Sadəcə Flora Kərimova…

23 iyul Ağdamın işğalı günü olduğuna görə, düz 28 il doğum gününü ya bir gün əvvəl, ya da ki, bir gün sonra keçirib. Xalqımızın məlum qələbəsindən sonra, nəhayət ki, ad gününü vaxtında qeyd etməyə başlayıb…

Deyir ki,- “Mən hədiyyələrə çox biganəyəm. Hədiyyə kimi gül dəstəsini qəbul etmirəm. Çünki gül dəstəsi qadın üçün çox azdır. Qadının ömür boyu yadında qalacaq nələrisə hədiyyə etmək lazımdır. Demirəm, bahalı hədiyyələr olmalıdır, əsas odur ki, yadda qalan olsunlar…”
Heç vaxt əqidəsinə dönük çıxmayıb. Qorxmaz, cəsarətli, sözünü deməyi bacaran adamdır. Elə buna görə də bir vaxtlar onu bəzi telekanallar efirə dəvət etmirdilər.
““AzTV”, “Space”, “Lider”-də qadağadaydım. Yalnız “ANS” və “Xəzər” TV məni ara-sıra efirə çağırırdı. Yubiley tədbirlərində, hər hansı konsertdə ifam olan zaman isə “ATV” həmin hissəni kəsirdi. Amma mətbuata borcluyam, çünki onlar məni gözdən düşməyə qoymadılar. Mənə insani yanaşdılar, tələsmədilər. Kimlərinsə təsirinə düşüb məni unutmadılar. Xalqım da məndən üz döndərmədi, məni sevdi, qiymətləndirdi…”- söyləyir…
Həyat dolu xanımdır, yaşamaq eşqi heç vaxt onu tərk etməyib. Gülümsəməyi xoşlayır, mehribandır. Mürəkkəb vəziyyətlərin həllində asanlıqla təşəbbüskarlıq göstərir. Ən çətin problemləri belə həll edə bilən zəkası var. Qürurlu və inadkardır. Tükənməz energiyə malikdir. Bu enerjisi vasitəsilə ətrafında olan insanları oyadır, canlandırır və gücləndirməyə çalışır. Mərd və sədaqətlidir. Sevdiklərini hər zaman qorumağa səy göstərir…
Haqqında söhbət açdığım Flora Kərimova Bakıda anadan olub. On dörd yaşından bədii öz fəaliyyət kollektivlərində, Tibb İnstitutunun “Çinar” ansamblında, Dövlət Filarmoniyasında çıxış edib. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildə Bakı Musiqi Akademiyasının vokal sinfini bitirib.
Klassik Avropa operası, milli opera janrı, xalq və bəstəkar mahnılarının, klassik art-estrada janrlarının mükəmməl sənətkarıdır. Azərbaycan klassik art-estrada janrının banisidir. 1992-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb…
Onun fəaliyyətini təkcə müğənniliklə məhdudlaşdırmaq olmaz, həm də ictimai-siyasi xadim kimi Vətənə xidmət göstərib. 1988-ci ildə ermənilər Qarabağda Topxana meşəsini məhv edəndə, sonradan torpaq iddiası qaıdıranda Flora xanım “Azadlıq Meydanı”nda etirazını bildirən ilk qadın olub və 1989-1992-ci illər hərəkatının ən fəal aktivistlərindən birinə çevrilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə küçələrə çıxaraq öz etirazını cəsarətlə ifadə edib. Həmin vaxt Flarmoniyanın yanında toplaşan kütlənin üzərinə sovet tanklarından biri qəflətən irəliləməyə başlayıb. Bu zaman hər kəs qaçaraq ətrafa səpələnəndə, Flora xanım qollarını açaraq tankin önündə dayanıb və onun bu cəsarətli hərəkəti tankı durmağa məcbur edib.
“Şükür Allaha, müharibə qələbəmizlə qurtardı. İndi torpaqlarımız hiyləgər düşmənimizin minalarıyla doludur. Allah hərbiçilərimizi, minaçılarımızı qorusun. İndi çox adam gedir, yarı yoldan qaytarırlar. Bu gedənlərin təhlükəsizliyi üçündür. Çox istəyirəm gedim. Ancaq narahat getmək istəmirəm. Bu, mənim yaşıma yaraşmaz. Cavanlar səhv edəndə nöqsanı o qədər də çox görünmür. Ancaq mən dünyagörmüş xanımam. Mənim yaşım icazə vermir ki, bildiyim bir qaydanı pozum. Utanaram, mənim üçün ayıb olar. Qismət olsa birinci Şuşaya gedəcəm. Axı anam əslən Şuşalıdır…”- söyləyir.
İfası ilə insanları düşündürə, sevindirə, kövrəldə bilən, xidmətlərilə yaşamaq haqqını qazanan, bu xanımın arzuları çin olsun! Çox uzatmayacam, çünki Flora Kərimovanı hamı tanıyır. Söhbətimi elə öz sözlərilə tamamlamaq istəyirəm.
Deyir ki,- “Cavanlıqda məndən soruşurdular ki, xoşbəxtəsənmi? Mən “hə” deyirdim. Sonra soruşurdular ki, xoşbəxtliyin düsturunu deyin. Deyirdim, ya xoşbəxtsən, ya bədbəxt. Sonra illər keçdi, yaşa dolduqca başa düşdüm ki, övladlarından yarıyan qadın xoşbəxt qadındır. Sonra zaman keçdi, düşündüm ki, sənə ağlayan insan varsa, deməli xoşbəxtsən. Yaş keçdikcə, müdrikləşdikcə, özünü tanımağa çalışırsan. Mən səksən ildir özümü tanımağa çalışıram. Xasiyyətimi, kimliyimi bilmək istəyirəm. Həyat elə bir cəlladdır ki, bir də görərsən, başına elə bir iş gəldi, son nəfəsində son sözünü deməyə, əlindən tutmağa yanında adam olmadı. Bunu heç kimə arzulamıram. Bəli, əsl xoşbəxtlik odur ki, nə qədər yaşayırsan yaşa, son anında kimsə sənə yiyə dursun.
Dünyadan köçəndə mülkündən, övladından nigarançılığın yoxdursa, bu, artıq xoşbəxtlikdir…”
Elman Eldaroğlu
Share: