Asfaltlanmış” Miyankü-Kübin yolu “yoxa” çıxıb?

və yaxud
AZƏRAFTAYOLun təmir etdiyi yol hardadır?

 

Nağıllarda, rəvayətlərdə, əfsanələrdə öncəgörənlər haqqında çox eşitmişik. Amma müasir dövrdə, elektronika əsrində belə insanların olduğuna inanmaq çox çətindi. Bəlkə də heç mümkün deyil. Etiraf edim ki, o mif adlandırdığımız bu gün də mövcüddü. Bilirəm ki, məni xurafətdə, savadsızlıqda günahlandıracaq, belə adamların olmadığını sübut etməyə çalışacaqsınız.

Deməli Masallı Ağsaqqallar Şurasının sədri Səyyad Quliyev rayonun Şatroba-Türkoba-Hişkədərə-Miyankü-Kubin kəndlərinin yollarının asfaltlanması ilə bağlı 19 mart 2018 saat 16³⁰ ölkə başçısının elektron poçtuna təşəkkür məktubu göndərir. (Tarixə diqqət yetirin). Halbuki bu barədə sərəncamı prezident üç aydan sonra – 23 iyul 2018-ci ildə verəcək. (?).
Üç ay sonra da yolun müəyyən hissəsinin açılışında iştirak edən prezidentə sərəncamda göstərilən yolların tam təmir olmasıyla bağlı məlumat verirlər. Halbuki Miyankü-Kubin yoluna nəinki asfalt döşənir, heç çınqıl da tökülmür. Kubin kənd sakinlərinin haqlı tələblərinə əlaqədar təşkilatlar heç bir reaksiya vermir. Əksinə yazılan şikayətlərə yolun yüksək səviyyədə çəkilib, istifadəyə verdiklərini bildirirlər. Əgər həqiqətən bu yol asfalt olunubsa, əhali ondan niyə istifadə edə bilmir? Hardadır o yol? Bəlkə tünel çəkilib xəbərləri yoxdu?
Şikayət edən səksən yaşlı kənd sakinini polis idarəsinə çağırıb, hədə-qorxu gəlirlər ki, yerində dinc otursun, yoxsa başına oyun açarlar. İcra Hakimiyyətindən də məntiqsiz, anlaşılması mümkün olmayan bir cavab məktubu göndərirlər.
Açıklama yok.
“Kəndxudanı gör, kəndi çap” deyiblər. Əgər ağsaqqal rüşvətxor məmurlarla əlbir olub dövlət başçısına yalandan təşəkkür məktubu göndərirsə, deməli dünyanın ədalət prinsipi pozulub. Yox, əgər həqiqətən də yol o deyən vaxtda çəkilibsə, hansı vəsaitlə çəkilib? Dövlət başçısının sonradan ayırdığı 7,5 milyon manatın aqibəti necə oldu? Altı ay əvvəl istifadəyə verilmiş yolun açılışına prezident sentyabrda niyə gəlirdi? Miyankü-Kubin yolu lahiyədə göstərilsə də qərar niyə icra olunmadı? Bütün bu qanun pozuntularının arxasında kim dayanıb?
Ötən həftə “Müstəqil.az” sayıtında çap olunan məqaləni Azərbaycan Avtomabil Yolları ASC-nin bütün rəhbərlərinə göndərdik. Sədrin köməkçisi Çingiz bəy mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət bilsə də, cəhtimiz baş tutmadı. Mətbuat katibiAnar Nəcəfli ilə ünsiyyət qurmağımız mümkün olmadı. Nə A. Nəcəfli nə də başqa bir vəzifəli şəxs məsələyə aydınlıq gətirməyi özlərinə rəva bilmədilər. Unudublar ki, vətəndaşlara xidmət etmək, jurnalistin suallarına cavablandırmaq onların vəzifə borcudu. Bu gün dövlət başçısına yanlış məlumat verib, onu aldatmağa cürət edirlərsə deməli “qara maskalıların” onların da qapılarını döyən vaxta az qalıb.
 
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.
Prezident təqaüdçüsü.
Share: