“7 oğul istərəm” filminin kadr arxası: Bu rola görə küçədə onun üzünə tüpürərək söyüblər

“7 oğul istərəm” filmindən kadr

Azərbaycan kinosunun incilərindən danışarkən ölkədə Sovet hakimiyyətinin qurulması, bu böhranlı illərdə yaranmış vətəndaş qarşıdurmasından bəhs edən “7 oğul istərəm” filminin adını çəkməmək olmaz. Gözəl aktyor ansamblı, maraqlı ssenari, yüksək ifaçılıq, rejissor və operator işi 1970-ci ildə çəkilmiş bu filmi ölümsüzləşdirdi.

 

Film Səməd Vurğunun “Komsomol” poeması əsasında çəkilmişdi və ssenarini şairin oğlu Yusif Səmədoğlu hazırlamışdı. Filmin rejissoru Tofiq Tağızadə idi. Lakin ondan əvvəl bu filmi Kamil Rüstəmbəyov çəkməli idi. Bu filmə qədər o, “Aygün”, “Dağlarda döyüş” filmləri ilə şöhrətlənmişdi. Aktyorlar rollara təsdiq edildikdən sonra filmin çəkilişləri Tofiq Tağızadəyə tapşırılır. Səbəb olaraq deyirlər ki, film komsomolun 50 illiyinə həsr olunub, Kamil isə bəy oğludur. Kamil Rüstəmbəyov bu vəziyyətdən incisə də, 1 il sonra elə həmin aktyorların bir çoxunun iştirakı ilə “Axırıncı aşırım” filmində öz ustalığını bir daha nümayiş etdirir.

 

“7 oğul istərəm” filminin çəkiliş qrupu “7 oğul istərəm” filminin çəkiliş qrupu

 

Filmdə Gəray bəy roluna çəkilən aktyoru dəyişmək istəyəndə filmin rəhbəri Adil İsgəndərov buna imkan verməyib.

Film əsasən Bakı ətrafında – Qobustan, Buzovna, Mərdəkan, Şağan, Şüvəlan, Fatmayı və Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda çəkilib. Baş verən hadisələr isə Qazax mahalını əks etdirir. Adı çəkilən Peykanlı kəndi isə həqiqətən bu hadisələrə şahidlik etmiş real kənddir.

Filmin çəkilişləri zamanı çox maraqlı məqamlar qeydə alınıb.

Öncə onu deyək ki, filmdə çəkiliş üçün istifadə olunan hər ata 50 manat qonorar verilirmiş. Yayın istisində aktyorlar dincəlmək üçün qayaların üzərinə uzanırdılar. Filmin direktoru Davud Zöhrabov rejissora deyib ki, “atlar günün altında qalıb, onlara tövlə düzəltmək lazımdır”.

Aktyorlar buna etiraz edəndə o deyib ki “siz heç, əsas atlardır. Heç bilirsiniz, onların qiyməti nə qədərdir?”. Gündəlik çəkilişlər üçün aktyorlara 25, atlara 50 manat ödənirdi. Bunu eşidən kütləvi səhnə aktyorlarından biri Eldəniz Zeynalov rejissora yanaşıb deyib: “Qədeş, xahiş edirəm, məni kinoda at ştatında yaz. Onlara verilən pul mənə veriləndən çoxdur”.

Eldəniz Zeynalovun bu filmdə daha bir epizodik səhnəsi var. O kənd klubunun damından bayraq asarkən uzaqdan açılan atəşlə yıxılıb ölməliydi. Lakin dubl dəfələrlə təkrar edilsə də, Eldəniz hər dəfə bir zarafat edir, ölüm səhnəsi alınmırdı. Tofiq Tağızadənin səbri tükənir və əsəblə qışqırır: “Adə, sən öləcəksən əvvəl axır ya yox?”.

Filmdə Kələntər lələ rolunu oyanayan İsmayıl Osmanlı bu rolu möhtəşəm ifa edib. Lakin bu rol aktyorun illərlə damla-damla qazandığı tamaşaçı sevgisinin nifrətə dönməsinə səbəb olub. Həmişə mülayim, xoş niyyətli insan obrazları ilə sevilən İsmayıl Osmanlını öz əlində böyütdüyü bəy oğlu Cəlalı amansızcasına öldürən satqın qoca rolunda görməyi tamaşaçılar qəbul etməyiblər. Hətta bir dəfə bu filmdən sonra küçədə onun üzünə tüpürüb söyüblər də. İsmayıl Osmanlı çox peşman olduğunu, utandığından küçəyə çıxa bilmədiyini efirdə səsləndirmişdi. Bu da aktyor oyununun zirvəsi idi. İnsanlar onu obraz kimi yox, həqiqət kimi qəbul etmişdilər.

Filmdə Cəlal rolunun ifaçısı Ənvər Həsənov İsmayıl Osmanlıya şillə vurmalıydı. Gənc aktyor dəflərlə cəhd etsə də, utandığından ağsaqqalı vura bilmir. Sonda İsmayıl Osmanlı təkid edir ki, bərk vursun, Ənvər Həsənovun vurduğu şillə neçə pis alınırsa, aktyorun bir dişi düşür.

Filmin baş qəhrəmanı rolunu oynayan Həsən Məmmədov çəkiliş zamanı at sürərkən yıxılır və ayağının birini qırır. Bununla belə aktyor oyununa davam edir, heç kim də filmdə bu səhnəni sezə bilmir.

Filmdə göstərilən qəbristanlıq qurulmuş səhnə olub. Atışma, partlayışla müşayiət edilən səhnələr olduğundan bunları real qəbristanlıqda etmək olmazdı. Aktyorlara 7 metrdən az olmamaq şərtilə güllə atmağa icazə verilirdi. Təhlükəli səhnələrdən birində kütləvi səhnələri ifa edən aktyorlardan biri gözünü itirib.

Filmdə Gəray bəy obrazını yaratmaqla  Həsənağa Turabov öz yaradıcılığının zirvəsinə çatmışdı. Gəray bəy obrazı ilə Azərbaycan film tarixinə xüsusi imza atmış  Həsənağa Turabov atlardan çox qorxurdu. Baxmayaraq ki, bütün aktyorlar filmdən əvvəl 2 ay at çapmağı öyrənmişdilər,  Həsənağa Turabov qorxusunu yenə bilmirdi. Bununla belə filmdə onun məharətlə at çapışı heyranlıq doğurur.

Bu filmdən sonra  Həsənağa Turabov da maraqlı bir məqam yaşayaıb. Aktyor danışırdı ki, filmin ekranlara çıxmasından xeyli sonra, yəni 80-ci illərdə mebel mağazasına girib ki, evinə mebel alsın. Mebel mağazasının satıcısı və eyni zamanda müdiri olan adam qəribə və uzun-uzadı baxışlardan sonra soruşub: “Sən Gəray bəy deyilsən?”.

 

“7 oğul istərəm” filmindən kadr “7 oğul istərəm” filmindən kadr

 

Həsənağa Turabov o rolun ifaçısı olduğunu deyib. Dükan sahibi heç gözlənilmədən ayağa qalxıb, onun üstünə gəlib, qolundan yapıışıb mağazadan çıxarıb. “Çıx get burdan, məndə sənə satılası mal yoxdur”. Hətta bir balaca dartışma da olub. Mağazadan çıxandan sonra bir nəfər Həsənağa Turabova yanaşıb və deyib ki, satıcının qardaşıdır: “Qardaşım bilmirəm bu filmdənmi oldu, ya nə idi, filmə baxandan sonra möhkəm əsəb keçirdi, uzun müddət müalicə aldı. Sizin şəklinizi, üzünüzü efirdə görəndə qəzəblənir, odur ki, illərdir biz televizor açmırıq onun yanında”,- deyə bildirir.

Filmin çəkilişləri, montaj işi başa çatdıqdan sonra hər kəs toplanıb diqqətlə izləyir, əyər-əskikləri qeyd edirmiş. Gözündə çəplik olan bir əməkdaş bildirir ki, atışma səhnəsi gedərkən çox uzaqdan bir avtomobil keçib və o, lentdə görünüb. Tofiq Tağızadə zarafatla bildirib “onun gözü hələ çəpdir belə görür, düz olsa, film işə yaramaz hala gələrdi”.

Filmdə kaskadyorlardan az istifadə edilib, aktyorlar bütün təhlükəli səhnələri özləri oynayıblar. Cəlal atın belində qolubağlı vəziyyətdə aparılarkən at kərtənkələdən ürküb və qaçıb. Ənvər Həsənovun qolu bağlı olduğuna görə atı idarə edə bilməyib, at uçurumun kənarına çatarkən onu ölümdən filmin işıqçısı xilas edib. Bu səhnə yenidən təkrar çəkilməyib, Tağızadə aktyor üçün möhkəm qorxub.

Bəxtiyarın Humayı döydüyü səhnənin çəkilişi zamanı at belində kənarda dayanıb səhnəni izləyən Şahsuvar (aktyor Rafiq Əzimov) deyib ki, “Tofiq müəllim, axı bu kişilikdən deyil, bir kişi günahsız qızı döyür, biz də durub baxırıq”. Bundan sonra ona Bəxtiyarı dayandırmaq həvalə edilib. Rafiq Əzimov Bəxtiyara yaxınlaşır, onun atının qabağına atılır ki, qamçısını əlindən alsın, bu vaxt atın dişi Rafiq Əzimovun başını yaralayır.

Şahsuvar əlində səməni ilə otağa daxil olmalıydı, lakin səməni qoymaq yaddan çıxıbmış. O da həyətdəki çəmənlikdən bellə qazıb çıxarıb, otu qayçılayıb, səliqəyə salır və beləcə səməni düzəldir.

Çəkiliş zamanı Qasım rolunun ifaçısı Əbdül Mahmudov da ağır yaralanır, qabırğaları sınır. Buna baxmayaraq, o belində gipslə roluna davam edir.

Filmdə musiqi də ən azı aktyor oyunu qədər möhtəşəm rol oynayıb. Səslənən musiqilərin müəllifi Xəyyam Mirzəzadədir.

Hansı siyasi formasiyada yaşamağımızdan asılı olmayaraq, bu bir tarixdir və film əslində komsomolu yox, xalqın taleyini əks etdirir.

İlhamə Rəsulova

Share: