Qarabağ müharibəsi vaxtı Kaliforniyada “türk ovu”na çıxan Stepanyan təqsirini boynuna aldı

Ötən ilin payızında, Qarabağda müharibə gedəndə ABŞ-da türklərə qarşı nifrət zəminində hücumlar təşkil edən ermənilərdən biri-Kaliforniya sakini Uilyam Stepanyan Federal Təhqiqatlar Bürosu ilə sövdələşməyə gedib və ona qarşı irəli sürülən ittihamları qismən qəbul edib.

Müstəqil.Az xəbər verir ki, bu haqda Kaliforniya ştatının Mərkəz inzibati dairəsinin prokuroru vəzifəsini icra edən Treysi Uilkison bildirib.

Justice.gov saytında yer alan rəsmi məlumatda deyilir ki, Glendeyldən olan 23 yaşlı Stepanyan əvvəlcədən əlbir olaraq başqaları ilə cinayət əlaqəsinə girmə və nifrət zəminində hücum ittihamları ilə razılaşıb. Gözlənilir ki, yaxın həftələrdə o, özünü törətdiyi cinayətlər üzrə günahkar kimi tanıyacaq. Bu ittihamlar üzrə Stepanyanı 15 ilə qədər həbs cəzası gözləyir.

İttiham aktında deyilir ki, ötən ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında müharibə başlayanda dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da erməni və türk icmaları arasında da gərginlik artdı. Los-Ancelesdə çoxminli etirazlar keçirildi, türk və erməni icmalarının nümayəndələri bir-birləri ilə toqquşdu.

2020-ci il noyabrın 4-də Stepanyan dostlarına mesaj göndərərək “türkləri ovlamağa çıxdığını” bildirib. Həmin gün daha sonra Stepanyan 24 yaşlı Arutyun Harri Çalikyanla və digər amerikalı ermənilərlə görüşüb, onlarla birlikdə “Türkiyənin ermənilərə qarşı təcavüzünə” etiraz etməyi, Ermənistana dəstək nümayiş etdirməyi qərara alıb.

Sonra Stepanyan, Çalikyan və digər ermənilər türklərə məxsus ailəvi restorana gediblər və içəridəkilərə basqın ediblər. İttihama əsasən Stepanyan və Çalikyan maskada olublar, qurbanlara tərəf stullar atıblar, türklərin ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Ən azından ittiham olunanlardan biri qurbanlara tərəf qışqırıb: “Biz sizi öldürməyə gəlmişik! Sizi öldürəcəyik!”

 

Hücum zamanı bir neçə nəfər xəsarət alıb, o cümlədən bir nəfər aldığı zədələrdən huşunu itirib. Habelə hücum zamanı Stepanyan restoranın kompüter terminalını dağıdıb və qurbanlardan birinin iPhone telefonunu oğurlayıb. Restorana 20 min dollardan çox ziyan dəyib, bir neçə gün işləməyib və daha minlərlə dollar ziyan edib.

İş üzrə ittiham olunan Çalikyan isə oktyabrın 26-da məhkəmə qarşısında dayanacaq. O, özünü günahkar saymır və ittihamları qəbul etmir.

Müstəqil.Az

Share: