O BARONU tutun…

Jalə Mütəəlimova

…və ya polisin divarındakı qırmızı “ləkə”…
Azərbaycan #DIN-in rəsmisi deyib ki, iki ton yüz altmış iki kiloqram #narkotik dövriyədən çıxarılıb. Özü də son yeddi ayda.
Əladı, var olsunlar. Bu böyük partiya “ağ ölüm”, nəhəng məbləğdə pul, neçə-neçə xilas edilmiş gənc həyat, həm də çoxlu sayda düşmən qazanmaq deməkdir.
Düşmən demiş, məsələn, məmləkətin “feministlərini” artıq “oynadıblar”. Iyirmi üç yaşlı bir qadının pis durumda olan ailə vəziyyətini o yerə gətiriblər ki, qadını əri qətlə yetirib. Bu “namus simvolu kişi”, on beş, on üç yaşlı qızların ərə verilməsinə göz yuman, məktəblini intihara aparan, ailə sirrini faş edən “feministlərə” görə arvadını öldürüb. Indi ölkə narkotiklərdən çox, bunu danışır. Polis qadını əri ilə barışdırıb deyirlər. Sual edirlər ki, niyə? Cavabı kimsəyə bəlli deyil hələlik, amma məlum dəstə “feministlər”, qadının ölümünə etiraz olaraq, Xəzər RPŞ-nin qapısına qan əvəzi qırmızı boya töküb, “qadın ölümləri siyasidir” süarını səsləndirib yenə. Sual verən yoxdur ki, qadın özü o “ölüm hininə” niyə geri dönüb?..
Düzü bu “feministlərin” bir süarını da gözləyirdim. Dedim bəlkə deyələr ölkəni tranzit ediblər, “narkotiklər siyasidir”, demədilər. Deməzlər axı, zatən missiyaları problem demək deyil…
***
…Bu arada ölkədə heç bir dövlət qurumuna süddən çıxma ağ qaşıq demək deyil məqsədim. Məqsədim o ki, narkotiklərlə mübarizə işində zərərliləri də, iyrəncliklə para qazananları da görək, bilək, tanıyaq. Yəni bir ölümlə polisə “qırmızı çamur” atmaq çox əlverişlidir, rahatdır, hələ qazanclıdır. Indi noolsun ki, bir qadın qətl edildi, iki körpə faciə yaşadı və anasız qaldı…
***
Indi də gəlin, bu nəhəng partiya narkotiklərə görə həbslərə baxaq. Satan, alan, paylayan, sərhəddən keçirən, evində gizlədən və sairlərdir tutulanlar.
Qardaşlar, cənab aidiyyatı qurumlar!
Bu malı Irandan sifariş edən, Azərbaycan sərhəddindən şıppıltı ilə keçirən, canım sizə desin, ölkədə fışqırıq çala-çala satdıran, mal sahibi də var, “Mister x”, BARON. Bəlkə ləqəbi də belədir. Bəlkə onu az adam tanıyır öz biznesində. Bəlkə adını da elə belə çağırırlar öz aralarında, “Mister x”. Bu da olsun bir versiya.
…Indi isə deyin görək rəsmən açıqlanan bu iki ton narkotikin sahibi olan o BARON-u siz niyə tutammırsınız? Ya da niyə tutmursunuz? Ya da hardadır ki, tutmursunuz? Ya da arxasında kim var ki, tutmursunuz? Siz o BARONu tutun, BARONu!..
Bu ölkədə narkotik alverinə ciddi zərbə olacaq.
Onda məsələn, mən də müəllif olaraq əmin olaram ki, ölkədə narkotik alveri üstündən mövqe oyunları getmir. Və bunu o BARON tutulan gün, mütləq təkrar yazacağam. Gözləmədəyəm. Yetər ki, siz ailələrdə övladları cani, cinayətkar, oğru, qadınları, qızları əxlaqsız edən, evlər yıxan o BARONu gətirin! Izah eləsin ki, sərhəddə qədər, sərhəddə və sərhəddən bu yanda kimdir havadarı, kimdir şəriyi? Hərəkət trayektoriyasını bilək BARONun…
***
…Və vacib olan dana bir məsələ. Sovetlər dönəmində də, elə indi də Iranla Azərbaycan sərhəddi, sıradan sərhəd olmayıb. Ən dəqiq, ən ciddi qorunan sərhəd olub. Indi bunu əminliklə demək olmur. Ancaq məsələni və durumu Azərbaycan Iranla artıq rəsmi müzakirəyə çıxarmalıdır. Nə qədər islam, müsəlman dövləti olsa da, qara biznesi sırasında narkotik alveri də yer alan ölkə kimi, Iran artıq tədbir görməyə, masaya oturmağa və ya otuzdurulmağa məcburdur. Ermənistan ərazisindən, Kəlbəcərə, Azərbaycana, fars səfirinin gözü ilə baxmaq qədər asan iş deyil bu…
…Və bu Azərbaycan DIN-in də təkbaşına öhdəsindən gələ biləcəyi iş də deyil. bu artıq. Masştab böyüyür. Hücumlar artır. Və artıq hər kəsin vicdanla çalışacağı bir dövlət proqramının qəbulunu zəruri edir durum. Narkotiklərlə mübarizə üçün dövlət proqramını.
Jalə Mütəllimova
05.08.2021.
Bir mətn şəkili ola bilər
Share: