Yoxluqda var olan şəhərim… – Rəfail Tağızadə

 

 

Bu şəhərdən erməni keçib.

Baş daşlarını sındırıb aparan, qəbirləri söküb dağıdan, özününkü olmayana yağı təfəkkürü ilə yanaşan goreşən sürüsü…

 

Qonaqların heyran qaldığı gözəl şəhər xarabalığa çevrilib.

İzdihamlı şəhərdə əbədi sükut hökm sürür. Nə gur bazar var, nə qaynayan, çal-çağırlı şəhər.

 

Ağdamı qədim yaşayış məskənləri ilə də müqayisə edə bilmirsən. Bu fərqli bir mənzərədir. XXI əsrin təsəvvürə gəlməz faşist izi var bu şəhərdə.

 

Sənə addan, yurddan, xatirələrdən başqa nəyisə xatırladacaq heç nə yoxdur.

Qapısını bağlayıb, açarını bərk-bərk gizlədib saxladığın evin qapısı, həyət darvazası indi bilmirsən haradadı, hansı ölkədə kimin həyətdədi. Yerlə yeksan olan, dağıdılan şəhərdə elə bil hər il zəlzələ olub.

Nə əzəmətli Dram Teatr binası qalıb, nə Mədəniyyət evi, …, nə də hamını özünəməxsusluğu ilə heyrətləndirən, biri-birindən fərqli fərdi evlər.

Bunlar düşmənçiliyin ölçüyə gəlməz qisas göstəricisidi. Bu ermənilərin qorxduqları, ehtiyat etdikləri, çəkindikləri Ağdamın daşından, divarından, qəbirindən heyf almağıdı. İnsanın ağlından belə keçməyən intiqam hissi. Bunu ancaq ermənilər edə bilər, başqa kimsə yox.

 

Ağdamda dünyanın ən ağır mənzərəsi ilə qarşılaşırsan. Sanki başqa bir aləmdə, başqa bir dünyadasan. “Bu, həqiqətən Ağdamdımı, bu bizim evdimi?” deyib, ümid yeri kimi üzünü sənə dikən, sənə boylanan gömülmüş daşlara baxırsan. Hər birinin üstündə sənə əllərini xatırladan tanış uşağın, qocanın barmaq izləri.

Bünövrədən bir metr hündürlükdə, ya yerlə bərabər olan dağıdılan evlərin qalıqlarından evləri təyin etmək, ayağa baxıb adamı tanımaq kimidi. Dağılan evlər baş daşısız qəbirə oxşayır.

Bu qəbiristanlıq şəhərdə səninki, mənimki yoxdur. Bizimki var. Qəbir evlərilə dolu şəhərimiz. Ağdamımız.

Ağdama baxdıqca, ətrafa əl uzatdıqca, ancaq “… vardı” deyirsən. Yoxluğun içində varlıq axtararaq.

 

Dağılan otaqların içində xırda ağaclar, kollar bitib. Yəqin, adamları əvəz edən yaşıllığın boy atması bu evlərin, otaqların boş qalmaması, burda mütləq yaşayış olacağı, anlamındadır. Yaşayışa nişanədir.

 

Bütün böyük ağaclar kəsilib. İmarətdəki 250-dən çox yaşı olan çinarlar da. Qalan ağaclar ya nar ağaclarıdı, ya da yolu, izi itirən kollar. Tikintiyə, ocağa yararsız ağaclar. Yoxsa görməmişlər onları da kəsib aparardılar.

 

 

* * *

Dəyərli jurnalistimiz Səadət Məmmədovanın Ağdamdan hazırladığı ağrı dolu reportaja göz yaşının fasilələri ilə baxıram.

Ağdamın məşhur “Şur” ansamblının uzun müddət bədii rəhbəri olan gözəl tarzənimiz Fərhad Paşayevin Ağdamın qalıqlarına baxan baxışlarında keçmişlə bu günün yanaşı gedən titrlərinin sonunu oxumaq olmur. Nə ata evi, nə öz evi, nə oxuduğu məktəb, nə işlədiyi Mədəniyyət Evi var. Axtarışda olan gözlər hər yerdə uçuq divarların mamır basmış daşlarına sataşır.

Xəyalından Ağdamda yaşadığı 50 ilin xoş xatirələrini keçirən Fərhad müəllim uzun sükutdan sonra köks ötürərək: ”Cənnətdə yaşamışıq, xəbərimiz olmayıb” – deyir. Bilir ki, daha nə əvəz olunmaz o xoş, sevincli illər olacaq, nə o sevinci yaşadan insanlar, nə də, nə də … o ev, o ovqat.

 

Fərhad müəllim dərisi qırışmış kövrək əllərini dağıdılan evlərinin uşaq əli çatan toz basmış divarına sürtərək uşaq barmaqların izini axtarır.

Ağdam həsrətiylə dünyadan köçən anasının, qardaşının qəbrinə səpmək üçün atasının evindən torpaq götürən əlinə, barmaqlarına baxanda, sanki “Oskar” alan filmin ən təsirli sükut səhnəsinə baxırsan. Torbaya tökülən iri torpaq hara getdiyini bilirmiş kimi, sakitcə dayanıb, gah onu götürənə, gah qopduğu yerə baxır.  Barmaqlar arasından süzülüb tökülən xırda dənələr heç nə anlamayan, anasından ayrılmaq istəməyən körpəyə bənzəyir. Barmaqlar o çığırtını eşitdiyindən titrəyir. İçinin səsinə qarışan o səsi təkcə Fərhad müəllim eşidirdi.

Səadət xanım torpağa tökülən göz yaşının qucaqlaşma səhnəsinin sözlərini göz yaşıyla üzünə yazırdı.

 

İmarət stadionunu gəzdikcə bu iki həsrətli insan vaxtı ilə İmarətdə hasarın üstündə oturub konsertə, futbola baxan, çinara qonub bülbül kimi konsertdə oxuyanların səsinə səs verən uşaqları axtarırdılar.

 

Xalq artisti, böyük sənətkarımız Arif Babayevin doğma Sarıhacılıda rastlaşdığı o ağır mənzərəni-səhnəni görəndə, doğmalarının basdırıldığı, ermənilər tərəfindən qəbirləri çıxarılmış, düzlənmiş Qarağacı qəbiristanlığında qəbirlərin yerini tapa bilməyəndə hansı hissləri keçirdiyini ifadə etmək mümkün deyil.

Olanları gördükcə ölənlərinə daha çox hörmət qoyan bu millətin doğmaları sanki təzədən ölür.

Qarabağdakı düzlənən qəbiristanlıqlar Sankt-Peterburqdakı (Leninqrad) Piskarevski qəbiristanlığını xatırladır.

 

Ağdama gedəndə gözünü bir nöqtəyə zilləyə bilmirsən, göz elə hey kimisə, nəyisə axtarır. Ev-ev, qapı-qapı, qəbir-qəbir…

 

Səadət xanım çiliklənmiş uşaqlıq xatırələrinin əhatəsində evlərinin yanındakı İmarət stadionunun dağılmış tribunasının daşlarının üstündə əyləşib Fərhad müəllimin tarda ifa etdiyi “Qarabağ şikəstəsin”nə qulaq asa-asa yox divarların yanıyla qaçan, “Natavan” qızlar ansamblının qızlarına qoşulub oynayan balaca qıza baxırdı. Yanındakı uçulmuş daş kimi ağır göz yaşları qollarını qaldırmağa, o şən, gülərüz qıza qoşulmağa qoymurdu.

 

“Əzizinən Qarabağ,

Şəki, Şirvan Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ”

 

– söylədikcə içinə axan göz yaşları onu boğurdu.

Bu yanğı həsrətin, yaddaşın qəhəri idi. Xatirələrin yoxluq içində boğulmasıydı. Divara, öz yerinə qalxmaq istəyən daşlar doğma göz yaşlarıyla üzünü yuyurdu.

 

Yox olan, Var olan şəhərim.

Bu illər ərzində sən bizdən daha ağır yaşadın. Düşmən bizim intiqamımızı səndən aldı. Amma bütün ağrılara, istirablara  tab gətirdin, dözdün, bu gün üçün yaşadın. Döyülməkdən sifətin qapqara, əlin, qolun sınıx-salxaq. Çəkdiklərin göz önündə.

 

Torpaq o torpaqdı. Vətən torpağı. Üstünü toz, kol-kos örtsə də, səsimizə izimiz göyərəcək.

 

Sən daşınla, torpağınla – varlığınla Ağdamımızsan! Adımız, qürurumuzsan!

Sən varsan, bizi ağdamlı edən Ağdam!

 

***

Arif  Babayev gətirdiyi gülləri qəbiristanlığın girişinə qoydu.

“Düşməni erməni olanın məzarı salamat qalmaz” deyən Səadət xanım gülləri atasının qəbri əvəzinə Ağdamın mərkəzinə düzdü. Çünki, Ağdamın hər yeri qəbiristanlıqdı.

 

Hamını güldürən, sevinc bəxş edən Xalq artistimiz o gün yoxluğa ağlayırdı.

 

Ziyarətiniz mübarək, Arif müəllim, Fərhad müəllim, Səadət xanım və bütün Ağdama gedə bilənlər.

Ziyarətimiz mübarək, Ağdama dönəcək ağdamlılar.

 

Rəfail Tağızadə

 

05.06.2021

 

Müstəqil.AZ

Share:

Author: admin