Baytar: “Zoobulvar”dakı alpakanın saxlanma şəraiti qaydalara uyğun deyil” – YENİLƏNDİ- FOTO

 

“Alpakanın hazırkı vəziyyəti qənaətbəxş olsa da, saxlanma şəraiti baytar-sanitariya qaydalarına uyğun deyil”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə “Zoobulvar”a ezam olunmuş baytar-həkim Fədail Gəncəliyev bildirib.

Onun sözlərinə görə, kliniki müayinə zamanı heyvanda travmatik yara müşahidə olunub: “Heyvanın xarici orqanlarının vəziyyəti yaxşı olsa da, arxa sağ budunda travmatik yara var. Bu yara hazırda saxlandığı yerə gəlməzdən əvvəl olub. Bununla bağlı onun bütün müalicələri davam etdirilir, biz də öz tövsiyələrimizi vermişik. İmmuniteti zəif olduğundan ona vitamin terapiya da olunur. Heyvanın genobalansını qaldırmaq üçün bir sıra dərmanlar məsləhət görmüşük”.

Baytar-həkim deyib ki, heyvan qapalı şəraitdə saxlandığına görə stres keçirir: “Hazırda saxlandığı yerdə həddindən artıq səs-küy var və işıqlandırma güclüdür. Həmçinin digər heyvanlarla çox yaxın yerləşdiriblər. Bu heyvanlarda genetik xüsusiyyətlər var və bu da onların daha geniş ərazidə yaşamağını tələb edir”.

17:40

Bakıda Azərbaycan üçün nadir heyvan sayılan alpaqanın pis şəraitdə saxlanıldığı barədə məlumat verilib.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edilib ki, “Zoobulvar” adlı mərkəzində heyvana qulluq edilmədiyi üçün o, acınacaqlı vəziyyətdədir.

Yayılan foto ilə bağlı “Zoobulvar” ilə əlaqə saxladıq.

Mərkəzdən Oxu.Az-a bildirilib ki, artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da heyvana baxış keçiriblər:

“Bizdə heç bir qanunsuz iş yoxdur. Buradakı bütün heyvanlarımıza normal qulluq edilir. Fotosu yayılan alpaqanı bir ay əvvəl başqa bir mərkəzdən almışıq. Hazırda o, reabilitasiya dövründədir. Biz bu heyvanın tüklərini qırxmışıq, amma onun qidalanmasında heç bir problem yoxdur. Yazırlar ki, heyvan acından ölür, xəstədir.

Bunlar düzgün deyil. Maddi cəhətdən də bizə sərf etməz ki, 40-50 minlik heyvanı alaq bura yığaq və acından öldürək. Biz bunu niyə edək? Heyvan düşməniyik? Biz ona hazırda qulluq edirik. Bizə irad bildirirlər ki, heyvan niyə arıqdır. Onu dərmanlarla şişirdə bilmərik”.

Mərkəzdən qeyd edilib ki, mərkəz karantin dövründə çalışmadığı üçün heyvanlar bağda saxlanılıb:

“Həmin vaxt bir nəfər heyvansevər bizim qapımızı döyüb demədi ki, siz onun yeməklərini necə çatdırırsız. Heyvan qırxılandan sonra şəkillə ajiotaj yaradırlar. Əgər heyvanda xəstəlik, problem olsaydı, biz onu ortaya çıxarmazdıq”.

 

 

Share: