Fuad POLADOV – BÖYÜK KİŞİ…

Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb, amma şəxsiyyət kimi yadda qalanları çox azdır. Mərdlik, cəsarət, bir sözlə bütövlük iliyinə necə işləmişdisə, baxışlarında da bir kişilik vardı. Səsinin möcüzəsi ruhunun təcəssümü idi, insanları tilsimləyə, sehirləyə bilirdi.

Oynadığı mənfi obrazı belə tamaşaçıya sevdirməyi bacarırdı. Yüz il bundan sonra da ifa etdiyi rollar onun böyük aktyor olduğundan dil açıb danışacaq. Təkcə böyük aktyor yox, həm də onun şəxsiyyəti haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan xüsusiyyətləri özündə ehtiva etdiyini, bu yükün altında necə ləyaqətlə dayana bildiyini anladacaq…
Deyirdi ki,- “Bir dəfə Teatr Xadimləri İttifaqının konfransı idi. Nazir də, Fatma Abdullazadə də ordaydı, problemləri müzakirə edirdik. Mən də çıxış elədim. Dedim ki, teatrlarımızın bu vəziyyətə düşməyinin səbəbi onlara rəhbərlik eləyənlərin arasında əvvəlki kimi şəxsiyyətlərin olmamağıdı. Əgər teatrlara şəxsiyyətlər rəhbərlik eləsə, orda çalışanlar onun ətrafında birləşər, ondan nəsə öyrənər, sonra konkret Adil İsgəndərovun, Tofiq Kazımovun teatra rəhbərlik elədiyi dövrlərdən misallar gətirdim. Məndən sonra Fatma Abdullazadə çıxışında “bu ölkədə bir nəfər şəxsiyyət var” dedi. Bütün teatrların rəhbərləri, aparıcı aktyorları o zalda idi, amma heç biri Fatma Abdullazadəyə etiraz eləmədi. Bax, bütün bunlar sonra obraz yaradanda özünü göstərir. Əgər aktyor şəxsiyyət kimi bütöv deyilsə, daxilən cılızdısa, bu, səhnədə özünü mütləq büruzə verəcək…”
Hər ömrün əvvəli olduğu kimi sonu da var. Hər kəs nə vaxtsa qazandıqlaqını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedəcək. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi tərcümeyi-halı olacaq. Onun çiyinlərində nə apardığının dəyərini Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada saxladıqları isə- Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir insan kimi ifadə etdiyi fikirlər həmişə yaddaşlarda qalacaq…
Bəli, haqqında söhbət açdığım Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacardı. Onun adı hələ uzun zaman ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür…
Ruhun şad olsun, böyük KİŞİ!
Elman Eldaroğlu
Share: