Dünya dənizçilərinin peşə bayramı -Uzaq bsəfərlər kapitanı yazır

Hər ilin 25 iyun tarixi dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd edilir.

Bayram yaranma tarixinə görə, son on illikdə təsis edilmişdir və gənc bayramlar sırasındadır.

Bu tarix həyatımıza nisbətən yaxınlarda, cəmi 10 il əvvəl daxil oldu.

Birləşmiş Millətlər Təşkilatı müasir qlobal dünya üçün dənizçi peşəsinin əhəmiyyətini anlayaraq bu peşəni digərləri arasında xüsusi olaraq fərqləndirdi.
24 iyun 2010-cu il tarixində Manila Konfransında Birləşmiş Millətlər Təşkilatının üzvü olan Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv dövlətlərin iştirakı ilə, imzalamış 19 saylı qətnamə əsasında hər il 25 İyun “ Beynəlxalq Dənizçilər Günü” kimi qeyd olunur.
IMO üzvlərinin hamısının dənizə və inkişaf etmiş limanlara çıxışı yoxdur, lakin bundan asılı olmayaraq, onların hər birisi bu və ya digər şəkildə dəniz ticarətindən asılıdır, çünki beynəlxalq trafikin 80 %-i ticarət donanmasının payına düşür.
Ona görə də, təqribən dünyada daşınan yüklərin 80- 90%-i gəmilər vasitəsilə, dəniz yolu ilə həyata keçirilir. Mübaliğə təsiri bağışlamasın, bizim istifadə etdiyimiz, toxunduğumuz hər bir əşya , demək olar ki, dəniz vasitəsilə daşınır və ya dəniz vasitəsilə daşınan hər hansı bir digər əşyadan hazırlanır.
Dənizin insanlara göstərdiyi xidmət bununla bitmir, bundan başqa gəmilər vasitəsilə hər birimizin gündəlik həyatımızda istifadə etdiyimiz qida məhsulları və ya sənaye əhəmiyyətli digər materiallar və mallar da dəniz vasitəsilə daşınır.
Bunları nəzərə alaraq demək lazımdır ki, bu gün İnsanların gündən- günə artan tələbatlarını ödəmək üçün dənizçiliyin sirrlərinə dərindən bələd olan, minlərlə dənizçilik ixtisasına yiyələnmiş mütəxəssisə, dənizçiyə ehtiyac duyulur.
Peşə bayramı kimi, “Beynəlxalq Dənizçilər Günü” yalnız dəniz fədailərini təbrik etmək üçün bir fürsət deyil. Qeyd etmək yerinə düşərdi ki, bu gün qlobal dəniz məkanında müasir dənizçilərin üzləşdiyi problemlər yetərincədir.
Hər dəniz səyahəti unikallığı ilə seçilir, lakin bütün dənizçilərin üzləşdikləri çətinliklər demək olar ki, eynidir.
Dənizçinin işi heç vaxt asan olmayıb, lakin buna baxmayaraq dənizçiləri bir nikbinlik ruhlandırır ki, bütün çətinliklərə baxmayaraq, dünyada gəmilərin və bu sahədə çalışmaq istəyində olanların sayı gündən- günə artır. Bu da köhnəlmiş gəmilərin istismardan çıxarılmasına və onların müasir keyfiyyət standartlarına uyğun gəmilərlə əvəz olmasına zəmin yaradır.
Təbii işin bu istiqamətdə qurulması gəmilərdən daha çox fayda əldə edilməsini, ətraf mühitin çirklənməsinin qarşının alınmasını zəruri edir.
Təhsil müəssisələri gənc dənizçilərin hazırlanmasında, gəmi göyərtələrində daha səmərəli şəkildə fəaliyyət göstərmələri üçün, müasir standart və tələblərə uyğun optimal təlim texnikalarından intensiv istifadə etməlidirlər. Əks halda gələcək karyeralarını dəniz sahəsində qurmaq istəyən bütün gənc, təcrübəsiz dənizçi mütəxəssislər ciddi problemlərlə üzləşə bilərlər.
Burada ötən il dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Ever Given” nin Süveyş kanalında baş verən qəza hadisəsini bir daha xatırlatmaq yerinə düşərdi. Dənizçi peşəsini seçən hər bir gələcək mütəxəssis üçün peşəkarlıq və şəriştəlilik vacib şərtdir.
Odur ki, müasir dövrdə dənizçilik sferasını peşəkar, şəriştəli, yüksək motivasiyalı kadrlarla təchiz etmək zəruridir.
Dənizçilərin peşə bayramının təsis edilməsi, beynəlxalq səviyyədə dənizçi peşəsinə verilən yüksək qiymətin və dəyərin bariz göstəricisidir.
Bütün dünya okeanları, çayları, gölləri və su anbarları tariximizin, mədəniyyətimizin ayrılmaz hissəsidir. İqtisadiyyatı güclü olan dövlət heç bir zaman basılmaz. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyatın güclənməsində əhəmiyyətli rol oynayır.
Qlobal İqtisadiyyatın güclənməsində Azərbaycan dənizçisinin xüsusi payı vardır.
Bu gün, dənizçilərin peşə bayramında dünyanın müxtəlif məkanlarında fəaliyyət göstərən bütün dənizçilər həmrəylik göstəririk. Bizim peşəmiz yeganə peşələrdəndir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif adət və ənənələrə malik insanları bir araya gətirə bilirik, miliyyətindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq həmrəy, həmfikir ola bilirik, çətin məqamlarda ” SOS”-un nöqtə və xəttləri həmrəyliyimizi, tolerantlığımızı daha da gücləndirir.
Bundan başqa, bir ölkənin bayrağı altında üzən gəminin heyətinə müxtəlif millətlərdən olan insanlar daxil ola bilirlər.
Hazırda çalışdığım “ADNOC” şirkətində dünyanın hər bir məkanından olan dənizçilər çalışırlar, bunlar Azərbaycandan, Hindistandan, İndoneziyadan, Filipindən, Sudandan, Yunanıstandan, Suriyadan, Ukraynadan,Türkiyədən, Rusiyadan, İordaniyadan və s. ölkələrdən olan dənizçilərdir. Əsl tolerantlıq nümunəsi budur!
Bu gün hər bir dənizçi yaxşı başa düşür ki, yer planetinin sakinləri, bir- biri ilə sıx və əbədi bağlıdır.
Ümumilikdə nəqliyyat və xüsusilə dəniz nəqliyyatı dünya iqtisadiyyatı orqanizminin qan dövranı sistemidir desək, qətiyyən yanılmarıq.
Hansı şəraitlə üzləşəcəklərinə baxmayaraq, dənizçilər qrafikə uyğun olaraq çalışırlar və yükləri limana təhlükəsiz çatdırılması üçün bütün çətinliklərə dəyanətlə, fədakarlıqla sinə gərirlər.
Müasir dənizçinin həyatı təhlükəli və təcrid olunmuş ola bilər.
Dənizçilər evdən, ailələrindən illərlə uzaq, ayrı düşməklərinə rəğmən, yaxın və doğmalarından təcrid olunaraq, təhlükələrlə üzləşərək, öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışırlar.
Beləliklə, bu gün dünyanın hər yerində dənizçilər qlobal iqtisadiyyata və cəmiyyətin inkişafına verdikləri töhfələrlə yanaşı, bütün dünya məkanında əsl tolerantlıq, humanizm, birlik nümayiş etdirirlər.
Qədim dövrlərdən başlayaraq bu günə qədər dənizçilər insanlar üçün daim çoxşaxəli və çox lazımlı işlər görüblər və hazırda da görməkdə davam edirlər.
Müasir gəmilər daha qənaətcil, ekoloji cəhətdən daha təmiz olmalıdır və ona görə dənizçilik ixtisaslarına qoyulan tələblər getdikcə mürəkkəbləşir.
Bununla yanaşı on minlərlə fədakar dənizçi yüksək riskli şəraitdə, fırtınalı dənizdə və ya qütb buzlarında ən mürəkkəb mexanizmləri idarə edir. Çətin şəraitdə insanları əvəz edən avtomatlaşdırmaya baxmayaraq, dənizçilərdən gəminin təhlükəsizliyini, yüklərin və ya sərnişinlərin daşınmasını, dünya okean və dənizlərin dibindən faydalı qazıntıların çıxarılmasını və s. təmin edən bir çox vəzifələri yerinə yetirmək tələb olunur.
Bu bayram günündə bir daha yada salmaq yerinə düşərdi ki, 20 Yanvar hadisələrində rus terroruna qarşı Azərbaycanın haqq səsini bütün dünyaya çatdıran Azərbaycan dənizçilərinin şücaətini unutmadıq,
Vətən müharibəsi zamanında Azərbaycanımızın müstəqilliyi və bütövlüyü uğrunda canından və qanından keçən, dənizçi geyimini
hərbi forma ilə əvəz edib müharibənin ön sıralarında döyüşən qəhrəman dənizcilərimizi, şəhid və qazi dənizçilərimizi unutmadıq, “Günəşli” neft yatağında baş verən faciə nəticəsində həyatlarını itirmiş qəhrəman Azərbaycan dənizçilərimizi unutmadıq, dəniz quldurları tərəfindən qətlə yeririlən Fərman İsmayılovu unutmadıq, eyni zamanda
yalnız dənizçi kimi deyil, daim qələmi ilə həqiqətləri təbliğ edən, dənizçi əməyini daim yüksək dəyərləndirən” Dənizçilərə Sosial Dəstək” İctimai Birliyin Sədri Faiq Balabəylinin, Yazıcı jurnalist Xeyrulla Ağayevin, Dənizçi əməyini bəstələrində tərənnüm edən Hüseyn Sözlünün və dənizçi əməyinin çəkisini bilən hər kəsə, dənizçilər adındam xüsusi təşəkkürümüzü bildiririk.
Bu gün fəxr edə bilirik ki, Azərbaycan dənizçiləri dünyanın hər yerində özlərini təsdiqləyərək,ölkəmizə başucalığı gətirirlər. Dünyanın hər yerində çalışan, ürəyi Azərbaycanla bir döyunən, qalib dövlət kimi onun uğ urlarına sevinən Azərbaycan dənizçilərinin peşə bayramını təbrik edirəm.
Bu gün, Beynəlxalq Dənizçilər Günündə, daim insanların yaxşı yaşaması üçün öz xidmətlərini əsirgəməyən, gündəlik ərzaqımızın əsas hissəsinin gəmilər vasitəsilə gətirilməsini təmin edən, dünyada ümumi sayı 1.5 milyon nəfərdən çox olan dənizçilərə, o cümlədən bu kəmiyyət göstəricisində öz payı və xüsusi çəkisi olan, həmçinin keyfiyyət göstəricilərinə görə bütün dünya dənizçilərinə nümunə etalonu olan, bütün sferalarda rəqabətə dözümlülüyü ilə fərqlənən hər bir Azərbaycan dənizçisinə öz minnətdarlığımı və ehtiramımı bildirirəm.
Eşq olsun dunya adlı qlobal məkanın hər yerindən xoş və qürürverici sədaları gələn Azərbaycanın cəsur, fədakar, əzmkar, qəhrəman, zəhmətkeş dənizçilərinə!
COVID-19 pandemiyasının ağır fəsadları dənizçilik sahəsinə də zərbə vurdu.
Eşq olsun ən çətin məqamlarda, 20 Yanvar kimi faciəmizdə belə, bir “SOS” siqnalımızla bizimlə həmrəy, həmfikir olan dünyanın ən əfsanəvi peşəsinin ləyaqətli davamçıları olan dunya dənizçilərinə!
Bayramınız mübarək!
ADNOC 511. ABU DHABI
Kapitan Nazim Həbibov.
Share: