DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! – Əkbər Qoşalı yazır

***
Başına gələn başmaqçı olarmış. Önəmli beynəlxalq tədbirlər ərəfəsində Azərbaycan Respublikasına qarşı “qara piar” və informasiya kampaniyaları yadımızdan çıxmış deyildir. Yadımızdan çıxarmağa macalımız olmur zatən. – Həm ölkəmizdə beynəlxalq tədbirlər sıx-sıx keçirilir, həm də bizə qarşı olanlar öz şakərlərindən əl çəkə bilmiş deyildir.
Baxın, respublikamızda keçirilən önəmli beynəlxalq tədbirlər ərəfəsində bizi xarici aləmdə, beynəlxalq ictimai fikirdə, informasiya məkanında neqativ fonda göstərən süni “gündəm” yaratmaq cəhdləri öncələr də olub. Təəssüf ki, indi də var, bu “süni gündəm”çilərin gələcəkdə (ən azı yaxın gələcəkdə) öz işinə davam etməyəcəyinə tam zəmanət yoxdur.
2012-ci ildəki “Avroviziya” mahnı yarışması ərəfəsində Bayılda iki binanın sakinlərinin köçürülməsi ilə bağlı vətəndaşların mülkiyyət hüququnun pozulması mövzusu, 2015-ci ilin I Avropa Oyunları dövründə “Guardian”ın əməkdaşı Owen Gibsona, özünü “Red Pepper” nəşrinin əməkdaşı kimi təqdim edərək saxtakarlıq törədən Emma Hyuza akkreditasiya verilməməsi, habelə “Formula-1” yarışları ərəfəsində (sanki sifariş verilibmiş kimi!) bəziləri tərəfindən itlərə qarşı qəddarlıq hallarının baş verməsi və bu barədə videokadrların tirajlanması, 2018-ci ildə futbol üzrə Avropa Liqasının Bakıda keçirilən final oyunu ərəfəsində “Arsenal” klubunun oyunçusu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtinasının gündəm edilməsi (və Azərbaycanın ittiham hədəfinə çevrilməsi), həmçinin digər vacib beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlər ərəfəsində Azərbaycana qarşı təşkil olunan neqativ informasiya kampaniyaları… – bir deyildir, beş deyildir…
Ayrıca, hər dəfə “Formula-1″in Bakı yarışması ərəfəsində “Heyvanlara qarşı qəddarlıq” mövzusu gündəmə gətirilib və küçələrdə itlərin öldürülməsi barədə məlumatlar ictimailəşdirilərək, bunun ətrafında böyük beynəlxalq kampaniya qondarılıb…
Bəli, “Xarıbülbül” folklor festivalını uğurla başa vuran ölkəmizdə yaxın günlərdə daha üç beynəlxalq tədbir keçiriləcək:
1) “Texnofest-2022” festivalı,
2) “Formula-1” yarışması və
3) Qlobal Bakı Forumu. –
Bu beynəlxalq tədbirlər ərəfəsində yenə ənənəvi vasitələrdən istifadə müsahidə olunur. Budur, artıq rayonlardan birində itlərin öldürülməsi xəbəri tirajlanmağa başlayıb.
Başqa misal: süni gündəm qondarmaq çabası kimi, bir neçə gün öncə paytaxtın mərkəzindəki bir yarımaksiyada andır LGBT-nin mərət bayraqlarının qaldırılması təsadüf saymaq olarmı? Həmin aksiyadan sonra bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda “LGBT hüquqları”nın pozulması barədə bəyanatlarla, xarici media müvafiq materiallarla çıxış edib…
Növbəti beynəlxalq tədbirlərin keçiriləcəyi ərəfədə “loqossuz və etossuz mövzular”dan daha aktiv şəkildə (“pafos”la) sui-istifadə olunacağı şübhə doğurmur. Deyirəm, görəsən bu dəfə harada it güllələyəcəklər? Yoxsa, hansısa ictimai fəala, jurnalistə qarşı nə isə törədiləcək, kiminsə burnu qanadılacaq ya da qolu burxulacaq?..
Bəlkə, daha kreativ bəhanə qondaracaqlar – nə bilmək olar? Bircə onu bilirəm ki, hər kəs öz mövqeyində, hərə öz iş-gücünün başında ayıq-sayıq olsa, ölkəmizə qarşı hoqqaları pozmuş olarıq. “Ən vətənpərvər insan öz işini yaxşı görən insandır”. Sorospərvər, Qumpərvər, Kremlpərvər, fransız pərvər, X-pərvərlər… öz “iş”ində sabitqədəmsə, atılacaq addım, gediləcək yol, əldə ediləcək uğur mahiyyəti ilə apaydındır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Share: