Təbiətin dilini bilən Xəyalə

Ötən əsrin 80-ci illərində işğal olunmuş ərazilərdə dünyaya gələnlərin uşaqlığının necə keçdiyini düşünmək belə ağırdır. Köçkün həyatı yaşamaq uşaq üçün ağlasığmazdı. Nə olduğunu tam dərk etməyənlərin kədərli ürəkləri, kövrək baxışları, titrək səsləridir… O illəri xatırlamaq da onlar üçün çox çətindi.

1981-ci ildə Şuşada anadan olan Xəyalə Əhmədovaya da o günləri xatırlamaq ağır idi. “Mənim üçün çox çətindi o illərdən danışmaq. Yarım-yarımçıq məktəbli ömrüm olub. Tez-tez yerimizi dəyişmişik. Orta məktəbi bitirəndən sonra 1998-2001- ci illərdə respublika təsərrüfat hesablı “Loğman”tibb məktəbində “Müalicə işi” fakultəsində təhsil aldım və Bakıya köçdük.”
Yaralı uşaqlıq illərindən çox danışmadıq…

Onun yaratdığı əsərlərlə Azərbaycan İstiqlal Muzeyində tanış oldum. Öncə Muzeyin direktor müavini Gulyana xanım Xəyalənin əl işlərinin fotolarını göstərdi. Daşlardan sirli bir aləm yaratmışdı. Sonra özünü tanıdım.

 

Open photo

 

“Şuşada Firudin bəy Köçərli məhəlləsində doğulmuşam. Ötən əsrin 80-ci illərinin sonunda başlayan hadisələr uşaq yaddaşımda ağrılı izlər qoyub. Nə baş verdiyini tam dərk etməsəm də hamının üzündə, səsində bir qayğı, kədər hiss edirdim. O zamanlar Şuşanın əfsanəvi təbiətinə sığınardım. Evimiz Cıdır düzünün iki addımlığında olduğundan tez-tez ora qalxar, mamırlı daşların üstündə oturub saatlarla Şuşanın gözəlliyinə, Topxana meşəsinə baxardım.Topxana meşəsində ayıya bənzəyən nəhəng ölçülü qaya diqqətimi çəkərdi. Mənim üçün həmişə yerində görə biləcəyim dost kimi idi bu qaya. Söhbət edərdim onunla, bir-birimizə tamaşa edərdik…”

Beləcə Cıdır düzüylə, Topxana meşəsi, ağaclarla bölüşməyə başlayıb uşaq dünyasının acılarını… Bir də qayalarla, daşlarla. Təbiət qoxulu daşları evə gətirib, yanında gəzdirib, balaca əlləriylə onlara sığal çəkib. Sinəsinin üstündə yatırıb. Bəlkə də düşmən tapdağında qalacaq daşları ovundurmağa çalışıb əvvəlcədən. Özü də bilmədən o daşlarda doğmalığını qoyub…

 

No description available.

 

 

Təhsil illərində də çəkdiyi rəsmlər diqqət çəkib. Tələbə yoldaşları, müəllimləri “sən rəssamsan” deyiblər. Ailə quran, iki oğul anası olan Xəyaləni ailə qayğıları da daşlarından, təbiətdən ayıra bilməyib. İstedadı, zəhmətiylə yeni-yeni əsərlər yaradıb.

Daşları ilə danışıb, bölüşüb Xəyalə həmişə. Yazdığı şeirləri də ilk dəfə onlara oxuyub. Əl işləri də danışır adamla. Onun yaratdıqlarına baxanda qəribə duyğular keçirirsən. Onları eşidirsən elə bil.
Xəyalə özü də fərqlidi. Mənə çox fərqli dünyası olan biri kimi göründü daşların, təbiətin dilini bilən bu xanım. Onun yaratdığı dünyanın öz kədəri, sevinci, sevgisi var. İstedadı, sənətinə olan vurğunluğu ilə bu duyğuları bizə ötürür Xəyalə Əhmədova.

No description available.

Azərbaycan İstiqlal Muzeyinin Şuşa ilinə həsr olunmuş “Şuşa, sən azadsan” adlı tədbir-sərgidə maraqlı rəsm əsərləri ilə birlikdə Xəyalənin də əsərləri nümayiş olunurdu. Yorulmadan böyük vurğunluqla baxırdım. Həm əsərlərinə, həm sənətinə olan sevgisinə heyran olurdum. Çox sevdim Xəyaləni. Təmkinini, həyata baxışını, gördüyü işə məsuliyyətini, yorulmadan sənətinin bütün incəliklərini öyrənmək çabasını sevdim. İnsan sevdiyi, seçdiyi peşənin peşəkarı olmaq üçün zəhmət çəkməlidir. Yaradıcı insanlar üçün də bu çox önəmlidir. Yaratdıqlarınla kifayətlənə bilməzsən, müasirlərinin, özündən əvvəlki sənət adamlarının yaradıcılığını da öyrənməlisən. Xəyalə xanım nəinki öyrənir, həm də tədqiq edir, onların həyat və yaradıcılığını araşdırır.

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” fakültəsində təhsil alır. “Bu ixtisas üzrə təhsil almağıma səbəb 2001-2013- cü illəri əhatə edən fərdi yaradıcılığım olub. Bütün yaradıcılığım təbiətdən topladığım materiallardakı forma, rəng və təsvirlərdir. İfadə yerinə düşərsə, “təbiətin tərcümə etməyə çalışdığım dili ilə anlatmaq istədiklərini vizuallaşdırmağa çalışmışam. Realist sənət təbiətin hər hansı obyektinin təqlid (mimesis) yolu ilə təsvirini verməyə can atırsa, mən öz yaradıcılığımda təbiətin öz ifadə dilini təqdim etməyə cəhd etmişəm. Daş, ağac parçaları, torpaq, qum, bitki qalıqlarından istifadə etmişəm. Onları bir araya gətirən ideya birləşdirici vəzifə daşıyır. Onların kompozisiya quruluşunu anlamaq üçün ideyanı bilmək gərəkdi. Bu işdə müasir incəsənətin Asamblaj (montaj) texnikası köməyimə çatır. Asamblaj termini ilk dəfə 1953-cü ildə Jean Dubuffet tərəfindən istifadə edilmişdir. Bu, 20-ci əsrdə kollajla oxşar, ancaq ondan üçölçülü təbiətinə görə fərqlənən yeni vizual sənət tərzidir. Relyefi xatırlatsa da həm kollajdan, həm relyefdən fərqlidir. İlk dəfə ABŞ və İngiltərədə rast gəlmək olar. Müasir incənətdə asamblaj fotomantajlardan tutmuş məkan tərtibatlarına qədər çoxlu sənət əsərlərini əhatə edir.

 

No description available.

 

Onun yaradıcılığının əsasını asamblaj texnikasıyla yaradılmış avanqard üslublu tablolar və kiçik dairəvi heykəllər təşkil edir. ”Ağacların gövdəsində, dənizin səthində, torpaqda rastladığım obrazları kətana köçürürəm”- deyir.

Şəkilin açıqlaması yoxdur.

 

“Mədəniyyətin qovuşması”, “Şərq və Qərb” belə əsərlərdəndir. Zəhməti, istedadı ilə maraqlı dünya yaradan Xəyalə xanıma həyat yollarında, yaradıcılığında uğur, sevdiyi sənətin ucalığını arzulayırıq.

Kamalə Abiyeva

qadinkimi.com

Share: