Rafael Cəbrayılovu kim öldürdü? – Video

Keçmiş deputat, dələduzluğa görə məhkum olunan Rafael Cəbrayılov da bu gün dünyasını dəyişib. Və olduqca qəribə, təzadlı xəbərlər yayılır.

İlk açıqlamada bildirildi ki, R.Cəbrayılov Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsində müalicə olunurmuş və orada ölüb. Yeni Klinika isə bu dəqiqələrdə fərqli xəbər yaydı və belə məlum oldu ki, sabiq deputat Yeni Klinikaya köçürülübmüş və ağır vəziyyətdə olduğundan, ona yardım etmək mümkün olmayıb və orada da dünyasını dəyişib.

Qəribə mənzərədir: adam harda ölüb, nə vaxt yoluxubmuş, dəqiq harda və necə müalicə alırmış? Yəni bunları rəsmi olaraq elan etmək o qədərmi çətindir? Yoxsa fərqli informasiyaların yayılmasında kimlərsə maraqlıdır?

Ümumiyyətlə, nə baş verir?

Bundan öncə Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev türmədə ölmüşdü. Həbs edilən digər iki icra başçısı – Mahir Quliyev və Vilyam Hacıyev isə ağır vəziyyətdədir.

Bu, son bir neçə günün məlumatlarıdır. Yəni son 15-20 gündə cəzaçəkmə müəssisəsində olan iki tanınmış şəxs koronavirusdan ölüb, digər ikisi isə eyni xəstəlikdən ağır vəziyyətdə müalicə alır.

Bu, hələ xəbər mahiyyəti daşıdığından, ictimailəşən faktlardır. Bəs, ümumilikdə cəzaçəkmə müəssisələrində nə qədər məhbus koronavirusdan vəfat edib və ya ağır vəziytədədir?

Bu statistikanın elan olunmasına artıq ehtiyac var.

Hər kəs yaxşı bilir: koronavirus pandemiyası çox məşhurların vaxtsız vəfatına səbəb olub, çox itkilərimiz var. Ona görə “içəridə” olan tanınmışların da bu bəladan vəfat etməsini anlamaq mümkündür. Ancaq cəzaçəkmə müəssisələrində bir qədər fərqli olmalıdır – bəlkə də. Çünki bir müddət öncə Penitensiar Xidmət bütün məhbusların koronavirus əleyhinə peyvənd olunduğunu bildirmişdi. TƏBİB-in ekspertlərinin, elə dünyanın tibb mərkəzlərinin də məlumatlarında peyvənd olunan şəxslərin ölüm riskinin minimuma düşdüyü bildirilirdi.

Eyni zamanda, xəstəliyin ilk simptomlarının cəzaçəkmə müəssisəsində olan insanlarda aşkarlanması ehtimalı həddən artıq çoxdur. Çünki onlar daimi nəzarətdə olurlar. Bəs, niyə yalnız ağırlaşandan sonra onlar xəstəxanaya və ya müalicə müəssisəsinə qaldırılır və bəzi hallarda onları həyata qaytarmaq mümkün olmur?

Bunların bir izahı mütləq olmalıdır…

Şeyx TEYMUR

Share: