Gözəl həkim, xeyirxah insan…

(Həkim Rasim Məmmədovun 55 illik yubleyi)

Haqqında yazdığım və sizləri də tanış etmək istədiyim gözəl peşə sahibi, xeyirxah insan, ömrünün 26 ilini uşaq xəstəliklərinin müalicəsinə həsr etmiş, həkim  nerveloq Məmmədov Rasim İbrahim oğludur.

Rasim Məmmədov 17 noyabr 1966- cı ilddə Cəlilabad rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, 1982- ci ildə Kürdlər kənd natamam orta məktəbinin 8- ci sinifini bitirib və elə həmin il təhsilini davam etdirmək üçün Bakı şəhər 5 saylı Kimiya-biologiya təmayüllü məktəbə daxil olmuşdur.

Məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan  Dövlət Tibb Universitetinə versə də, həmin il ali məktəbə qəbul ola bilməmişdir. Ona görə də, ordu xidmətinə çağrılmışdır.

Ordu xidmətindən qayıtdıqdan sonra öz üzərində ciddi çlaışaraq, Azərbaycan Dövlət Tibb Universitetinin  “ Pediatriya” fakultəsinə daxil olmuşdur.

Rasim Məmmədov universitetdə  yaxşı oxumaqla  yanaşı, tələbə elmi cəmiyyətinin ictimai həyatında da çox fəal iştirak edərək,  müəllim və  tələbə kollektivinin dərin hörmətini qazanmışdır.

1994- cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək,  həkim-pediatr ixtisası yiyələnmişdir.

Rasim həkim universiteti bitirdikdən sonra 2-ci sinir xəstəlikləri kafedrasında kliniki-ordinator kimi elmi fəaliyyətinə başlamışdır. İşlədiyi dövr ərzində klinikanın rəhbəri professor Töhrə Qədirovanın və professor Zakir Əliyevin qayğısı sayəsində uşaq nervoloji xəstəlikləri və onların müalicəsi ilə əlaqədar çox mükəmməl biliklərə yiyələnmişdir. 1996-cı ildən Rasim həkim 23 saylı BŞX-də həkim-nevroloq kimi fəaliyyətə başlamışdır. Tibbin bu sahəsinə sonsuz marağının nəticəsi idi ki, Rasim həkim ölkəmizdə, o cümlədən  Rusiya, Türkiyə, Almaniya, Avstriya, Yunanıstan və İspaniya kimi   ölkələrdə bir çox elmi konfranslarda iştirak edərək,  uşaq nervologiyası üzrə yeni ixtisas və biliklərə yiyələnmişdir. Çox şübhəsiz ki, bu tibb ocaqlarındakı nəzəri və praktiki təcrübələr, Rasim həkimin peşəkar bir həkim kimi formalaşmasında çox böyük rolu olmuşdur.

Rasim həkim hal-hazırda Avrasiya klinikasında və eyni zamanda 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim-nevroloq kimi fəaliyyətini davam etdirir.

O, həm də gözəl ailə başçısıdır. Onun iki övladı; – bir qızı, bir oğlu vardır. Qızı Məryəm ingilis dili müəllimi və pedaqoq, oğlu Cavidan isə kompyuter texnologiyası üzrə proqramçı kimi fəaliyyət göstərirlər.

Rasim həkim Vətənpərvər insandır. O, birinci Qarabağ müharibəsində həkim kimi könüllü olaraq Ağdərə rayonun müdafiəsində iştirak etmişdor, müharibə veteranıdır.

Rasim doktorun böyük qardaşı İxtiyar müəllim onun haqqında  belə deyir: – “Bizim ailə kənddə çoxuşaqlı ailələrdən biri olub. Rasim ailəmizin sonbeşiyidir. O, uşaq vaxları çox sakit, intizamlı olmaqla yanaşı, həm də dərslərini əla qiymətlərlə oxuyurdu. Anamız tez-tez xəstələndiyi üçün oğlu Rasimin oxuyub həkim olmasını çox arzulayırdı. Amma çox təəsssüflər olsun ki, anamız Rasimi həkim kimi görə bilmədi. Yazıq arvad dünyasını tez dəyişdi. Yəqin ki, indi anamızın ruhu şaddır. Çünki oğlu Rasim yüzlərlə xəstələrə şəfa verən bir həkimdir. İndi onu Azərbaycanda hamı tanıyır”.

Rasim həkimlik peşəsi ilə yanaşı, həm də xeyriyyəçi bir insandır. O,  maddi cəhətdən imkansız ailələrin uşaqlarını heç bir təmənnasız müalicə edir və onların sağalması üçün əlindən gələni əsirgəmir.

17  noyabr 2021-ci ildə Rasim doktorun 55 yaşı tamam olur. Bu yaşı münasibətiylə Rasim həkimi təbrik edir, ona cansağlığı  və uzun ömür arzulayırıq. Arzu edirik ki, saf qəlbə, gözəl sənətə sahib olan Rasim həkim, hələ bundan sonra da neçə illər xalqımıza xidmət etsin və bu şərəfli həkim peşəsiylə xalqımızın hörmətini qazansın.

 

   Meyxoş Abdullah

      yazıçı

Share: