İki həftə sonraya sözönü… ƏKBƏR QOŞALI yazdı

İki həftə sonra Beynəlxalq Əlillər Günü qeyd olunacaq. (Məndən asılı olsaydı, “əlil” yerinə, “əngəlli”, “fiziki qüsurlu” sözlərinin rəsmi ədəbiyyata keçməsini seçərdim).

Fiziki qüsurlu vətəndaşlarımız iki həftə, iyirmi həftə deyil, o qüsuru qazandıqları vaxtdan əziyyət içində yaşayır. Bu kateqoriya insanlardan söz düşüncə ilk ağlıma gələn ad Stiven Uilyam Hokinq olur (Stephen William Hawking; 08.01.1942, Oksford, Böyük Britaniya – 14.03.2018, Kembric). Dünya şöhrətli nəzəri fizika alimi olan S.U.Hokinq əlil arabasındaydı amma çağdaş dövrün ən ünlü və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olaraq tarixə düşdü. Alim haqq dünyasındadır, nəzəriyyələri yaşayır, elmi cəmiyyətlərə yön verir. Onu düşünərkən, elm və sənətin əngəl tanımadığına bir daha inanırsan. Bir insanın ağır fiziki qüsurlarına baxmayaraq, kainatın sirlərinə, fiziki qanunauyğunluqlarına ayar gətirmək istəyinin özü qəhrəmanlıqdır.
Və yaxud milli paralimpiyaçılarımızı götürək: Tokioda keçirilən sonuncu Paralimpiya Oyunlarında oğul və qızlarımız 14 qızıl (!) medal qazandı. Bu, əlbəttə, böyük tarixi uğurdur və Azərbaycanın “Tokio-2020” Paralimpiya Oyunlarında qələbəsi hər birimiz üçün qürur qaynağıdır.
Beynəlxalq yarışlarda uğur qazanmış bu kateqoriya idmançılarımızla tanışlığım da var, söhbətlərim olub. – Gəldiyim bir qənaət var: prinsipiallıq sınır tanımır və o illa uğura, başarıya aparır! (Bəhanə axtaran bəhanə, uğur axtaran uğur tapir). Və fiziki qüsurlu insanlara dövlət qayğısı da, şəxsi prinsipiallığın üstünə gəlincə aşılmayan divar qalmır…

Dövlətimizin gördüyü işlərə dair bəzi bilgilər

Ali dövlət rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin imzaladığı sənədlərə və biləvasitə verdiyi tapşırıqlara uyğun olaraq son illər ölkəmizdə geniş miqyaslı sosial islahatlar aparılmaqdadır. Bu, (rəsmi istilahlarla ifadə etsək) əlilliyin qiymətləndirilməsini də əhatə edərək, əlillik təyinatlarının şəffaflaşdırılmasına xidmət edir. Yəni əlillik dərəcələri yalnız əlillik statusuna haqqı çatan şəxslərə təyin edilməlidir. Aparılan işlər sonucda əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun müdafiəsi, onlara daha güclü dəstək verilməsi məqsədi daşıyır. Gəlin bir fikrə ortaq olaq: əlil olmaya-olmaya əlillərin payına ortaq olandan nə özünə, nə də topluma, xalqa, dövlətə xeyir gəlməz.

Bəs bu şəffaflaşdırma işi necə, hansı yöntəmlərlə həyata keçirilir? – Bəlli olduğu kimi, “e-hökumət” portalı fəaliyyətdədir; ümumiyyətcə “ASAN Xidmət” modeli və fəlsəfəsi də daxil olmaqla, vətəndaş-dövlət sənəd, arayış, informasiya mübadiləsinin önəmli bölümü onlayn qaydada icra olunur. Yəni vətəndaşın öz evindən, öz arabasından… belə elektron müraicət etmə imkanı vardır. Əlilliyin qiymətləndirilməsi də elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, sağlıq ocağının “e-sistem”ə daxil etdiyi göndərişlərdəki bilgilər əsasında həyata keçirilir. Yəni, burada vətəndaş-məmur (ekspert) təması, vaxt itkisi, hansısa qeyri-qanuni məsələlər və s. sıfırlanır. Beləliklə, həkim ekspertlər göndərişin kimə aid olduğunu və həmin göndərişin hansı sağlıq ocağından göndərildiyini bilmədən qərar qəbul edir. Əlillik qrupu təyin olunduqdan sonra əmək pensiyası, aylıq sosial müavinət, təqaüd və s. üzrə ödənişlərin təyinatı da “e-sistem” üzərindən icra olunur.
2021-ci ilin son kvartalındayıq. Rəsmi bilglərə görə ötən dövrdə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib ki, bu da 2020-ci ilin uyğun dövrünə nisbətdə təqribən iki dəfə çoxdur.
Əlbəttə, öncəki dönəmlərlə müqayisədə, son bir il içində əlillik təyinatları daha çox müharibədə öz sağlamlığının, başqa sözlə, bədən orqanlarının bir hissəsini itirmiş əziz qardaşlarımıza şamil olunub. Müharibədə iştirak etmiş, bizə Zəfər qazandırmış oğullarımıza sonsuz sayğılarımızı bir daha ifadə edir, ən xoş diləklərimizi yetirirəm.
Beləliklə, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən Müharibəsində ağır yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə özəl qayğı və həssaslıqla yanaşılması hər bir məmurun, dövlət orqanının, bütövülükdə toplumumuzun mənəvi borcudur. Qazilərə münasibətin hüquq tərəfi olduğu kimi, mənəvi tərəfi də vardır və bun tərəflər bir-birini tamamlayır. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan qurumların nümayəndələri qazilərin əlilliyinin qiymətləndirilməsi işlərini mümkün mərtəbə tez yerinə yetirməyə çalışmaq haqqına sahibdir.
Qazilərimizin xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə və Ədliyyə nazirliklərinin, DQ-nin, DSX-nın Hərbi Həkim Komissiyaları tərəfindən uyğun şəhadətnamələr təqdim olunur və sağlıq ocaqlarının göndərişi “e-sistem”ə daxil edilir. Bununla da, əlilliyin qiymətləndirilməsi aparılır.
Ötən müddət içində Azərbaycan Vətən Müharibəsinin 2200 qazisinə əlillik təyinatı aparılıb və bu işlər hazırda da davam etdirilir. Onu da vurğulayaq ki, əlillik təyinatından həmən sonra onlara da “e-sistem” üzərindən uyğun sosial ödənişlər təyin edilib.
Əlavə edək ki, müharibə əlilləri də daxil olmaqla, əlilliyi olan şəxslərə yönəlik sosial ödənişlər son üç ildə ardıcıl olaraq artırılıb və rəsmi bilgilərə görə, orta hesabla 2 dəfə artım baş verib.
Dövlət başçısımızın ötən ilin sonunda (30.12.2020-ci ildə) imzaladığı Fərmanlarla müharibə, 20 Yanvar (1990) hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmətlə bağlı əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılıb. Ötən il təsis olunmuş yüksək “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə isə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Dövlət ümumi evimizdir

Şəhid ailələri ilə yanaşı, müharibə əlillərinin də mənzil və fərdi evlə təmin edildiyini də bu yerdə unutmamamlıyıq. İndiyədək bu kateqoriyadan olan vətəndaşlarımıza 11 mindən çox mənzil (və ya fərdi ev) verilib; dövlət başçımızın 25.01.2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min belə mənzil (və fərdi ev) verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzilin (və fərdi evin) 2021-ci ildə verilməsi üçün işlər aparılır. Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarımıza, görmə əngəlli şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq bu il dövlət tərəfindən verilmiş mənzillərin sayı 2200-ə çatır.

Ev qədər vacib…

Əlbəttə, mənzil, ev çox önəmlidir, ancaq hər şey demək deyil; özəlliklə reablitasiya məsələləri elə mənzil (ev) qədər vacibdir. Əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri (və vasitələri) ilə təminatı sahəsində də işlər artan xətt üzrə davam edir: 2021-ci ilin on ayı içində ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7615 nəfər əlilliyi olan şəxs 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaqla təmin edilib.
Müharibə əlillərinin yüksək texnologiyalı elektron protezlərlə təminatı işləri təxirəsalınmadan aparılır və 44 günlük müharibədə yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi son nəsil protezlərlə təmin olunub.
ƏƏSMN nəzdindəki 12 reabilitasiya və sosial xidmət müəssisəsində 2021-ci ilin 10 ayında müharibə əlilləri daxil olmaqla 6450 nəfərə reabilitasiya xidmətləri göstərilib.

Kimlərin əlilliyi ləğv edilir?

Bəzi hallarda “onminlərlə şəxsin əlilliyi ləğv edilib, pensiyası kəsilib” kimi sosial media və s. paylaşımlara rast gəlirik. Rəsmi qaynaqlar bunu tamamilə əsassız sayır və yanlış ictimai rəy yaratma cəhdi hesab edir. Hesab edilir ki, əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanına qarşı inamsızlıq yaratmağa xidmət edən belə yanlış fikirlər ictimai qınağa tuş gəlməlidir.
Yazının girişində dünya şöhrətli alimdən və milli paralimpiyaçılarımızdan söz açdıq; indi təsəvvür edin: bu həyatda bizimlə bir yerdə əlil ola-ola uğur qazanan da, əlil olmaya-olmaya özünü əlilliyə vuran da… Bir ölkədə, şəhərdə, bir kollektivdə… bu iki fərqli zehniyyət sahibini necə bir tutmaq, eyni müamiləni yapmaq olar?..

*
Humanist yanaşma ilə 2021-ci ilin iyulunda əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericilikdə dəyişiklik edilib və beləliklə, əlillik müddəti bitdikdən sonra 6 ay içində təkrar təyin olunan əlillik məhz öncəki əlillik təyinatı müddəti bitdiyi tarixdən rəsmiləşir – ötürülmüş müddət üçün də əlilliyə görə sosial ödənişlər həyata keçirilir. – Əgər əlilliyin təkrar qiymətləndirilməsi üçün müraciətin edilməsində müəyyən gecikmələrə yol verən vətəndaşlarımıza qarşı belə bir humanist davranış varsa, üstəlik, bu humanistlik qanun şəkli alıbsa, bunu ancaq təqdir etmək olar.

Bütün vətəndaşlarımıza salam-sayğılar bildirərək, ilk növbədə I, II Qarabağ müharibəsində sağlamlığını (bədən üzvlərini) itirmiş əziz qazilərimizin əlilliyinin qiymətləndrilməsinə özəl diqqət və qayğının önəmini vurğulamaq istərdim. Verilən rəsmi bilgilərə və ƏƏSMN İctimai Şurası üzvü olan dostlardan gələn bilgilərə görə, hərbi səbəblərlə bağlı əlilliyin qiymətləndirilməsi üçün əyani müayinələr aidiyyəti qurumların və QHT nümayəndələrinin iştirakı ilə (videoçəkilişlər aparılmaqla) keçirilir.
Əlbəttə, əlillik təyinatına haqqı çatan hər bir şəxsə əlillik dərəcəsi təyin edilməlidir, burada fikir birmənalıdır; amma sağlam ola-ola uzun illər dövlətin güzəşt və imtiyazlarından bəhrələnmiş, bu il təkrar qiymətləndirmə, həmçinin əyani müayinə zamanı diaqnozunun təsdiqini tapmaması (və ya sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmaması) səbəbindən əlillik təyin edilməyənlər də, bir zəhmət, ədalətin təntənəsi ilə barışsınlar. Əlillik statusunun buna haqqı çatmayanlara verilməsi əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına, onlara qarşı ədalətsiz yanaşmaya gətirib çıxarmırmı? Əlilliyin qiymətləndirilməsi müraciətçinin mövcud sağlamlıq durumu nəzərə alınaraq aparılır. Bu sahədə şəffaflıq, obyektiv, ədalətli yanaşma daim özəl diqqətdə saxlanmalıdır.
Qaldı ki, bədən orqanı amputasiya olunmuş şəxslərin təkrar müayinə edilməsi barədə səslənən fikirlərə, ədalət adına deyilməlidir ki, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və belə şəxslər heç bir vaxt təkrar müayinəyə çağırılmır. Çünki insan bədəni yeni qol, yeni ayaq… gətirmə gücündə deyil və bunu hər kəs bilir…

Aztəminatı ailələr üçünsə ünvanlı sosial yardım proqramı yaxud aktiv məşğulluq proqramları müstəvisində dəyərləndirilməlidir, yəni aztəminatlı olan şəxsin əlillik dərəcəsinin ləğvi onun hüquqlarının pozulması yox, ədalətin bərpası olduğu kimi, belə şəxsləin rifah halının yaxşılaşdırılması da gözardı edilmir (zatən gözardı edilməməlidir). İmam sözüdür, dövrümüzədək gəlib çıxıb: “Ədalət mülkün təməlidir”! Əslinə qalsa, ədalət yalnız mülkün deyil, bütün münasibətlər sisteminin, daşınana, daşınmayana münasibətin, dövlət-vətəndaş, məhkəmə-haqqı tapdanan və b. münasibətlər, müraciətlər sisteminin də təməlidir. Bütün humanitar təfəkkürlü kəşflər, elmlər və dinlər məhz ədalət təməlli deyilmi? Günümüzdə “BAYRAKTAR” SİHA-ları Xeyrin Şər üzərində ədaləti bərpa aracı olmadımı, məsələn?..
İnsan insandan ilkin davranış olaraq məhz ədalət umur, istəyir, tələb edir. Ədalət olan yer gül-gülüstandır, orada xeyir-bərəkət var, hüquq var, tərəqqi var, dəyərlər var, anlaşma var. Var da, var. Ədalətin olmadığı toplumda insan insanlıqdan çıxır, anlaşmalar zədələnir.
Ədaləti yalnız dövlətdən gözləməklə iş bitirmi? Dövlətə qarşı ədalətli davranmaq necədir? Axı bu bizim dövlətdir, özümüzündür…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Share: