“Ağlama,gözündən düşə bilərəm”-Allahşükür Ağanın yeni şeirləri

Müstəqil.Az  doğum gününü qeyd edən şair Allahşükür Ağanı təbrik edir, yeni şeirlərini təqdim edir,yaradıcılıq uğurları arzulayır…

Əyil ürəyinə

Nəğməni, nağılı özündən uzaq,
Tutdunmu yadına düşmərəm sənin.
Şehli yarpaqları gözündən uzaq,
Tutdunmu yadına düşmərəm sənin.

Əyil, ürəyinin üstünə əyil,
Orada gör nələr döyünür, tərpən.
Əyil, əllərinin üstünə əyil,
Əyil, əllərindən boylanır körpən.

Əyil, ölənlərin ahına əyil,
Əyilsən Arazda körpü də bitər.
Əyil, ayağının ruhuna əyil,
Əyilsən dünyanın çöpü də bitər.

Qoyma ürəyindən yerə sevgini,
Ağlama, gözündən düşə bilərəm.
Qəbir şəklində anamız yeri,
Düşdüyüm yerdəncə deşə bilərəm.

Kədər haqqında sevinc şeiri

Etibarsız sevinc, vəfasız sevinc,
Dünən məndə idin, bu gün kimdəsən?
Gör kimə qoşulub çıxdın aradan,
Bəlkə ağladırlar səni hardasa?

Bəlkə çilik – çilik olub pəncərən,
Divarın uçuqdu, evin uçuqdu.
Bəlkə aldanmısan zərə, gümüşə,
Səni çağıran kəs bəlkə qaçıbdı.

Başına yağışlar döyəcləyir bax,
Içində sonuncu közü söndürür.
Dünyanın işinə fikir ver, sevinc,
Səni qəm soruşur, kədər dindirir.

Sən kimdə böyüdün, kimdə yaşadın,
Qədrini bildimi o soyuq ürək?
Sevincin qədrini bilməkdən ötrü,
Kədərin qədrini biləsən gərək.

Güllə

O günü torpaqda lalə qızardı,
Utana – utana baxdı lalələr.

Bir qarış torpaqda bahar ağladı,
Arzunu, sevgini güllələdilər.
Milyonlar qalxaydı o gün ayağa,
Bir barmaq nə idi, ləngidəydilər,
Bir güllə nə idi, söndürəydilər.

Yağdı ürəyindən lalə yağışı,
Torpağın sinəsi islandı güllə.
Şair sorağında gəzir dünyanı,
Dantesin Puşkinə atdığı güllə.

Nağıl dünya

Qəfil bir səs bata sükuta nola,
Vüsalın dan yeri gözdən sökülə.
Nə ola, göylərdən nağıllar yağa,
Çırpsaq üstümüzü nağıl tökülə.

Bu günün, gecənin səbri çatlaya,
Saçların gecətək yata sinəmdə.
Divlər, əjdahalar üstümə gələ,
Nola öldürəm də, nola öləm də…

Ağ qoçun belində çıxam dünyaya,
Quşun qanadında yetişəm sənə.
Qəlbim həsrətinlə bacarmayanda,
Nə ola bu dünya nağıla dönə.

Unudun məni
Unudun məni getsin,
20 yanvar kimi…
Elə bilin olmamışdım,
Heç ağlamamışdım,
Heç sevməmişdim…

Məni unudun getsin
Şəhid kimi
Elə bilin ölməmişdim,
Elə bilin evlənmişdim,
Yüz yaşamışdım,
Qocalmışdım,
Saqqalım daraq kimi
Havanı daraqlayırdı…

Məni unudun getsin…13- cü ay kimi
Qanadsız quş təki,
Qanadlı sular kimi,
Ağacların qabaq əlləri vardı,
Necə ki ağac unutdu onu
Siz də elə unudun məni.

Baxışlarımın havada açdığı şırımla
Çıxıb gedirəm
əlvida!

Share: