Payızda referendum keçirilir, MM buraxılır? Niyə? – Professor

Son vaxtlar mətbuatda payızda ölkədə referendum keçiriləcəyi barədə müxtəlif iddialara rast gəlmək mümkündür. Hətta referendumun gündəliyi barədə də fikirlər səsləndirilir və bildirilir ki, guya referendum ölkə Konstitusiyasına bir sıra dəyişiliklər etmək məqsədilə keçirilir. Bu dəyişiliklər içərisində yeni parlament seçkiləri və seçki qaydalarında dəyişiliklər, proporsional seçki sisteminin tətbiqi və parlamentin say tərkibinin artırılacağı, bunların Avropa İttifaqı ilə razılaşmalar kontekstində ediləcəyi xüsusi vurğulanır.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.

O bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə bağlayacağı müqavilənin bu məsələləri özündə ehtiva etməsi ilə bağlı səsləndirilən iddialar doğru deyil:

“Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli müqavilənin imzalanmasına dair intensiv danışıqlar gedir və bu işin uğurlu sonuclanacağı ehtimalı çox yüksəkdir. Referendum məsələsinə gəlincə, onun indiki vaxtda keçirilməsinə heç bir ciddi səbəb yoxdur.

Birincisi, Ermənistanla sülh müqaviləsi imzalanib ərazi bütövlüyümüz tanınmayınca, sərhədlərimizin demarkasiyası, delimitasiyası başa çatmayınca, bu xarakterli tədbirlərə ölkənin ehtiyacı olduğunu düşünmürəm.

İkincisi, Azərbaycan diktə edən tərəf olsa da, bölgədə hələ tam sabitliyə nail olunmayıb, Ermənistanda müxtəlif dövlətlərin və bəzi siyasi dairələrin qızışdırıcı fəaliyyətləri davam edir.

Nəhayət, “Böyük qayıdış” layihəsinə uyğun olaraq erməni faşistlərinin viran qoyduğu Qarabağ torpaqlarında aparılan böyük quruculuq işləri, buraya ayrılan maliyyə vəsaitləri daha bir bahalı tədbirin həyata keçirilməsini, üstəlik ölkənin bir neçə aylıq siyasi gündəminin dəyişməsini lüzumsuz edir”.

Politoloq vurğulayıb ki, real görünməyən, həm də vaxtı çatmamış məsələlər ətrafında ehtirasların qızışdırılmasına heç bir ehtiyac yoxdur.

Müstəqil.Az

Share: