replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Ömrün ləzzəti – ANAR

ANAR

O, cazla ötəri maraqlanmamış, hətta görkəmli Azərbaycan cazmenləri Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanovla birlikdə caz musiqiləri ifa etmişdir.

Özünün çox maraqlı xatirələrində Tofiq təmsil etdiyi nəslin caza həvəsi barədə yazır:

 

 

 

“Məhz 50-ci illərdə bizi – müharibədən sonrakı yeniyetmələri “Günəşli vadinin serenadası”, “Dinki Cazın Corcu” ram etmişdi, Bakı küçələrində ispan, italyan, fransız nəğmələri səslənirdi. O zaman biz ilk dəfə radio xəbərləri eşidirdik. Lakin bu xəbərlərin səsi çıxmasın deyə radioların “ağzını” qorxudan bərk-bərk bağlamışdılar.

Bizim gənc qulaqlarımız hardan olsa bu səsi dartıb çıxarır, Tanjer vasitəsilə bütün dünyaya yayınlanan “Amerikanın səsi” proqramını izləyə bilirdi. Yeri gəlmişkən, görkəmli caz musiqiçisi Pərviz Rüstəmbəyov Bakıda yeganə adam idi ki, müharibə vaxtı öz radiosunu təhvil verməmişdi. Onun evində inqilabaqədərki palıd rəf vardı ki, o, radiosunu həmin rəfin içində gizlədərək gecələr caza qulaq asırdı…

Biz – cazla məşğul olanlar caza qoyulan “Bu gün caz ifa edirsən, sabah vətəni satacaqsan” qadağasına baxmayaraq risk etməkdən çəkinmirdik. Ancaq ehtiyatı da əldən vermirdik, öz dəstəmizə özgə adam buraxmamağa çalışırdıq”.

Tofiq yazır ki, risk və ehtiyatlılıq bir önəm daşımırdı. Pərviz Rüstəmbəyov əslində repressiya olunmuşdu. Cazsevərlərin dostluq kompaniyasına bir çekist qoşmuşdular. Onun peşəsi barədə Tofiq 30 ildən sonra bilmişdi. 80-ci illərdə Moskvada artıq DTK-nın polkovniki rütbəsində Tofiqlə görüşəndə o, etiraf etmişdi ki, mən sizlərdən heç kimi satmadım, ancaq özüm də caz vurğununa çevrildim və indi caz musiqisinin zəngin kolleksiyasına malikəm.

Tofiq Mirzəyevin xatirələrində ədəbi həyatla da bağlı məxsusi düşüncələr var. Tofiq yazır:

“Sovet məkanında belə bir anlayış var – altmışıncılar. Bu həmin dövrdür ki, gənclərin böyük hissəsi irəli atıldı və onları dayandırmaq mümkün olmadı. Ancaq, onların da sələfi olan və az adamların tanıdığı, haqqında heç nə danışılmayan əllincilər də vardı. Bəli, altmışıncılar öz adlarını doğrultdular, çünki bu, sadəcə təqvim zamanı deyil, həyatın formulası və obrazı idi. Ancaq onları hazırlayanlar məhz əllincilər – mənim nəsildaşlarım olan müharibədən sonrakı gənclər idi”.

Artıq vaxt gəldi, caza qadağa əvəzinə onun inkişafına rəvac verildi, caz estetikası ruhunda estrada kollektivləri yarandı. Belə kollektivlərdən biri “Qaya” vokal kvarteti oldu.

Tofiq Teymur Mirzəyevin, Lıv Yelizavetskinin, Arif Hacıyevin, Rauf Babayevin tərkibində olduğu vokal kvartetin bir növ xaç atası oldu. Kvartetin bədii rəhbəri Tofiqin kiçik qardaşı Teymur olsa da baş məsləhətçi, onların televiziya çəkilişini hazırlayan rejissor yenə də Tofiq idi.

Müslüm Maqomayevlə “Qaya” kvartetinin Sovetlər Birliyinin müxtəlif şəhərlərinə qastrol səfərlərini təşkil edən Tofiq hətta “Qaya” kvarteti ilə Afrikaya da səfər etdi. Qastrol zamanı o, ciyər xəstəliyinə tutuldu və klarnetlə vidalaşmalı  oldu. Ancaq Tofiq musiqidən ayrılmaq istəmədi, Azərbaycan Konservatoriyasının nəzəriyyə fakültəsinə daxil olmaq istədi və bu məqsədlə rektor Cövdət Hacıyevin yanına getdi. Onun xahişini eşidən Cövdət Hacıyev sakral bir fraza işlətdi:

– Orfey cəhənnəmə enir?

Tələbə yaşında olmadan belə çətin fakültədə oxumağı Cövdət Hacıyev mifik Orfeylə muqayisə etdi. Tofiq özünü taleyin ixtiyarına buraxan adamlardan olmadığına görə öz taleyini özü həll etmək qərarına gələrək çıxış yolunu musiqidən ayrılmamaq üçün musiqili filmlər çəkən rejissor işində tapdı.

Yenə də Moskva, yenə də təhsil illəri, ancaq bu dəfə rejissor kurslarında. Bakıya qayıdanda televiziyada işlədi, portret filmlər çəkdi, bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənni Rəşid Behbudov və Müslüm Maqomayev, müğənni Fidan və Xuraman Qasımova haqqında verilişlər hazırladı. Tofiq ilk dəfə İncəsənət Muzeyinin zalında kamera orkestrinin simfonik musiqi konsertini çəkdi. Belə verilişlərdən birinə baxıb bəyənən Rəsul Rza zəng vuraraq Tofiqi təbrik etmişdi. Tofiq həmişə bunu minnətdarlıqla xatırlayır.

Kinematoqraf  Hollivud aktyorlarının zahiri gözəlliyinə malik belə bir kişinin yanından təbii ki, laqeyd keçə bilməzdi, baxmayaraq ki, ona bu diqqət müəyyən qədər gecikmişdi. İlk dəfə Tofiqi Maqsud İbrahimbəyovun ssenarisi əsasında “Uşaqlığın son gecəsi” filminə Arif Babayev çəkib. Tofiq danışırdı ki,  bədii şurada filmə ilk baxış zamanı necə həyəcanlanmışdı. Onu studiyanın direktoru, sənətdə heç bir güzəştə getməyən Adil İskəndərov çağırır.

“Hə, indi deyəcək ki, get öz işinlə məşğul ol, səndən aktyor olmaz” – düşünür Tofiq. Adil İskəndərov isə bircə fraza işlədir: sən çəkiləcəksən.

Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilir, həm də təkcə “Azərbaycanfilm” kinostudiyasında yox, Devjenko adına “Mosfilm” studiyasında da.

“Mosfilm”də o, çoxseriyalı “Cinahsız cəbhə” filminə məşhur rus aktyoru Vyaçeslav Tixinovla birgə çəkilib.

Bu filmdə o, memar dostu Rasim Əliyevin atası akademik Həsən Əliyevin –  müharibə iştirakçısı, döyüşçü – zabitin obrazını yaradıb. Bakıda onu Arif Babayevdən sonra Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq İsmayılov da çəkiblər. Tofiqin möhtəşəm rolu mənim Üzeyir Hacıbəyov haqqında çəkdiyim filmdə də alınıb.

Artıq zamanıdır deyim ki, biz Tofiqlə təkcə dost, kino sahəsində kolleqa deyil, həm də qohumuq. Tofiq mənim həyat yoldaşım Zemfiranın böyük bacısı Elmira Səfərovanın əridir.

Uzun illər biz nəfəs-nəfəsə yaşamış, həmişə ya bizdə, ya da Elmira və Tofiqin evində, Səfərovların Mərdəkandakı bağ evində görüşmüş, dəfələrlə Azərbaycanın müxtəlif bölgələrinə – Şəkiyə, Şuşaya, Gəncəyə səfər etmişik. Qışda, qarlı Göygöl sahilində Tofiqlə ocaq qalayıb kabab bişirmək istəmişik. Axırda meşəbəyinin köməyindən yararlanmışıq.

Tofiqlə “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” filmində işləmək asan və xoş idi. Musiqiçi kimi o, filmin musiqi qatını dərindən hiss edirdi, rejissor kimi onun qarşısında hansısa bir məsələni qoymağa ehtiyac qalmırdı. O, necə lazımdırsa elə də oynayırdı.

Tofiq ünsiyyətdə çox maraqlı adamdır. O, zəngin hadisələrlə dolu həyatından, müxtəlif insanlarla görüşündən saatlarla danışmaqdan doymur. Xatırlayıram ki, bizim evdə bir dəfə gündüz saat ikidən gecə saat ikiyə qədər söhbətləşmişdik, daha çox danışan da Tofiq olmuşdu. Mən həmişə ona deyirdim ki, xatirələrini yaz. Deyəsən son vaxtlar buna əməl edərək Gədəbəydə, bir neçə ildən sonra Bakıda keçirdiyi uşaqlıq dövrünün xatirələrini yazır.

Bu xatirələrdən parçaları mən dərc etdirdim. Tofiq mənə həmin xatirələrin əlyazmasını dərc etdirməyə yox, oxumağa vermişdi. Ancaq, onları oxuyanda məndə maraq doğurdu və “Mir literaturı” qəzetinə təqdim etdim. Tofiq Mirzəyevin xatirələri bu qəzetin iki sayında dərc olundu.

Tofiqə Qara Qarayev və Fikrət Əmirov, Niyazi və Tofiq Quliyev dərin hörmətlə yanaşırdılar. O, həm öz yaşıdları, həm də özündən kiçik yaşda olan Nazim Rzayevlə, Çingiz Sadıxovla, Kamal Manaflı ilə, Rasim Babayevlə, Tahir Salahovla, Toğrul Nərimanbəyovla, Cahangir Əfəndiyevlə, Rasim Əliyevlə, Rufik Şərifovla, Adil Muxtarovla, Fuad Seyidzadə ilə, Arif Məlikovla, Xəyyam Mirzəzadə ilə, Yusif Səmədoğlu ilə, Ağabəy Sultanovla, Rüstəm İbrahimbəyovla, Vaqif Səmədoğlu ilə, Müslüm Maqomayevlə, Fərhad Xəlilovla, Polad Bülbüloğlu ilə, Fərhad Bədəlbəyli ilə, Rafiq Hüseynovla və adlarının çəkilməsi bütöv bir səhifəni tutacaq digər insanlarla dostluq edirdi.

Tofiq əslində şəhər uşağı idi, ancaq onun kəndlə bağlı bilgiləri də heyrətamiz idi. Gədəbəydəki uşaqlıq xatirələri yaddaşından silinməmişdi. Yeri gəlmişkən, bir neçə il əvvəl Tofiqin və qardaşı Teymurun xahişi ilə Gədəbəyə getmişdik. Sən demə orada atasının birinci nikahından olan bacısı yaşayırmış. Biz onların atası İbrahim Mirzəyevin məzarını ziyarət etdik. Məni heyrətləndirən bu idi ki, belə tipik kənd qadınının bu şəhərli oğlanın bacısı olmağına inanmaq olmurdu.

Tofiq öz həyatında çox çətinliklər yaşamışdı. Ən ağırı ondan ötrü həyat yoldaşının ölümü oldu. Tofiqin Elmira xanıma məhəbbəti bütün varlığına hakim kəsilmişdi.

Arvadının ölümündən sonra Tofiq İsrailə köçdü. Lakin, Tofiqi həmişə Bakıya – doğulduğu şəhərə işi, məhəbbəti, dostları çəkir. O, mənə danışırdı ki, İsraildə bir turizm agentliyi, ya da aviokompaniya var. Hansısa ölkəyə getmək üçün öncədən orada qeydiyyatdan keçsə də son məqamda Bakıya uçmaq qərarına gəlib. Növbəti dəfə xaricə səfərini qeydə aldıranda, məsələn, Fransaya, tanış əməkdaş ona bildirib ki, ən yaxşısı dərhal Bakıya bilet sifariş verin, axı siz onsuz da axırda ora uçursunuz.

Və o, haqlı imiş.

Tofiqin Bakıya hər gəlişi bir bayramdır. Onun özü və dostları – Rüstəm İbrahimbəyov, Rafiq Hüseynov, Adil Muxtarov, Rasim Əliyev, Fərhad Xəlilov və Fərhad Bədəlbəyli üçün bayramdır. Elə mənim üçün də. Mən də bu ünsiyyət bayramlarında iştirak edir, həyatsevər, doğma şəhərinə, dostlarına bağlı cavan ruhlu həmkarıma baxıb fərəhlənirəm.

Bu bir nümunədir. Demək bu yaşda da cavan ruhla qalmaq, dostluğu, sevgini, ünsiyyəti saxlamaq və var olmağına sevinmək mümkündür.

Bir sözlə – ömrün ləzzətini itirməyəsən.

 

29 avqust 2011,

Zuğulba

Share: