, Spitak rayonunun Saral kəndində  doğulub. Süleyman İsmayıloğlunun “Tanrı milləti” adlı kitabı çap olunub. Onun da şeirlərinin mayasında Vətən həsrəti motivləri dayanır:

Hər gecəm, hər gündüzüm gözlərim hey yol çəkir,
Qələbə müjdəsi ilə imza atır, qol çəkir.
Həsrətimə dən düşür, xəyalımda qəm, fikir-
Yolum yoldan ayrılıb-o gündən nigaranam,
Vətəndən nigaranam!

Tariximin izini tikən tapılmaz orda,
Düşmənimin gözünü tökən tapılmaz orda,
Yurd yerinin nazını çəkən tapılmaz orda-
İlk eşqim sinəsində bitəndən nigaranam:
Vətəndən nigaranam!

Kimsəsizmi gördülər, silahsızmı bildilər,
İmansızmı tanıyıb, Allahsızmı bildilər.
Bölünmüş ürəyimi yenə tən-tən böldülər-
Yarasından qan axan o təndən nigaranam-
Vətəndən nigaranam!

Zəkiyyə Elruh da Spitak rayonunun Saral kəndində anadan olub. Bu həkim şair xanımı şeirə gətirən vətən həsrətidir. Pənahova Zəkiyyə Həsən qızının şeirləri ədəbi toplularda dərc olunub. “Vətəndən ayrılan ölüncə ağlar” (1996), “Bizdən aralı dağlar”(2000), “Könlümün harayları” (2004), “Payızda açan güllər” (2008) və “Vida rəngli yarpaqlar” (2014) adlı kitabları işıq üzü görüb. Zəkiyyə Elruhun dərdi yurd dərdidir:

Allah, məni külə döndər,
Hara gəldi əsə bilim.
O dağlara, dərələrə,
Düzlərə tələsə bilim.

Allah, məni sərhəd bilməz,
Sədd tanımaz yelə döndər.
Ya o torpağı yalayan
Dəli-dolu selə döndər.

Ya da məni elə yandır,
Elə yandır, külə dönüm.
O torpağı gübrələyib,
Qoynunda bir gülə dönüm.

Zəkiyyə Elruh anasının getdiyi torpağa özü ayaq basa bilmir və bu dərdi içində çəkə-çəkə yaşayır.
Qərbi Azərbaycandan olan digər həkim şair xanım Nazilə Gültac Hüseynzadədir. “Suya yazılan sevda”, Yaşıl pıçıltı”, “Qəlbdən dodağa”, “Ben gönlümü bilmezmiyim” şeirlər kitablarının , “İtin payı” povest və hekayələr kitabının müəllifidir.
Nazilə Gültac da şeirlərini qürbətdə qalmış Vətən eşqiylə yazır:

Əsər xəzan yeli ömrüm üstünə,
Tökər yarpağını səbrim üstünə,
Yol alıb bir payız qəbrim üstünə,
Gəlsə, dəli sevdam onda ovunar.

Olanım, olmazım pərən-pərəndi,
Nəğmələr dilimdə “Yanıq Kərəmdi”,
Vüsalı, hicranı bəndi-bərəmdi,
Gəlsə, dəli sevdam onda ovunar.

Deməsin aylarım , ilim qabaqda,
Dünyanın işləri tərs dolanmaqda,
Gedişin gəlişi hey yubanmaqda,
Gəlsə, dəli sevdam onda ovunar.

Min ildi Gültacın qəlbi yaralı,
Yollar ayrıcında yardan aralı,
Boylana- boylana qalıb qübarlı,
Gəlsə, dəli sevdam onda ovunar.

Məmmədyar Məmmədyarlı da doğma yurdundan didərgin düşmüş həkim şairdir. Məmmədyarov Məmmədyar Hilal oğlu Zəngilan rayonunun Genlik kəndində doğulub. Şeirləri müxtəlif ədəbi toplularda işıq üzü görüb. Dörd şeir kitabının və müxtəlif publisist yazıların müəllifidir. Yurd sevgisi, Vətən həsrəti, el-oba yanğısı misralarını oda qalayır:

Bir zamanlar mən də bəxtəvəriydim,
Sultan olmasam da, bir yavəriydim,
Tutuquşu kimi dilavəriydim,
Qorxudan tutulmuş dilə dönmüşəm.

Yağılar başıma oyun açıbdi,
Ev-eşik yanıbdı, divar uşubdu,
Qırılan qırılıb, qaçan qaçıbdı,
Kimsəsiz bir viran elə dönmüşəm.

Çağdaş ədəbiyyatda vətənpərvərlik mövzusundan söhbət edərkən birinci növbədə Şahin Musaoğlu yada düşür. Onun yazdığı və nəğmə kimi oxuduğu şeirlər dillər əzbəridir. Şahin Musa oğlu Əbilov Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradıb. Şahin Musaoğlu özünün Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş “İgid əsgər, möhkəm dayan!” adlı ilk hərbi-vətənpərvərlik mahnısını bəstələyir. Bu mahnı televiziya ekranında səslənən kimi şöhrət tapır. Sonra Şahin Musaoğlu növbəti savaş türkülərini yazır. “Qərib Karvan”, “Birinci Batalyon”, “Cənab Leytenant” və sair mahnıları ona şöhrət qazandırır. Onun “İgid əsgər, möhkəm dayan”, “Vətən çağırır” və “Bozqurd harayı” audio kassetləri, “Öncə Vətəndir”, ”Cənab Leytenant”, “Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləri Azərbaycanda və Türkiyədə geniş yayılıb.
Şahin Musaoğlunun şerləriində vətənsevərlik əsasdır. “Boyasız, qələmsiz, bəzəksiz”, “Payız”, “Qızılağac melanxoliyası”, “Bilirsənmi?”, “Vətən oğullar üstədi”, “Vətən qarışla ölçülər” və “Dualar” şeirlərində vətən sevgisi hər misradan boylanır. “Vətən oğullar üstədi” şeirindən:

Mən də gördüm bu dünyanı,
sən də öyrən, sən də tanı!
O ulu əcdadlar hanı?-
dünya məzarlar üstədi.

Biz gedərik, yurd qalacaq,
Yurddan ocaq-od qalacaq.
Ərənlərdən ad qalacaq,
Vətən oğullar üstədi.

“Dualar” şeirindən:

Canım Vətən, gözüm Vətən,
ocağını əsirgəmə –
alovlansın közüm , Vətən!
Canım Tanrım, gözüm Tanrım,
Nəzərini əsirgəmə –
Bu zavallı,
Bu əzabkeş,
Bu xeyirxah millətimdən!

Şahin Musaoğlunun “On altı ilin savaş hekayəsi” essesi Ziqmund Freyd və onun bütün cəmiyyətlər tərəfindən birmənalı qarşılanmayan ideyaları haqqındadır.
“Mən bu yurdun şairiyəm” deyən şair, publisist, pedaqoq Azadə Taleh Abbas (Hüseynova Azadə Abbas qızı) həkim və jurnalist ixtisaslarına yiyələnib. Azadə Taleh Abbas Həkimləri Təkmilləşdirmə İnstitutunun baş müəllimidir. O, çoxlu sayda bədii və elmi kitabın müəllifidir. Könlündə sevgidən çiçəklər açan şair xanım sözü müqəddəs bilir:

Mən bu yurdun şairiyəm,
Şerim sözüm müqəddəsdir.
Mən şan şöhrət istəmirəm,
Məni xalqım sevsin müdam
Bu məhəbbət mənə bəsdir.
Doğru sözün aşiqiyəm,
Xoş gündüzün aşiqiyəm.
Rəbbin, Haqqın aşiqiyəm,
Arzularım müqəddəsdir.
Bu məhəbbət mənə bəsdir!

Xasay Bayram (Bayramov Xasay Bayraməli oğlu) lal sükutu dinləyib, özünü, sözünü unudan, tənhalığın əlindən tutub ömrünün son payızına gedən şairin duyğuları oxucunu ağuşuna ala bilir:

Qayğılı- qayğısız günlər ötüşüb,
Ayların, illərin naxışı sınar.
Sənin yaddaşında necə var qalıb
Gedirəm ömrümün son payızına…

Rəna Fərrux qızı Hacıyeva Uşaq Nevroloji Xəstəxanasında həkim-nevropatoloq işləyir. İlk yaradıcılıq nümunələri əsasən “Kredo” qəzetində çap olunan Rəna Hascıyeva müxtəlif mövzularda şeirlər, esselər qələmə alır. Onun poetik duyğuları ovqata köklənir:

Ovqatı qarışan fəsillər kimi
Gah qışda qaliram,gah yaz oluram.
Səmayla danışan dəlilər kimi
Dūnyanı dolaşan səyyah oluram.

Qürbət eldə yaşayıb Vətəni layiqincə təmsil edən iki həkim şair xanımın – Afaq Şıxlı və Solmaz Qəribelin imzalar çoxlarına tanışdır. Öz peşəsinin ustası olan bu xanımlar Rusiyada yaşayır, işləyir və yaradırlar.
Həkim kimi ali təhsil alıb, ədəbi yaradıcılığından qalmayan Afaq Şıxlı həm də tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Afaq Şıxlı (Şıxlinskaya) Moskva Ədəbiyyat İnstitutunun Ali Ədəbiyyat kurslarını əla qiymətlərlə bitirib və burada “İdrak” BGM-də Azərbaycan dili və ədəbiyyatını tədris edir.
İşi və ictimai fəaliyyəti ona bədii yaradıcılıqla məşğul olmağa mane olmur. Afaq Şıxlı rus və türk dünyası ədəbiyyatından bədii tərcümələr edir, publisistik yazılar, şeirlər və hekayələr yazır. “Qəlbimin dedikləri” (2003), “Sevərsənmi?” (2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm” (2011), “Ömrümün beşinci fəsli” (2013), “Dostlarım, bana da bahar gönderin!” (Türkiyə türkcəsində, 2013), “Bədii tərcümələr” (Saratov, 2014), “Sənə demədiklərim” (2015), “V poiskax sebya” (Moskva, 2017), “Sakura dueti” (Yaponiya, ingilis və yapon dillərində, 2017) adlı kitabları işıq üzü görüb.
Azərbaycandan kənarda yaşamasına baxmayaraq, öz şeirlərində ana dilimizin şirinliyini qoruyub saxlayan Afaq Şıxlı bədii gözlənilməzlikləri ilə oxucusunu təəccübləndirə bilir. Hansı mövzuya müraciət edirsə, bu mövzuda deyilənlərə yekun vurur və yenilik axtarışına can atır. Bu yenilik fikir yeniliyi, ifadə yeniliyi, deyim yeniliyidir. Ana haqqında çox yazılıb, bu mövzuda yeni fikir demək çətindir, amma Afaq Şıxlı özündən əvvəlki şairlərdən fərqli bir Ana obrazı yarada bilir:

Analar
qucaqlarında özümüzü,
qəlblərində qəm yükümüzü daşıyırlar.
Analar
kişi qeyrəti çəkib
qadın ömrü yaşayırlar.
Gözlərilə qor götürüb
ömrümüzün çırağını yandırırlar analar.
Saflıqda, paklıqda
göylərdən enmiş mələyi andırırlar analar.
Dar gündə Nüşabə, Həcər olurlar,
Xoş gündə – Nigar…

Həsrət, intizar gizli şəkildə olsa da, qürbət ömrü yaşayan Afaq Şıxlının şeirlərinə sığal çəkir. Bəlkə də buna görə, şair xanım “Həyat məni dalğa kimi sahillərə çırpa-çırpa təmizləyir”, deyir. Amma bu hisslərdən qaçmaq o qədər də asan deyil, çünki insanın Vətəndən uzaqlarda həyatla “əlbəyaxa çarpışımda ümidləri qaralır”.
Qürbətdə yaşayıb-yaradan həkim yazarlarımızdan biri də Solmaz Qəribeldir. Solmaz Qəribel (Solmaz Bəhlul qızı Həsənova) 2004-cü ildən Rusiyanın Həştərxan (Astraxan) şəhərində 1 saylı uşaq poliklinikasında nevroloq-həkim vəzifəsində işləyir. Solmaz xanım deyir ki, iki dəfə vətənsiz qaldığına görə, əvvəl Ağdərədən, sonra isə doğma Azərbaycandan uzaq düşdüyü üçün özünə Qəribel təxəllüsünü götürüb. Solmaz Qəribelin “Məni məndən alan dünya” adlı şeirlər kitabı çap olunub. Solmaz Qəribelin şeirlərində sevgi və vətən həsrəti aparıcı mövqedədir. Bu da onun qürbətdə yaşaması və işləməsi ilə bağlıdır. Həkim və şair Solmaz Qəribel şeirlərində də qərib kimi görünür. “Ömrü bir ağac kimi kökündən qopan” şair xanımı zaman yalan vədləriylə “körpə uşaq kimi ağladır”:

Daşan sellər, sular yudu, apardı,
Çırpdı qayalara qalan ömrümü.

Moskvada yaşayan həkim Zülfüqarova Dilşad İlqar qızı tələbə olsa da, yaradıcılıq nümunələri diqqət çəkir. O, şeirlərini rus dilində yazır. Ulduzları saya-saya Simurq kimi alovlardan keçən Dilşad xanımın şeirlərini Azərbaycan oxucularına Afaq Şıxlı təqdim edir:

Sevginizi dilinizə almayın,
Görməsinlər aranızda ülfəti.
Duyğuları aşkar etmək asandır,
Bir sirr kimi bəsləməksə çox çətin.

Sevgi gizli dəfinəyə bənzəyər,
Nişanıdır o, günəşin, həm ayın.
Sevənlərə körpə kimi göz dəyər,
Sevginizi dilə-dişə salmayın.

Vəliyev Habil Çərkəz oğlunun “İki duyğu arasında” adlı kitabı çap olunub. Dünyasını dağıdıb, yenidən qurmaq istəyən Habil Vəliyev doğma yurda dönəndə doğmalarının yoxluğundan səksənir, sönmüş ocağı, suyu sovulmuş həyəti görüb, “Açın bu qapıları!” deyir, amma səsinə səs verən olmur. Onun şeirlərində metaforik ifadələr boldur:

Sıxıb dişini dişinə,
Buludların təri çıxıb.
Neçə gündür yağış yağır,
Bu dünyanın kiri çıxıb.
Göylər düşübdür inada,
Yer də ki salmayır yada,
Cismim qalıbdı havada,
Ruhum sudan quru çıxıb.
Tanınmış jurnalist, həkim, yazıçı, Milli Məclisin üzvü Qənirə Ələsgər qızı Paşayeva çoxlu sayda ədəbi və publisistik kitabın müəllifidir. “Mənim yaralı atam, mənim bəlalı anam, Qarabağ!” deyib haray çəkən, “Ruhuma vətənsən, gözümə torpaq”, deyib doğma torpağa səcdəyə gələn Qənirə Paşayeva şeirlərində daha üsyankar görünür:

Əyan olsun qoy hamıya,
Bəyan olsun qoy hamıya,
Qoy and olsun Xocalıya!
Sənsiz bizə haram olsun
bu gen dünya!
Dönəcəyik sənə bir gün,
QARABAĞIM!
QARAM, AĞIM

Həkim yazarların ən gənc nümayəndəsi Pərvin Abbaslı (Abbasova Pərvin Elçin qızı) on bir yaşindan şeirlər yazır, mənsur seirlər, esselər və mənalı sözlər səklində poetik duyğularını ifadə edir. Pərvin Abbaslının “Rəngarəng həyat” adlı ilk poetik toplusu 2015-ci ildə işıq üzü görüb. Pərvinin peşəsi və işi dərdini danışmağa adam gəzən xəstələrlə bağlıdır. Pərvin dünyanı və insanları alt qatdan, kimsənin görə bilmədiyi və görməyə can atmadığı bir aləmdən müşahidə edir. O, kövrək bir şair qadın kimi insanların dərdini çəkib öz dərdi eləyib. Onu duymaq, başa düşmək üçün qafiyələrinin tarazlığını, yaxud taraz olmadığını qabartmağa ehtiyac yoxdur. Sadəcə, bu şeirlərin və esselərin daxilindəki ağrıları görmək kifayətdir.

İllər ürəyimdə qalan yaradır,
Hərdən xatirələr onu qanadır.

***
Həkimlər nəsr yaradıcılığı sahəsində də Azərbaycan ədəbiyyatı üçün böyük işlər görmüşlər. Yazıçı həkimlər maarifçilik ideyalarının aparıcı simaları olmuş, ictimai-siyasi əhəmiyyət daşıyan əsərlər yaratmış, uşaqlar üçün maraqlı hekayə və povestlər yazmışlar. Onların qələmindən zamanın social problemlərini qabardan pyeslər çıxmışdır. İxtisasca həkim olan yazıçıların ədəbi fəaliyyəti peşə fəaliyyətini tamamlamışdır. Həkim, yazıçı, publisist, dövlət xadimi olan Nəriman Nərimanov (1870 -1925) siyasi və ədəbi fəaliyyəti ilə daha çox tanınmışdır. Nəriman Nərimanovun siyasi fəaliyyətini maarifpərvərliyi və yazıçılığı tamamlayır. Yazıçı “Bahadır və Sona” əsəri ilə Azərbaycan milli romanının əsasını qoymuş, “Nadir şah” dramı ilə ilk tarixi faciəni yaratmışdır.
Yazıçı Qantəmir (1888-1944) də həkimlikdən çox ictimai fəaliyyəti ilə tanınır. Adı və soyadı Qafur Əfəndiyev olan Qantəmir daha çox müəllim kimi çalışmış, “Tazə həyat”, “Tərəqqi” və digər mətbu orqanlarda elmi-pedaqoji məqalələrlə çıxış etmişdir. Qantəmir “Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri əsasında satirik hekayələr yazmış, satirik nəsrin davametdiricilərindən biri olmuşdur. Kəskin yazılarına görə Qantəmir repressiyaya olunmuşdur.
Repressiya qurbanı olan sənətkarlardan biri Tağı Şahbazi Simurğdur. Tağı Şahbazi Simurğ (1892-1937) yazıçı-publisist, həkim, ictimai xadim kimi tanınmışdır. Bədii yaradıcılığa inqilabdan əvvəl başlamış, «Quşlar kimi azadə», «İyi aləm», «Südçü qız», «Aclar» və digər hekayələrində dini fanatizm, istismar dünyası, xalqa yad «ziyalılar» tənqid olunmuşdur. «Haqsızlıq dünyası», «Hacı Salman», «Ağanın kənizi», «Məşədi Qədimin evində bədbəxtlik», «Azadlıq üçün cinayət», «Zərifə», «Küləkli bir axşam» və digər hekayələri zamanın haqsızlıqlarına güzgü tutur. Simurğun «Düşmənlər» povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizəyə həsr olunub.
Həkim Yusif Yaqub oğlu Əhmədovun (1939 – 2012) ədəbi fəaliyyət dairəsi janr etibarı ilə genişdir. Yusif Əhmədov nəsrlə məşğul olmuş, dram əsərləri və şeirlər yazmışdır. O, bir müddət Tacikistan və Əfqanistan rеspublikalarında işləmişdir. Buna görə də onun ilk kitabı 1965-ci ildə “Əfqan hеkayələri” adı ilə Düşənbə şəhərində fars dilində çap оlunmuşdur. Yusif Əhmədov publisistik fəaliyyətlə də məşğul olmuşdur. Onun “Ələkeçməzlər” əsərində Bakı şəhərində və əyalətlərdə baş vеrən müxtəlif kriminal hadisələrdən bəhs olunursa, “Qara yеlkənli qırmızı gəmilər”, “Dnеpr üzərində şəfəq”, “Ruhların qayıtması”, ”Məxmər yuxuların mahnısı”, ”Əzablı yоllarla” “Tоrpağa tökülən qan” “Tоpxana mеşəsində görüş”, “Zülmətdən işığa dоğru”, “Tоrpağa tökülən qan” və digər rоman, pоvеst və hеkayələrində çağdaş ictimai-siyasi durum, etik münasibətlər durur.
Ədəbi fəaliyyəti ilə diqqət çəkən nasir həkimlərdən biri Asif Kəngərlidir. Asif Kəngərlinin ilk qələm təcrübəsi 2002-ci ildə yazdığı “Bəla” pyesidir. Onun bədii əsərləri ilə yanaşı, təbabətə dair kitabları da işıq üzü görüb. “Bəla” və “Zəhrimar”(2015) əsərləri Azərbaycan Milli Radiosunda radiotamaşa şəklində dinləyicilərə təqdim olunub. “Bəla” radiomuzun Qızıl Fonduna daxil edilib.
Əsərləri daha çox təəssürat xarakterli yazıçı-həkim Hümbət Quliyev (Quliyev Hümbət Həsən oğlu) ixtisası ilə bağlı müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Statisman” adlı müdrik sözlər, esselər, publicist yazılardan ibarət kitabın müəllifi olan Hümbət Quliyev əsərlərini fərqli üslubda yazır, həyat hadisələrinə, əşyalara mahiyyətinə obrazlı şəkildə yanaşmaqla münasibət bildirir və oxucusunu təəccübləndirə bilir. Onun “Güzgü haqqında”, “Yazı haqqında həqiqət”, “Buludlar haqda”, “Qəhrəmanlıqlarımız haqda”, “Allah verdi, Allah da aldı”, “Kəpənək xoşbəxtliyi”, “Simbioz”, “Abşeron möcüzəsi”, “Ssenarist” yazılarında həyat həqiqətləri, reallıqlar və inanclar, onlara münasibətlər, cəmiyyətin və fərdin fərqli baxışları sadə, inandırıcı bir dillə verilir. Müəllifin yekun sözü, çıxardığı nəticələr də maraqlıdır. Məsələn, “Buludlar haqqında” yazısındakı son iki cümlə belədir: “Əsas odur ki, özünüzə qapanmayın, ətrafa açıq olun. Problemləri birgə həll etmək daha asandır”. “Ssenarist” yazısı isə belə bitir: “Gözlərimi açdım. Yuxunu xarırladım. Düşündüm ki, mənim bu yuxumun ssenarisini yazan çox istedadlıdır”. Mən Hümbət Quliyevin yaradıcılıq nümunələrini ona görə hekayə deyil, yazı adlandırıram ki, onlarda hayat hadisələrinə daha çox fəlsəfi-publisist yanaşma vardır. Ancaq bu yazılar oxucuya hekayənin verdiyindən çox şey verir.
Həkim Ramiz Əkbər isə yazıçı-dramaturq kimi tanınır. Ramiz Əkbərin yaradıcılıq fəaliyyəti də zəngindir. O, çoxlu sayda elmi-bədii-publisistik kitabın, elmi məqalənin, tezisin, səmərələşdirici təklifin müəllifidir. Tibb xidməti polkovniki, Respublikanın Əməkdar həkimidir. Ramiz Əkbər tibb üzrə (2004) və fəlsəfə üzrə (2009) fəlsəfə doktorudur, ali dərəcəli uroloqdur.
Ramiz Əkbərin “Bığ” hekayəsində həkim obrazı yaradılıb. Hekayə bu peşənin xeirxah tərəflərini açır. Əsərin qəhrəmanına onun sevgisinə müsbət cavab verməyən bir qadına kömək etmək təklif olunur. Amma hekayənin və hekayə qəhrəmanının “Bığ” adlanması da maraqlı bir hadisədir: “Kişilər arasında “bığ” dəbə düşdü. Kimisi sifətinin imicini dəyişmək, bir başqası dəblə ayaqlaşmaq, başqa birisi özünü kiməsə oxşatmaq naminə bığ saxlamağa başladı. Səyyar isə, nəslinin emblemasını qoruyub saxlamaq, şəcərəsini itirməmək üçün bığ saxlayırdı”.
Yazıçı Hafizə Mirqədir qızı Məmmədova gənclik illərindən nəsrlə məşğul olur. Hekayələri tez-tez mətbuatda işıq üzü görür. “Nihadın cəsarəti”, “Dəniz kənarında görüş”, “Bahar nəfəsli yeni il”,  “Bəyazdişlərin sirri”, “Doktor Aybolitin yeni il sürprizi” və başqa hekayələri oxucuların sevə-sevə oxuduqları həyat hadisələri ilə zəngin əsərlərdir. Hafizə Məmmədovanın hekayələrində günümüzün ailə-məişət problemlərindən danışılır. Əslində bu problemlər cəmiyyəti narahat edən məsələlərdir. “Sevinc” tortu” adlı hekayədə ailəsinin istəklərinə görə kredit altında olan ata obrazı yaradılıb. Hekayə ailə qayğısının maddi uçurumlara yuvarlatdığı atanın bu sözləri ilə oxucunu düşünməyə vadar edir. Maraqlıdır ki, “Borc” hekayəsində hadisələr həkimlərin müşahidəsi altında baş verir. Bu da onu göstərir ki, Hafizə Məmmədova gördüyü, şahidi olduğu hadisələri qələmə alır.
Elman Rüstəmov da nəsrlə məşğul olan həkimdir. Rüstəmov Elman Süleyman oğlu Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olmuş, Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elman Rüstəmov ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır, Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Onun hakayələri müxtəlif dillərə tərcümə edilmiş, “Xoşbəxt günlərimin acı göz yaşları” (“Zaurun yuxuları”), “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, Dürmək restoranı” “Tanrı ürəklərdədir”, “Hekayə və novellalar” adlı kitabları çap olunmuşdur. Nəsr əsərlərinə görə ədəbi mükafatlar almışdır. Elman Rüstəmovun “Kremlin qülləsi” novellası gözlənilməz bir sonluqla bitir. Anket suallarını dostundan köçürən ədəbi qəhrəman dostunun şəklini yanlış anlayır və bu yanlışlıq əslində dostunun hisslərinin məhsulu olduğundan onu da pis vəziyyətdə qoyur: “Şəkil hamının xoşuna gəlməyinə gəlmişdi, ancaq şəklin aid olduğu sualda bir balaca anlaşılmazlıq olubmuş, sən demə… Sualda «Çeqo nenavidiş?», yəni «nəyə nifrət edirsən?» yazılmışmış. Bədbəxt «dostum» isə öz qırılmış barmaqları ilə müharibəyə nifrətini bildirmək üçün oraya uzaqmənzilli raket şəkli çəkibmiş. Mən isə raketi Kremlin qülləsinə oxşatmışam və anketdə həmin sualın cavabında Kremlin qülləsini çəkmişəm, sən demə”.
Elman Rüstəmovun “Nazir anası”, “Başkəsənlər” hekayələri də gözlənilməz nəticələrlə bitir. Müəllif kiçik hekayələrdə böyük həyat həqiqətlərini verməyə çalışır. Bu hekayələrdə həkim, tibb bacısı obrazlarının olması baş verən hadisələrin ixtisasca həkim olan yazıçının ətrafında cərayan etməsindən irəli gəlir.
Həm nəsr yaradıcılığı, həm də şeirləri ilə oxucularının qəlbini ovsunlayan qələm adamlarından biri Qalib Şəfahət (Bağırov Qalib Xanoy oğlu) Qalib Şəfahət hazırda həkim-kardioloq vəzifəsində işləyir və ehtiyatda olan tibb xidməti kapitanıdır.
Qailb Şəfahətin orta məktəbdə oxuyarkən yazdığı ilk şeirlər Gədəbəy rayonunun “Tərəqqi” qəzetində işıq üzü görüb, tələbəlik illərində qələmə aldığı yaradıcılıq nümunələri “Təbib”, “Şəhriyar”, “Çağ”, “Ədəbiyyat” qəzetlərində, “Ulduz” və “Azərbaycan” jurnallarında çap olunub. Ədəbi mükafatları vardır. Qalib Şəfahətin imzasıyla mətbuatda tez-tez qarşılaşırıq, o, şeir və hekayələri ilə müntəzəm olaraq oxucularının görüşünə gəlir. Qalib Şəfahətin “Mənə ürək verin”, “Əllərindəki göyüzü” və “Kırık merdiven” (Türkiyədə çap olunmuş hekayələr) adlı kitabları işıq üzü görüb. Onun “Ölümlə üz-üzə” hekayəsi müharibə mövzusundadır, ön cəbhədə düşmənlə üz-üzə qalan döyüşçü yaralanır, canavar yuvasını özünə sığınacaq edir. Hekayənin süjeti C.Londonun “Həyat eşqi” hekayəsini xatırladır. Qəhrəman son ana qədər həyatla mübarizə aparır, hətta xatirələri onu yaşamağa sövq edir: “Döyüşə yola düşəndə hər şeyı arvadına əmanət etmişdi: – Bilirəm, səni cətin durumda qoyub gedirəm. Getməmək mümkün deyi. Özün, uşaqlar əmanət. Mən hər şeyimi, səni də, uşaqlarımı da ən ülvi arzularımı da elə sənə etibar edib gedirəm. Narahat olma! Allah qoysa, müharıbə qurtarar, sağ-salamat yanınıza qayıdaram. Məni yaşadan sizə bağlılıq, ilahi qüvvədir. O qüvvə içimdə darmadağın olsa, bax onda mən əbədi öləcəm, -demişdı. Onda arvadının gözləri dolmuşdu”.
“Həyat eşqi” hekayəsində qoca canavar qəhrəmanın huşunu itirməsini gözləyir ki, onu parçalasın. Qalib Şəfahət isə yırtıcını daha insaflı təsvir edir, çünki qəhrəman onun balalarını qoynuna alıb: “Fikirləşdi canavarlar ən çox qoyun-quzuya qənim kəsilir, biz insanlar bir-birimizin ətini didirik, qanına susayırıq. Əslinə qalsa biz azğınlaşanda daha betər oluruq. Canavardan yeri gələndə mərhəmət gözləmək olur, bəzən biz insanlarda o da olmur”.
“Ürəkdöyünmə” hekayəsinin mövzusu isə müəllifin peşəsi ilə bağlıdır və bu hekayədə də hadisələr ustalıqla təsvir olunmuşdur.
Şəki Tibb Kollecində işləyən iki yazıçı həkim qadının ədəbi fəaliyyəti də maraqlıdır. Xatirə Kərimova (Kərimova Xatirə Nəsrullah qızı) həkim-müəllim kimi işə başlayıb və bu günə qədər orada işləyir. Pərvanə Məmmədova (Məmmədova Pərvanə Şirəli qızı) orta məktəbdə oxuyarkən Şəki şəhər 3 saylı uşaq musiqi məktəbində musiqi təhsilinə də yiyələnib. Pərvanə xanımın həyat yoldaşı Qarabağ əlilidir. Onların arasında on yaş fərq olsa da, hər ikisi gənclik ehtirası ilə yazır.
Xatirə Rəhimova topluda “Bir dəniz əfsanəsi” və “Taxta qaşığın hekayəsi” hekayələri ilə təmsil olunur. “Bir dəniz əfsanəsi” hekayəsi alleqorik üslubda qələmə alınıb. “Taxta qaşığın hekayəsi” də eyni dillə nəql olunur. Bu alleqorik hekayənin də tərbiyəvi əhəmiyyəti böyükdür.
Pərvanə Məmmədovanın topluda “Vətənin başlandığı yerdə” və “Amal” hekayələri yer alıb. “Vətənin başlandığı yerdə” hekayəsinin qəhrəmanı Elman sərhədçi olmaq qərarına gəlir. Yaralı əsgərə tez-tez baş çəkməyə gələn Elman həkim məntəqəsində tibb bacısı ilə tanış olur və onu sevir. Günlərin bir günü Elman özü də yaralanıb huşsuz vəziyyətdə həkim məntəqəsinə düşür. Gözlərini açanda başı üstə sevdiyi tibb bacısı Şəhlanı görür. Onun “Bəs sən daimi iş yerinə getməmişdin?” sualına Şəhla belə cavab verir: “Mən artıq daimi iş və yaşayış yerindəyəm – qəhrəmanların, cəsur sərhədçilərin yaşadığı yerdə, Vətənin başlandığı yerdə. Öz seçimimdə də qərarlıyam”.
Hekayədə tibb bacısı obrazının məhəbbətlə təsvir olunması müəllifin özünün bu peşənin sahibi olmasından irəli gəlir. Yazıçı ədəbiyyatımızı zənginləşdirən daha bir həkim obrazı yaradır. Onu da deyim ki, bu hekayə vətənpərvərlik ruhuna görə mükafata layiq görülüb.
Göründüyü kimi, Xatirə Kərimovanın bədii üslubu Pərvanə Məmmədovanın yaradıcılıq kredosundan kəskin şəkildə fərqlənir. Həkim yazıçılardan biri tərbiyəvi mövzuya üstünlük verir və öz fikirlərini oxucusuna alleqorik şəkildə çatdırır. Digəri isə vətənpərvərlik mövzusuna üstünlük verir, obrazların daxili dünyasını açmağa çalışır. Demək, bu iki nasiri birləşdirən onların həmyerli olmasıdır. Bir də qələmə biganə qalmamaları, yəni yazıçı olmaları!
Hakim yazarların yaradıcılığı haqqında olan bu xülasə xarakterli yazı bir daha təsdiq edir ki, çağdaş ədəbi prosesdə peşəsi həkim olan şair və yazıçılar xüsusilə fərqlənirlər və onların hər birinin ədəbi fəaliyyəti ayrıca araşdırılmağa layiqdir.

Bilal ALARLI (Hüseynov),
ADPU Cəlilabad filialının müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya üzrə fəlsəfə doktoru

Share: